Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1237/2025 21.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. X8 Respublikasının Şərur rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı iki övladları dünyaya gəlmişdir. Nikaha daxil olub birgə yaşadıqları müddətdə aralarında yaxşı münasibət olmuşdur. Lakin son zamanlar uşaqların saxlanılması zəminində aralarında tez-tez mübahisələr baş verir. Belə ki, cavabdeh uşaqların saxlanılması üçün ailəyə pul vermir, uşaqlara qayğı göstərmir, uşaqlara palpaltar almır və onları qida məhsulları ilə təmin etmir. Uşaqların dolandırılması zəminində yaranan mübahisələrə görə münasibətləri kəskin pozulmuşdur, ailəsi dağılmaq ərəfəsindədir. Ona görə də cavabdehdən məcburi qaydada aliment tutulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən onunla Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirdi ki, o, iddia tələbini qismən qəbul edir. Hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment ödəməyə imkanı çatır. Heç bir yerdə işləmir və gəliri yoxdur. Ona görə də iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirmiş, habelə işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizədə qeyd etdiyi məzmunda izahat verərək, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Naxçıvan Muxtar Respublikası Şərur rayonu Çəmənli kənd İnzibati Ərazi Dairəsi İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 515683 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. AZ-İİİ seriyalı, 121971 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır; AZ-İİİ seriyalı, 847476 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır; Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, bunun üçün 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir; “Azemis” X2 əldə edilmiş məlumatlardan müəyyən olunur ki, tərəflərin əmək faəliyyəti ilə məşğul olması barədə sistemdə hər hansı məlumat mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Hazırda iddiaçı uşaqların saxlanması üçün aliment tələb edir. Məhkəmə, tərəflərin maddi vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləği və 2025-ci il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqının miqdarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixdən (iddia ərizəsinin verildiyi tarixdən) xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, 2025-ci il üzrə isə minimum əmək haqqı 400 manat təşkil edir və iddiaçı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə 03 dekabr 2024-cü il tarixdə məhkəməyə müraciət etsə də, xx.xx.2025-ci il tarixdə isə uşaqlar üçün yaşayış minimumu artması əsası ilə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, uşaqların saxlanılması üçün alimentin hər ay hər uşağa görə 246 manat həcmində tutulmasını xahiş etdiyindən, aliment 2025-ci il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir (400 (2025-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqı) x 0,62 =248 manat). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 79,52 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 03 dekabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 79,52 (yetmiş doqquz manat, 52 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1237/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1237/2025
21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver