Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1163/2023 09.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinə qarşı 2020-ci ilin aprel, may və iyun ayları üzrə ödənilməli olan əmək haqqının, yəni 1800 manatın və həmin aylar üçün son haqq-hesabın ödənməyən hissəsi olan 153,25 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinə qarşı 2020-ci ilin aprel, may və iyun ayları üzrə ödənilməli olan əmək haqqının, yəni 1800 manatın və həmin aylar üçün son haqq-hesabın ödənməyən hissəsi olan 153,25 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2003-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində 17 il ərzində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 480 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı olaraq Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 775 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 95 nömrəli qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Əmək bazarı və Sosial müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi yaradılmışdır. O, xx.xx.2020-ci il tarixdə ƏƏSMN tərəfindən ETTM-dən Observatoriyaya transfer edilmiş və Observatoriyanın Əmək bazarının proqnozlaşdırılması şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Onunla işə qəbul olunan zaman əmək müqaviləsi bağlanmamış, 3 ay işlədiyi dövr pandemiya ilə əlaqədar olaraq sərt karantin rejimi dövrünə təssadüf etdiyindən və Observatoriyanın rəhbərliyi tərəfindən elektron portaldan ona icazə alınmadığı üçün cəmi 20 gün müddətində işə gedə bilmişdir. xx.xx.2020-ci il tarixdə o, Observatoriyaya çağırılmış və 2 saatlıq icazə mesajı ilə işə getmişdir. Ona işə qəbul zamanı imzalamalı olduğu əmək müqaviləsini 3 ay sonra imzalamalı olduğu bildirilmişdir. O, müqaviləni oxumadan imzalamağa məcbur edilmiş və əmək müqaviləsinin bir nüsxəsi də ona verilməmişdir. O, əmək müqaviləsi, işdən azad olunma ilə bağlı əmrin surətini və əmək kitabçasını xx.xx.2020-ci ildə, yəni, həmin tarixdən 3 ay sonra Observatoriyadan götürmüşdür. xx.xx.2020-ci il tarixdə o, yenidən işə çağırılaraq onunla əmək müqaviləsinin 3 aylıq müddətə bağlandığı, artıq onunla işləmək istəmədikləri bildirmiş və heç bir səbəb göstərilmədən qanunsuz olaraq işdən çıxarılmışdır. İşdən azad olunduqdan sonra o, portalda əmək haqqının 1200 manat qeyd olunduğuna baxmayaraq ona 600 manat əmək haqqı verilməsini aşkar etmişdir. Daha sonra o, özü ilə eyni gündə işdən azad olunmuş 11 işçi ilə birlikdə cənab nazir Sahil Babayevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Baş İdarəsinə məktubla müraciət etmişdir. O, Observatoriyanın xx.xx.2020-ci il tarixli **********5 nömrəli əmri və əmək haqqının natamam ödənilməsi, son haqq-hesabın düzgün hesablanmaması və gecikdirilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə mürzciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Cavabdeh şəxs tərəfindən 2020-ci ilin aprel, may, iyun ayları üzrə hər ay 600 manat olmaqla, cəmi 1800 manat əmək haqqı ona verilməmişdir. O, hesab edir ki, cavabdeh onu işə cəlb edib əmək haqqını tam ödəmədiyinə görə maddi məsuliyyətə cəlb edilməli, ödənilməmiş əmək haqqı birdəfəlik ödəniş formasında cavabdehdən tutulmalı və ona ödənilmədir. Son haqq-hesaba düşən 7,5 gün, 1 günə düşən məbləğ 39,48 manat, cəmi hesablanmış son haqq-hesab 296,1 manat hesablanmalı və işdən çıxdığı gün hesabına köçürülməli idi. Lakin onun son haqq-hesabı cavabdeh tərəfindən 600 manata uyğun hesablanaraq xx.xx.2020-ci il tarixdə, yəni 62 gün gecikdirilərək yarı hissəsi, yəni 142,85 manat verilmişdir. xx.xx.2020-ci ildə işdən azad edilsə də, həmin gün ona əmrin surəti, son haqq-hesabı, əmək kitabçası verilməmişdir. Əmək müqaviləsi isə ona ümumiyyətlə verilməmişdir. Əmək kitabçasını o, 3 aydan sonra, yəni xx.xx.2020-ci il tarixdə, işdən çıxması barədə əmrin surətini xx.xx.2022-ci il tarixdə, son haqq-hesabını isə xx.xx.2020-ci il tarixdə almışdır. Qanunsuz olaraq işdən azad edildikdən sonra o, məhkəməyə müraciət etmiş, iki il yarımdan sonra müddət ərzində məhkəmə çəkişmələrindən sonra iddiası təmin edilmiş və o, işə bərpa olunmuşdur. Hazırda icra mərləsində cavabdeh ona məcburi işburaxmaya görə əmək haqqını 1200 manat deyil hər ay üçün 600 manat olmaqla hesablamaq istəyir. Hazırkı iddia ərizəsi ilə o, məhkəməyə müraciət edərək əmək haqqının 1200 manat olmasının təsdiq edilməsini istəyir. Vaxtında məhkəməyə müraciət etməməsinin səbəblərindən biri də səhhətində olan problemlər olmuşdur. Bu səbəbdən onun müddəti ötürməsi üzürlü hesab edilməlidir. Ona görə də 2020-ci ilin aprel, may və iyun ayları üzrə ödənilməli olan əmək haqqının, yəni 1800 manatın və həmin aylar üçün son haqq-hesabın ödənməyən hissəsi 153,25 manat məbləğində pulun cavabdeh Əmək bazarı və Sosial müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsindən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən xx.xx.2020-ci il tarixədək Observatoriyada Əmək bazarının proqnozlaşdırılması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə müvafiq olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı xitam verilmiş və son-haqq hesab aparılmaqla işdən azad edilmişdir. İddiaçı hesab edir ki, Observatoriyada işlədiyi müddətdə ona əmək haqqı kəsrlə ödənilmiş, belə ki, X1 Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində əmək haqqının məbləği 1200 manat göstərildiyi halda ona 3 aylıq əmək haqqı 600 manat olmaqla cəmi 1800 manat ödənilmiş və sonhaqq hesab da bu məbləğ üzərindən hesablanaraq aparılmışdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, İddiaçı ilə Observatoriya arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, işçiyə aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun təyin edilir. Tərəflər arasındakı əmək müqaviləsinin istinad olunan müddəasından göründüyü kimi tərəflər arasında bununla bağlı hər hansı konkret məbləğ razılaşdırılmamış, sadəcə olaraq işəgötürən müqavilədə əmək haqqı qismində İddiaçı məhz ştat cədvəlinə uyğun olaraq müəyyən edilən aylıq vəzifə maaşını ödəmək öhdəliyi götürmüşdür. Başqa sözlə, tərəflər arasında bağlanmış istinad olunan əmək müqaviləsindən görünür ki, işəgötürənin müqavilənin məbləği ilə bağlı imperativ öhdəliyi yalnız ştat cədvəli üzrə aylıq vəzifə maaşının ödənilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********2 saylı əmrinə əsasən Observatoriyanın ştat cədvəli təsdiq olunmuşdur. Həmin ştat cədvəlinə əsasən İddiaçı işlədiyi ştat vahidi, yəni Əmək bazarının proqnozlaşdırılması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə müəyyən edilmiş aylıq vəzifə maaşı 600 manat məbləğdən ibarət olmuşdur. Beləliklə, tərəflər arasında bağlanmış əmək müqaviləsinin əmək haqqı ilə bağlı müddəasının blanket dispozisiyasında qurumun ştat cədvəlinə istinad olunmuş, cavabdehin həmin əmək müqaviləsi üzrə imperativ öhdəliyi aylıq vəzifə maaşının ödənilməsindən ibarət olmuşdur ki, həmin məbləğ 600 manat təşkil etmişdir. Məsələ burasındadır ki, ştat cədvəlində aylıq vəzifə maaşı ilə yanaşı aylıq vəzifə maaşına əlavələrin və aylıq əmək haqqı fondunun ödənildiyi halda mümkün maksimal məbləği də göstərilmiş, lakin aylıq vəzifə maaşına əlavələr tərəflər arasındakı əmək müqaviləsinin istinad olunan əmək haqqının məbləğini müəyyən edən 4.1-ci bəndindən göründüyü kimi işəgötürənin imperativ öhdəliyi olmamış, işəgötürən müqavilə üzrə həmin məbləğlərin mütləq şəkildə ödənilməsi öhdəliyi daşımamışdır. Başqa sözlə işəgötürənin işçi qarşısında iddiaçıya aylıq vəzifə maaşı ilə yanaşı aylıq vəzifə maaşına əlavələrin ödənilməsi kimi müqavilə öhdəliyi mövcud olmamış, ştat cədvəlində müəyyən edilmiş aylıq vəzifə maaşına əlavələr dispozitiv xarakter daşımışdır. İddiaçının istinad etdiyi X1 Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində isə işçinin aylıq əmək haqqının məbləği qrafasında sadəcə olaraq ştat cədvəlinə uyğun olaraq işçinin işlədiyi ştat vahidi üzrə mümkün aylıq əmək haqqı fondunun ümumi məbləği, yəni aylıq vəzifə maaşı ilə yanaşı vəzifə maaşına əlavələrin mümkün maksimal həddinin cəmi göstərilmişdir ki, həmin əlavələr qurumun maliyyə vəziyyətinə uyğun olaraq perspektivdə işçiyə ödənildiyi halda mümkün vergi, mühasibatlıq, statistik və s. hesabatlılıqda çaşqınlıq yaranmasın. Başqa sözlə iddiaçı tərəfindən istinad olunan əmək müqaviləsi bildirişində işəgötürənin işçi qarşısında maliyyə öhdəliyi deyil, ümumilikdə ştat vahidi üzrə əmək haqqı fondunun cəmi məbləği göstərilmiş, ştat vahidi üzrə aylıq əmək haqqı fondunun yalnız aylıq vəzifə maaşı hissəsi tərəflər arasındakı əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işəgötürənin işçi qarşısında imperativ öhdəliyi olmuş, vəzifə maaşına əlavələrin verilməsi isə qurumun maliyyə vəziyyətindən asılı olaraq onun səlahiyyəti dairəsində olmuşdur. Observatoriyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsin yaradılması haqqında 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarının 5-ci hissəsinə əsasən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nizamnamə fondu ******* manat təşkil edir və işsizlikdən sığorta fondunun vəsaiti hesabına formalaşdırılır. Observatoriyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarına 1 nömrəli Əlavə ilə təsdiq edilmiş Nizamnaməsinin 5.2-ci bəndinə əsasən Observatoriyanın əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, işsizlikdən sığorta vəsaitindən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikası Qanununun 8-18-ci maddələrindən görünür ki, işsizlikdən sığorta üzrə sığorta tarifləri və onun hesablanma qaydası qanunla müəyyən olunur. Başqa sözlə, Observatoriyanın fəaliyyətinin maliyyə əsaslarını və qurumun saxlanma xərclərinin, o cümlədən əmək haqqı fondunun əsas maliyyə mənbəyi işsizlikdən sığorta fondunun vəsaitlərindən ibarətdir ki, bu da təbii iqtisadi inkişaf qanunauyğunluqlarına müvafiq olaraq mütəhərrik olmaqla ölkə üzrə məşğul əhalidən tutulan sığorta haqları hesabına formalaşır. Belə ki, tərəflər arasında əmək münasibətlərinin yarandığı dövrdə qüvvədə olan İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında xx.xx.2019-cu il tarixli 1698-VQ saylı Qanunun 2-ci maddəsindən göründüyü kimi Fondun gəlir mənbəyini işsizlikdən sığorta üzrə sığorta haqları təşkil etmişdir ki, bu maliyyə proqnozunun icra mümkünlüyü də əmək bazarındakı cari və perspektiv vəziyyətdən, məşğul əhalinin say dinamikası və iqtisadi göstəricilərdən asılı olmuşdur. Bu baxımdan fəaliyyəti və saxlanma xərcləri, o cümlədən əmək haqqı fondu qeyd olunan mənbədən maliyyələşən Observatoriyanın həmin dövrdə işçilərlə, o cümlədən iddiaçı ilə bağladığı əmək müqaviləsində müvafiq ştat vahidi üzrə aylıq əmək haqqı fondunun yalnız aylıq vəzifə maaşının ödənilməsi hissəsində imperativ öhdəlik götürməsi, vəzifə maaşına əlavələrin isə fondun büdcə proqnozlarının icrasından asılı olmaqla və yeni yaranmış qurumun maliyyə vəziyyəti nəzərə alınmaqla şərti və diskresion xarakter daşıması büdcə vəsaitlərinin qənaətli, səmərəli və təyinatı üzrə istifadəsi baxımından qanuni və əsaslı olmuşdur. Təsadüfi deyildir ki, Observatoriyanın Nizamnaməsinin 4.5.16-cı yarımbəndinin tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyasına əsasən Observatoriyanın Aparatının, idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin əmək haqqı fondunun və işçilərin əmək haqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün Nazirliyə təkliflər vermək İdarə Heyətinin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Observatoriyanın Nizamnaməsinin 4.11.11-ci yarımbəndinə əsasən İdarə Heyətinin sədri Observatoriyanın, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir. Qurumun Nizamnaməsinin istinad olunan müddəalarından göründüyü kimi işçilərə vəzifə maaşına əlavələrin verilməsi, habelə onlar barəsində digər həvəsləndirmə tədbirlərinin görülməsi qurumun vəzifəsi və ya öhdəliyi deyil, səlahiyyətidir. Odur ki, iddiaçının tərəflər arasında bağlanmış əmək müqaviləsində razılaşdırılmış aylıq vəzifə maaşı məbləğindən əlavə olaraq müqavilədə verilməsi şərtləşdirilməmiş vəzifə maaşına əlavələrin tutularaq iddiaçıya ödənilməsi barədə tələbi qanuni və müqavilə əsası olmadığından tamamilə əsassızdır. Əmək münasibətləri elektron informasiya sisteminə işçinin əmək haqqının 1200 manat göstərilməsinin səbəbi isə həmin məbləğ ödəniləcəyi halda vergilər hesablanarkən çaşqınlıq yaranmamasıdır. Bundan başqa iddiaçı hazırkı tələb üzrə iddia müddətini də ötürmüşdür. İddiaçı iddia ərizəsində hüququnun ehtimal edilən pozuntusunun ona xx.xx.2020-ci il tarixdə məlum olmasını bildiyini qeyd etmişdir. Daha sonra iddiaçı son haqq-hesabını xx.xx.2020-ci il tarixdə almasını qeyd etmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1729/2021 saylı qətnaməsində iddiaçıya hazırkı tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı isə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. İddiaçı səhhətində problemlərin olmasını bildirsə də, iki il əvvəl işə bərpa tələbi ilə məhkəməyə müraciət etdiyi kimi hazırkı təlbini də irəli sürə bilərdi. Ona görə də iddia ərizəsinin əsassız olmaqla yanaşı iddia müddətinin ötürülməsi səbəbində də təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: Maddə 7.
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək. Maddə 42.
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 44.
1. Əmək müqaviləsi yazılı formada bağlanır. Maddə 46.
1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.
6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 49. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Maddə 154.
1. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, işçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsində Əmək bazarını proqnozlaşdırılması şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndindən müəyyən olunur ki, əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndindən müəyyən olunur ki, işçiyə aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri S.Babayev tərfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin ştat cədvəlindən müəyyən olunur ki, əmək bazarının monitorinqi və təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinin aylıq vəzifə maaşı 600 manat, vəzifə maaşına əlavə 600 manat, aylıq əmək haqqı fondu 1200 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, **********5 saylı əmrindən müəyyən olunur ki, İddiaçı Əmək Bazarının proznozlaşdırılması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsindən xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı azad edilmişdir. E-sosial.az portalından iş yerinə dair sosial arayışdan müəyyən olunur ki, işçi İddiaçı işəgötürən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə bağladığı xx.xx.2020-ci il tarixli xxxxxxx000400 saylı əmək müqaviləsi üzrə əmək haqqı 1200 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1729/2021 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinə qarşı işə bərpa və pul tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1729/2021 saylı qətnaməsindən daha sonra müəyyən olunur ki, İddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsi və ya natamam ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialının xx.xx.2020-ci il tarixli hesabdan çıxarışından müəyyən olunur ki, İddiaçı son əmək haqqını xx.xx.2020-ci il tarixdə almışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 2982/2022 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 1729/2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilərək İddiaçı barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək bazarı və Sosial müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin **********5 nömrəli xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun həmin şəxsin Əmək bazarının proqnozlaşdırılması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4338/2022 saylı qərarından müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2982/2022 saylı qətnaməsi qəyişdirilmədən saxlanılmışdır. Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Nizamnaməsinin 4.5.16-cı bəndindən müəyyən olunur ki, Observatoriyanın Aparatının, idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin əməyinin ödənişi fondunun və işçilərinin əmək haqlarının məbləğinin təsdiq edilməsi üçün Nazirliyə təklifər vermək idərə heyətinin vəzifəsidir. Həmin Nizamnamənin 4.11.10-cu bəndindən müəyyən olunur ki, idarə heyətinin sədri Observatoriyanın işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir. Milli Onkologiya Mərkəzinin xəstəlik tarixindən çıxarışından müəyyən olunur ki, giriş tarixi xx.xx.2022-ci il, çıxış tarixi xx.xx.2022-ci il olan İddiaçı C64 böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yeni törəməsi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qvazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması tədiqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin aylıq vəzifə maaşının ştat cəvəlinə uyğun müəyyən ediləcəyi göstərilsə də, işəgötürən əmək münasibətləri elektron informasiya sisteminə daxil etdiyi məlumata əsasən işiçinin əmək haqqının 1200 manat olduğunu qeyd etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının vəzifə maaşının ştat cəvəlinə əsasən 600 manat olmasını, 600 manatın isə əmək haqqına əlavə olmasını, əmək münasibətləri elektron informasiya sisteminə işçinin əmək haqqının 1200 manat göstərilməsinin səbəbinin isə həmin məbləğ ödəniləcəyi halda vergilər hesablanarkən çaşqınlıq yaranmaması üçün qeyd edildiyini bildirsə də, məhkəmə cavabdehin etirazında istinad etdiyi bu halı əsassız hesab edir. Belə ki, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşəgötürənin ştat cədvəlindən də müəyyən olunur ki, işçinin vəzifə maaşına 600 manat əlavə edildikdən sonra onun əmək haqqı 1200 manat təşkil edir bu məlumatı da işəgötürən işçinin əmək haqqı olaraq əmək münasibətləri elektron informasiya sisteminə daxil etmişdir. Məhkəmə iddiaçının iddia tələblərinin iddia müddətini ötürməsi səbəbindən təmin edilməsini qeyri-mükün hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əmək kitabçasını xx.xx.2020-ci il tarixdə, son haqq-hesabını isə xx.xx.2020-ci il tarixdə almış, işə bərpa tələbi ilə məhkəməyə müraciət etdiyi halda işlədiyi müddətdə əmək haqqının natamam ödənilməsi barədə iddia ərizəsi ilə iki ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (MM-nin 375.1.,375.2. mad.) Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının tələblərinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib iddia müddətinin üzürlü səbəblərdən buraxmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməyən iddiaçının iddia müddətini ötürməsi səbəbindən, iddia ərizəsinin təmin edilməsini qeyrimümkün hesab edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ
İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinə qarşı 2020-ci ilin aprel, may və iyun ayları üzrə ödənilməli olan əmək haqqının, yəni 1800 manatın və həmin aylar üçün son haqq-hesabın ödənməyən hissəsi olan 153,25 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova