Məhkəmə qərarları › İş №2(001)-1122/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1122/2024

20.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1122/2024 20.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 bağışlanmış mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 bağışlanmış mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzilin üzərində iddiaçının atası Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Bu barədə Cavabdeh2 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2012-ci il tarixli çıxarış verilmişdir. Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-1197 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən iddiaçının atası Cavabdeh2 həmin mənzili nəvəsi, iş üzrə digər Cavabdeh1 bağışlamışdır. Həmin mənzil üzərində Cavabdeh1 mülkiyyət huququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı hesab edir ki, yuxarıda adı çəkilən müqavilə mövcud qanunlara zidd olaraq bağlanılıb, bilavasitə iddiaçının hüquqlarını pozur və buna görə etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatan payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2021-ci il tarixli Qərarı ilə Konstitusiya Məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyamn bu norması vəsiyyət vermə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumundan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlıqa götürənlər) aiddir. Qanunverici bu cür növbəliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericilikdə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırılmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlama tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. İddiaçı Cavabdeh2 doğma qızıdır və birinci növbəli vərəsədir. Atası mülkiyyətində olan mənzili nəvəsi, iş üzrə digər cavabdeh olan Cavabdeh1 bağışlayıb, Cavabdeh1 hədiyyəni qəbul edib və hal-hazırda adı çəkilən mənzili Daşınmaz Əmlakın Dövlət Reyestrində öz adına qeydiyyata aldırıb. Bağışlama müqaviləsi Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində təsdiq edilib və həmin tarixdən iki ildən artıq müddət keçməyib. Bağışlanan mənzil mirasa daxil olsaydı, miras əmlakın həcmi artmış olmalı idi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, nəvəsinə bağışladığı evi ona iş yerindən veriblər, onun əməyi hesabına əldə edilən evdir. Evi nəvəsinə bağışlayıb, lakin indi peşmandır. O, evi nəvəsinə bağışladıqdan sonra nəvəsinə və onun anasına ev almışdır. Halbuki, oğlu ilə gəlini 4-5 il idi ki, boşanmışlar. Ev alandan sonra da onlara dedi ki, öz evini artıq onlara vermir. Belə ki, aldığı ev onun öz evindən üç dəfə daha yaxşı ev idi, daha yaxşı təmirli idi. Onun öz evində təmir axırıncı dəfə 40 il əvvəl olub. İndi evini geri istəyir. Nəvəsini də çöldə qoymur, onların evi var. Hesab edir ki, evini bağışlamaqla səhv edib və indi həmin səhvi düzəltmək istəyir. Belə ki, onlar ona qarşı çox ədalətsizlik ediblər. Özü həkimdir, hüquqi savadı yoxdur, ona görə də, müqaviləni vaxtında şəxsən mübahisələndirməyib. Lakin indi qızının iddiası ilə razıdır. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, məhkəmə iddiaçının hazırkı tələb kontekstində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadını əsaslı hesab etmir. Belə ki, həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrin (məcburi pay hüququ olan vərəsələrin) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malik olmasını müəyyən etmişdir. İddiaçının gələcəkdə məcburi payının tamamlanmasını tələb etmək hüququnun yaranacağı ehtimalı hal-hazırda bağlanmış və qanunvericilikdə nəzərdə tutulmuş etibarlılıq şərtlərinə cavab verən bağışlama müqaviləsinin etibarsızlığına dəlalət etmir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hazırkı işdə bu dörd kateqoriyada qruplaşdırılan hər hansı şərt mübahisələndirilmir, iddiaçının yeganə arqumenti – onun gələcəkdə açılacaq miras əmlakda məcburi payının olmasıdır. Lakin iddiaçının özünün də iddia ərizəsinin hüquqi əsası olaraq istinad etdiyi Mülki Məcəllənin 1200-ci maddəsindən göründüyü kimi, iddiaçının dəlilləri tamamlama tələbinin irəli sürülməsi və aşağıdakı şərtlər olduğu təqdirdə təmin edilməsi üçün əsas ola bilərdi: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən isə, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Yəni potensial miras qoyan sağ olduğu və hazırkı iş üzrə məhkəmə iclasında cavabdeh qismində iştirak edərək öz mövqeyini tam aydın şəkildə ifadə etdiyi halda, yuxarıda sadalanan dəlillərə istinad edilməsi və Mülki Məcəllənin 1200-cü maddəsini əsas götürərək bağışlama müqaviləsinin etibarsızlığı barədə tələbin irəli sürülməsi ağlabatan deyil. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 bağışlanmış mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının ləğv edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 bağışlanmış mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının ləğv edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar