Məhkəmə qərarları › İş №2(001)-1174/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1174/2021

02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1174/2021 02.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkili X9 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment ” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx xxxxxx 2018-ci il tarixində 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində rəsmiləşdirilmiş nikahdan sonra xx.xx.2020-ci il tarixində doğulmuş və hazırda himayəsində olan qızı X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin əmək haqqının və digər gəlirlərinin ¼ hissəsinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2018-ci il tarixində 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Bu nikahdan xx xxxxxx 2020-ci il tarixində X5 dünyaya gəlmişdir. Artıq xeyli müddətdir ki, cavabdehlə faktiki olaraq ayrı yaşayır. Qızı Mədinə də onun himayəsindədir. Cavabdeh “xxxx” ASC-nin Nərimanov filialında çalışır və bildiyi qədəri ilə 800 manat əmək haqqı alır. Bununla bağlı vəkili tərəfindən banka sorğu verilsə də, cavab olaraq onun əmək haqqı və digər gəlirləri barədə məlumat verilməsindən imtina edilmiş və bunun yalnız müvafiq məhkəmə qərarı ilə mümkün ola biləcəyi qeyd edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 yuxarıda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, AZ-İİ seriyalı, 318241 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3551№ ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə” Təhməzov”, arvada “Təhməzova” soy adı verilmişdir. 1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, AZ-İV seriyalı, 424867 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxx 2020-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1382 № ilə qeyd edilmişdir. X1, anası İddiaçı qızıdır. “xxxx” ASC tərəfindən məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(001)-6723/2020 saylı qərardadına əsasən göndərdiyi məktubundan görünür ki, Cavabdeh “xxxx” ASC tərəfindən aylıq 800 manat əmək haqqı hesablanır və qanunvericilikdə nəzərdə tutulan məcburi ödənişlər çıxılmaqla 730 manat ödənilir. Mülki iş materialları əsasında məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı xx xxxxxx 2018-ci il tarixdə nikaha daxil olmuşlar. Onlar arasında bağlanan nikah hal-hazırda qüvvədədir. Tərəflərin birgə nikahlarından xx xxxxxx 2020-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İddiaçı cavabdehdən faktiki olaraq ayrı yaşadığını və azyaşlı uşağının onun himayəsində olduğunu bildirir. Bu səbəbdən uşağın saxlanması üçün cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında aliment tələb edir. Cavabdeh “xxxx” ASC-də işləyir və aylıq əmək haqqı kimi ona 730 manat ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. -78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; -76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Bundan əlavə, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında xx xxxx 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən iddiaçı nikah münasibətlərinin pozulmamış olmasına baxmayaraq cavabdehdən aliment tələb etməkdə haqlıdır. Beləliklə, birgə nikahdan doğulmuş uşaq hal-hazırda iddiaçının, yəni ananın himayəsində olduğundan, cavabdehin aylıq 730 manat(məcburi ödənişlər çıxıldıqdan sonra) məbləğində əmək haqqı olduğundan məhkəmə hesab edir ki, cavabdehin əmək haqqının 1/4 hissəsi qanunvericiliklə müəyyən olunmuş uşaqlar üçün yaşayış minimumundan az olmadığına görə onun mənafeyinə uyğundur və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cavabdehdən qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxxx 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, alimentin miqdarı 1 illik ödəmənin məcmusu ilə 500 manatdan çox olduğuna görə (bu halda rüsum 30 manat təşkil edir) 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxxxx 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Aliment məbləği xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar