Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1120/2021 03.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə münasibətləri qayınanasına görə pisləşmişdir. İddiaçının cavabdehin evində yaşadığı son gün qayınanası onu və ailə üzvlərini təhqir etmiş, sonra üstünə cumaraq onu boğmağa çalışmışdır. İddiaçı birtəhər qardaşına zəng vuraraq onu yaşadığı ünvana çağırdı. Qayınanası qardaşının yanında da iddiaçıya hücum etdi, iddiaçı da məcbur qalaraq evdən əynində olan ev paltarları ilə çıxıb getdi. O gündən ailəsinin evində yaşayır. Qax Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Bundan sonra ona məxsus əşyaları cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh tərəf onları verməkdən qərəzli şəkildə imtina etmiş, hətta cavabdeh telefon danışığında etiraf etmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyalarını ona qaytarmamaq üçün anası Məryəm Şamxalovaya vermiş, eyni zamanda ona məxsus xəzi də otağından götürüb satmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd olunun, həmişə əl çantasında saxladığı qizil-zinət əşyalarını evdə qəsdən anasının səsli mesajından sonra (anası mesaj yazmışdır ki, evdə dava-dalaş sal, qızılları götür gəl) götürüb getmişdir. İddiaçı anasının dediyi kimi evdə dava-dalaş saldıqdan sonra qardaşını çağırdı və qardaşı onlara gəldikdən sonra əl çantasında saxladığı qızıl-zinət əşyalarını da götürərək getmişdir. Bundan əlavə iddia ərizəsində bəzi əşyaların sayı və qiyməti şişirdilmişdir. İddiaçının qalan bütün cehiz və şəxsi əşyaları evdədir, onları aparmağa cavabdeh heç vaxt iddiaçıya mane olmamışdır. İddiaçı 11 noyabr 2019-cu il tarixdə saat 22 radələrində evdə dava-dalaş saldı, cavabdehin anasını təhqir etdi, bacısını itələyib təpik vurdu və cavabdehin bacısının başı qapının küncünə dəyib huşunu itirib yerə yıxıldı. Cavabdeh və anası huşu getmiş bacısına köməklik göstərməklərindən istifadə edib iddiaçı balaca çantasında saxladığı qızılları canta ilə birlikdə götürüb qardaşı ilə çıxıb getdi. Cavabdeh bu barədə telefonla zəng edib qayınatası və qayınanasına məlumat vermişdir. Bu davadalaşdan, qızıl-zinət əşyalarını apardıqdan bir müddət sonra cavabdeh Qax rayonuna getmiş və iddiaçı ilə görüşmüşdür. Həmin vaxt onlar restoran və kinoya getmiş, cavabdeh iddiaçıya müəyyən əşyalarını gətirib vermişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçı onlarla birlikdə yaşamaq istəməmiş və nikahları onun tələbi ilə pozulmuşdur. İddia ərizəsində bir çox əşyaların sayı, qiyməti, həmçinin iddiaçının apardığı əmlaklar, qızıl-zinət əşyaları, o cümlədən xəz dəri şuba ilə bağlı hallar düzgün qeyd edilməmişdir. Belə ki, xəz dərili şubanı onlar ikinci əldən, altı ay müddətinə ödəmək şərti ilə 700 manata almışlar. Sonradan malın sahibi pulun 6 aya ödənilməsi ilə razılaşmadığı üçün iddaçı ilə imkan olanda şuba almağa razılaşdılar və şubanı geri qaytardılar. İddiaçı cavabdehin etiraz ərizəsinə yazılı mülahizəsini məhkəməyə təqdim etmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, cavabdehin qeyd etdikləri həqiqətə uyğun deyil. Belə ki, hər bir şəxs ailə həyatı quranda onun gələcəyi ilə bağlı böyük arzuları olur. Cavabdehin dediyi kimi, iddiaçı nikahın pozulması üçün ailə qurmamış, əslində cavabdeh belə bir ifadə işlətməklə bir növ öz iç üzünü nümayiş etdirir. Heç bir sübutu və əsası olmayan yalan böhtan xarakterli ifadələr işlədir. Necə ola bilər ki, iddiaçı qadın olaraq təktəkinə evdə cavabdehin bacısına, anasına və özünə müqavimət göstərərək hətda bunları özlərinin dediyi kimi döyərək evi tərk etmiş və onlar da əllərini-qollarını sallayıb iddiaçının onları döyməyimə tamaşa ediblər. Əslində bunlar üçü iddiaçıya fiziki zor tətbiq etmişlər. Həmin vaxt iddiaçının boğaz nayihəsində, qollarında və bel nayihəsində müəyyən izlər də qalmışdır. İddiaçı özünü zorla həmin evdən kənara ata bilmişdir. Bundan başqa cavabdeh xəz dəri ilə bağlı halları da düzgün qeyd etməmişdir. Onların ailə qurmaqları və rəsmi nikahlarə iyul ayının 8-i qeyd olunsa da, toy mərasimi 2019-cu ilin avqust ayının 10-u olmuşdur. Həmin tarixdən etibarən iddiaçı cavabdehin yaşadığı evə köçmüşdür. Həmin ilin noyabr ayının 11-indən 12-nə keçən gecə isə evi tərk etmişdir. Həmin tarixdən iddiaçı qeyd olunan əşyaların heç birindən istifadə etməmişdir. Yəni iddiaçının şəxsi və çehiz əşyaları təzədir. Göründüyü kimi, onların evlənməyi yay fəsilində olub. Həmin fəsildə şuba geyinməyə ehtiyac olmasa da, cavabdeh iddiaçıya şubanı Azərbaycan xalqının mili mentalitetinə uyğun olaraq hədiyyə almışdır. İddiaçı da bu hədiyyəni qəbul etmişdir. Bundan başqa cavabdeh etiraz ərizəsində qızıl-zinət əşyalarını, həmçinin bir cüt ayyaqabı, bir ədəd sumka, bir ədəd don, bir ədəd palto, bir ədəd çəkmə, bir ədəd jaket və bir ədəd kostyumu güya iddiaçının apardığını qeyd edir, əslində iddiaçı evdən çıxanda əlində heç nə olmayıb. Əgər o, evdən çıxanda pal-paltar götürürdürsə niyə daha qiymətlilərini və həmin vaxt mövsümə uyğun olanı yox, uyğun olmayanı götürsün. İş materiallarından göründüyü kimi, işə məhkəmədə baxılan zaman iddiaçı ona məxsus olan və mövcudluğu cavabdeh tərəfindən etiraf edilən bir sıra əmlakları cavabdehdən götürmüş və mübahisəli olaraq yalnız qızıl-zinət əşyaları, “Femina” markalı xəz palto və “ADL” markalı palto qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində məhkəməyə bildirdi ki, 11.11.2019-cu il tarixdə iddiaçı evdə dava saldı, onu təhqir etdi, qızı Gülnarə Şamxalovanı isə itələyib yerə yıxdı. Qızı yıxılanda huşunu itirdi, onlar təcili yardım çağıdrdılar, iddiaçı isə bundan istifadə edərək əl çantasında olan qızıl-zinət əşyalarını da götürərək çıxıb getdi. Qızıl komplektin dəyəri 2200 manat, həri üzüyünün 450 manat, qızıl sepin kulonu ilə birlikdə 200 manat, qızıl sırğa isə 300 manat dəyərində olub. Onların heç biri brilyant qaşlı olmamış, qaşların hamısı xrustal idi. Həmin qızılları dükandan almamış, zərgərə düzəltdirmişlər. Xəzə qalanda isə, həmin xəz təzə olmayıb, ikinci əldən dəyəri altı ay müddətində ödənilməsi şərtilə 700 manata alınmışdır. Lakin sonradan malın sahibi pulun hissə-hissə ödənilməsinə razı olmadığından, iddiaçının razılığı ilə xəz geri qaytarılmışdır. Bundan əlavə iddiaçı iddia ərizəsində blender tələb etməsinə baxmayaraq, cehiz əmlakları sırasında blender olmamış, heç onun özündə də blender yoxdur. İddiaçı cəmi bir ayın gəlini olub. Evdən gedəndə əynində üst geyimi, əlində isə əl çantası olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şahid (cavabdehin anası) məhkəmə iclasında verdiyi ifadədə cehiz əmlakları arasında blenderin olmamasını qeyd etsə də, 01.03.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında həmin blender cavabdehin nümayəndəsi tərəfindən iddiaçının nümayəndəsinə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində məhkəməyə bildirdi ki, iddia ərizəsində bütün qiymətlər şişirdilmiş formada qeyd olunub. İddiaçı qızıl-zinət əşyalarını həmişə əl çantasında gəzdirirdi. İstənilən yerə gedəndə həmişə qızıl-zinət əşyalarını özü ilə götürürdü. Evdə mübahisə düşən gün də qızıl-zinət əşyalarını əl çantasında götürüb aparmışdır. İş materiallarına əlavə edilmiş şəkillərdə olan qızıllar onların iddiaçıya hədiyyə etdiyi qızıllar deyil, oxşar qızıllardır. Onların evində qızıl-zinət əşyalarının saxlanılması üçün hər hansı xüsusi yer yoxdur. Hərə öz qızıllarını özündə saxlayır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində məhkəməyə bildirdi ki, o, iddiaçının bibisi qızıdır. Xınayaxdı mərasimində iştirak etmişdir. Həmin gün cavabdeh tərəf xonçalarını gətirmişdir. Xonçalar bir-bir açıldı və xonçaların içində olanlar hamıya göstərilmişdir. Oğlan evinin gətirdiyi qızıl-zinət əşyaları və xəzi də digər əşyalarla yanaşı görmüşdür. Xəzin etiketi üzərində idi. Firması “Femina” idi, qiymətinin isə 7000-7500 manat civarında olması deyildi. Qızıl komplekt ağ qızıldan idi, qiyməti isə 6800 manat deyilmişdir. Kompletdə bir cüt sırğa, üzük, qolbaq və sep daxil idi. Qaşlarının brilyant olması da, digər əşyaların qiymətləri kimi oğlan evi tərəfindən deyilmişdir. Qız özü qızılların alınmasında iştirak etməmiş, qızıllar onsuz alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlaka sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir: - iddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququnun olması; - mülkiyyətçinin öz əmlakından faktiki sahiblikdən məhrum olunması; - mülkiyyətçinin sahibliyindən çıxmış əmlakın digər şəxsin faktiki sahibliyində olması. İstinad edilən komponentlərdən birincisinin, yəni qızıl-zinət əşyaları, “Femina” markalı xəzin və “Adl” markalı paltonun mövcudluğu və həmin əşyaların iddiaçıya toy ərəfəsində cavabdeh tərəfindən hədiyyə edilməsi işin mübahisələndirilməyən hallarındandır. Cavabdeh tərəfin qızıl-zinət əşyalarına münasibətdə etirazı yalnız qaşların brilyant olmaması və qızıl-zinət əşyalarının dəyərinin iddia ərizəsində göstəriləndən daha aşağı olması ilə bağlıdır. İddiaçı tərəfindən isə iddia ərizəsinə fotoşəkillər və video disklər əlavə edilmiş və fotoşəkillərin arasında hətta qızıl kompletin üstündə qiyməti olan görüntüsü də mövcuddur. Həmin şəkildən göründüyü kimi, komplektin qiyməti 6800 manantdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında həmin şəkildə olan komplektin iddiaçıya hədiyyə olunan komplektlə eyniliyi şübhə altına qoyulmuş, lakin həmin şübhələri əsaslandıra biləcək hər hansı ağlabatan dəlil irəli sürülməmişdir. Bundan əlavə məhkəmə “Femina” markalı xəzlə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, hər iki tərəfin də bildirdiyinə görə, həmin xəz iddiaçıya toy ərəfəsində hədiyyə olunsa da, sonradan onun sahibliyindən çıxmış və alınan yerə geri qaytarılmışdır. Bu iddiaçının ər evində olduğu cəmi 3 ay müddətində baş vermiş və iddiaçının iradəsinə uyğun və onun icazəsi ilə baş verməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. “Adl” markalı paltoya münasibətdə isə cavabdeh etiraz ərizəsində bildirdmişdir ki, həmin paltonun dəyəri 40 manat olmuş və iddiaçı evdən gedərkən həmin paltonu özü ilə aparmışdır. İş materiallarında olan 29.04.2021-ci il tarixli, 9/1543 nömrəli ekspert rəyində göstərilmişdir ki, 750 əyarlı brilyant qaşlı üzüyün dəyəri 503,50 manat, 750 əyarlı brilyant qaşlı boyunbağının dəyəri 289,75 manat, 750 əyarlı brilyant qaşlı sırğanın dəyəri 475 manat, 750 əyarlı brilyant qaşlı komplentin dəyəri 2812,95 manat, “Femina” markalı xəzin dəyəri 4000, “Adl” markalı paltonun dəyəri isə 150 manatdır. Yuxarıda qeyd olunan ikinci və üçüncü komponentlərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mütləq şəkildə qeyd olunmalıdır ki, bu kimi mübahisələrdə “evin tərk edildiyi şərait” sübut əhəmiyyətinə malikdir. İşin həm iddiaçı, həm cavabdeh tərəfindən təsdiq edildiyi halı ondan ibarətdir ki, iddiaçı cavabdeh və onun ailə üzvləri ilə birlikdə yaşadığı evi gərgin və mübahisəli şəkildə tərk etmişdir. İddiaçının sözlərinə görə, cavabdehin anası onu təhqir edib və boğmağa cəhd etmiş, cavabehin nümayəndəsinin sözlərinə görə isə, iddiaçı cavabdehin bacısını itələmiş, o yıxılıb huşunu itirmiş, onlar təcili yardım çağırmış və iddiaçı bu vəziyyətdən istifadə edərək qardaşını çağırıb qızıl-zinət əşyalarını da götürüb evdən çıxıb getmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflərin toyu 10.08.2019-cu il tarixdə olmuş, 11.11.2019-cu il tarixdə isə iddiaçı mübahisəli şəkildə gecəynən evdən çıxıb getmişdir. Üç ayın gəlinin belə şəraitdə ər evindən qaçarkən qızıl-zinət əşyalarının götürülməsi düşüncəsində olması, qarşı tərəfin isə (iddiaçının qızıl-zinət əşyalarını həmişə əl çantasında gəzdirməsi əminliklə etiraz ərizəsində və məhkəmə iclaslarında dəfələrlə bildirildiyi halda) həmin şəraitdə onu həmin əl çantası ilə evdən buraxdıqları ağlabatan mühakimə əsasında inandırıcı deyildir. Eyni zamanda iddiaçı məhkəməyə ona cavabdeh tərəfindən yazılan mesajların mətnləri əks olunmuş şəkilləri və telefon danışıqlarının audio yazılarını təqdim etmişdir. Mesajlarda yazılanlar məhkəmə iclasında səsləndirilmiş və həmin mesajların cavabdeh tərəfindən yazılması cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh özü isə hazırkı iş 11.11.2020-ci il tarixdən məhkəmənin icraatında olsa da və dəfələrlə məhkəmə iclasları keçirilsə də, məhkəmə iclasına bir dəfə də olsun şəxsən gəlməmişdir. Cavabdeh tərəfindən vindikasiya iddiasının istinad edilən ikinci və üçüncü komponentlərin mövcud olmamasının sübutu kimi yalnız iddiaçının keçmiş qayınanası və baldızının şahid ifadələri məhkəməyə təqdim edilmiş, lakin həmin şahid ifadələrinin mötəbərliyi məhkəmə tərəfindən sual altına qoyulur. Belə ki, həm məhkəməyə ünvanlanmış ərizələrdən, həm tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan, həm də iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, şahid X2 iddiaçının qayınanası və cavabdehin anası olaraq tərəflər arasında olan mübahisənin daxilində olmuş və iddiaçı tərəfindən onun mübahisənin səbəbkarı olması iddia edilir. X1 isə cavabdehin bacısıdır və hər iki şahidin mübahisənin cavabdehin xeyrinə həll edilməsində maraqlı olması aşkardır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəyəri 503,50 manat olan 750 əyarlı brilyant qaşlı üzük, dəyəri 289,75 manat olan 750 əyarlı brilyant qaşlı boyunbağı, dəyəri 475 manat olan 750 əyarlı brilyant qaşlı sırğa, dəyəri 2812,95 manat olan 750 əyarlı brilyant qaşlı komplekt, dəyəri 4000 manat olan “Femina” markalı xəz, dəyəri 150 manat olan “Adl” markalı palto və ya onlar olmadığı təqdirdə dəyəri alınaraq İddiaçı verilməlidir. Bundan əlavə iş materiallarına əlavə edlmiş qəbzdən göründüyü kimi, İddiaçı tərəfindən ona məxsus cehiz əmlaklarının Bakı şəhərindən Qaxa daşınması üçün 400 manat məbləğində pul ödənilmişdir. Məhkəmə işin faktiki hallarını və tərəflər arasında olan mübahisənin mahiyyətini nəzərə alaraq hesab edir ki, həmin məbləğin yarısı – yəni 200 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəyəri 503,50 (beş yüz üç manat əlli qəpik) manat olan 750 əyarlı brilyant qaşlı üzük, dəyəri 289,75 (iki yüz səksən doqquz manat yetmiş beş qəpik) manat olan 750 əyarlı brilyant qaşlı boyunbağı, dəyəri 475 (dörd yüz yetmiş beş) manat olan 750 əyarlı brilyant qaşlı sırğa, dəyəri 2812,95 (iki min səkkiz yüz on iki manat doxsan beş qəpik) manat olan 750 əyarlı brilyant qaşlı komplekt, dəyəri 4000 (dörd min) manat olan “Femina” markalı xəz, dəyəri 150 (yüz əlli) manat olan “Adl” markalı palto və ya onlar olmadığı təqdirdə dəyəri, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və daşınma xərcinin 200 (iki yüz) manat hissəsi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1120/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1120/2021
03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver