Məhkəmə qərarları › İş №2(001)-1340/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1340/2022

16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1340/2022 16.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə cavabdehin əmək haqqısının və digər gəlirlərinin 1/3 hissəsində alimentin və sosial məzuniyyət dövründə iddiaçı işə çıxanadək əlavə olaraq hər ay 100 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan Hüseyn və Həsən adlı uşaqları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan müəyyən problemlər üzə çıxmış və münasibətləri kəskin şəkildə pisləşmişdir. Cavabdeh ailəsi ilə maraqlanmadığından iddiaçı məcbur qalaraq uşaqları ilə birgə öz valideynlərinin yanına getmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı formada uşaqları ilə maraqlanmasını bildirsə də, cəhdləri boşa getmişdir. Bu səbəbdən də iddiaçı cavabdehdən alimentin məcburi tutulması üçün məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət edərək, tərəflər arasında olan xx.xx.2016-cı il tarixli nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan Hüseyn və Həsən adlı uşaqları anadan olmuşdur. Tərəflər artıq uzun müddətdir ki, ayrı yaşayır və nikahları formal xarakter daşıyır. Bu səbəbdən də Cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil ilkin iddia tələbini qismən qəbul etdiklərini, uşaqlar üçün əmək haqqının 1/3 hissəsində alimentin tutulmasına etiraz etmədiklərini, qalan hissəyə isə etiraz edərək, nilkahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddia tələbini müdafiə edərək, nikahın pozulmasına razı olduğunu, bu səbəbdən də ilkin və qarşılıqlı iddia tələblərinin tam təmin edilməsini məhkəmdən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirak olmadan keçirilməsini və nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - nikah və doğum haqında şəhadətnamələrdən görünür ki, tərəflər xx.xx.2016-cı il tarixdə 2814 nömrəli akt qeydi ilə 3 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah bağlamışlar və birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7 anadan olmuşlar. - Elektron Məhkəmə Portalından çıxarışa əsasən, Cavabdeh "xxxx" ASC-də mütəxəssis (kompüter tərtibatı üzrə) vəzifəsində çalışır və aylıq əmək haqqısı 1735,99 manat təşkil edir. Nikaha xitam verilməsinin əsasları və qaydası Ailə Məcəlləsinin 4-cü fəslinin, nikahın pozulmasının qeydə alınması məsələləri isə həmin Məcəllənin 25-ci fəslinin müddəaları ilə tənzimlənir. Məhkəmə AR Ailə Məcəlləsinin 19.1, 20.2, 22, 60.1-60.4, 61.1, 62.2, “Uşaq hüquqları haqqında Konvesiyanın” 3-cü maddəsinin 1-ci bəndi, 18-ci maddəsinin 1-ci bəndi, 27-ci maddəsinin 2-ci bəndi, “Uşaq hüquqları”haqqında AR Qanunun 19-cu maddələrinə əsaslanaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah formal xarakter daşıyır, tərəflər könüllü olaraq nikahın pozulması ilə bağlı iradə ifadəsini açıq nümayiş etdirmişlər, eyni zamanda ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün qarşılıqlı iddia tələbi təmin olunmalı, onların arasında olan nikah pozulmalıdır. Məhkəmə AR Ailə Məcəlləsinin 75, 76 və 78.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki,valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə alimentin tutulma miqdarını araşdıraraq hesab edir ki, tərəflərin birgə nikahlarından 2 uşaqları anadan olduğundan və həmin uşaqlar anaları İddiaçı yanında qaldığından, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. İş materiallarında olan iddia ərizəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin məhkəmə İddiaçı hazırda maddi vəziyyətini nəzərə alaraq, xx.xx.2020-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək cavabdehdən hər ay 50 (əlli) manat məbləğində pulun tutulmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh ilə Əliyeva (Hacıyeva) Leyla Telman qızı arasında xx.xx.2016-cı il tarixdə 2814 nömrəli akt qeydi ilə 3 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7 anaları Əliyeva (Hacıyeva) Leyla Telman qızının yanında saxlanılmalı, xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində pul tutularaq Əliyeva (Hacıyeva) Leyla Telman qızının xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində pul tutularaq Əliyeva (Hacıyeva) Leyla Telman qızının xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh ilə Əliyeva (Hacıyeva) Leyla Telman qızı arasında xx.xx.2016-cı il tarixdə 2814 nömrəli akt qeydi ilə 3 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7 anaları Əliyeva (Hacıyeva) Leyla Telman qızının yanında saxlanılsınlar. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edisin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar