Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1152/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahları dövründə iki uşaqları doğulmuşdur. Hər iki tərəf məcburi köçkün olduğundan müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli 150, Xarici Dillər Universitetinin 1 saylı yataqxanasına qeydiyyata düşmüşlər və həmin yataqxana otağına hər ikisinin də istifadə hüququ yaranaraq orada ailə olaraq yaşamışlar. Lakin sonradan tərəflərin münasibəti pisləşdiyinə görə Cavabdeh İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birgə məcburi qaydada mənzildən çıxarmışdır. İddiaçının həmin sahədən istifadə hüququnun olmasına baxmayaraq o, cavabdehin ona etdiyi təzyiqlərə görə mənzildən istifadə edə bilmir və beləliklə də, cavabdeh onun sahiblik, istifadə hüquqlarını pozmuş olur ki, bu da eyni zamanda iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarının da mənzil hüquqlarını pozaraq vəziyyətlərinin daha da pisləşməsinə səbəb olmuşdur. Həmin vaxtdan İddiaçı övladları ilə birgə atası Valeh Hüseynzadəyə məxsus 2 otaqdan ibarət 40 kv.m. sahəsi olan evdə müvəqqəti olaraq sığınacaq tapmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, onlar hər ikisi Füzuli rayonundan məcburi köçkündürlər. ünvan 1 ünvanında yerləşən Azərbaycan Dillər Universitetinin 1 saylı yataqxanasının 203A saylı otağına artıq ailəli olduqları müddətdə köçmüşlər. Həmin vaxtadək başqa yataqxanada yaşayırdılar. 10 ilə yaxın müddətdə ailə olaraq həmin mənzildə yaşamışlar, 2022-ci ilin iyul ayında münasibətləri kəskinləşmiş və o, uşaqları ilə birlikdə yaşadığı mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Hal-hazırda cavabdeh ünvan 1 ünvanında yerləşən Azərbaycan Dillər Universitetinin 1 saylı yataqxanasının 203A saylı otağında yaşamağa davam edir, onu isə uşaqları ilə birlikdə orada yaşamağa qoymur. Halbuki, onun bütün cehiz əmlakları həmin mənzildədir və yaşamaq üçün başqa yeri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, tərəflər arasındakı nikah artıq pozulub, cavabdehin bu gün-sabah başqa şəxslə ailə qurmaq ehtimalı var. Belə olan halda iddiaçının da uşaqları ilə birlikdə həmin otağa köçürülməsi böyük münaqişələrə yol açacaq. İddiaçı barışmaq niyyəti ilə köçürülməsini istəyirsə - köçürülsün, əgər barışmaq niyyəti yoxdursa, bunu qəti olaraq etmək olmaz. Belə ki, münaqişəli vəziyyətdə olan tərəflər bir otaqda yaşayacaqları təqdirdə daim “102” xidmətinə müraciət etmək məcburiyyətində qalacaqlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 6249 nömrəli arayışdan görünür ki, İddiaçı Fizuli rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli 150, Xarici Dillər Universitetinin 1 saylı Yataqxanasında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin arayışlarından və notariat qaydada verilmiş ərizələrdən görünür ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Dillər Universitetinin 1 saylı yataqxanasında qeydiyyatda olan X9, X1 və X3 qonşuları olan İddiaçı həqiqətən də ünvan 1 ünvanında yerləşən Azərbaycan Dillər Universitetinin 1 saylı yataqxanasının 203A saylı otağında qeydiyyatsız yaşamasını təsdiq etmişlər. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər məcburi köçkündür və nikahda olduqları dövrdə ünvan 1 ünvanında yerləşən Azərbaycan Dillər Universitetinin 1 saylı yataqxanasının 203A saylı otağına köçmüş, İddiaçı cehiz əmlakları həmin otağa yerləşdirilmiş, tərəflər arasında mübahisə yarananadək onlar uşaqları ilə birlikdə həmin otaqda ailə olaraq yaşamışlar. Hal-hazırda iddiaçı uşaqları ilə birlikdə atasının evində yaşamaq məcburiyyətindədir, cavabdeh isə 203A saylı otaqda yaşamağa davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliyi) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda qeyd olunan norması ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən üç halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. Yuxarıda qeyd olunduğu kimi, hazırkı iş üzrə İddiaçı 10 ilə yaxın müddətdə mübahisəli mənzildə yaşaması və onun keçmiş həyat yoldaşı ilə münasibətlərinin pozulması ilə əlaqədar yaşadığı evdən çıxması mübahisəsiz olaraq müəyyən edilmişdir. İddiaçının yaşadığı sahədən məhrum edilməsinin qanuniliyi ilə əlaqədar isə məhkəmə belə nəticəyə gəlir ki, bu məhrumetmə qanunsuz olmuşdur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə Cavabdeh mübahisələndirilən evə hər hansı hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəmələrə təqdim olunmamışdır. Müəyyən olunmuşdur ki, cavabdeh Füzuli rayonundan məcburi köçkün olmaqla, mübahisələndirilən sahədə məskunlaşmış, iddiaçı da cavabdehlə yanaşı həmin evdə bərabər yaşamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Mənzil Məcəllənin 99.5-ci maddəsinə müvafiq olaraq, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Mənzil Məcəllənin 68.4-cü maddəsinə görə, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən yaşayış sahəsi yataqxana olmaqla, hər iki tərəf orada məcburi köçkün kimi müvəqqəti yaşadıqlarından, hazırda da cavabdeh yaşayış sahəsindən istifadə etdiyindən iddiaçıya da azyaşlı uşaqları ilə birlikdə eyni əsaslarla orada yaşamaq imkanı verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı azyaşlı uşaqları – xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən Azərbaycan Dillər Universitetinin 1 saylı yataqxanasının 203A saylı otağına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı azyaşlı uşaqları – xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən Azərbaycan Dillər Universitetinin 1 saylı yataqxanasının 203A saylı otağına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1152/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1152/2023
28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver