Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1101/2021 03.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “hərəkət sərbəstliyinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “hərəkət sərbəstliyinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixdə Türkiyə Respublikasının Ankara şəhərində doğulmuş oğlu X3 onunla birlikdə hərəkət sərbəstliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ərazisinin hüdudlarını tərk etmək hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2017-ci il tarixində cavabdehlə Bakı şəhərində toyları olmuşdur. xx xxxxxxxx 2017-ci il tarixdə cavabdeh ilə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlarş Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2603 nömrə ilə qeyd edilmişdir. Cavabdeh Türkiyə Respublikasının Ankara şəhərində tibb üniversitetində təhsil aldığından onlar toydan bir ay sonra oraya getmişlər. Orada 4 otaqlı mənzildə kirayə yaşamışlar. Cavabdeh 2018-ci ildə universiteti bitirib Ankara şəhərinin klinikalarının birində cərrah kimi çalışmışdır. xx xxxx 2018-ci ildə oğulları X1 şəhərində doğulmuşdur. Uşaq doğulduqdan sonra cavabdeh artıq onunla yaşamaq istəmədiyini bildirmişdir. Belə olan halda anası və bacısı onu Naxçıvana gətirmişlər. Həmin vaxtdan cavabdeh ilə ayrı yaşayırlar. Cavabdeh telefon nömrəsini dəyişdiyindən onunla əlaqə saxlamaq mümkün olmamışdır. 2 il ərzində cavabdeh övladı ilə maraqlanmamışdır. Yaşadığı Naxçıvan MR ərazisindən respublikanın digər bölgələrinə getmək üçün yeganə avtomobil yolları xarici ölkələrin ərazisindən keçir. Övladı ilə hər hansı xarici ölkəyə getmək imkanı olmur. Dövlət sərhəddini uşaqla birlikdə keçmək istəyərkən atanın razılıq ərizəsi tələb edilir. O isə Türkiyədə yaşadığından və ailəsi ilə əlaqə saxlamadığından ərizənin alınması mümkün deyildir. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-26/2020 saylı qətnaməsindən görünür ki,Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində xx xxxxxxxx 2017-ci il tarixində bağlanmış və 2603 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra xx xxxx 2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx xxxxxx 2020-ci il tarixindən hesablanmaqla aylıq qazancının və (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq xx xxxx 2018-ci il təvəllüdlü Əliqaralı Qaşqay Xəyyam qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx xxxxxxxx 2018-ci il tarixli, AZ-İV seriyalı 156609 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxx 2018-ci il tarixində Türkiyə Respublikasının Ankara şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2018-ci il tarixində 255 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində xx xxxxxxxx 2017-ci il tarixində nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx xxxx 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-26/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Hal-hazırda iddiaçı uşağın atanın razılığı olmadan hərəkət sərbəstliyinin təmin edilməsini xahiş edir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı beynəlxalq və milli qanunvericilikdə olan normaların qeyd ediməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır; 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; X2 1989-cu il tarixli "Uşaq Hüquqları" haqqında Konvensiyasının: 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər; 9-cu maddənin 1-ci hissəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 50.4-cü maddəsinə əsasən valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir; 51.4-cü maddəsinə əsasən uşağın valideyinləri tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır; 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar; 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Göründüyü kimi, qanunvericilik 18 yaşına çatmamış vətəndaşın ölkədən getməsini valideynlərinin razılığının olması ilə tam məhdudlaşdırmamış, mübahisə halında bu hüququn məhkəmə tərəfindən həll olunması imkanını təsbit etmişdir. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxlər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 25-ci maddəsinə əsasən, hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Göstərilən qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanları uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında uşağın himayəsinə verilmiş valideyninə həmin uşağın mənafeyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin verilməsi halı müəyyən edilmişdir (Z. Sloveniyaya qarşı, § 115, 30 noyabr 2010-cu il və Eberhard and M. Sloveniyaya qarşı, § 88, 1 dekabr 2009-cu il). İstinad olunan hüquq normalarının məzmunundan aydın olur ki, iddiaçının uşağı ilə birgə yaşayan valideyn kimi öz uşağının maraqlarını üstün tutmaq şərti ilə ona dair qərar qəbul etmək, hazırki halda onu Azərbaycan Respublikasından xaricə aparıb-gətirmək, onun daha yaxşı təhsil almaq, istirahətini və sağlamlığını təmin etmək üçün tədbirlər görmək hüququ vardır. Bu hüquq uşağın daha yaxşı tərbiyəsinin psixoloji və mənəvi təminatı kimi qəbul edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, iştirakçı dövlətlər uşağın və onun valideynlərinin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna hörmət bəsləyirlər. Göstərilən qanunvericilik aktı normalarına və beynəlxalq təcrübəyə əsaslanaraq, məhkəmə hazırki mübahisədə uşaqların yüksək maraqlarına xüsusi əhəmiyyət verərək hesab edir ki, iddia təmin olunmalı, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşağın müvəqqəti olaraq cavabdehin razılığı olmadan hərəkət sərbəstliyinə, yəni ölkədən kənara çıxarılmasına icazə verilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, uşağın valideynləri tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Hazırki iddia üzrə tələb edilən ölkədən getmək hüququ isə uşağa məxsus olan hüququdur və onların tam fəaliyyət qabiliyyəti olmadığından bu hüquqlarını himayəsində olduqları valideynləri vasitəsi ilə həyata keçirir. Ona görə də uşağa cavabdehin (atanın) razılığı olmadan iddiaçı (anası) ilə birlikdə ölkədən getmək hüququ verilməli və uşağın sui-istifadə hallarından müdafiəsi, təkrar mübahisələrin qarşısının alınması məqsədi ilə bu hüquq yetkinlik yaşına çatana kimi verilməlidir. Bundan başqa məhkəmə hazırki vəziyyətdə müəyyən müddətdə, təhsil, istirahət, müalicə, xidməti vəzifələri və sair məqsədlərlə uşağın anası ilə ölkədən çıxmasının uşağın mənafeyinə və gələcək rifahına daha çox xidmət etməklə atanın şəxsi maraqları ilə nisbətdə üstünlük təşkil etməsi qənaətinə gəlməklə yanaşı, digər valideynin də hüquqlarının, xüsusilə ünsiyyət hüququnun pozulmasının qarşısının alınmasını, eyni zamanda uşağın da məhəbbət bəslədiyi, darıxdığı, görmək istədiyi digər valideyni ilə ünsiyyətdə olmaq hüququnun qorunmasını zəruri hesab edir. Buna görə də məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilərkən uşağın daimi əsaslarla ölkəni tərk etməsi halı istisna edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki hallarına, şərh olunan hüquq normalarına və “Uşaq hüquqları haqqında” Konvensiyada əks olunmuş mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə müvəqqəti olaraq(daimi əsaslar olmadan) Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməli, iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə müvəqqəti olaraq(daimi əsaslar olmadan) Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1101/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1101/2021
03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver