Məhkəmə qərarları › İş №2(001)-1178/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1178/2021

24.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1178/2021 24.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı oğlu X1 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadələrində olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 11N saylı evin 111 saylı mənzilinə köçürülmələri və həmin mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikah qeyd etdirərək evlənmiş və cavabdehlərin yaşadığı evə gəlin köçmüşdür. Birgə yaşayış dövründə xx xxxxxx 2019-cu ildə bir uşaqları doğulmuş, uşaq doğulduqdan sonra cavabdehlər onu Fatmayıda yerləşən bağ evinə aparmışlar. Həmin vaxtlarda münasibətləri yaxşı olmuş, ona görə də bağ evinə köçürülməsinin səbəbini bilməmişdir. Sonra yaranan anlaşılmazlıqlar nəticəsində münasibətləri tam pozulmuş və cavabdehlər onu azyaşlı uşağı ilə birlikdə 2020-ci ilin mart ayında həmin bağ evindən qovmuşlar. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi (vəkili) X2 iddia tələbini müdafiə edib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ərizə verərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, həmçinin, iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, xx xxxxxx 2017-ci ildə İddiaçı ilə rəsmi nikaha daxil olub ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2019cu ildə bir uşaqları doğulmuşdur. İddia tələbində göstərilmiş mənzilin rəsmi ünvanı ünvan 1 giriş 11, 111 saylı mənzildir. Onlar ailə qurduqdan sonra qısa müddət ərzində həmin mənzildə yaşalar da, sonradan başqa yaşayış sahəsinə köçmüşlər. Həmin mənzil onun adına nikahdan əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və Bakı şəhəri 27 nömrəli dövlət notariat kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən başqa şəxsə satılmışdır. Hal-hazırda sözügedən mənzil başqa şəxsin xüsusi mülkiyyətindədir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 xx xxxxxx 2017-ci ildə rəsmi nikah bağlayıb ailə qurmuş, nikahdan sonra İddiaçı ünvan 1 giriş 11, 111 saylı mənzilə gəlin köçmüş, bir müddət həmin mənzildə yaşamış, tərəflər sonradan yaşayış yerlərini dəyişmiş, ailə münasibətləri pisləşdiyindən İddiaçı həmin yaşayış yerini tərk edib valideynlərinin evinə qayıtmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 giriş 11, 111 saylı mənzil “xxxx” MTK-ın 22 nömrəli xx.xx.2017-ci il tarixli protokolundan çıxarışa, 95 nömrəli xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, Bakı şəhəri 27 nömrəli Dövlət Notariat Kontorunun xx.xx.2020-ci il tarixli 4Ə-11 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə qeyd edir ki, İddiaçı 2017-ci ildə mübahisəli mənzilə (köçmək istədiyi) gəlin köçməklə həmin yerdə yaşasa da, yaşadığı həmin mənzildən məhrum edilməmiş, ailəsi ilə birlikdə 2019-cu ildə yaşayış yerini Fatmayı qəsəbəsində yerləşən başqa yaşayış sahəsinə dəyişib mübahisəli mənzildən könüllü olaraq köçüb getmişdir. Məlum olduğu kimi, yaşayış sahəsinə köçürülmə barədə iddialar həll edilərkən iddiaçının köçmək istədiyi yaşayış sahəsində yaşayıb-yaşamadığı, yaşadığı halda həmin yaşayış sahəsindən məhrum edilib-edilmədiyi və məhrum edilmə müəyyən edildiyi halda isə onun qanuniliyi araşdırılmalıdır. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı köçmək istədiyi yaşayış sahəsində yaşamış, lakin yaşadığı həmin yaşayış sahəsindən məhrum edilməmişdir. Məhrum edilmə olmadığından onun qanuniliyinin araşdırılmasına da ehtiyac yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh1 xüsusi mülkiyyətində olmuş həmin mənzili xx.xx.2020-ci ildə alğı-satqı müqaviləsi bağlamaqla satmış və hazırda sözügedən mənzil başqa şəxsin xüsusi mülkiyyətindədir. Tərəflərin izahatlarından mübahisəsiz qaydada görünür ki, nə iddiaçı, nə də ki cavabdeh mübahisəli mənzilin yeni mülkiyyətçisinin qanunda dairəsi göstərilmiş ailə üzvləri deyillər. Mülkiyyət hüququ əsas insan hüquq və azadlıqları sistemində, xüsusən də İnsan hüquqları haqqında ümumi Bəyannamənin 17-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı) protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlar sırasında mühüm yer tutur. Azərbaycan Respublikasında mülkiyyət və mülkiyyət hüququna münasibət beynəlxalq hüquq normalarına uyğun olaraq Konstitusiyanın 13 və 29-cu maddələrində ifadə olunmuşdur. Bu maddələrdə mülkiyyətin toxunulmazlığı, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunması, mülkiyyət hüququnun qanunla qorunması, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olması və s. müddəalar təsbit olunmuşdur. Konstitusiya müddəalarında həmçinin vurğulanır ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Konstitusiya hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 giriş 11, 111 saylı mənzilə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Məhkəmə nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar