Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1073/2021 03.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X17 oğluna qarşı “valideynin əlavə xərclərdə iştirakı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X9 qarşı “valideynin əlavə xərclərdə iştirakı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlavə xərclərə cəlb edilməklə ondan iddiaçının xeyrinə 675 manat əsas borc, 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 705 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikahdadır. Həmin nikahdan xx xxxxxx 2007-ci il təvəllüdlü X10 və xx xxxxxx 2009-cu il təvəllüdlü X11 doğulmuşdur. Cavabdeh uşaqların saxlanılmasında və tərbiyəsində iştirak etmədiyindən o aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə qanunvericiliyin tələblərinə uyğun iddiaçıdan aliment tutulmuşdur. Uşaqların səhhətində problem olduğundan o tez-tez həkimə müraciət etməli olur.Belə ki, oğulları eminin xəstəliyi ilə əlaqədar xx.xx.2020-ci il tarixində İdeal Tibb Şirkətinə (Baku Clinic) 55 AZN, Emilin xəstəliyi ilə əlaqədar həmin tibb şirkətinə xx xxxxxx 2019-cu il il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 409,98 qəpik, xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək 540,97 manat, xx.xx.2020-ci il tarixdə 252,99 manat, 18.0.2020-ci il tarixdə isə 56,99 manat ödəmişdir. Bütün bu vəsaitlər ona valideyni tərəfindən verilib. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Bildirmişdir ki, uşaq epilepsiya xəstəsidir və ürək getməsi vardır. O hal-hazırda işləmir. Cavabdeh isə təcili yardım sürücüsüdür. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı ifadəsində bildirmişdir ki, 2015-dən o övladını baş epilepsiyasından müalicə elətdirir. Uşağın oxumağı və hazırlığı hamısına o özü nəzarət edir. Boşanma iddiasını yoldaşı vermişdir. 1 il yarım bundan əvvəl cavabdehdən onun xeyrinə aliment tutulması barədə iddia tələbi təmin edilmişdir. Onun övladını 2015-ci ildən eyni həkim müalicə edir. O cavabdehə görə həkimi dəyişməli deyil. Uşağın başında kistası vardır. İndi Əli həkimin yanına aparır. Müalicə reseptlərinin hamısı ondadır. Hər ay o uşağı müalicə elətdirir. Qoyulan diaqnozda yazılır ki, 3 aydan bir analiz verilməlidir. O, uşağının sağlam olmasını istəyir. Cavabdeh övladından bixəbər bir atadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, məhkəməyə iddia ərizəsinə qarşı yazılı etiraz vermişdir. xx.xx.2020-ci il tarixində məhkəməyə təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, O, İddiaçı ilə xx xxxxxxxx 2007-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah münasibətləri pozulmuşdur. Lakin qətnamə hələ qanuni qüvvəsini almamışdır. İddiaçı ilə əvvəllər münasibətləri normal olsa da, 2 ildən çoxdur ki, iddiaçının bacısının təsiri ilə cavabdehin ona qarşı davranışları dəyişmişdir. Tez-tez evdə mübahisələr salaraq evə daha çox qazanc gətirməsini tələb etmişdir. O da, məcbur gecəgündüz işləyərək evə daha çox gəlir gətirməyə çalışmışdır. Lakin iddaçı bacısının təsiri ilə məhkəməyə aliment tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət edərək ondan 500 manat aliment tələb etmişdir. Baxmayaraq ki, uşaqların hər ikisi onun öhdəsində yaşayır və onun qazancı ilə dolanırlar. Məhkəmə ondan hər ay 320 manat alimentin tutulmasını qət etmişdir. O. uşaqların xətrinə apellyasiya şikayəti verməmiş və alimenti vaxtı vaxtında ödəmişdir. Nikahları artıq formal xarakter daşıdığından o məhkəməyə nikahın pozulması barədə iddia tələbi ilə müraciət etmək istəsə də, İddiaçı ondan boşanmaq istəmədiyini, ondan aliment tələb etməyəcəyini bildirərək onu bu fikrindən daşındırmışdır. Lakin sonradan onunla bir evdə yaşamaq dözülməz hal aldığından o, nikahlarının pozulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, onlar birgə yaşadıqları dövrdə uşaqların xəstəlikləri olmamışdır. Himayəsində İ qrup əlil olan anası vardır. İddiaçının özü onun atasına məxsus evdə yaşayır. Kommunal ödənişləri o və ailəsi edir. Lakin iddiaçı onları təhqir edərək, heçnə ilə qane olmayaraq onlara rahat yaşamağa imkan vermir. Sonuncu dəfə bir neçə gün bundan əvvəl atasını evdə təhqir etmiş, bir qadına, hətta bir kişiyə yaraşmayan nalayiq küçə söyüşləri ilə ona qarşı alçaldıcı ifadələrdən istifadə etmişdir. Bir daha qeyd edir ki, uşaqların heç bir xəstəliyi yoxdur və olmamışdır. Göründüyü kimi o necəsə əlaqədə olduğu İdeal Tib Şirkətindən (Baku Clinic) saxta qəbzlər alaraq və ya özü tərtib edərək ondan pul almağa çalışır. Əvvəla uşağın xəstəliyi var idisə, onu müayinəyə aparırdısa bu barədə niyə ona məlumat verilməmişdir. Belə ki, onun bahalı özəl klinikada uşağı müayinə etmək imkanı yoxdur. Pulsuz dövlət tibb xidmətindən faydalanmaq əvəzinə iddiaçı ona heç bir məlumat vermədən belə bir yola əl atmışdır. İkincisi isə uşaqların dövlət tibb müəssisələrində, uşaq poliklinikalarında müayinəsi ödənişsiz olduğu halda, hansı səbəbdən iddiaçı onları bahalı tibb müəssisələrində müalicə etdirmişdir? Bu suallara iddiaçı tərəfindən aydınlıq gətirilməli və sübut edilməlidir. O zaman aydın olar ki, iddiaçının yeganə məqsədi uşaqlardan istifadə edərək ondan pul almaq deyil. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2007-ci il təvəllüdlü X4 və 04 fevral 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğidə hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətanaməsindən görünür ki, Qurbanova (Məmmədova) Arzu Adil qızı ilə Cavabdeh arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış və 1153 nömrə ilə Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahında doğulan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 anası Qurbanova (Məmmədova) Arzu Aqil qızının yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti X1- Diaqnostiq Poliklinika Şöbəsi tərəfindən verilən xx xxxxxxx 2015-ci il tarixli X2 elektroensefaloqrafiya monitorinq müayinəsindən görünür ki, onun yüngül dərəcədə ifadə edilmiş ümumi beyin pozulmaları üzərinə beynin sağ mərkəzi, təpə, gicgah (orta nahiyyəsinin) dərin hissəsində (epileptiform mənşəli olan) ocaqlı paroksizmal maraqlılıq qeyd olunur. Bu fonda beynin arxa nahiyyəsinin dərin hissəsində periodik ləngimələr 3,5, 80 mkv qeyd edilir. Yayılma qeyd edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris- Terapevtik Klinikasının mərkəzi laboratoriyası tərəfindən verilən analiz nəticələrini əks etdirən sənədin surətindən görünür ki, Qurbanzadə Emil pediatriya servisində xx.xx.2015ci il tarixində və xx.xx.2015-ci il tarixidə analiz verərək müayinədən keçmişdir. Baku Clinic tərəfindən verilən xx.xx.2016-cı il tarixli kompyuterli EEG-müayinəsinin nəticəsindən görünür ki, X11 huşun itməsi, başda kista, doğuş travması ilə xəstəxanaya müayinə üçün müraciət etmişdir. Mülalicə nəticəsi olaraq Rezidual-organik tipli diffuz pozuntuları üzərində, təpə-ənsə paylarının medio-bazal hissələrinin paroksizmal prosessə cəlb olunması qeyd olunur. Kəllə daxili təzyiqin artması istisna edilmir. Klinikanı və EEQ nəticələrini nəzərə alaraq qıcolmaya qarşı terapiyanı gücləndirmək məsləhətdir. Baku Clinic tərəfindən verilən X5 xx.xx.2016-cı il tarixli kompyuterli EEGmüayinəsinin nəticəsindən görünür ki, xx.xx.2016-cı il tarixində keçirilmiş müayinəyə münasibətdə nisbətən müsbət dinamika müşahidə olunur. Terapiyaya davam etmək məsləhətdir. Baku Clinic tərəfindən verilən X5 xx.xx.2017-ci il tarixli kompyuterli EEGmüayinəsinin nəticəsindən görünür ki, xx.xx.2016-cı il tarixində keçirilmiş müayinə ilə hazırki nəticələr eynidir.Terapiyaya davam etmək məsləhətdir. Baku Clinic tərəfindən verilən X5 xx.xx.2017-ci il tarixli kompyuterli EEGmüayinəsinin nəticəsindən görünür ki, depakinoterapiyanı davam etmək məsləhətdir. Baku Clinic tərəfindən verilən X5 xx.xx.2017-ci il tarixli kompyuterli EEGmüayinəsinin nəticəsindən görünür ki, mənfi dinamika müşahidə edildiyindən qıcolmaya qarşı terapiyanı gücləndirmək məsləhətdir. Baku Clinic tərəfindən verilən X5 xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli kompyuterli EEG-müayinəsinin nəticəsindən görünür ki, qıcolmaya qarşı terapiyanı gücləndirmək və terapiyaya davam etmək məsləhətdir. Baku Clinic tərəfindən verilən X5 xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli kompyuterli EEG-müayinəsinin nəticəsindən görünür ki, qıcolmaya qarşı terapiyanı gücləndirmək və terapiyaya davam etmək məsləhətdir. Baku Clinic tərəfindən verilən X5 xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli kompyuterli EEG-müayinəsinin nəticəsindən görünür ki, qıcolmaya qarşı terapiyanı davam etmək məsləhətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan olan (xəstəlik tarixindən ) çıxarışdan görünür ki, X11 xx.xx.2021-ci il tarixində X6 stasionar müalicəyə daxil olmuş, xx.xx.2021-ci il tarixində çıxmışdır. Əsas xəstəliyi “fokal başlanğıclı qıcolma tutması müşahidə olunan lokalizə olumuş fokal porsial epilepsiya”dır Uşaqda 2015-ci ildən xəstə hesab olunur. Qıcolmadan əvvəl qarnının ağramasından şikayət edir. Huşu itir, gözləri 2-3 dəqiqə ərzində bir nöqtəyə baxır. Baku Clinic tərəfindən verilən: Ödəniş çekindən görünür ki, Qurbanzadə Emil Tahir oğluna xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 409,98 manat dəyərində tibbi xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş çekindən görünür ki, Qurbanzadə Emil Tahir oğluna 35 manat pediatrın konsultasiya xidməti göstərilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş çekindən görünür ki, Qurbanzadə Emil Tahir oğluna 252,99 manat dəyərində tibbi xidmət göstərilmişdir. Ödəniş çekindən görünür ki, Qurbanzadə Emil Tahir oğluna xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 540,97 manat dəyərində tibbi xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş çekindən görünür ki, Qurbanzadə Emil Tahir oğluna 56,99 manat dəyərində tibbi xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş çekindən görünür ki, Qurbanzadə Emin Tahir oğluna 55 manat dəyərində tibbi xidmət göstərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən TSEK-də Müayinə Aktından № 200440 saylı çıxarışdan və 201421 saylı vəsiqənin surətindən görünür ki, 1960-cı il təvəllüdlü X12 müddətsiz olaraq İ qrup əlildir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X13 arasında olan nikah Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-2141/2020 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahında doğulan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 anası Qurbanova (Məmmədova) Arzu Aqil qızının yanında qalması qət edilmişdir. Tərəflərin birgə nikahından doğulan xx.xx.2009-cu il təvəllüdlü X5 əsas xəstəliyi “fokal başlanğıclı qıcolma tutması müşahidə olunan lokalizə olumuş fokal porsial epilepsiya”dır. İddiaçı tərəfindən uşağın müayinə və müalicəsi üçün xx xxxxxx 2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək ümumilikdə 1350,93 manat pul vəsaiti xərclənmişdir. Hal-hazırda iddiaçı cavabdehdən həmin pul vəsaitinin yarısını 675 manat məbləğində hissəsinin ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriyakurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında “göstərilən kənar xidmət” və “digər hallarda” müddəlarını şərh edərkən yetkinlik yaşına çatmış övladlara münasibətdə hüquqi qiymət verilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan uşaqlar üçün hamin halların şamil edilməsini istisna etməmişdir. Belə ki, AM-nin 81.1-ci maddəsində qeyd edilmişdir ki, Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi qanunvericilik aliment tutulması barədə valideynlər arasında sazişin olduğu halda belə, əlavə xərclərin tutulmasını müstəsna hallar olduqda mümkün hesab etmişdir. Burdan o nəticəyə gəlmək olar ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulduqda da, məhkəmə müstəsna hallarla bağlı digər valideyni çəkilmiş və gələcəkdə çəkilməli olan əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Müstəsna hallarla bağlı isə Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Bu normanın yetkinlik yaşına çatmayan uşaqlar üçün şamil edilməsi istisna olunmadığından, həmin halların mövcudluğu yetkinlik yaşına çatmayan uşaqlar üçün də müstəsna hal hesab edilə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağa münasibətdə əlavə xərclərin ödənilməsinin mümkünlüyünün müstəsna halı kimi yalnız uşağın ağır xəstə və şikəst olması ilə məhdudlaşdırılması məntiqsiz olardı. Belə ki, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan övladlara münasibətdə, qanunvericilik yetkinlik yaşına çatmayan, onsuz da əmək qabiliyyəti olmayan uşaqlara nisbətən daha geniş imkan müəyyən edə bilməz. Bu həm Ailə Məcəlləsinin ümumi prinsiplərinə, həm də humanizm və ədalət prinsiplərinə uyğun deyildir. Bu baxımdan işin hallarından da göründüyü kimi tərəflərin yetkinlik yaşına çatmayan uşağı X7 “fokal başlanğıclı qıcolma tutması müşahidə olunan lokalizə olumuş fokal porsial epilepsiya” diaqnozu qoyulmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, valideynlərin uşaqlarının sağlamlığına görə məsuliyyət daşıması, eyni zamanda uşaqlara qayğı göstərməyin onların vəzifəsi olduğu nəzərə alınarsa, iddiaçının himayəsində olan uşağının xəstəliyinə biganə qalmayaraq onu müalicə elətdirməsi, bununla bağlı xərc çəkməsi digər valideyni məsuliyyətdən azad etməməlidir. İddiaçı tərəfindən uşağın xəstəliyi ilə bağlı müalicəyə üçün ümumilikdə 1350,93 manat pul xərclənmişdir. Məhkəmə iddiaçının yetkinlik yaşına çatmayan uşağının xəstə olmasını təsdiqləyən kifayət qədər sübutların mövcudluğunu, uşağı saxlamağın hər iki valideynin borcu olduğunu, iddiaçının haqlı olaraq xərclədiyi pul vəsaitinin yarısını cavabdehdən tələb etməsini nəzərə alaraq hesab edir ki, uşağın müalicəsi ilə bağlı çəkilmiş xərclərə görə 675 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının niyə dövlətin pulsuz səhiyyə xidmətindən istifadə etməməsi barədə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin etirazı formal olmaqla, xərclərdə iştirak etməkdən yayınmaq məqsədi güdür. Belə ki, dövlət tibb müəssisələrində müalicə almaq vətəndaşın vəzifəsi yox hüququdur. Eyni zamanda iddiaçının məqsədi cavabdehi lüzumsuz xərclərə cəlb etməyə deyil, uşağın daha keyfiyyətli və fəsadsız müalicəsinin həyata keçirilməsinə yönəlmişdir. Məhkəmə onu da qeyd edir ki, ailə qanunvericiliyi uşağın saxlanılması dedikdə, valideynlərin yalnız xərclərin qarşılanmasında iştirakını deyil, eyni zamanda bu istiqamətdə konkret tədbirlərin(tibb müəssisəsi, həkim tapmaq, şəxsən müayinəyə aparmaq, uşağın xəstəlik tarixi ilə bağlı məsləhətləşmələr etmək və.s) həyata keçirilməsində birbaşa iştirak etməsini də nəzərdə tutmuşdur. Belə ki, Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Lakin cavabdeh uşağın müayinə və müalicəsinin daha az vəsait sərf etməklə həyata keçirilməsinin mümkünlüyünü vurğulasa da bununla bağlı hər hansı konkret sübut, o cümlədən tibb müəssisəsi və həkim barədə məlumat təqdim etməmişdir. Eyni zamanda cavabdehin birgə nikah dövründə uşağın xəstəliyinin olmaması ilə bağlı bildirdikləri isə, iddiaçının 2016-cı ilə dair təqdim etdiyi tibbi sənədlərlə təqzib olunur və atanın valideynlik hüquqlarının həyata keçirilməsində kifayət qədər iştirak etmədiyi qənaətini formalaşdırır. Bu baxımdan tələb olunan xərclərin çoxluğu və ümumiyyətlə xərclərin çəkilməsinə zərurətin olmaması ilə bağlı etirazını məhkəmə inandırıcı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. (lakin iddiaçı tərəfindən ödənilmişdir) Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 675 manat pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 675 manat pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1073/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1073/2021
03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver