Məhkəmə qərarları › İş №2(001)-1182/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1182/2021

20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1182/2021 20.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əmlakı və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əmlakı və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh1 ilə 21.12.2008-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından övladları 03.09.2009-cu il təvəllüdlü Sabir və 25.03.2013ci il təvəllüdlü Səid anadan olmuşdur. Tərəflərin nikahı Binəqədi Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikaha daxil olduqdan sonra iddiaçı cavabdehlərin yaşadığı evə gəlin göçmüş, valideyləri tərəfindən ona verilən cehiz əşyalarını ünvan 1 ünvana gətirmişdir. Cavabdehlərin evini tərk edərkən iddiaçıya məxsus cehiz əşyaları cavabdehlərin yaşadıqları evdə qalmışdır. Həmin əşyaları iddiaçı götürmək istəsə də, cavabdehlər buna imkan verməmiş, yalnız məhkəmə tərəfindən boşanma haqqında qətnamə qəbul olunduqdan sonra əşyalarını götürə biləcəyini demişlər. Məhkəmənin qətnaməsi qəbul olunduqdan sonra iddiaçı qeyd olunan ünvana gedərək cehiz əşyalarını tələb etmiş, həmin əşyaların bir hissəsi iddiaçıya qaytarılmışdır. İddiaçıya qaytarılmayan cehiz əşyaları aşağıdakılardır: ziyafət geyimləri 150 manat dəyərində, toxunma bordo rəng mont 70 manat dəyərində, qara nazik mont 50 manat dəyərində, 2 ədəd yun toxunma jaketlər boz rəngdə 30 manat dəyərində, qəhvəyi rəngli 40 manat dəyərində, DVD player 50 manat dəyərində, kosmetik vasitələr, kremlər və yeni alınmış güllü kosmetika qabı 150 manat dəyərində, iddiaçıya və övladlarına məxsus 4 ədəd foto albom, süfrələr-işlədilmiş 5 ədəd, atlas yaşıl güllü 40 manat dəyərində, kətan toxunma güllü 70 manat dəyərində, bej rəngli güllü 110 manat dəyərində, blumarin güpurlu yeni 120 manat dəyərində, yeni dəsmal dəstləri 12 rəngli 80 manat dəyərində, çay dəsmalları dəsti 12 manat, 25 manat, 30 manat dəyərində, göy güllü buludlar 2 ədəd 50 manat dəyərində, sadə çay stəkanları 10 manat dəyərində, nəlbəkilər 12 ədəd 50 manat dəyərində, boşqab dəstlərinin yarısı 80 manat dəyərində, masquralar zərli 4 ədəd, güllü 2 ədəd, rəngli narıncı 2 ədəd 40 manat dəyərində, kasalar rəngli narıncı 2 ədəd 20 manat dəyərində, bulud tarelka 2 ədəd 50 manat dəyərində, ərzaq qabları bambuk qapaqlı 3-lü dəst 45 manat dəyərində, rəngli qapaqlı 3-lü dəst 35 manat dəyərində, farfor dəmirli güllü qazan 30 manat dəyərində, farfor güllü qaşıq qabı 10 manat dəyərində, farfor 6-lı ağ ədəva dəsti 40 manat dəyərində, bambu 3-lü qab 45 manat dəyərində, bambu çörək qabı 45 manat dəyərində, qızılı güllü tarelka dəsti 80 manat dəyərində, güllü keramik bıçaq dəsti 25 manat dəyərində, toyuk qayçısı 10 manat dəyərində, alma soyan, tum çıxaran dəst 20 manat dəyərində, taxta qaşıq dəsti 25 manat dəyərində, taxta və silikon qaşıq, kəfkir, lapatkalar 40 manat dəyərində, soyuducu saxlama qablarının hamısı 50 manat dəyərində, qranit bej rəngli 2-li tava dəsti 125 manat dəyərində, qranit boz qazan dəsti 250 manat dəyərində, çüyün çuxurları 3 ədəd 15 manat dəyərində, plastik çuxurlar sarı, çəhrayı rəngli 12 manat dəyərində, dörtkünc şüşə qapaqlı qab 5 manat dəyərində, blender 20 manat dəyərində, mikser 170 manat dəyərində, tozsoran 250 manat dəyərində, ütü 78 manat dəyərində, fen 20 manat dəyərində, plet 2 nəfərlik qalın 120 manat dəyərində, nazik yun odcvallar 2 ədəd 20 manat dəyərində, uşaq yataq dəsti 40 manat dəyərində, 20-25 ədəd güllü və sadə qənd qabları 50 manat dəyərində, 3 paket balış üzü dəsti 50 manat dəyərində, mətbəx mebeli üstü 120 manat dəyərində, moyka 40 manat dəyərində, çəhrayı güllü keramik qənd qabı 2 ədəd 100 manat dəyərində, süfrə kənarı krujevalı 120 manat dəyərində, ağ qara mətbəx qabları (luminark), kasa, masqura, razetka 100 manat dəyərində, 4 künc gümüşü naxışlı razetka 10 manat dəyərində, mavi rəngli ağ tefal qazan kiçik 25 manat dəyərində, mavi rəngli ağ tefal 2 qulplu tava 35 manat dəyərində ağqranit xallı tək qulp qazan 20 manat dəyərində, göy güllü dəm çayniki 10 manat dəyərində, mişar bıçaq dəstinin yarısı 45 manat dəyərində, farfor yağ qabı 10 manat dəyərində. Cavabdehlər iddiaçının cəmi dəyəri 3597 manat olan əşyalarını qaytarmaqdan imtina etmişlər. Cehiz əşyaları iddiaçıya hədiyyə şəklində bağışlandığı üçün iddiaçının mülkiyyətində olmuş, bu əşyalar aşkar olunmadığı halda onların dəyəri cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Birgə nikah dövründə İddiaçı Cavabdeh1lə birlikdə müxtəlif adda əmlaklar əldə etmiş, birgə büdcələri hesabına yaşadıqları evdə təmir işləri aparmışlar. Həmin əşyalara dəhliz qarderobu 500 manat dəyərində, mətbəx mebeli davamı 300 manat (polkalar) dəyərində, 4 ədəd plastik pəncərə 520 manat dəyərində, 4 ədəd jalüz 280 manat dəyərində, şüşə qaz 850 manat dəyərində, aspirator 250 manat dəyərində, divan 1000 manat dəyərində, televizor 3000 manat dəyərində, televizor altı 250 manat dəyərində, kabel connect çəkilişi 80 manat dəyərində, jurnal masası 150 manat dəyərində, stul dəsti 1200 manat dəyərində, kondisoner 800 manat dəyərində, kombi çəkilişi 2500 manat dəyərində, ev təmiri üçün 3000 manat, hamam-tualet təmiri üçün 2500 manat, 2 mərtəbəli uşaq yatağı 850 manat dəyərində. Cavabdeh1 iddiaçı ilə birgə nikah dövründə, yəni 03.03.2014-cü il tarixdə alınmış BMW markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngdə minik avtomaşınını, iddiaçı faktiki olaraq onunla ayrıldıqdan, uşaqlarla birlikdə valideynlərinin evinə getdikdən, 10.09.2019-cu il tarixdə nikahın pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra, yəni 13.09.2019-cu il tarixdə iddiaçının məlumatı və razılığı olmadan sataraq pulunu özünə götürmüşdür. Həmin avtomaşının faktiki dəyəri 14000 manat olmuşdur. Cavabdeh tərəfindən müqavilədə qiymət formal olaraq göstərilmişdir. Bölgü aparılarkən iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayanların mənafeyi nəzə alınmalıdır. Ona görə də iddia ərizəsində qeyd olunan 3597 manat dəyərində cehiz əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə, əşyalar olmadıqda həmin əşyaların dəyərinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına, habelə birgə nikah dövründə əldə olunmuş əmlakın və aparılmış təmir işlərinin dəyəri olan 18030 manatın 2/3 hissəsinin, yəni cəmi 12020 manatın, eləcə də nikah dövründə əldə olunmuş 14000 manat dəyərində BMW markalı avtomobilin dəyərinin 2\3 hissəsinin, yəni 9333 manatın, cəmi 21353 manatın Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsinə, ödənilmiş dövlət rüsumuna görə 31 manatın hər iki cavabdehdən mütənasib qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə 20.04.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, nümayəndəsi və vəkili Vəkil1 izahatını təsdiq edərək əlavə olaraq izahatında göstərmişdir ki, o, 23.07.2019-cu ildə yaşadığı evdən çıxmış, 3 dəfə 09.09.2019-cu il tarixdə, 2020-ci ilin yaz-yay fəslində, 01.09.2020-ci il tarixdə əşyalarını götürmək üçün cavabdehlərin evinə getmiş, əşyalarının bir hissəsini götürmüş, 2017- 2018-ci illərdə mənzil ərinin pulu ilə təmir edilmiş, təmirə 2000-3000 manat xərclənmiş, Cavabdeh1 birgə nikah dövründə aldıqları avtomobili öz əmisi oğluna satmış, o, avtomobilin satılmasına razılıq verməmiş, bu barədə xəbəri olmamışdır. Evdə istilik sistemi 2009-cu ildə çəkilmişdir. Cavabdehlərlə birgə yaşadığı müddətdə birgə təsərrüfat aparmış, kreditə televizor, divan, uşaq çarpayısı, qaz peçi və sair əşyalar alınmışdır. Kart onda olmuş və kartda olan pulu çıxarmışdır. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflərin nikahı pozulduqdan sonra iddiaçı iki dəfə öz qohumları ilə birlikdə cavabdehlərin mənzilinə gələrək özünə məxsus əşyaları cavabdehlərin yaşadıqları mənzildən götürüb aparmışdır. İddiaçıya məxsus cavabdehlərin mənzilində heç bir əşya qalmamışdır. Mənzilin boş olmasını təsdiq edən disk məhkəməyə təqdim olunmuşdur. Cavabdehlərə məxsus mənzildə sonuncu dəfə təmir işləri iddiaçı həmin mənzilə gəlin köçməmişdən əvvəl cavabdehlərin vəsaiti hesabına aparılmışdır. Mənzildə olan əşyalar Cavabdeh2 məxsusdur. Tərəflərin birgə nikah dövründə əldə etdikləri BMW markalı avtomobili Cavabdeh1 4000 manata satmış, anası Cavabdeh2 müalicə xərcərinə sərf etmişdir. Avtomobilin mühərriki və surət qutusu yarasız olduğundan avtomobil ucuz qiymətə satılmışdır. Cavabdeh1 İddiaçı ilə birgə nikah dövründə hər hansı bir məişət əşyası almamışdır. Namiq avtomobili 4000 manata satmış, iddiaçı kartda olan 3000 manatadək götürüb bununla da tərəflər əvəzləşmişlər. Avtomobilin satılmasında iddiaçının razılığı şifahi olmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 21.12.2008-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından iki övladları vardır. 06.08.2020-ci il tarixdə nikahları pozulduqdan sonra iddiaçı öz qohumları ilə onlara məxsus mənzilə bir neçə dəfə gələrək özünə məxsus bütün əşyaları aparmışdır. İddiaçı əşyalarını apararkən o, həmin əşyaların şəklini çəkmişdir. Evdə yalnız anası tərəfindən alınan əşyalar qalmamışdır. Anasının pul vəsaiti ilə evə bəzi əşyalar alınmışdır. Yaşadıqları mənzil İddiaçı onunla nikaha daxil olanadək təmir olunmuşdur. İddiaçı ilə birgə nikah dövründə mənzildə təmir işləri aparılmamış, mənzilə əşyalar alınmamışdır. Birgə nikah dövründə əldə etdikləri BMW minik markalı avtomobili o, 13.09.2019-cu il tarixdə 4000 manata satıb anasının müalicə xərclərini ödəmiş, iddiaçıya avtomobilin satışından əldə olunan puldan verməmişdir. İddiaçı avtomobilin satılmasından xəbəri olmuş, etiraz etməmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavidan onun evinə köçməmişdən əvvəl o, öz vəsaiti hesabına evini tam təmir etdirmişdir. Hal-hazırda onun evində Cavidana məxsus əşya qalmamışdır. Cavidan bir neçə dəfə gəlib özünə məxsus əşyaları aparmışdır. Mənzilə qonşular, polis gələrkən mənzilin boş olmasını görüblər. O, öz vəsaiti ilə evinə yeni əşyalar almaq məcburiyyətində qalmışdır. Cavidanı öz otağına buraxmamasının səbəbi həmin otaqda yalnız ona məxsus əşyaların olması, Cavidana məxsus onda hər hansı bir əşyanın olmaması olmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. (AM-nin 32.1, 32.2, 32.3, 36.2, 36.3) Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı K.Ələsgərovun 23.10.2020-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, İddiaçı keçmiş əri və qaynanasının ona məxsus 9000 manat dəyərində əmlakını oğurlamasına dair şikayəti əsasında aparılan araşdırma zamanı tərəflərin yaşadıqları ünvanda izahatları alınmış, baxış barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş, Cavabdeh1 və Cavabdeh2 izahatlarında yaşadıqları ünvanda İddiaçı məxsus hər hansı bir əşyanın olmadığını bildirmiş, material üzrə cinayətin yaranması üçün kifayət qədər sübutun və cinayətin predmetinin olmaması müəyyən edilərək tərəflərə mübahisənin mülki xarakterli olması bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli 2(001)-454\2020 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək İddiaçı ilə Cavabdeh1 arasında 21.12.2008-ci il tarixdə Bakı Nikah evində bağlanmış və nikah bağlanması haqqında akt qeydləri kitabında 4406 nömrə ilə qeydə alınmış nikahın pozulması, 03.09.2009-cu il təvəllüdlü X5 və 25.03.2013-cü il təvəllüdlü X7 İddiaçı yanında saxlanması, 10.09.2019-cu il tarixdən hesablanmaqla hər bir uşağın saxlanması üçün hər ay 160 manat olmaqla cəmi 320 manat alimentin Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, 1988-ci ildən Cavabdeh2 ilə qonşudur. Cavidan ona zəng edərək Xuramangilin əşyalarını götürmək üçün onlara şərait yaratmalarını deməsini xahiş etmiş, o, da bu barədə Xuramana demişdir. Bundan sonra Cavidan gəlib bütün əşyalarını Xuramanın mənzilindən götürmüşdür. Cavidan əşyalarını götürərkən o, da Xuramanın mənzilində olmuş, Cavidan fəhlələrə stol, stulları götürməməyi, həmin əşyaların Xuramana məxsus olmasını demişdir. Mənzildə yalnız Xuramana aid olan əşyalar qalmışdır. Xuramanın gəlini Cavidan təmirli mənzilə gəlin gəlmiş, Xuramangildə dəhliz mebeli olmamış, mənzildə kombi Cavidandan əvvəl qurulmuş, Cavidan mətbəx mebelini, mətbəx moykasını da söküb aparmışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, Cavidan onun dayısı nəvəsidir. Onun furqonlu maşını olduğundan dayısı oğlu ondan Cavidanın əşyalarını götürmək lazım olmasını ona demişdir. Əşyaları götürərkən o, mənzilə girməmiş, dayısı oğlu İlqarla birlikdə həyətdə dayanmışdır. Həmin vaxt səs eşitmiş və Cavidanın qaynanasının otağın qapısını açmadığından mübahisə olmasını bilmişdir. Cavidan əşyalarının bir hissəsinin olmadığını, Xuraman isə bütün əşyaları götürməsini demiş, Cavidan Xuramandan qablarını soruşmuş, Xuraman qabların olmadığını demişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində gğstərmişdir ki, o, qızı Cavidanın əşyalarını götürərkən Xuraman əşyaların bir hissəsini öz otağına yığıb qapısını bağlamış, Cavidan əşyaların bəzilərinin harda olduğunu soruşmuş, xalçasını istəmiş Xuraman isə verməmişdir. Cavidan 12 il əri və qaynanası ilə bir mənzildə yaşamış, mənzili birlikdə təmir etmişlər. Namiqin əmək haqqından əlavə iki mağazası vardır. Xuraman cehiz əşyalarını öz otağında gizlədərək qapını bağlamışdır. Mənzilə kombinin kim çəkməsini isə bilmir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, o, qonşusu Xuramanın həyətində səs eşitdiyindən qoşusunun evinə gəlmiş Cavidanın öz əşyalarını aparmasını görmüşdür. Həmin vaxt əşyalar qablaşdırılıb həyətə yığılmış, mənzildə heç nə qalmamış, hər şey yığmışdır. Sonra mənzilə polis çağırılmış, polisin çağırılmasının səbəbi ona məlum deyildir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, o, Namiqin qohumudur. Cavidan əşyalarını aparmaq üçün 116 yük daşıma maşını çağırmış, əşyaları içərdə paketləyib maşına yığılmışdır. Sonra səs-küy düşmüş, Cavidan həmin qazanı yoxdur demişdir. Sonra Cavidan 102-yə zəng vurmuş və polis gəlmişdir. O, da polis bölməsinə getmişdir. Həmin gün evdə olan əşyaların 70-80% Cavidan tərəfindən götürülmüş, ev boşalmışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, Namiqin iş yoldaşıdır. 2020-ci ilin payızında Namiq ona 4-5 ağır paltarla dolu çanta verib Cavidana verməyini xahiş etmiş, o da həmin çantaları Cavidanın atasına vermişdir. AC N 214353 saylı 03.03.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, BMW 320i markalı ** GR *** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. Satıcı Cavabdeh1 ilə alıcı X6 arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan BMW 320İ markalı ** GR *** qeydiyyat nişanlı avtomobili 4000 manat alıcıya satmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.08.2021-ci il tarixli 9\3890 saylı rəyindən müəyyən olunur ki, BMW 320İ markalı, 2002ci il buraxılışlı normal vəziyyətədə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 11000 manat müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ərarvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ərarvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə, yəni 03.03.2014-cü il tarixdə əldə etdikləri BMW 320i markalı ** GR *** qeydiyyat nişanlı avtomobili ailə nikah münasibətləri pozulduqdan sonra Cavabdeh1 İddiaçı razılığını almadan özünün müəyyən etdiyi qiymətə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 225.6.-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh nəqliyyat vasitəsini satarkən iddiaçının məlumatının olmasını, nəqliyyat vasitəsi yararsız vəziyyətdə olduğundan ucuz qiymətə satılmasını bildirsə də, etirazında istinad etdiyi bu halları təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı isə birgə nikah dövründə əldə edilməsi mübahisələndirilməyən nəqliyyat vasitəsinin iddiaçı yaşadığı evdən çıxdıqdan, tərəflərin nikahlarının pozulmasına dair mülki işə məhkəmədə baxıldığı ərəfədə, iddiaçının razılığı alınmadan satılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.4.-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 37.1.-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2.-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı birgə nikah dövründə əldə olunmuş nəqliyyat vasitəsinin satışından əldə olunan vəsaitin bölgüsü aparılarkən himayəsində olan yetkinlik yaşına çatmayanların mənafeyinin nəzərə alınmasına əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən, məhkəmə araşdırması zamanı BMW 320İ markalı, 2002-ci il buraxılışlı normal vəziyyətədə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 11000 manat olması müəyyən olunduğundan həmin vəsaitin yarısı, yəni 5500 manat Cavabdeh1 alınaraq İddiaçı verilməli, iddia ərizəsi bu tələb üzrə qalan hissədə təmin edilməməlidir. İddiaçı iddia ərizəsində tələb etdiyi digər əşyaların mövcud olmasına, həmin əşyaların cavabdehlərin qanunsuz sahibliyində olmasına, birgə nikah dövründə cavabdehlərlə birlikdə yaşadığı evin təmir olunmasına, həmin təmirdə iddiaçının da iştirak etməsinə, birgə nikah dövründə, ümumi gəlirlər hesabına əşyalar əldə etməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə iddia tələblərini bu hissədə də, əsassız hesab edib təmin etmir. Məhkəmə araşdırması zamanı iddiaçının özünün izahatı, şahid ifadələri, cavabdehlərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçı özünə məxsus əşyaları cavabdehlərin evindən götürmüşdür. Məhkəmə cavabdehlərə məxsus evin təmir edilməsində iddiaçının iştirak etməsinə, iddiaçıya məxsus əşyaların bu evdə qalmasına dair şahid ifadələrinə münasibət bildirb qeyd edir ki, iddiaçının ailə üzvləri və qohumları olan şahidlərin ifadələri iddia ərizəsində istinad olunan halların sübuta yetirilməsi qənaətinə gəlinməsi üçün yetərli sübut növü ola bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 5500 manat, dövlət rüsumuna görə 31 manat olmaqla cəmi 5531 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh1 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar