Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1083/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə cavabdeh 06 may 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahda olduqları dövrdə cavabdehlə "xxxx" ASC arasında 22 may 2019-cu il tarixli kredit müqaviləsi, cavabdehə verilmiş kreditin təminatı kimi isə bankla iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilmədiyindən, bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, 6537,34 manat əsas, 7,73 manat faiz borcu, eləcə də 30 manat dövlət rüsumunun Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuşdur. Kredit borcunun tutulması ilə bağlı məhkəmə qətnaməsinin icrası ilə bağlı Binəqədi rayon İcra Şöbəsi tərəfindən tutmaların iddiaçının aylıq əmək haqqına yönəldilməsi ilə bağlı müvafiq iş yerinə müraciət edilmişdir. İddia tələbi: Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə yaranmış 6575,07 manat məbləğində borcun 1/2 hissəsi olan 3287,5 manatın cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddia tələbinin əsası: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 06 may 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Nikahda olduqları dövrdə cavabdeh "xxxx" ASC-dən kredit götürmüş, iddiaçı həmin kredit üzrə zamin olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, həmin kredit müqaviləsi üzrə yaranımş 6537,34 manat əsas, 7,73 manat faiz borcunun həm iddiaçıdan, həm də cavabdehdən müştərək qaydada bankın xeyrinə tutulması qərara alınmışdır. Qətnamə cavabdeh tərəfindən icra edilmədiyindən, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin 07 iyun 2022-ci il tarixli məktubuna əsasən, 6575,07 manat məbləğində pulun bankın xeyrinə tutulması iddiaçının əmək haqqının 50 faizinə yönəldilmişdir. Əlavə olaraq 7 faiz icra ödənişi olan 460 manat da iddiaçının əmək haqqına yönəldilmişdir. Cavabdeh rəsmi olaraq işləmədiyindən, borc məbləği iddiaçıdan tutulur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, icra şöbəsinin məktubundan aydın görünür ki, kredit borcu üzrə bütün öhdəlik iddiaçıya yönəlmiş, onun əmək haqqından tutmalar aparılmaqdadır. Borcun məbləği məhkəmə qətnaməsi ilə müəyyənləşdirildiyindən, borcun yarı hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil1 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, sözügedən kredit borcu tərəflərin birgə nikah dövründə götürülmüşdür. Həmin kreditlə bağlı iddiaçıdan cəmi 3 dəfə 75 manatdan tutmalar aparılmışdır. İndiyədək borc məbləğini cavabdeh özü ödəyir, cavabdehin rəsmi iş yeri olduğundan, onun aylıq qazancından tutmalar aparılır. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Tədqiq edilmiş sübutlar: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(001)- 6821/2021 saylı qətnaməsi üzrə verilmiş icra sənədindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6537,34 manat əsas, 7,73 manat faiz borcu, eləcə də 30 manat dövlət rüsumu Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Kəpəz Hospitala ünvanlandırılmış 07 iyun 2022-ci il tarixli məktubda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(001)-6821/2021 saylı icra sənədinə əsasən İddiaçı əmək haqqından hər ay 50 faiz olmaqla 6575,07 manatın tutularaq "xxxx" ASC-nin hesabına köçürülməsi, habelə həmin məbləğ tutulduqdan sonra ümumi məbləğin 7 faizi, yəni 460 manatın tutularaq Binəqədi rayon İcra Şöbəsinin hesabına köçürülməsi köçürülməli olduğu göstərilmişdir. Mülki iş materiallarında olan Cavabdeh "xxxx" ASC-dəki hesabından çıxarışdan görünür ki, 01 yanvar 2022-ci il tarixdən 23 yanvar 2023-cü il tarixədək olan dövrdə Cavabdeh kredit borcu üzrə tutmalar aparılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 31.1-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. - 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə 32.2.2. ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. - 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 33-cü, eləcə də Mülki Məcəllənin 225.6-cı maddələrinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasını Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir... Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən kreditin iddiaçı ilə cavabdehin birgə nikahı dövründə əldə edildiyi, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bankla iddiaçı arasında zaminlik müqaviləsi bağlanması, sonradan tərəflər aralarındakı nikahın pozulduğu işin mübahisələndirilməyən halıdır. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə, ərləarvadın birgə əmlakına onların birgə nikah dövründə yaranmış kreditor qarşısındakı öhdəlikləri də aid edilmişdir (əmlakın passiv qismi). Cavabdeh ilə bank arasında sözügedən kredit müqaviləsi bağlanarkən iddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmış, beləliklə, iddiaçı bu kreditin alınmasında da öz iradə ifadəsini nümayiş etdirmişdir. Ərlə-arvadın birgə nikah dövründə əldə etdikləri kreditin məhz ailə ehtiyaclarına sərf edilməsi halında bu öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Lakin, məhkəmə qeyd edir ki, sözügedən kreditin ailənin ehtiyaclarına sərf edilibedilməməsi müəyyənləşdirilməzdən əvvəl diqqəti ona yönəltmək lazımdır ki, İddiaçı Cavabdeh "xxxx" ASC-yə kredit borcu ilə bağlı zamin olmaqla, bank qarşısında kredit borcunun qaytarılması ilə əlaqədar öhdəliklərin icrası ilə bağlı Cavabdehla eyni məsuliyyəti öz üzərinə götürmüş və məhkəmə qətnaməsi ilə kredit borcunun məhz zamin olduğuna görə İddiaçı, eləcə də əsas borclu kimi Cavabdeh tutulması qərara alınmışdır. Zaminliklə bağlı Mülki Məcəllənin yuxarıda sadalanan müddəaları ilə zaminin kreditor qarşısında əsas borclunun ödhəliklərini icra etdiyi həcmdə, həmçinin çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyənləşdirilmişdir. Hazırki iddia tələbi məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş borc məbləğinin yarısının cavabdehdən iddiaçının xeyrinə tutulmasından ibarətdir və məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının sözügedən kredit borcu ilə bağlı hansı məbləğdə ödəniş etməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda cavabdehdən kredit borcunun yarısının onun xeyrinə tutulmasına heç bir əsas müəyyən edilmir. Məhkəmə onu da qeyd edir ki, mövcud kredit borcunun yarısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsidir və kredit borcu hazırki halda iddiaçı ilə cavabdehin birgə nikah dövründə yaranmış birgə öhdəlikləri kimi əmlakın passiv qismidir. Yəni, kredit borcu banka ödənilməlidir və bank qarşısında bu borcun ödənilməsi ilə bağlı üzərinə borclu ilə eyni öhdəlik götürmüş zamin öhdəlik tam icra edildikdən sonra çəkdiyi xərcin əvəzini borcludan tələb etmək hüququna malikdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia rədd edilməli, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1083/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1083/2023
06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver