Məhkəmə qərarları › İş №2(001)-1075/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1075/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1075/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə, məhkəmədən uşağın saxlanılması üçün hər ay 245 manat, o cümlədən əlavə xərclərə görə 250 manat vəsaitin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində Cavabdeh ilə rəsmi nikah olmadan ailə qurmuş və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı oğulları doğulmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan müəyyən problemlər üzə çıxmışdır. Hal-hazırda ayrı yaşayırlar və ər-arvad münasibətləri yoxdur. Cavabdeh tikintidə iş icraçısı işləyir. Aylıq gəliri 2000-2500 manat arası dəyişir. Lakin uşağın müalicə və yaşayış xərclərini ödəmir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, keçən məhkəmə iclasında sonra cavabdehlə birlikdə Leyla həkimin qəbulunda olmuşlar. Cavabdeh həkimin dedikləri ilə razılaşmayaraq, orada mübahisə salmışdır. Hətta həkim demişdir ki, əgər onun qoyduğu diaqnoza güvənmirlərsə, Bakı şəhəri 2 saylı Psixiatrik xəstəxanasına yaxınlaşa bilərlər. Həkimdən çıxandan sonra cavabdehə istənilən, özünün təklif edəcəyi bir loqoped yanına yaxınlaşmağı və qiyməti soruşmağı təklif etsə də, cavabdeh bununla razılaşmamışdır. Hansı ki, loqopedin bir günlük seansı 20-25 manat təşkil edir və imkanından asılı olaraq istədiyin qədər apara bilərsən. Uşağı axırıncı müayinəyə aparmağa maddi durumu imkan verməmişdir. Uşağına pensiya almaq üçün müraciət etsə də, bundan imtina edilmişdir. Hazırda uşağa görə özü işləyə bilmir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, uşağın müalicəsi ilə bağlı həkim qəbuluna cavabdehin anası ilə birgə getmişdir. Hətta cavabdehin anası oğluna uşağın müalicəsi üçün pul verməsini demişdir. Təkcə loqoped və psixoloqun xidmətlərindən istifadə üçün aylıq xərcim 500 manat təşkil edir. Bundan başqa uşağın dərmanlarına hər ay təxminən 170-180 manat xərci çıxır.Uşaqda əqli gerilik vardır və autizm xəstəsidir. Uşaq davamlı olaraq müalicə alır. Uşağın həkimi Leyla həkimdir. Cavabdehlə faktiki nikahda olan zaman cavabdehin aylıq qazancı təxminən 2000-2500 manat civarında olurdu. Cavabdehlə faktiki nikahda olan zaman birinci ailəsinə 220 manat aliment ödəyirdi. Bir müddət sonra cavabdeh birinci ailəsinin alimentin miqdarının artılması ilə bağlı məhkəməyə müraciət etdiyini bildirmişdir. Lakin sonradan alimentin artırılıbartırılmaması barədə məlumatı yoxdur.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, uşağını saxlamaqdan boyun qaçırmır, sadəcə tələb edilən həcmdə alimenti ödəməyə maddi imkanı yoxdur. Aylıq qazancı 700-800 manatdır. 500 manat vəsait iddiaçının xeyrinə tutulsa, öz ehtiyaclarını və digər uşağının ehtiyaclarını təmin edə bilməyəcək. Hazırda digər uşağına görə 220 manat aliment ödəyir. Təklif edir ki, aliment tutulmasın, lakin müalicə xərclərini qarşılasın. Hətta 300 manat vəsait belə ödəyə bilər. Lakin həm alimenti, həmdə müalicə xərcini qarşılayacaq maddi imkanı yoxdur. İddiaçı uşağı belə ona göstərmir. Həkim uşağa şifahi formada diaqnoz qoymuşdur. Həkimin özünə də, bildirmişdir ki, əgər başqa həkimlər eyni diaqnozu təkrarlamasalar, barəsində məhkəməyə müraciət edəcək.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir, uşağın heç bir xəstəliyi yoxdur. Onun birinci ailəsindən olan uşağın da dili gec açılmışdır, lakin hazırda normal danışır. Bundan başqa mərhum qardaşı 7-8 yaşında danışmışdır. Sadəcə olaraq onların nəsildə irsi olaraq doğulan uşağın dili gec açılır. Özü usta işləyir və iş olanda gündəlik qazancı 25-30 manat arası təşkil edir. İddiaçı ilə birgə yaşayan zaman gəliri yüksək olmamışdır. Birinci nikahdan olan yoldaşına 160 manat aliment ödəyir. Belə ki, birinci nikahdan bir yetkinlik yaşına çatmayan övladı vardır. Növbəti məhkəmə iclasında birinci nikahın pozulması ilə bağlı qətnaməni məhkəməyə təqdim edəcək. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. 4 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 521416 saylı doğum haqqında şəhadətnamənin subrətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

8. 4 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 397197 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixinə vətəndaş İddiaçı doğulan X3 atası hesab edilmişdir.

9. 5 nömrəli uşaq poliklinikası tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X5 psixiatr müayinəsindən keçib və müalicə qəbul edir. Ona uşaq autizmi, yüngül kəmağıllılıq, nitq və davranış pozuntusu ilə F84.0, F70.1, F80.0, F90.1 diaqonozu qoyulmuşdur. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. Cavabdeh ilə İddiaçı faktiki nikahından xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixinə vətəndaş İddiaçı doğulan X3 atası hesab edilmişdir.

11. İddiaçı iddia edir ki, cavabdeh valideynlik borcunu yerinə yetirmir, uşağın saxlanmasında və müalicə xərclərində iştirak etmir.

12. Cavabdeh isə aylıq qazancını, əvvəlki nikahından olan uşağın saxlanılması üçün aliment ödəməsini əsas gətirməklə, iddianın qismən qəbul etməklə, tələb edilən həcmdə yox, 300 manat ödəniş etmək imkanının olduğunu bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

14. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

17. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

18. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.

19. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

21. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyindən aliment tələb etməsi əsaslıdır.

23. Belə ki, Ailə Məcəlləsi alimentin miqdarının müəyyən edilməsini aliment ödəməli olan şəxsin qazancı və digər gəlirləri ilə əlaqələndirsə də(Ailə Məcəlləsi 76), müntəzəm və kifayət qədər qazancı və ya ümumiyyətlə qazancı və sair gəliri olmayan valideynlərə münasibətdə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu müəyyən mənada alimentin minimal meyarı kimi qəbul edilir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir prinsipi məhkəmə təcrübəsində formalaşmışdır.

24. Məhkəmə valideynlərin uşaqlarını saxlamağa borclu olduğunu, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu haqqında tələbləri, uşağın mənafeyinin üstünlüyünü, uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanılmalı olmasını, cavabdehin etirazının dəlillərinin alimentin müəyyən edilməsini istisna etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olmaqla yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay üçün 235 manat məbləğində müəyyən edilməlidir.

25. Bundan əlavə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

26. Eyni zamanda həmin Plenum qərarında qeyd edilmişdir ki, Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir.

27. Yuxarıda göstərilən hüquqi mövqeyə görə məhkəmə hesab edir ki, sabit pul məbləğində təyin edilən aliment məbləği ölkə üzrə həmin il üçün müəyyən edilən minimum əmək haqqı (2024-cü il üçün 345 manat təşkil edir) məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Belə olduğu halda, tutulmalı olan 235 manat aliment məbləği 2024-cü il üçün müəyyən edilən minimum əmək haqqının 0.68 mislini təşkil edir.

28. Məhkəmə iddia tələbinin cavabdehdən əlavə xərc kimi uşağın müalicəsi üçün 250 manat pul vəsaitinin tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

30. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

31. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

32. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

33. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

34. İşin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, uşaqda yüngül kəmağıllılıq, nitq və davranış pozuntusu olan uşaq autizmi var, hansı ki, onun reabilitasiyaya və uzun müddətli müalicəyə ehtiyacı var. İddiaçı isə hazırda uşağı loqoped və psixoloq yanına aparmaq istəyir və bildirdiyinə görə onun bir günlük seansının qiyməti 20-25 manat təşkil edir.

35. Bununla belə, məhkəmə o qənaətə gəlir ki, uşağın müalicəsi ilə bağlı əlavə xərclərə görə cavabdehdən tutulması tələb edilən məbləğ qismən əsaslıdır. Belə ki, məhkəmə Ailə Məcəlləsinin 81.2-ci maddəsinin tələbi baxımından cavabdehin maddi vəziyyətini, uşağı saxlamağın hər iki valideynin borcu olduğunu, cavabdehin digər uşağa görə aliment ödəməli olduğunu, zəruri vəsaitə malik olması ilə bağlı hər hansı sübutun olmadığını nəzərə alaraq hesab edir ki, 09 oktyabr 2020-ci il təvəllüdlü X1 müalicəsi ilə bağlı əlavə xərclərə görə cavabdehdən tutulmalı olan məbləğ 100 manat miqdarında müəyyən edilməlidir.

36. Uşağı saxlamaq hər iki valideynin borcudur və üstəlik uşağın 1 aylıq müalicəsi ilə bağlı gərəkli olan məbləğ barədə sübut təqdim etməsə də, uşağın müalicənin kifayət qədər yüksək xərc tələb etdiyi xəstəlikdən əziyyət çəkməsi aşkardır.

37. Bu baxımdan məhkəmə birgə nikahdan olan uşağın sağlamlıq imkanlarını, cavabdehin maddi vəziyyətinin çətinliyini, digər uşağa görə aliment ödəməsini, uşaqları saxlamağın hər iki valideynin borcu olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əlavə xərclərin tutulması hissəsində qismən təmin edilməli, 09 oktyabr 2020-ci il təvəllüdlü X1 müalicəsi ilə bağlı əlavə xərclərə görə cavabdehdən tutulmalı olan vəsait 100 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

41. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

42. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

43. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir.

44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticə:

45. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq, 09 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment və 09 oktyabr 2020-ci il təvəllüdlü X1 müalicəsi üçün əlavə xərclərə görə hər ay 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, 09 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının 0.68(sıfır tam yüzdə altmış səkkiz) misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilsin. 09 oktyabr 2020-ci il təvəllüdlü X1 müalicəsi üçün əlavə xərclərə görə hər ay 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə həm uşağın saxlanılması ilə bağlı alimentin tutulması, həm də əlavə xərclərə görə vəsaitin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar