Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-416/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İmanzadə Əzizə Famil qızının cavabdeh İmanzadə Tural Səxavət oğluna qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsində istifadə qaydalarının müəyyən edilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X6 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı Əzizə Famil qızı İmanzadənin, Cavabdeh Tural Səxavət oğlu İmanzadənin iştirakları ilə, İddiaçı İmanzadə Əzizə Famil qızının cavabdeh İmanzadə Tural Səxavət oğluna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla) "yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsində istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(012)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İmanzadə Əzizə Famil qızı cavabdeh İmanzadə Tural Səxavət oğluna qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsində istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və azyaşlı övladının ünvan 1ndə yerləşən özbaşına tikilmiş fərdi yaşayış sahəsinə köçməyi və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, onun cavabdeh İmanzadə Tural Səxavət oğlu ilə nikahları ##.##.2024-cü il tarixdə * saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində 661 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehlə hal-hazırda rəsmi olaraq nikahdadırlar və həmin nikahdan ##.##.2025-ci il təvəllüdlü İmanzadə Səccad Tural oğlu dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ünvan 1ndə yerləşən fərdi yaşayış evinə köçüb yaşamağa başlamışlar. Hazırda rəsmi nikahda olmağına baxmayaraq, cavabdeh övladı ilə birlikdə onu yaşadığıqları həmin evdən qovub çıxarmışdır. Həmçinin cavabdeh onun və körpə övladının həmin evdə yaşamaması üçün evin bütün kommunal xətlərini kəsmiş və dəfələrlə evə tanımadığı yad insanları gətirərək onu evdən çıxmağa məcbur etmişdir. Cavabdeh iddiaçıya pul təklif edərək evdən çıxmağını tələb etmiş, əks halda kommunal xətləri kəsəcəyi ilə hədələmiş və onu həyata keçirmişdir. Həmin ev özbaşına tikili olmuşdur və evin təmiri zamanı iddiaçının adına kredit götürərək evi təmir etmişdir. Həmçinin evin kombi sisteminin quraşdırılması üçün iddiaçının adından kredit götürülmüşdür. Hazırda iddiaçının körpə övladı ilə birlikdə yaşayış yeri yoxdur və bayırda qalmışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir.
3. Cavabdeh İmanzadə Tural Səxavət oğlu ##.##.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, 2021-ci ildə torpağı almış, ev 2023-cü ildə hazır olmuşdur. Tərəflər ##.##.2024cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikah ##.##.2025-ci il təvəllüdlü İmanzadə Səccad Tural oğlu dünyaya gəlmişdir. İddiaçı ilə münasibətləri ilk gündən kəskin olmuş, iddiaçı dəfələrlə onun haqqında şər böhtan edərək onu polisə vermişdir. İddiaçı özü cavabdehlə məqsədli şəkildə ailə qurduğunu demiş və bu barədə ona mesajlar yazmışdır. Mübahisəli ev yaşamağa yararlı vəziyyətdə olmadığı üçün - evdə kombi, yataq otağı və sanitar qovşağı hazır olmadığına görə bir müddət kirayə evdə yaşamış, evə 6 ay sonra köçmüşlər. Evə köçəndən 1 həftə sonra kombi alınıb quraşdırılmışdır. Birgə nikah dövründə evə təxminən 2000 manat xərc qoyulmuşdur. O, hazırda da evin xərclərinin kreditini ödəyir. Torpağın çıxarışı var, lakin evin yoxdur. Yəni mübahisəli ev və torpaq sahəsi nikahdan əvvəl alınmış, torpaq sahəsi üzərində inşa edilən evi yaxın qohumundan borc alaraq tikdirmiş, borcu qaytara bilmədiyi üçün həmin torpaq sahəsində yerləşən evi ##.##.2025-ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmış və borcu vermişdir. Hazırda ev və torpaq ona aid deyil. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə evin açarını ##.##.2025-ci il tarixdə sahibinə təhvil verməsinə dair razılaşması olmuşdur. Cavabdehin dedikləri, yəni evdən qovulma məsələsi yalandır. O alimenti ödəyir. Evə isə sadəcə uşağı görməyə gedir. O evi satandan sonra evdə yaşamamışdır. Evlənəndən sonra bəzi işlər görülsə də, həmin işlər valideynlərin vəsaiti hesabına görülmüşdür. İddiaçının kartında 3500 manat pul olmuş və ev üçün deyil, cehizləri üçün xərclənmişdir. Evin kombisi ididaçının kredit kartı ilə alınmış, yalnız ödənişini cavabdeh etmişdir. İddiaçı evə heç bir xərc çəkməmişdir. Bundan əlavə 2024-cü ilin noyabr ayında tərəfindən nikahın pozulmasına dair iddia qaldırılmış, lakin uşağın 1 yaşı olmadığına görə boşanma olmamışdır.
4. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində ##.##.2021-ci il tarixdə 1621028746 qeydiyyat, 308013092608 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İmanzadə Tural Səxavət oğlunun adına qeydiyyata alınmış, ##.##.2021-ci il tarixli, A ****** saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
5. Satıcı İmanzadə Tural Səxavət oğlu və alıcı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2025-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinin alıcının mülkiyyətinə verməyi, daşınmaz əmlakı 15000 manat qiymətinə alıcıya satmağı, alıcı isə həmin qiymətə almağı öz öhdəsinə götürmüşdür.
6. Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində ##.##.2025-ci il tarixdə 1625039277 qeydiyyat, 308013092608 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Fatmayı Kənd İnzibati Ərazi Dairəsinin ##.##.2025-ci il tarixli, ** saylı sorğuya cavab məktubundan görünür ki, İmanzadə Tural Səxavət oğlunun adına Fatmayı kənd İƏD-si üzrə nümayəndəliyin ** saylı təsərrüfatbaşına kitabının 142 səhifəsində 0.02 ha (Reyestr nömrəsi: 308013092608) torpaq sahəsi qeydiyyata alınmış, tərəflərindən həmin torpaq sahəsinə baxış keçirilmiş, sözügedən torpaq sahəsində 1 mərtəbəli, mansarlı fərdi yaşayış evinin mövcud olduğu, sözügedən evin sənədləri, satılması, bağışlanması barədə İcra Nümayəndəliyində heç bir məlumat olmadığı qeyd olunmuşdur.
8. AZ-II ****** saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə İmanzadə Tural Səxavət oğlu ##.##.2024-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 661 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “İmanzadə” soyadı verilmişdir.
9. AZ-V ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İmanzadə Səccad Tural oğlu ##.##.2025-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında **** nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, anası İmanzadə Əzizə Famil qızı, atası İmanzadə Tural Səxavət oğludur.
10. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞnin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** saylı sorğuya cavab məktubundan görünür ki, İmanzadə Tural Səxavət oğlunun mülkiyyətində ünvan 1 üzrə hal-hazırda daşınmaz əmlak aşkar edilməmişdir.
11. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi İmanzadə Əzizə Famil qızı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddiaçı İmanzadə Əzizə Famil qızının cavabdeh İmanzadə Tural Səxavət oğluna (müstəqil tələb irəli sürməyən III şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsində istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 152.1,157.8, 158.1.2 və 158.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 25.2, 29 və 43-cü maddələri, İnsan Hüquqlarının və X7 haqqında Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1, 13.1.1 və 14.1-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının 3.1-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4, 218.3, 216-220 və 360cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. İddiaçı İmanzadə Əzizə Famil qızı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edimiş qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə tərəfindən qanunvericiliyin normalarına əməl edilməmiş, nəticədə əsassız qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə bütün faktları araşdırmamış, qanunun ədalət və humanizm prinsilərini pozmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. İddiaçı Əzizə Famil qızı İmanzadə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. Cavabdeh Tural Səxavət oğlu İmanzadə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
19. İş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı Əzizə Famil qızı İmanzadə verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.
24. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin göstərişlərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məsələsini yoxlayır.
29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər ##.##.2024-cü il tarixdə rəsmi nikaha daxil olmuş, hazırda da rəsmi nikah münasibətləri davam etməkdədir. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ##.##.2021-ci il tarixdə cavabdeh İmanzadə Tural Səxavət oğlunun adına qeydiyyata alınmış, ##.##.2025-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə müstəqil tələb irəli sürməyən III şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılmış, hazırda da onun mülkiyyətindədir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, azyaşlı övladı ilə birlikdə ünvan 1ndə yerləşən özbaşına tikilmiş fərdi yaşayış sahəsinə köçməyi və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh tərəf və müstəqil tələb irəli sürməyən III şəxs iddianı qəbul etməmişlər.
30. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir.
31. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsi tərəflərin rəsmi nikaha daxil olduqları tarixdən (##.##.2024-cü il) əvvəl, yəni ##.##.2021-ci il tarixdə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra ##.##.2025-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə müstəqil tələb irəli sürməyən III şəxsə satılmış, ##.##.2025-ci il tarixdə məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına qeydiyyata alınmışdır. Buna baxmayaraq, mübahisəli yaşayış sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud olmamaqla, ev özbaşına tikinti hesab olunur.
32. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının izahatından da göründüyü kimi mübahisəli yaşayış sahəsi hazırda iddiaçının istifadəsindədir. Mübahisəli tikinti daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da özbaşına tikili hesab edildiyindən orada hər hansı istifadə qaydalarının müəyyən edilməsindən söz gedə bilməz. Eyni zamanda sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, mübahisəli tikili özbaşına tikili olduğundan, həmçinin hazırda iddiaçı həmin evdə yaşadığı üçün onun istifadə qaydalarının müəyyən olunması və həmin evə köçürülməsi tələbi əsassız olmaqla təmin edilə bilməz. Əlavə olaraq mübahisəli tikintinin tərəflərin birgə nikahda olarkən inşa edilməsi və ya əldə edilməsi, mübahisəli tikintinin inşa edilməsində iddiaçının vəsaitinin xərclənməsi barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
33. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
34. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.
35. İddiaçı tərəfindən mübahisələndirilən və şikayətin dəlili olaraq göstərilən hal – başqa yaşayış yerinin olmaması, cavabdeh tərəfindən həmin evdə yaşamasına maneələr yaradaılması, məhkəmə tərəfindən hüquq normalarının tətbiqində pozuntuya yol verilməsi ilə bağlıdır.
36. Məhkəmə kollegiyası şikayətin dəlillərini qismən əsaslı hesab edərək birinci instansiya məhkməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və bununla bağlı mövqeyini aşağıdakı şəkildə əsaslandırır:
37. İş materialları ilə müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində ##.##.2025-ci il tarixdə 1625039277 qeydiyyat, 308013092608 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına qeydiyyata alınmışdır. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir.
38. Kollegiya həmçinin vurğulayır ki, mübahisə predmeti olan yaşayış evi özbaşına tikili olsa da, mülkiyyət hüqüqu qeydə alınmış torpaq sahəsi üzərində yerləşir. Mülki qanunvericiliyin normalarına əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşya hesab edilir.
39. Qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, cavabdehin əsl cavabdehlə əvəz olunması məsələsinə qiymət verilməmiş, bununla da natamam araşdırma aparılaraq düzgün olmayan qətnamə qəbul edilmişdir.
40. Mülki prossesual qanunvericiliyin tələbinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. İddia cavab verməli olan şəxsə qarşı yönəlməlidir.
41. Göründüyü kimi kollegiya araşdırması zamanı mübahisə üzrə tələb yönəlmiş cavabdehin iddiaya cavab verməli olmayan şəxs olduğu, mübahisə predmeti olan torpaq sahəsi və üzərindəki yaşayış evinin üçüncü şəxsin mülkiyyətində olması, sonuncunun mülkiyyət hüququnun mübahisələndirilmədiyi müəyyən edilmişdir.
42. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən işin faktiki halları tam araşdırılmamış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilməlidir.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi yönəlmiş cavabdeh iddiaya cavab verməli olmayan şəxs olduğundan apellyasiya şikayətinin dəlillərinə dair araşdırma apararaq işin mahiyyəti üzrə həllinin qanuniliyinə və əsaslığına qiymət verilməsinə zərurət görmür.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı İmanzadə Əzizə Famil qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(012)- ****/**** nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı İmanzadə Əzizə Famil qızının cavabdeh İmanzadə Tural Səxavət oğluna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla) "yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsində istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.