Məhkəmə qərarları › İş №2(001)-1094/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1094/2021

16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1094/2021 16.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, **nömrəli evdə yerləşən və ona məxsus olan qızılzinət əşyalarının (1 ədəd 583 əyarlı, 7 qram çəkidə nişan üzüyü, 1 ədəd 583 əyarlı, 5 qram çəkidə qara qaşlı üzük, 1 ədəd 583 əyarlı, 15 qram çəkidə komplekt, 2 ədəd 583 əyarlı, 24 qram və 7 qram çəkidə boyunbağı, 1 ədəd 750 əyarlı, 6 qram çəkidə boyunbağı, 1 ədəd 583 əyarlı, 2 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə sırğa, 2 ədəd 583 əyarlı, 5 qram və 6 qram çəkidə sırğa, 1 ədəd 750 əyarlı, 14 qram çəkidə briliant kompekt, 1 ədəd 583 əyarlı, 21 qram çəkidə qara qaş komplekt, 1 ədəd 583 əyarlı, 4 qram çəkidə biləzik) qaytarılması və ya onların dəyərinin cavabdehdən tutulmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, **nömrəli evdə yerləşən və ona məxsus olan cehiz əmlakının və qızıl-zinət əşyalarının (1 ədəd 583 əyarlı, 7 qram çəkidə nişan üzüyü, 1 ədəd 583 əyarlı, 5 qram çəkidə qara qaşlı üzük, 1 ədəd 583 əyarlı, 15 qram çəkidə komplekt, 2 ədəd 583 əyarlı, 24 qram və 7 qram çəkidə boyunbağı, 1 ədəd 750 əyarlı, 6 qram çəkidə boyunbağı, 1 ədəd 583 əyarlı, 2 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə sırğa, 2 ədəd 583 əyarlı, 5 qram və 6 qram çəkidə sırğa, 1 ədəd 750 əyarlı, 14 qram çəkidə briliant kompekt, 1 ədəd 583 əyarlı, 21 qram çəkidə qara qaş komplekt, 1 ədəd 583 əyarlı, 4 qram çəkidə biləzik) qaytarılması və ya onların dəyərinin cavabdehdən tutulmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia üzrə tələb etdiyi cehiz əmlakının artıq cavabdehdən götürdüyünü, hazırda cavabdehin evində qalan və ona məxsus olan bir neçə əşya ilə bağlı məsələni isə öz aralarında həll edəcəklərini bildirmiş və artıq cehiz əşyalarını tələb etmədiyini qeyd edərək, ona məxsus olan qızıl-zinət əşyalarının (1 ədəd 583 əyarlı, 7 qram çəkidə nişan üzüyü, 1 ədəd 583 əyarlı, 5 qram çəkidə qara qaşlı üzük, 1 ədəd 583 əyarlı, 15 qram çəkidə komplekt, 2 ədəd 583 əyarlı, 24 qram və 7 qram çəkidə boyunbağı, 1 ədəd 750 əyarlı, 6 qram çəkidə boyunbağı, 1 ədəd 583 əyarlı, 2 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə sırğa, 2 ədəd 583 əyarlı, 5 qram və 6 qram çəkidə sırğa, 1 ədəd 750 əyarlı, 14 qram çəkidə briliant kompekt, 1 ədəd 583 əyarlı, 21 qram çəkidə qara qaş komplekt, 1 ədəd 583 əyarlı, 4 qram çəkidə biləzik) qaytarılması və ya onların dəyərinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbin həcminin azaldılması barədə ərizənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 1 ədəd 583 əyarlı, 7 qram çəkidə nişan üzüyü, 1 ədəd 583 əyarlı, 15 qram çəkidə komplekt, 2 ədəd 583 əyarlı, 24 qram və 7 qram çəkidə boyunbağı və 1 ədəd 583 əyarlı, 4 qram çəkidə biləzik ona toy hədiyyəsi olaraq verilmişdir. 1 ədəd 583 əyarlı, 5 qram çəkidə qara qaşlı üzük böyük qızı dünyaya gələndə qayınanasının iş yoldaşları, 1 ədəd 750 əyarlı, 6 qram çəkidə boyunbağı qızı Mədinənin 1 yaşı olanda cavabdehin ana nənəsi, 1 ədəd 583 əyarlı, 2 qram çəkidə kulon qayınanası, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə kulon qızı Xədicənin 5 yaşı tamam olanda anası tərəfindən hədiyyə verilmiş, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə sırğa qızı Mədinənin ad günündə, 2 ədəd 583 əyarlı, 5 qram və 6 qram çəkidə sırğa cavabdeh və özünün anası, 1 ədəd 750 əyarlı, 14 qram çəkidə briliant kompekt evlilik dövründə cavabdeh, 1 ədəd 583 əyarlı, 21 qram çəkidə qara qaş komplekt isə cavabdeh, onun atası və özünün anası (onların birgə vəsaiti hesabına) tərəfindən ona alınmışdır. Lakin o, cavabdehlə yaşadığı evi tərk edərkən, həmin qızıl-zinət əşyaları ona verilməmişdir və cavabdehlə ayrılmalarından 6 ilə yaxın müddət keçməsinə və onun tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh həmin əşyaları ona qaytarmamış və onlar bügünədək cavabdehin istifadə və sahibliyindədir. Onda olan məlumata əsasən bu əşyaların müəyyən hissəsi hətta girov kimi lombarda da qoyulmuşdur. Halbuki, həmin əşyaların hər biri ona hədiyyə edilmişdir və bu səbəbdən cavabdehdən alınıb ona verilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddia üzrə tələb edilən qızıl-zinət əşyalarının hər hansı biri onda deyil və heç vaxt onda olmamışdır. İddiaçı ilə nikaha daxil olan zaman və bundan sonra iddiaçıya bir sıra qızıl-zinət əşyaları hədiyyə verilmiş və onlar daim iddiaçının istifadə və sahibliyində olmuşdur. Lakin sonradan iddiaçı ilə birgə təsərrüfat apardılqarı dövrdə onların əksəriyyəti maddi çətinlikləri, o cümlədən uşağın müalicəsi ilə bağlı satılmışdır. Bundan sonra hər hansı qızıl-zinət əşyasının qaldığını, qaldığı təqdirdə isə hansı qızılzinət əşyalarının qaldığını dəqiq xatırlamır. Belə ki, iddiaçı birgə yaşadıqları evi təxminən 6 il bundan əvvəl daimi əsaslarla tərk etmiş və hər hansı qızıl-zinət əşyası olmuşdursa da iddiaçı onları həmin vaxt özü ilə aparmışdır. Ümumiyyətlə iddia üzrə tələb edilən bütün qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə verildiyini xatırlamır. Belə ki, o, vaxtı ilə zərgər kimi fəaliyyət göstərmiş və bir sıra hallarda, xüsusilə də müxtəlif tədbirlərdə iştirak edən zaman iddiaçı üçün digər şəxslərdən müvəqqəti olaraq, yəni kirayə əsaslarla qızıl-zinət əşyaları götürmüşdür. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, o cümlədən fotoşəkilləri və digər sübutları araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 25.11.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və iddiaçı özünə məxsus əşyalarla (həmçinin cehiz əmlakı ilə) birlikdə cavabdehin yaşadığı mənzilə köçərək onunla birgə təsərrufat aparmağa başlamışdır. Birgə nikahdan tərəflərin iki uşağı olmuşdur. Sonradan tərəflər arasında münasibətlər pozulmuş və bu hal onların ayrılmasına və iddiaçının yaşadıqları evdən köçüb getməsinə səbəb olmuşdur. Tərəflər arasında nikah artıq məhkəmə qaydasında pozulmuşdur. Hazırda iddiaçı nikaha daxil olmamışdan əvvəl və birgə nikah dövründə cavabdeh, onun ailəsi, özünün şəxsi ailəsi və digər şəxslər tərəfindən ona bir sıra qızıl-zinət əşyalarının hədiyyə edildiyini, lakin həmin əşyaları cavabdehlə yaşadıqları evi daimi əsaslarla tərk edən zaman götürmədiyini, bu əşyaların cavabdehdə qaldığını, hətta bu əşyaların müəyyən hissəsinin girov kimi lombarda da qoyulduğunu iddia edir və onların cavabdehdən alımasını tələb edir. İddiaçı cavabdehdən cehiz əşyalarının da qaytarılmasını tələb edirdi. Lakin məhkəmənin təşəbbüsü ilə keçirilmiş yerində müayinə zamanı cavabdehin yaşadığı evdə olan və iddiaçıya məxsus əşyalar iddiaçı tərəfindən götürülmüş və bundan sonra iddiaçı cavabdehin evində qalan və ona məxsus olan bir neçə əşya ilə bağlı məsələni öz aralarında həll edəcəklərini bildirərək, iddia tələbini bu hissədə azaltmışdır. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir (Mahmudov Rusiyaya qarşı”, “Qavazov Bolqarıstana qarşı” və sair). Bu baxımdan məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ardıcıllıqla iddiada göstərilən qızıl-zinət əşyalarının ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların ona məxsus olduğunu, sonra isə bu əşyaların cavabdeh tərəfindən götürüldüyünü (qaytarılmadığını) sübut etməli idi. İddiaçının təqdim etdiyi şəkillərdə qeyd edilən qızıl-zinət əşyalarının hər biri əks olunmuşdur. Bu səbəbdən məhkəmə həmin əşyaların bir məmulat kimi reallıqda mövcud olmasını qəbul edir. Lakin iddiaçı bu əşyaların hər birinin ona məxsus olmasını, cavabdehlə yaşadığı evi daimi əsaslarla tərk etdiyi vaxt reallıqda mövcud olmasını, habelə həmin əşyaların hazırda cavabdehdə olmasını sübut edə bilmir. Belə ki, cavabdeh öz növbəsində iddia üzrə tələb edilən qızıl-zinət əşyalarının hər hansı birinin heç vaxt onda olmadığını, iddiaçı ilə nikaha daxil olan zaman və bundan sonra iddiaçıya bir sıra qızıl-zinət əşyalarının hədiyyə edildiyini və onların daim iddiaçının istifadə və sahibliyində olduğunu, lakin sonradan iddiaçı ilə birgə təsərrüfat apardılqarı dövrdə onların əksəriyyətinin maddi çətinliklər, o cümlədən uşağın müalicəsi ilə bağlı satıldığını, bundan sonra hər hansı qızıl-zinət əşyasının qaldığını, qaldığı təqdirdə isə hansı qızıl-zinət əşyalarının qaldığını dəqiq xatırlamadığını, iddiaçının birgə yaşadıqları evi təxminın 6 il bundan əvvəl daimi əsaslarla tərk etdiyini, hər hansı qızıl-zinət əşyasının olduğu halda da iddiaçının onları həmin vaxt özü ilə apardığını, ümumiyyətlə iddia üzrə tələb edilən bütün qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə verilməsi halını xatırlamadığını, vaxtı ilə zərgər kimi fəaliyyət göstərdiyini və bir sıra hallarda, xüsusilə də müxtəlif tədbirlərdə iştirak edən zaman iddiaçı üçün digər şəxslərdən müvəqqəti olaraq, yəni kirayə əsaslarla qızıl-zinət əşyası götürdüyünü bildirir. İddiaçı qızıl-zinət əşyalarının müəyyən hissəsinin girov kimi lombarda qoyulduğunu qeyd etsə də bu halın müəyyən edilməsi məqsədi ilə müvafiq sorğunun göndərilməsi üçün hər hansı lombard barədə də məhkəməyə məlumat verə bilməmişdir. Bu da öz növbəsində iddiaçının cavabdehlə yaşadığı evi daimi əsaslarla tərk etdiyi zaman iddia üzrə tələb edilən qızıl-zinət əşyalarının reallıqda mövcud olmasını və ya onların cavabdehdə olmasını sual altına alır. Məhkəmə o halı da vurğulayır ki, iddiaçı cavabdehlə birgə yaşadığı evi təxminən 6 il əvvəl tərk etmişdir və ötən dövrdə cavabdehdən qızıl-zinət əşyalarını tələb etməsini, o cümlədən bu istiqamətdə hər hansı tədbir görməsini və ya ümumiyyətlə hər hansı addım atmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Bununla belə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyaları hazırda hər hansı lombardda və ya cavabdehdə deyil, bu səbəbdən iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar