Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1241/2021 05.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 240 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 770 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21154” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21154” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Nissan X-Trail” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 240 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ DYPŞ-nin xx.xx.2019-cu il tarixli, AP ******* saylı X4 Protokoluna əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Binəqədi RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 059-47591-1219 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına mülki məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə göndərərək iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş AP seriyalı ******* saylı X4 protokoldan və TP seriyalı ******* saylı qərardan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi “VAZ 21154 minik” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Texniki Ekspertiza şöbəsinin xx xxxxxx 2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesablamasından aydın olur ki, yolnəqliyyat hadisəsi zamanı X1 məxsus “Nissan X-Trail” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 240 manat həcmində müəyyən edilmişdir. İş materiallarında olan İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21154” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 “xxxx” ASC-də əmlaka vurulan zərərə görə 5000 (beş min) manat, sağlamlığa vurulan zərərə görə (bir şəxs üçün) 5000 (beş min) manat, (bir hadisə üzrə) 50000 (əlli min) manat məbləğində sığortalanmışdır. xx.xx.2019-cu il tarixli, 19-10716/11/ AA-8937/19 saylı sığorta aktından görünür ki, “VAZ 21154 minik” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də 55000 manat dəyərində sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Nissan X- Trail” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği 240 manat təşkil edir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən ödənilmiş 240 manat sığorta ödənişini X2 tam şəkildə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Məhkəmə iddia tələbinin 500 manat işlərin görülməsi xərci tələbilə bağlı bildirir ki, iddiaçı həmin xərclər barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllədə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında qanunun 8.1.1-ci maddəsinə görə məhkəməyə verilən iddia ərizələri üzrə iddianın qiyməti 500 (beş yüz) manatadək olduqda, dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat miqdarında müəyyən edilmişdir. Qeyd olunanlara qiymət verərək, məhkəmə hesab edir ki, Cavabdeh subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ondan 240 (iki yüz qırx) manat və həmçinin 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 240 (iki yüz qırx) manat məbləğində sığorta ödənişi və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 260 (iki yüz altmış) manat məbləğində pul alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1241/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1241/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver