Məhkəmə qərarları › İş №2(001)-121/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-121/2022

05.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-121/2022 05.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı şəhər X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin ərazisinə qanunsuz daxil olmaqla qanunsuz apardığı tikililərin cavabdehin hesabına sökülməsi və ona məxsus zəbt olunmuş ərazinin boşaldılaraq ona təhvil verilməsi, bunu nəticəsində vurulan maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı X12 Cavabdeh MMC-yə qarşı (Bakı şəhər X6 üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin ərazisinə qanunsuz daxil olmaqla qanunsuz apardığı tikililərin cavabdehin hesabına sökülməsi və ona məxsus zəbt olunmuş ərazinin boşaldılaraq ona təhvil verilməsi, bunu nəticəsində vurulan maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Bakı şəhəri, Binəqədi Rayonu, Dərnəgül şossesi, ev 108 ərazisində ona məxsus əraziyə qanunsuz daxil olmaqla heç bir sənədi olmadan qanunsuz aparılmış tikililərin cavabdehin hesabına sökülməsi, ona məxsus zəbt olunmuş ərazinin boşaldılaraq ona təhvil verilməsi və əldən çıxmış fayda olaraq, ona vurulan maddi 20000 manat və mənəvi 10000 manat ümumilikdə 30000 manat zərərin, həmçinin tərəfindən ödənilən 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı X12 məhkəməyə müraciət edərək İddiaçı əsl iddiaçı kimi icraata cəlb edilməsini xahiş etmiş və məhkəmə tərəfindən İddiaçı razılığı əsasında əsl olmayan iddiaçı X12 əsl İddiaçı ilə əvəz edilmişdir. Eyni zamanda əsl iddiaçı iddia tələbinin əsaslandırılması ilə razı olmuş və irəli sürülən tələbi müdafiə etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, X2 hüdudları daxilində olan sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 300 kv.m sahəni 20 sentyabr 2019-cu il tarixdə İddiaçı mülki etibarnamə əsasında X12 tərəfindən almışdır. Sonuncu tərəfindən ərazi üçün pul tam ödənilmişdir. Lakin 18 ay bundan əvvəl X10 məlum olmuşdur ki, aldığı ərazi heç bir sənədi və icazəsi olmadan Cavabdeh MMC adlı şirkət tərəfindən zəbt edilmişdir. Həmin cavabdehin rəhbərliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu ərazisi ünvanında onun aldığı sahəyə asvalt döşənərək cavabdeh şirkətin əməkdaşları və ora gələn şəxslər üçün dayanacaq kimi istifadə olunur. Həmçinin cavabdehin mühafizəçisi üçün otaq düzəldilərək onun ərazisinə açılan qıfıldan ibarət qapı qoyulmuşdur. X12 cavabdeh MMC-nin apardığı tikililərin qarşısının almaq üçün müxtəlif aiddiyyəti orqanlara müraciət etmişdir. Lakin həmin qurumların cavabdehin qanunsuzluqlarının qarşısını almadıqlarını görüb, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh tərəfindən qanunsuz zəbt edilən torpaq sahəsinə görə əldə etmək istədiyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, o həmin ərazini sərbəst, cavabdehin hər hansı qanunsuz müdaxiləsi olmadan istifadə etsə və icarəyə versə idi, gəlirlərini 20000 manat artıra bilərdi. Həmçinin bu müddət ərzində cavabdeh MMC-nin rəhbərliyinin axtarılması, aidiyyəti orqanlara şikayət edilməsi, həmin qurumlara getmək üçün istifadə etdiyi taksilərə xərclədiyi vəsaitlər, keçirdiyi əsəb və stress, müalicəsinə sərf etdiyi pulları ümumi olaraq 10000 manat dəyərinə qiymətləndirmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, torpaq sahəsi almaq üçün bələdiyyəyə müraciət etmişdir. Bələdiyyənin memarı gələrək torpaq sahəsini ölçmüş və o, torpaq sahəsi üçün rüsumu belə ödəmişdir. Bələdiyyə torpağın ona ayrılması barədə qərar vermişdir. O, torpaq sahəsini Rusiyada yaşayan qardaşı üçün almış, lakin oranı tikə bilmədiyindən və satmaq qərarına gəlmişdir. Torpaq sahəsini etibarnamə ilə Tacik Hacıyevə satmışdır. Özü hər şeyi qanunauyğun etmiş, Bələdiyyəyə rəsmi qaydada müraciət edərək torpağın ona ayrılmasını xahiş etmiş və bələdiyyə qərarı ilə də torpaq sahəsi onun üçün ayrılmışdır. X16 LTD MMC heç bir əsas olmadan torpağı zəbt etmişdir və hazırda oradan dayanacaq kimi istifadə edir. Hal-hazırda şirkət torpağı qaytarmaq istəmirsə, həmin torpaq üçün çəkdiyi xərcləri qarşılasın ki, mübahisəni aralarında razılıqla həll edə bilsinlər.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, X7 izahatında bildirmişdir ki, iddia subyetkiv hüquq olmayan şəxs tərəfindən qaldırılıb. İddiaçının mülki etibarnaməsinin olması subyektiv hüququnun olması demek deyil. Həmin ərazinin kimin balansında olması müəyyən edilməli idi. Onlara aid olan torpaq sahəsi konkret çıxarışla MMC-yə məxsusdur. Həmin ərazidə yerləşən ofis Cavabdeh MMC-nindir. Həmin əraziyə MMC-nin çıxarışı vardır. Araşdırılmaya heç bir ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu barədə qərarı vardır. Torpaq sahəsinin üzərindəki bina başqa MMC-yə məxsusdur. Torpaq sahəsi isə Cavabdeh MMC-yə məxsusdur. Ərazi böyükdür. Qarşı tərəfin dediyi hissə yolun kənarında olan hissədir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş edir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Bakı şəhəri Binəqədi rayonu X6 tərəfindən verilən AİT seriyalı, 676048 saylı kassa mədaxil orderindən görünür ki, X8 torpağın dəyəri üçün ******* manat ödəniş etmişdir.

9. Bakı şəhəri, Binəqədi rayonu, X6 tərəfindən verilən 25 oktyabr 2006-cı il tarixli, 1674 saylı qərardan görünür ki, X2 ərazi hüdudlarında Bakı şəhər sakini X4 və Bakı şəhər sakini İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsinin 300 kv.m –ni sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilməsi qərara alınmışdır.

10. AR-İ seriyalı, 884839 saylı etibarnamədən görünür ki, Yaqublu X9 rayonu, X3 tərəfindən xx.xx.2006-cı il tarixdə 1674 saylı qərara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanda yerləşən 300 kv.m torpaq sahəsinin sənədləşdirilməsi və özəlləşdirilməsi ilə əlaqədar onun səlahiyyətli nümayəndəsi olmağı, onu bütün dövlət orqanlarında, o cümlədən Azərbaycan Respulikası ƏMDK yanında DƏDRX-nin müvafiq ərazi idarəsində, Azərbaycan Respulikası DT və XK-da təmsil etməyi, aidiyyəti təşkilatlara ona məxsus sənədləri təqdim etməyi və adından ərizələr verməyi, imza etməyi, həmçinin ona çatası bütün sənədləri, o cümlədən HDQHDƏDR-dən çıxarışı almağı, aldığına imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi 5 il müddətinə xx.xx.2024-cü il tarixinədək X10 etibar etmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilən 21 may 2022-ci il tarixli **********4 saylı mütəxəssis rəyindən görünür ki, 1-ci sual üzrə X2 25 oktyabr 2006-cı il tarixli 1674 saylı qərarın əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə olmadığından, mübahisəli torpaq sahəsinin X2 xx.xx.2006-cı il tarixli 1674 saylı qərarı əsasında ayrılmış torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin elektron baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi Dövlət mülkiyyətidir. 2-ci sual üzrə X2 25 oktyabr 2006-cı il tarixli 1674 saylı qərarı əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə olmadığından, mübahisəli torpaq sahəsinin X2 25 oktyabr 2006-cı il tarixli 1674 saylı qərarı əsasında ayrılmış torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin mübahisəli sahə Cavabdeh MMC tərəfindən dayanacaq kimi istifadə edilir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

12. Bakı şəhəri, Binəqədi rayonu, X6 tərəfindən verilən 25 oktyabr 2006-cı il tarixli, 1674 saylı qərarla X2 ərazi hüdudlarında Bakı şəhər sakini X4 və Bakı şəhər sakini İddiaçı razılıq ərizələri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsinin 300 kv.m –ni sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilməsi qərara alınmışdır.

13. X12 ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin Bakı şəhəri, Binəqədi Rayonu, Dərnəgül şossesi, ev 108 ərazisində ona məxsus əraziyə qanunsuz daxil olmaqla heç bir sənədi olmadan qanunsuz aparılmış tikililərin cavabdehin hesabına sökülməsini, ona məxsus zəbt olunmuş ərazinin boşaldılaraq ona təhvil verilməsi və əldən çıxmış fayda olaraq, ona vurulan maddi 20000 manat və mənəvi 10000 manat ümumilikdə 30000 manat zərərin, həmçinin tərəfindən ödənilən 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanda yerləşən 300 kv.m torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olsa da, Cavabdeh MMC tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.

15. İddia ərizəsi ilə ilk dəfə məhkəməyə müraciət edən şəxs isə torpaq sahəsini İddiaçı etibarnamə əsasında aldığını iddia edən X11r.

16. Məhkəmə araşdırması dövründə İddiaçı əsl iddiaçı qismində mülki işə cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək, torpaq sahəsinin ölçüldükdən sonra bələdiyyə tərəfindən ona satıldığını, tərəfindən torpağın dəyərinin tam ödənildiyini, sonuncu dəfə isə torpağı etibarnamə ilə X1 bildirmişdir.

17. Belə ki, İddiaçı AR-İ seriyalı, 884839 saylı etibarnamə əsasında Binəqədi rayonu, X3 tərəfindən xx.xx.2006-cı il tarixdə 1674 saylı qərara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanda yerləşən 300 kv.m torpaq sahəsinin sənədləşdirilməsi və özəlləşdirilməsi ilə əlaqədar onun səlahiyyətli nümayəndəsi olmağı,və s. hərəkətlər etməyi 5 il müddətinıə xx.xx.2024-cü il tarixinədək X10 etibar etmişdir.

18. Cavabdeh MMC-nin nümayəndəsi isə məhkəmə iclasında iştirak edərkən iddiaya münasibətində bildirmişdir ki, həmin ərazidə yerləşən ofis Cavabdeh MMC-nindir. MMC-nin əraziyə çıxarışı vardır. Araşdırılmaya heç bir ehtiyac yoxdur. Torpaq sahəsinin üzərindəki bina başqa MMC-yə məxsusdur. Torpaq sahəsi isə Cavabdeh MMC-yə məxsusdur.

19. Halbuki, məhkəmə araşdırması dövründə cavabdehin nümayəndəsi, həmin əraziyə mülkiyyət hüquqlarını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1338/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmış və qərardadın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilən 12 may 2022-ci il tarixli **********4 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, X2 xx.xx.2006-cı il tarixli 1674 saylı qərarı əsasında ayrılmış mübahisəli torpaq sahəsi Dövlət mülkiyyətidir və mübahisəli sahə Cavabdeh MMC tərəfindən dayanacaq kimi istifadə edilir. Tətbiq edilən maddi hüquq normaları:

22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

25. 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

26. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.

28. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

29. 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir.

30. 148.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir.

31. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

32. 153-cü maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

33. 155-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.

34. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

36. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

37. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

38. 164-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

39. 165-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

40. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

41. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

42. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

43. 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

44. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

45. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun:

46. 5.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz.

47. 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

48. 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

49. 6.5-ci maddəsinə əsasən Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

50. 6.9-cu maddəsinə əsasən Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.

51. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

52. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir. Məhkəmənin mövqeyi:

53. İşin müəyyən edilən hallarından görünür ki, X2 ərazi hüdudlarında yerləşən, müvafiq plan-sxemdə göstərilən və əvvəllər X5 ayrılmış torpaq sahəsinin 300 kv.m hissəsi Bakı şəhəri, Binəqədi rayonu, X2 25 oktyabr 2006-cı il tarixli, 1674 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti tikintisi üçün İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Sonradan müəyyən edilmişdir ki, həmin torpaq sahəsi cavabdeh tərəfindən dayanacaq olaraq istifadə edilir. Mübahisəli torpaq sahəsinin üst-üstə düşməsi mütəxəssis rəyi ilə təsdiq olunmuşdur. Cavabdeh həmin torpaq sahəsinə dair onunla bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Kadastr məlumatlarına əsasən mübahisəli torpaq sahəsi nə iddiaçının, nə cavabdehin, nə də bələdiyyənin mülkiyyətindədir, əksinə baza məlumatlarına əsasən həmin torpaq sahəsinin dövlətin mülkiyyətində olduğu müəyyən edilmişdir.

54. İddiaçı həm mülkiyyət hüquqlarının, həm sahiblik hüquqlarının müdafiəsi baxımından məhkəməyə iddia qaldırmışdır. Belə ki, iddiaçı bələdiyyə orqanın qərarına əsasən onun sahiblik və istifadəsinə ayrılmış torpaq sahəsində cavabdehin mövcudluğunu qanunsuz hesab edir və bundan irəli gələn hüquqi nəticələrin baş verməsini arzu edir. Çünki iddiaçı hesab etmişdir ki, torpaq sahəsinin ona ayrılması zamanı bələdiyyə orqanları səlahiyyətli olmuş və o, torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir(sahiblik və istifadə hüquqlarını).

55. Buna baxmayaraq işin halları ilə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi nə iddiaçının, nə də cavabdehin mülkiyyətindədir. Belə ki, həmin torpaq sahəsi dövlət mülkiyyətidir.

56. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, mülkiyyət və sahiblik hüquqlarının müdafiəsi baxımından iddia qaldırmış şəxsin, yuxarıda göstərilənlərə əsasən nail olmağı arzu etdiyi hüquqi nəticə baxımından subyektiv hüququ mövcud deyildir.

57. Baxmayaraq ki, iddiaçı iddia verilən zaman subyektiv hüququnun olduğunu güman etmişdirsə belə, əqd əsasında əldə edilmiş hüququn həqiqiliyi və tamamlığı prezumpsiyası yalnız daşınmaz əmlakın reyestrdəki qeydinə münasibətdə əsaslıdır. Halbuki iddiaçının adına sözügedən daşınmaz əmlakla bağlı hər hansı qeyd mövcud deyildir.

58. Bu səbəbdən iddiaçının dövlət mülkiyyətində olan torpağa dair dövlətlə onun arasında hər hansı müqavilədən və ya digər əsasdan irəli gələn subyektiv hüququ yoxdur.

59. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1100-cü maddəsinin tələbi baxımından iddiaçının vurulmuş zərəri tələb etmək hüququ istisna edilməmişdir. Tətbiq edilən prosessual normalar:

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

61. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

62. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

63. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

64. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

65. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, sadalanan hüquq normalarına istinadən hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı (Bakı şəhər X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin ərazisinə qanunsuz daxil olmaqla qanunsuz apardığı tikililərin cavabdehin hesabına sökülməsi və ona məxsus zəbt olunmuş ərazinin boşaldılaraq ona təhvil verilməsi, bunu nəticəsində vurulan maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiası təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

66. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı şəhər X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin ərazisinə qanunsuz daxil olmaqla qanunsuz apardığı tikililərin cavabdehin hesabına sökülməsi və ona məxsus zəbt olunmuş ərazinin boşaldılaraq ona təhvil verilməsi, bunu nəticəsində vurulan maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar