Məhkəmə qərarları › İş №2(004)-3032/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3032/2023

14.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3032/2023 14.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X37 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tikilmiş qeyri-qanuni tikililərin sökülməsi və həyətin əvvəlki vəziyyətinə gətirilməsinə və ona dəyən maddi və mənəvi ziyanın əvəzinə 10000 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mülk ailələrinə vərəsəlik yolu ilə çatmışdır. Uzun illər onlar bu həyətdə yaşamışlar. Lakin 2005-ci ildə Cavabdeh həmin həyətə köçüb gəlməsindən sonra vəziyyət dəyişmişdir. Yaşadıqları həyət çox kiçikdir, təxminən 50 kv.metr. Bu sahəsinin böyük hissəsi – təxminən 30 kv.metr Cavabdeh tərəfindən zəbt olunub. Vaxtilə onların tikdikləri hamamı tutub, təxminən 15 kv.metr sahəni həmin hamama birləşdirib özləri üçün yaşayış otağı düzəltmişlər. Ona məxsus tikililəri söküb, onun tikinti materiallarını mənimsəyib. Daha sonra Cavabdeh İddiaçı ona qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında bildirmişdir ki, İddiaçı ilə aralarında olan mübahisə ünvan 2 ünvanında əmisi oğlu X10 məxsus mənzilin ona satılması tarixindən başlamışdır. Belə ki, İddiaçı ona məxsus olmayan yuxarıda qeyd edilən ünvanda yaşamayan əmisi oğlu X6 paylı mülkiyyətində olan mənzilin ona məxsus olduğunu bildirərək 2004-cü ildə satışa qoymuşdur. Onun da paylı mülkiyyət haqqında anlayışı olmadığı üçün İddiaçı dediklərinə inanıb İddiaçı şahidlərin iştirakı ilə onun imzası ilə təsdiq edilmiş yazılı formada nağd şəkildə 2000 ABŞ dolları vermiş və daha sonra aralarında səmimiyyət və etibar yarandığından əlavə olaraq 1000 ABŞ dollar nağd şəkildə vermişdir. İddiaçı ona söz vermişdir ki, bir aya onunla alqı-satqı müqaviləsini bağlayıb mənzili ona təhvil verəcək. O da öz növbəsində Salehə demişdir ki, mülkiyyətində olan mənzilini satmışdır və satdığı evdən çıxmalıdır. Onunla danışıqları baş tutmuş və o, mənzili ona təhvil vermişdir. Evi təmir edib, həmin Yasamal rayonu 17-ci Nərimanov döngəsi, ev 5 ünvanında yerləşən hal-hazırda yaşadığı mənzilə köçmüşdür. Hər dəfə Salehdən alqısatqını nə vaxt edəcəklərini soruşanda o, sənədlərin hazır olmadığını və s. müxtəlif bəhanələr gətirərək alqı-satqı müqaviləsi bağlamaqdan yayınırdı. Sonra bir iki həftə keçəndən sonra, məlum oldu ki, onun onlara təqdim etdiyi mənzil əmisi oğlu X6 mülkiyyətindədir. Yaşadığı mənzilin paylı mülkiyyətçisi olan əmisi oğlu onu çağırıb demişdir ki, sən Salehdən sənəd gözləmə o ev onundur. Mənzilin onun paylı mülkiyyətində olması barədə Çıxarışı da ona göstərmişdir. İki əmi oğlu arasında aylarla mübahisə getmişdir. Sonra onlara bildirmişdir ki, ya pulunu qaytarsınlar, ya da onun pulunu ödədiyi mənzili onun adına rəsmiləşdirsinlər. Əmisi oğlu Bəhram ona bildirmişdir ki, mənzili özü satacaq narahat olmasın. Daha sonra ona demişdir ki, onları qeydiyyata salacaq amma qeydiyyat üçün pulu özü ödəməlidir. Qeydiyyat üçün yenə Bəhrama əlavə 2.000 ABŞ dolları pul vermişdir. Sonra onun razılığı əsasında o və ailə üzvləri onlara satılan mənzilə qeydiyyata düşmüşlər. Bundan sonra Bəhram dedi ki, bir müddət gözlə qızı yola gətirər gedib alqısatqı edərlər. Daha sonra evi alqı-satqı etməmək üçün Bəhram ailəsi ilə birlikdə gecə ilə qeyd edilən ünvandan çıxaraq Balaxanıda yerləşən evlərinə gediblər. Ondan sonra anlamışdır ki, Bəhram da onu aldadır. Sonra polisə müraciət etmişdir. Etiraf etmişdir ki, evi satmaq məqsədi ilə ondan pul alıb və alqı-satqını tez zamanda həll edəcək. Sonra Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Uzun müddət məhkəmə mübahisəsi getdi. Bəhram uzun axtarışdan sonra gəlib məhkəmədə mənzili vermək üçün razılıq verdi. Məhkəmə qurtardıqdan sonra onlar həmin evə çıxarış almışlar. Sonra həmin bu iddiaçı olan Saleh Bəhramın qızını öyrədərək onların xeyrinə çıxarılmış məhkəmə qətnaməsindən apellyasiya şikayəti verdirmişlər. Saleh, Bəhram və qızı birləşərək onların adlarına olan çıxarışı ləğv etdirmək və onları həmin mənzildən qeydiyyatdan çıxartdıqdan sonra evi başqasına sataraq evin pulunu bölmək idi. Çünki Saleh mənzilin mülkiyyətçisi olmadığından özü təkbaşına bunu edə bilmirdi. Bundan sonra məhkəmə prosesi davam etdi və onların çıxarışları ləğv olundu. Sonra isə Saleh, Bəhram və qızı birləşib onları evdən qeydiyyatdan çıxarmaq üçün məhkəmədə başqa iddia qaldırmışlarlar. O da qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib bunlara verdiyi bütün məbləğləri, təmir üçün çəkdiyi xərcləri geri tələb etmişdir. Yasamal Rayon Məhkəməsi bunların iddiasını rədd edib onu və ailəsini qeydiyyatda saxladı. Bir neçə ildən sonra Bəhram rəhmətə getdi. Saleh müəyyən qədər sakitləşdi. Süleymanovlar 19 ildir onun və ailəsinin bu həyətdə yaşamağını istəmirlər və istənilən bahənələrlə onlara əziyyət vermək istəyirlər. Həyətdə heç bir tikinti işi aparmamışdır sadəcə evinin girişində heç bir qonşusuna ziyan vermədən yağışın küləyin qarşısını almaq üçün artıq həyətdə mövcud olan talvarın şiferlərini öz hesabına dəyişmişdir və kiçik bir hissəsinə salafan örtük çəkmişdir. Həmin salafan ilə bağladığı yer evindən yuxarı hissədə olduğu üçün ora yağan yağış suları üzü aşağı hamısı onun evinə axır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.9-cu maddəsinə əsasən Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. Hətta bu maddə ilə hesab edilsə ki, onun salafanla bağladığı sahə yardımçı tikilidir onda qeyd edilən normaya əsasən həmin tikiliyə icazə tələb edilmir və həmin sahədən o istifadə edə bilər. Onun salafan ilə bağladığı yeri nəinki yardımçı yer, hətta tikinti belə hesab etmək olmaz. Həmin örtük yağış sularından qorunmaqları üçün vasitədir. Məhkəmənin ilk iclasında Saleh şifahi formada məlumat vermişdir ki, guya onlar onun üzüm ağaclarını məhv etmişlər. Onun üzüm ağacına ziyan vurmadan alt hissədə yaşayan qonşuların paltar sərməyinə mane olan hissəsində budama işi aparmışlar. Çünki üzüm ağacının bir hissəsi onların paltar sərməklərinə mane olurdu. Həyətdə alt hissədə üç qonşu yaşayırlar. İddiaçının həyətdə heç bir qonşu ilə münasibəti yoxdur. Qeyd edilən ünvanda yaşayan sakinlərin sayı çox olduğu üçün sanitar qovşaqda növbə olurdu. Bu növbə də səhər tezdən işə gedənlərə problem yaşadırdı. Ona görə də həyətdən çöldə qonşuların ümumi istifadəsi üçün öz vəsaiti hesabına 1,5 kv.metr sanitar qovşağı tikmişdir. Salehin mənzili həyətdəki tikilinin ikinci mərtəbəsində yerləşir, sanitar qovşağı, hamamı da öz evinin içindədir. O da, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Ümumiyyətlə tərəfindən Salehin girişinəçıxışına heç bir maneə yaratmamışdır. Əksinə öz vəsaiti hesabına həyətdə abadlıq işləri apararaq köhnə bərbad vəziyyətdə olan hər gün uçub tökülən həyətdəki körpə uşaqların həyatına təhlükə törədən köhnə daş-kəsəyi və çürümüş taxta qapını öz vəsati hesabına təzə dəmir qapı ilə əvəz etmişdir. Salehin onunla apardığı ədavət yuxarıda qeyd etdiyi mənzil məsələsinə görədir. Onun məqsədi yenə ondan pul almaqdır. Yuxarıda sadaladıqlarını nəzərə alaraq xahiş edir ki, İddiaçı ona qarşı qaldırdığı iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməsin. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. O küçələrdə böyük həyət yoxdur. Hamısı kiçik həyətdir. Onların həyəti də təxminən 50 m2dir. Cavabdeh gələndən orada özbaşınalıq edir. Həyətin təxminən 30 m2-ni tutub, tikinti aparıb. Düzəltdiyi talvarı söküb, materialları götürüb. Həyət artıq yoxdur. Sadəcə cığır qalıb. Bu həyətin tarixi 1862-ci ilə gedir. Onlar orada yaşamışlar. Cavabdeh də 10-15 ildir ki, gəlib və oranı tutub. Onun həyətdə olan qiymətli materialları artıq yoxdur. O, 17-ci Nərimanov döngəsi, ev 5 ünvanında yaşayır. Onun evə dair çıxarışı var. Onun evi öz adınadır. Cavabdeh onunla eyni həyətdə yaşayır. Su xətti cavabdehin tiktidiyi yerin altından gedir. Həyət onundur. Nə isə tikmək üçün icazə olmalıdır. 6-7 aydır ki, cavabdeh həmin tikilini tikib. İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdehin evə dair sənədi yoxdur. Onun şahidləri də var ki, həmin tikili təzə tikilidir. Ayaqyolu ilə evi arasındakı 15 m2 sahədə otaq tikib. Həmin tikilinin sökülməsini istəyir. İşin mahiyyəti belədir ki, onların yaşadıqları ünvan, daha doğrusu bütün küçələr söküntü ərazisidir. Cavabdeh həyəti zəbt edib ki, oradan pul alsın. Onun hesabı ilə təxmini 60000–70000 manat pul alacaq. Öz evi yuxarıdadır, cavabdeh evinin aşağısında olan balaca yerə tikib. Həmin aşağı ərazidə boş yer var idi, oranı tikib. Həmin ərazidə onlara məxsus köhnə hamamı da tutub. Evinin altında həyətdə ev tikib. Küçəni zəbt edib. Onun su kəmərinin üstü tamam bağlanıb. Cavabdeh tərəfindən həyətdə tikilmiş sübutlarda olan fotoşkillərdə təqdim olunan qeyriqanuni tikililərdən söhbət gedir. Fotoşəkillərdə olan aşağı evdə cavabdeh yaşayır. O isə yuxarıdakı evdə yaşayır. Cavabdehin hazırda yaşadığı evin sökülməsini istəmir, öz evində yaşasın. Cavabdehin evin altında bir dənə də evi var. Yəni cavabdeh evinin altını biraz tikib qabağa verərək həyəti tutub. O, deyir ki, bunun hamısı sökülsün çünki, cavabdehin evi var. Təqdim etdiyi şəkil nömrə 2-də göstərilən əlavə tikililərin sökülməsini istəyir. Cavabdeh gedib kupça düzəltdirmişdi. Kupçanı məhkəmə ləğv elədi ki, onun ancaq o mənzildə yaşamaq hüququ var. İndi isə bütün həyəti tutub və pul qopartmaq istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. 20 ildir ki, oradadır. Həmin tikilinin iddiaçıya heç bir maneçiliyi yoxdur. Onlar bir dəfə də olsun küçəyə çıxmayıblar. Yuxarıdakı ev iddiaçının evidir. Onun aşağısındakı ev onundur. Onun çıxarışı var idi, lakin ləğv etdirdilər. Darvazanın yanında boş yer var idi. İcra Hakimiyyətinə də bildirmişdir. Ayaqyolu əvvəldən var idi. Həmin hissə də küçəyə aiddir, iddiaçıya aidiyyatı yoxdur. İddiaçının qeyd etdiyi tikilini o tikməmişdir. Həyətə çıxmamışdır. Balkonun altından düz istiqamətdə artırmışdır. İcra Hakimiyyətinə, Mənzil Kommunal İstismar Sahəsinə də deyib və orada hamam tikmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X31, bağırov Rövşən Məcid oğlu və İddiaçı tərəfindən tərtib edilmiş 19 may 2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, ünvan 3 ünvanda yaşayan İddiaçı və ailəsi uzun illlərdir qonşudurlar və yoldaşlıq edirlər. Həmin ünvanda yerləşən mülk həmin ailənin dədə-baba mülküdür. X1 tərəfindən aparılmış tikililər isə təzədir, bir neçə ay əvvəl tikilib. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı ünvan 4 ünvanladığı məktubdan görünür ki, X11 tərəfindən ünvan 3 ünvanda aparılan qeyri-qanuni tikintinin dayandırılması və həyətin əvvəlki vəziyyətinə qaytarılması üçün lazımi tədbirlərin görülməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə qeyd edilmişdir ki, xx.xx.1957-ci ildə vəfat etmiş X21 vərəsəsi qızı Zeynəb X5 idi, lakin onun 19 aprel 1956-cı il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun nəvəsi İddiaçı keçmişdir. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri 17-ci Nərimanov döngəsi, ev 5-fə 2/3 paydan ibarət miras mülkdən ibarətdir. 2/3 payın 1/6 payı vərəsə İddiaçı verilmiş, qalan pay açıq saxlanmışdır. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan ünvana rayon MKTB-nin və 40 saylı MKİS-in əməkdaşları tərəfindən baxış keçirilən zaman hal-hazırda hər hansı bir tikinti işinin aparılması müşahidə olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələblərinə uyğun olaraq, lazımi icazə sənədləri olmadan şəhərsalma tikinti və normalarını ciddi surətdə pozmaqla tikilmiş tikililər və qurğular məhkəmə qərarı əsasında sökülə bilər. İş materiallarında olan X22, X12, X13, X20 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, həyətlərində yaşayan Cavabdeh öz ev qapısının girişində yağış sularından qorunmaq üçün taxta və salafan örtükdən hazırlanmış yüngül konstruksiyadan olan sahənin onun və ailəsi tərəfindən istifadə etməsinə heç bir etirazları yoxdur. Bu yüngül konstruksiyanın qonşulara heç bir maneəsi yoxdur. Həyətdə alt hissədə qonşuların sayının çox olduğunu nəzərə alaraq küçə qapısının sağ tərəfində heç kəsə aidiyyəti olmayan yerdə 40 saylı MKİS-dən xahiş etmişlər ki, qonşular üçün 1,5 kv metr sanitar qovşağının tikilməsinə icazə versin. Cavabdeh da öz vəsaiti hesabına 1,5 kv sanitar qovşağını tikib. Hal-hazırda həmin sanitar qovşağı qonşuların ümumi istifadəsindədir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış xx.xx.2005-ci il tarixli məktubda qeyd edilmişdir ki, O - İddiaçı ona məxsus olan mənzilinin alt hissəsini Cavabdeh satmaq məqsədilə ondan 800 ABŞ dolları məbləğində beh almışdır. Pulların seriyaları qeyd edilmişdir. İş materiallarında olan X14, Cavabdeh Heydər oğlu, Məmmədova Hicran Allahverdi qızı, X19 və X2 tərəfindən tərtib olunmuş xx.xx.2008-ci il tarixli Aktda qeyd edilmişdir ki, Məmmədov X17 Bəhram Dadaş oğlu ilə 2006-cı ildə razılaşaraq ona məxsus olan evin 18 kv.metr sahəsini 13000 ABŞ dollarına satılıb-alınması barədə ilkin razılığa gəlmişlər. Həmin vaxtdan Məmmədov ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. Ancaq Süleymanovdan asılı olmayan səbəbdən evi bugünə kimi notariusda alqı-satqı etmək mümkün olmamışdır. 2006-2007-ci ildə Süleymanov Məmmədovdan beh kimi evin pulundan 3100 ABŞ dolları almışdır. 2008-ci ildə aralarındakı razılığa görə Məmmədovlar evə qeydiyyata düşmüşlər və Məmmədov evin pulundan daha 3000 ABŞ dolları ödəmişdir. Qalan pul notariusda alqı-satqı qutarandan sonra veriləcəkdir. Əgər sənədləşmə bitmədiyi müddətdə ev plana düşərsə Məmmədov razılaşdırılmış sahəyə iddialıdır və Məmmədovlar istifadə etdiyi yardımçı sahələr də (mətbəx, dəhliz) onlara aiddir. Cavabdeh Heydər oğlu aldığı ev sahəsinə görə X15 6100 ABŞ dolları ödəmiş, X19 isə satdığı ev sahəsinə görə Cavabdeh Heydər oğlundan 6100 ABŞ dolları almışdır. İş materiallarında olan 041829 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 17-ci Nərimanov döngəsində yerləşən 7 otaqlı, 102,9 kv.m yaşayış, 164,5 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi İddiaçı adına 1/6 payda, digər paylar üzrə X7 2/6 payda, X3 1 otaq 16 kv.metr, X16 1 otaq, X21 1/6 payda adlarına xüsusi mülkiyyət kimi xx.xx.2006-cı il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 17-ci Nərimanov döngəsində istifadədə olan 0,01137 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 7 otaqlı, 102,9 kv.m yaşayış, 61,6 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh 2/6 hissədən 2 otaq-(3 saylı otaq- 9,6 kv.m), (4 saylı otaq-13,5 kv.m), (6 saylı köm/sah- 5,2 kv.), X21 1/6 hissə, X4 2/6 hissədən 1 otaq – 16 kv.m, X8 2/6 hissədən qalan hissə, İddiaçı 1/6 hissə, X9 2/6 hissədən 1 otaq- 16,2 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 8008 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 2(004)-3032/2023 saylı, xx.xx.2023-cü il tarixli Məhkəmə yerli baxış iclasının Protokolundan qeyd edilmişdir ki, ünvan 3 ünvanı üzrə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzil evin 2-ci mərtəbəsində, cavabdehə məxsus mənzil isə evin 1-ci mərtəbəsində yerləşir (fotoşəkil 1-2). Evin 2-ci mərtəbəsində yerləşən, eyvan olan hissə də iddiaçıya məxsusdur (fotoşəkil 3). Cavabdehə məxsus olan hissə yalnız evin giriş hissəsi və 2 otaqlı evdir (fotoşəkil 4-5). İddiaçının sökülməsini tələb etdiyi hissə cavabdehin istifadəsində olan mətbəx və ayaq yoludur, hansı ki, cavabdeh tərəfindən heç bir tikinti-hörgü aparılmayıb, yalnız yüngül konstruksiya ilə tikilmişdir (fotoşəkil 6-7). İddiaçı tikintinin aparılmasının onun həyətdən istifadəsinin məhdudlaşdırdığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, 17-ci Nərimanov döngəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 1/6 hissədə İddiaçıadına qeydiyyata alınmışdır. Daha sonra ünvan 3 ünvanı üzrə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzil evin 2-ci mərtəbəsində, cavabdehə məxsus mənzil isə evin 1-ci mərtəbəsində yerləşir. Evin 2-ci mərtəbəsində yerləşən, eyvan olan hissə də iddiaçıya məxsusdur. Cavabdehə məxsus olan hissə yalnız evin giriş hissəsi və 2 otaqlı evdir. İddiaçının sökülməsini tələb etdiyi hissə cavabdehin istifadəsində olan mətbəx və ayaq yoludur, hansı ki, cavabdeh tərəfindən heç bir tikintihörgü aparılmayıb, yalnız yüngül konstruksiya ilə tikilmişdir. İddiaçı tikintinin aparılmasının onun həyətdən istifadəsinin məhdudlaşdırdığını bildirir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tikilmiş qeyri-qanuni tikililərin sökülməsi və həyətin əvvəlki vəziyyətinə gətirilməsinə və ona dəyən maddi və mənəvi ziyanın əvəzinə 10000 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin müəyyən edilmişdir ki, əlavə tikili olan sanitar qovşağından cavabdehlə yanaşı digər qonşular da istifadə edir. İddiaçı tərəfindən sökülməsi tələb edilən ünvan 6 ünvanında evin 1-ci mərtəbəsində cavabdehə məxsus mənzilin qarşısında tikilmiş və mətbəx- sanitar qovşağı olan yüngül konstruksiyaya dair mülki iş materiallarında heç bir layihə və icazə sənədlərinə rast gəlinməmişdir. Lakin buna baxmayaraq inşa edilən tikilinin hər hansı bir hissəsinin İddiaçı məxsus əraziyə daxil olmasına maneçilik törətmir. Cavabdeh tərəfindən artırılmış tikili İddiaçı öz mənzilinə daxil olmasına, istifadəsinə heç bir maneə yaratmır. Beləliklə inşa edilən əlavə tikilinin iddiaçıya heç bir maneə törətmədiyi, onun evinə işığın, hava axımının, o cümlədən görüntünün qarşısını alan məhdudiyyətlər yaratmadığı və ümumiyyətlə onun maraqlarına toxunmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh artıq neçə illərdir ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar