Məhkəmə qərarları › İş №2(001)-111/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-111/2023

11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-111/2023 11.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X4 ilə ünsiyyət vaxtının hər həftənin cümə günü saat 09:00-dan bazar günü saat 21:00-dək yanında qalmasını, bundan başqa nəzərdə tutulmuş bayram günlərinin yarı müddətini onunla ünsiyyətdə olmaq, gəzdirmək, yanında saxlamaq və tərbiyəsi ilə məşğul olmaq hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan Kəmalə adlı uşaqları anadan olmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaq ananın himayəsində saxlanılmışdır. Lakin cavabdeh iddiaçının uşağı ilə görüşməyinə, ünsiyyətdə olmağına imkan vermir. Dəfərlərlə bu barədə cavabdehə müraciət etsə də, cavabdeh onların görüşünə maneə olmuş, görüş üçün şərait yaratmamışdır. Bu səbəbdən də iddiaçı uşağı ilə görüşmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və cavabdehin nümayəndəsi-vəkili Vəkil iddia tələbini qismən qəbul edərək qəyyumluq və himayəçilik komissiyası tərəfindən verilmiş rəyə əsasən təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinın xx.xx.2017-ci il tarixli, 1(008)-122/2017 saylı hökmünə əsasən cavabdeh İddiaçı Cavabdeh sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində 600 manat məbləğində cərimə təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasından göndərilən xx.xx.2022-ci il tarixli 2861 saylı, rəydən görünür ki, İddiaçı hər hansı bir xəstəlik əlamətləri müəyyən edilməmişdir. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 5-102-261/2023 nömrəli xx.xx.2023-cü il tarixli uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi barədə rəydən görünür ki, uşağın anasına qarşı yüksək emosional bağlılığını, atasına bağlılığı olsa da, onun yenidən evlənməsi ilə bağlı hazırda mövcud olan mənfi münasibətini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 58, 60, 61.1, 61.2, 61.3-cü maddələrini nəzərə alaraq onun psixi sağlamlığı baxımından İddiaçı övladı xx.xx.2016-cı il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək ananın iştirakı ilə görüşüb ünsiyyətdə olmasını məqsədənüvafiq hesab edilmişdir. - xx.xx.2023-cü il tarixli həyat şəraitinin müayinə Aktından görünür ki, İddiaçı ailə və mənzil-məişət şəraiti övladı ilə ünsiyyətdə olması üçün əlverişlidir. Məhkəmə AR Ailə Məcəlləsinin 58.1, 60.1-60.4, 61.1, “Uşaq hüquqları haqqında Konvesiyanın” 3-cü maddəsinin 1-ci bəndi, 18-ci maddəsinin 1-ci bəndi, 27-ci maddəsinin 2-ci bəndi, “Uşaq hüquqları”haqqında AR Qanunun 19-cu maddələrinə əsaslanaraq belə qənaətə gəlir ki, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Lakin valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Belə ki, uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmçinin uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Beləliklə, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında saziş olmadığından və tərəflər valideynlik hüququnun həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilmədiklərindən, İddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də onun haqlı tələbi qismən təmin edilərək, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi və uşaqla ünsiyyətdə olma qaydası, habelə müddəti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının AM-nin 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarının 1-ci bəndinin izahına görə uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 10-cu bəndində göstərilir ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının uşağı ilə ünsiyyətdə olmaq hüququ var və bu hüququn həyata keçirilməsi məhkəmə tərəfindən təmin edilməlidir. Lakin qanunun mənasına və məhkəmənin qənaətinə görə onun uşağı ilə ünsiyyətdə olma hüququnun təmin edilməsi uşağın mənafeyinə zərər vurmamalı, onun normal inkişafına, səhhətinə təsir göstərməməlidir. Təsadüfi deyildir ki, validyenlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi onların valideynlik hüququndan məhrum edilməsi ilə nəticələnə bilər. Hər bir valideyn uşağının mənəvi və fiziki inkişafı, təhsili və ictimai faydalı əməyə hazırlanması istiqamətində ona qayğı göstərməlidir. Valideyn uşağına cəmiyyətdə özünü idarəetmə qaydalarını izah etməli, uşaqla oynamalı, dərslərini hazırlamağa kömək etməli, onunla gəzməli, lazımi tibbi müayinələrdən keçirməli, maddi təminatında iştirak etməli və bu kimi etməli olduğu başqa hərəkətləri etməlidir. Uşaqla ünsiyyətdə olmadan isə göstərilənləri həyata keçirmək mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, ayrılan valideynlər maksimum dərəcədə münasibətlərini uşaqlarının mənafeyinə uyğun qurmalı, ziddiyyətli baxışlarını onlara ötürməməlidirlər. Uşaqların tam mənada sağlam böyüməsi ailədə aldıqları tərbiyyədən asılıdır. Odur ki, valideynlər uşaqlarını bir-birinə qarşı qoymamalı, əksinə digər valideynə hörmət bəsləmək ruhunda böyütməlidirlər. “Olsson İsveçə qarşı” işdə Avropa Məhkəməsi bildirmişdir ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 11.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Məhkəmə uşağın görüş vaxtını və qaydasını müəyyən edərkən tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X2 hüquq və mənafeyini, onun anasına qarşı yüksək emosional bağlılığını, atasına bağlılığı olsa da, hazırda mövcud olan mənfi münasibətini, eləcə də qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə alaraq, hesab edir ki, iddiaçının övladı ilə hər həftənin bazar günü səhər saat 11:00-dan 15:00-dək görüşüb ünsiyyətdə olmaları müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən altı ay müddətində uşaqla görüş ananın iştirakı ilə keçirilməli, altı aydan sonra isə uşaqla ünsiyyət ananın iştirakı olmadan keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X4 ilə atası İddiaçı hər həftənin bazar günü səhər saat 11:00dan 15:00-dək ünsiyyətdə olmaları müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən altı ay müddətində uşaqla (X4 ilə) görüş ananın (Cavabdeh) iştirakı ilə keçirilsin, altı aydan sonra isə uşaqla (X4 ilə) ünsiyyət ananın (Cavabdeh) iştirakı olmadan keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar