Məhkəmə qərarları › İş №2(001)-1354/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1354/2021

05.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1354/2021 05.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1.633 manat əmək haqqının və 2.000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2019-cu ildə cavabdeh şirkətdə memar-dizayner vəzifəsinə işə qəbul olunaraq müqavilə bağlamışdır. xx xxxxxx 2020-ci ilədək orada işləmiş, lakin əmək haqqı almamışdır. Hər dəfə bununla bağlı müraciət etdikdə onu aldadaraq əmək haqqını verməmişlər. Cavabdeh direktoru ona bildirmişdir ki, müqavilədə əmək haqqı 250 manat göstəriləcək, həmin məbləğdən başqa 450 manat isə nağd ödəniləcək. O, 700 manat əmək haqqının bütövünün niyə rəsmiləşdirilmədiyini soruşduqda isə bunu vergidən yayınmaq üçün etdiklərini bildirmişlər. Ona əmək haqqı almaq üçün “xxxx” ASC-dən kart da vermişlər. O, cavabdeh şirkətdə xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər işləsə də, cavabdeh şirkət heç bir əsas olmadan ona ödənilməli olan aylıq ödənc məbləğini və nəğd şəkildə ödəniləcək maaşını ödəməmişdir. Hətta o, 8 saat əvəzinə 10 saat işləmişdir. Şirkət rəhbərliyinin qohumları da onunla birgə işləyirdi, ancaq onların maaşı ödənilirdi. Bütün bunlara isə rəhbərliyin cavabı bu olmuşdur ki, “narahat olma, başım qarışıb, deputat seçilim, hər şey düzələr”. Bundan sonra, o, təkrar rəhbərliyin qəbulunda olaraq işləmək istədiyini, dolana bilmədiyini bildirmişdir. Lakin, rəhbərlik hər dəfə müxtəlif bəhanələrlə onu yola salmışdır. O da məcbur qalıb ərizəsini yazıb işdən çıxmışdır. Çünki, o, gənc qız olaraq pulsuz sıxıntılarla işə gedib-gələ bilmirdi. O, işdən çıxdıqdan bir müddət sonra cavabdeh şirkət barəsində Əmək Müfəttişliyinə şikayət etmişdir. Əmək Müfəttişliyi isə cavabdeh şirkəti cərimələsə də, cavabdeh yenədə onun əmək haqqını ödəməmişdir. Artıq o, başa düşmüşdür ki, cavabdeh şirkət müqavilə bağlandığı andan onu aldadır. Belə olan halda, cavabdeh tərəfindən xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər hər ay 700 manat olmaqla, 1.633 manat hesablanaraq əmək haqqı və ona dəymiş mənəvi zərərə, sarsıntıya görə 2.000 manat təzminat ödəniməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, cavabdeh şirkət tərəfindən iddiaçıya əmək haqqı kartı verilməsinə baxmayaraq bankdan əldə edilmiş hesabdan çıxarışdan görünür ki, iddiaçıya bir dəfə də olsun əmək haqqının köçürülməsi təyinatı ilə pul köçürülməmişdir. Həmin kart debet kart olduğundan iddiaçının özü tərəfindən pay point aparatı vasitəsilə müxətlif məbləğlərdə vəsait mədaxil edilmişdir. Əmək müqaviləsinin nüsxəsi iddiaçıya verilmədiyindən məhkəməyə təqdim etmək mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx xxxxxxxx 2018-ci il tarixli, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə Cavabdehndə memar-dizayner vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və işdən azad edilmişdir. Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə Cavabdehndə memar-dizayner vəzifəsinə qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixdə 33/3 saylı əmrlə isə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı adına “xxxx” Açıq Səhmdar Cəmiyyətində açılmış hesaba dair çıxarışdan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Cavabdeh tərəfindən İddiaçı hesabına hər hansı məbləğdə pul vəsaiti köçürülməmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə xx xxxx 2020-ci il tarixdə verdiyi izahatdan görünür ki, o, xx xxxxxxx 2019-cu il tarixdə Cavabdehndə işə başlamış, lakin əmək haqqı ödənilmədiyi üçün xx xxxxxx 2020-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. Buna baxmayaraq, işdən azad olunarkən işlədiyi aylar üzrə əmək haqqı ödənilməmişdir. Göstərilənlərə əsasən əmək haqqının alınıb ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh işçisi İddiaçı əmək müqaviləsinə xitam verilərkən sonhaqq hesabının verilməməsi ilə bağlı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1.400 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, onun xx xxxx 2020-ci il tarixli və xx xxxx 2020-ci il tarixli müraciətlərinə baxılmış və məlum olmuşdur ki, onunla bağlanan əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmiş, lakin son haqq-hesab ödənilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq Cavabdeh rəhbərinə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı əmək müqaviləsinə əsasən xx xxxxxxx 2019-cu il tarixdə cavabdeh şirkətdə memar-dizayner vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixdə isə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (iddiaçının təşəbbüsü ilə) əsasən xitam verilmişdir. Lakin, iddiaçının işlədiyi xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər işəgötürən tərəfindən işçinin adına əmək haqqı ödənişləri həyata keçirilməmişdir. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə şikayət ərizəsi ilə müraciət edərək, Cavabdehndə işlədiyi dövrdə hər hansı məbləğdə əmək haqqı almadığını bildirmişdir. Şikayətə əsasən bu qurum tərəfindən araşdırılma aparılmış və araşdırma nəticəsində Cavabdeh iddiaçıya münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozduğu aşkar edilmiş və bununla bağlı cavabdeh barəsində xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla isə cavabdeh şirkətin direktoru qeyd olunan inzibati xətanı törətdiyinə görə, barəsində 1.400 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hazırda iddiaçı cavabdeh şirkətdə xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər işlədiyi müddət üçün hər ay 700 manat əmək haqqı hesablanmaqla, cəmi 1.633 manat əmək haqqının və 2.000 manat mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; -35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -9-cu maddəsinin “d” bəndinə görə əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır; -83-cü maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; -154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; -155.2-ci və 155.3-cü maddələrinə əsasən minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz; -156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir; -172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; -172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. -178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işin hallarından göründüyü kimi iddiaçı Cavabdehndə memar-dizayner vəzifəsində işlədiyi dövrdə hər hansı məbləğdə əmək haqqı almadığını iddia edir. Bununla bağlı onun tərəfindən təqdim edilmiş, habelə məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətindən götürülmüş iddiaçıya məxsus olan hesabdan çıxarışda xx xxxxxxx 2019-cu il – xx xxxxxx 2020-ci il tarixlərini əhatə edən dövr üçün iddiaçıya hər hansı məbləğdə əmək haqqının köçürülmədiyi aşkar şəkildə görünür. Belə olan halda, məhkəmə iddia tələbininin “əmək haqqının ödənilməsi” hissəsini qismən əsaslı hesab edərək belə qənaətə gəlir ki, əmək haqqı qismində ödənilməli olan, lakin ödənilməyən əmək haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan aylıq əmək haqqının məbləği ilə bağlı isə qeyd edir ki, əmək qanunvericiliyinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. “Minimum aylıq əmək haqqının artırılması” haqqında xx xxxx 2019cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilmişdir. Sərəncamın bu hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi isə xx xxxxxxx 2019-cu il tarixdə, yəni qeyd olunan sərəncamın qüvvəyə mindiyi tarixdən sonra bağlandığından həmin əmək müqaviləsi üzrə əmək haqqının məbləği 250 manatdan aşağı olmayan həddə olmuşdur ki, iddiaçı da əmək müqaviləsində əmək haqqı məbləğinin məhz 250 manat məbləğində olduğunu iddia ərizəsində qeyd etmişdir. Bundan əlavə, iddiaçı cavabdeh şirkət tərəfindən ona hər ay 250 manat əmək haqqına əlavə olaraq 450 manat veriləcəyi ilə bağlı vəd verildiyini bildirsə də, belə razılaşmanı təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər ödənilməli olan əmək haqqı 500 (250 x 2 ay) manat, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ödənilməli olan əmək haqqı isə 124,92 manat (2020-ci ilin yanvar ayının iş günlərinin sayı 18-ə bərabər olduğundan 250/18=13,88 manat, 13,88 x 2 iş günü =27,76) hesablanmaqla, cəmi 527,76 manat əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “2.000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfdən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Təsvir edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdehndən ödənilməmiş əmək haqqına görə 527,76 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 4 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehndən ödənilməmiş əmək haqqına görə 527,76 (beş yüz iyirmi yeddi manat, yetmiş altı qəpik) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 4 (dörd) manatı İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar