Məhkəmə qərarları › İş №2(001)-1145/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1145/2021

06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1145/2021 06.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının qızının katibliyi İddiaçı İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28.04.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat və 20.07.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər 10.06.2009-cu il tarixdə rəsmi qaydada nikah bağlamışlar və birgə nikahdan iki övladları olmuşdur. Cavabdeh uşaqların saxlanılması üçün ona kömək etmir. Onun maddi imkanı, heç bir qazancı və gəliri yoxdur, təkbaşına uşağı saxlamaq iqtidarında deyil. Bu səbəbdən də uşaqların saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 08.12.2020-ci il tarixdə İddiaçı qarşı “nikahın pozulması və uşaqların onun himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 10.06.2009-cu il tarixdə bağlanmış nikahın pozulmasını, birgə nikahdan olan 28.04.2009-cu il təvəllüdlü X2 və 20.07.2013-cü il təvəllüdlü X1 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, ilk vaxtlar münasibətləri normal olsa da, sonradan müəyyən problemlər üzə çıxmış və münasibətləri kəskin şəkildə pisləşmişdir. Cavabdehlə aralarında baş verən münaqişələr nəticəsində münasibətləri pozulduğundan, birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Nikahları formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın nikahın pozulması hissəsində təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikah və doğum haqında şəhadətnamələrdən görünür ki, tərəflər 10.06.2009-cu il tarixdə 658 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikah bağlamışlar və birgə nikahdan 28.04.2009-cu il təvəllüdlü X4 və 20.07.2013-cü il təvəllüdlü X3 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin 04/06-13-8-11-31/2288 saylı 01 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58 və 60-cı maddələrini nəzərə alaraq, uşaqların mənafelərinin üstünlüyü baxımından 28.04.2009-cu il təvəllüdlü X4 və 20.07.2013-cü il təvəllüdlü X1 anası İddiaçı himayəsində qalması məqsədəmüvafiq hesab edilmişdir. Nikaha xitam verilməsinin əsasları və qaydası Ailə Məcəlləsinin 4-cü fəslinin, nikahın pozulmasının qeydə alınması məsələləri isə həmin Məcəllənin 25-ci fəslinin müddəaları ilə tənzimlənir. Məhkəmə AR Ailə Məcəlləsinin 19.1, 20.2, 22, 60.1-60.4, 61.1, 62.2, “Uşaq hüquqları haqqında Konvesiyanın” 3-cü maddəsinin 1-ci bəndi, 18-ci maddəsinin 1-ci bəndi, 27-ci maddəsinin 2-ci bəndi, “Uşaq hüquqları”haqqında AR Qanunun 19-cu maddələrinə əsaslanaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah formal xarakter daşıyır, tərəflər könüllü olaraq nikahın pozulması ilə bağlı iradə ifadəsini açıq nümayiş etdirmişlər, eyni zamanda ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün ilkin iddia təmin olunmalı, onların arasında olan nikah pozulmalıdır. Məhkəmə AR Ailə Məcəlləsinin 75, 76 və 78.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki,valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə cavabdehin qazancının qeyri-müntəzəm olmasını və alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmamasını nəzərə alaraq, alimentin sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşaqların əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment müəyyən edilməklə tutulması ədalətli olar. Həmçinin məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi 11.11.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 11.11.2020-ci il tarixdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi və qarşılıq iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 10.06.2009-cu il tarixdə 658 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 28.04.2009-cu il təvəllüdlü X4 və 20.07.2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmalı, 11.11.2020-ci il tarixdən başlayaraq, 28.04.2009-cu il təvəllüdlü X2 və 20.07.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 28.04.2009-cu il təvəllüdlü X4 və 20.07.2013-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılsınlar. 11.11.2020-ci il tarixdən başlayaraq, 28.04.2009-cu il təvəllüdlü X2 və 20.07.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 10.06.2009-cu il tarixdə 658 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar