Məhkəmə qərarları › İş №2(001)-1359/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1359/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1359/2023 10.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 10 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 26 mart 2016-cı il təvəllüdlü X7 adlı uşağın saxlanması üçün cavabdehdən tutulmalı alimentin məbləğinin artırılaraq hər ay 220 manat müəyyən edilməsi, 11 noyabr 2020-ci il təvəllüdlü X6 adlı uşağın saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması, uşaqların xəstəlik xərcinin qarşılanması üçün hər ay 300 manat, Rəsul adlı uşaq 3 yaşa çatanadək cavabdehdən əlavə olaraq hər ay 150 manatın, 300 manat məhkəmə xərcinin, 50 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(001)-7344/2017 saylı qətnaməsinə əsasən, Cavabdeh Ömər adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün 29 mart 2017-ci il tarixdən başlayaraq hər ay 137 manat sabit pul məbləğində alimentin və uşaq sağalanadək 50 manat alimentin İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Bundan sonra cavabdehlə birgə nikahdan 11 noyabr 2020-ci il təvəllüdlü Rəsul adlı uşaqları doğulmuşdur. Tərəflər uzun müddətdir ki, birlikdə yaşamırlar. İddiaçı hazırda uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır, heç yerdə işləmir, aylıq gəliri yoxdur. Uşaqların qidası, geyimi, təhsili ilə bağlı xərcləri ödəmək iqtidarında deyildir. Həmçinin, uşaqların xəstəlikləri ilə bağlı onun tərəfindən müntəzəm olaraq xərc çəkilməkdədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək, izahatında göstərdi ki, əvvəlki məhkəmə qətnaməsi çıxarılan zaman onun cavbadehlə birgə nikahından bir uşağı var idi. Ömər adlı həmin uşağın saxlanması üçün məhkəmə tərəfindən aylıq 137 manat alimentin cavabdehdən onun xeyrinə tutulması qərara alınmışdır. Sonradan 2020-ci ildə Rəsul adlı uşaqları doğulmuşdur. Hazırda o, cavabdehdən ayrı yaşadığından hər iki uşağın xərclərini təkbaşına ödəməli olur ki, buna maddi imkanı yoxdur. Hər iki uşağı normal qida, geyim ilə təmin etmək lazımdır. Digər tərəfdən, hər iki uşağı səhhətində problemlər var. O, uşaqların müalicəsinə də pul xərcləməli olur. Bütün bu xərclərin ödənilməsi üçün əvvəlki qətnamə ilə müəyyən edilmiş miqdarda aliment kifayət etmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün hüquqi xidmətlər göstərən şirkətlə müqavilə bağlamış, həmin şirkətə 300 manat ödəniş etmişdir. Həmçinin, mediasiya xərci kimi də 50 manat pul ödəmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh həm yaşayış ünvanı üzrə poçt vasitəsilə, həm də mobil telefonuna “Elektron məhkəmə” informasiya sistemindən SMS bildirişlə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq məlumat göndərilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya öz yazılı münasibətini bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 02 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 26 mart 2016-cı il təvəllüdlü X7 və 11 noyabr 2020-ci il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmamış uşaqları vardır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(001)- 7344/2017 saylı qətnaməsinə əsasən, Cavabdeh 26 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 29 mart 2017-ci il tarixdən başlayaraq hər ay 137 manat sabit pul məbləğində alimentin və uşaq sağalanadək 50 manat alimentin İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Həmin qətnamə ilə X3 “Eritrositlərin irsi fermentopatiyası Q6FD fermetinin defisiti” diaqnozu ilə dispanser qeydiyyatıdan olmaqla daimi hemotoloqun nəzarəti altında olduğu müəyyən edilmişdir. - Ambulator kartadan çıxarışdan görünür ki, X4 “inkişaf etapların ləngiməsi, qıcolma və spazm” diaqnozu qoyulmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.3-cü maddəsinə əsasən, valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. - 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. - 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. - 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. - 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. - 84.2 və 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənləri nəzərə alan məhkəmənin qənaətinə görə alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Ailə Məcəlləsinin 75.1-ci maddəsinin məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda sadalanan müddəlarını nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından olan 26 mart 2016-cı il təvəllüdlü Ömər adlı uşaqlarının yetkinlik yaşa çatanadək saxlanması üçün əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 190 manat sabit pul məbləğində müəyyən edilməli, habelə, tərəflərin birgə nikahlarından olan 11 noyabr 2020ci il təvəllüdlü Rəsul adlı uşaqlarının yetkinlik yaşa çatanadək saxlanması üçün də hər ay 190 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilən miqdarlar müəyyənləşdirilərkən məhkəmə uşaqların yaşını, normal, yəni qida rasionlarına uyğun qidalanmaları, geyimləri, Ömər adlı uşağın təhsili, istirahətlərinin səmərəli təşkili üçün xərcləri, 2023-cü il üzrə Azərbaycan Respublikasında uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun həddini və Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərini nəzərə almışdır. İddia tələbinin uşaqların xəstəlikləri ilə bağlı çəkilən xərclərə cavabdehin cəlb edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hər iki uşağın səhhətində problemlər olduğu, bununla bağlı iddiaçının müalicə xərcləri çəkdiyi işin mübahisələndirilməyən halı olduğundan, Ömər adlı uşağın müalicə xərci kimi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş 50 manat artırılaraq 100 manat müəyyən edilməli, habelə Rəsul adlı uşağın müalicə xərcləri kimi də cavabdehdən hər ay 100 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Digər tərəfdən, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından olan Rəsul adlı uşaqlarının saxlanması üçün, habelə müalicə xərclərinə görə cavabdehdən tutulmalı alimentin hesablanması iddia ərizəsinin verildiyi 17 yanvar 2023-cü il tarixdən aparılmalıdır. Mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 16(001)-35/2023 saylı qərardadından görünür ki, həmin qərardadla iddiaçının ərizəsi əsasında Rəsul adlı uşağın saxlanması üçün məhkəmə qətnaməsi çıxarılanadən Cavabdeh hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin 17 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Qətnamə icra edilərkən məhkəmənin bu qərardadı nəzərə alınmalıdır. Ömər adlı uşağın saxlanması üçün, habelə müalicə xərclərinə görə cavabdehdən bu qətnamə ilə tutulmalı alimentin hesablanması qətnamənin çıxarıldığı 10 mart 2023-cü il tarixdən aparılmalıdır. İddia tələbinin Rəsul adlı uşaq 3 yaşa çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 84.2-ci maddəsində ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malik olmadı göstərilmişdir. Hazırki halda cavabdehin bu məbləğdə alimenti ödəməyə zəruri vəsaitinin olmasını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, habelə bu vəsaitə cavabdehin malik olması işin məhkəmə araşdırılması ilə də müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərcləri hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşin halları ilə müəyyən edilir ki, iddiaçı ilə “AZKON X5” MMC arasında “aliment və xəstəlik xərcləri ilə bağlı iddia ərizəsinin hazırlanması və birinci instansiya məhkəməsində işə baxıb yekunlaşanadək hüquqi müşaiyətin edilməsi” işlərinin görülməsi üçün 25 noyabr 2022-ci il tarixdə müqavilə bağlanmış, müqavilə üzrə xidmət haqqı 300 manat təşkil etmişdir. Məhkəmə sadalanan işlərin görülməsi üçün 300 manat xidmət haqqını ağlabatan məbləğ olaraq qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2018-ci il tarixli Sərəncamından irəli gələrək Vəkillər Kollegiyası tərəfindən Bakı şəhərində, regionlarda və müxtəlif sosial ünvanlarda mütamadi olaraq aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım həyata keçirildiyi halda iddiaçının öz seçiminə görə vəkil qurumu olmayan şirkətə hüquqi xidmətin göstərilməsi ilə bağlı ödədiyi xidmət haqqının bütövlükdə cavabdehdən tutulmasını məhkəmə ədalətli hesab etmir. Buna görədə iddia bu hissədə də qismən təmin edilməli, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi kimi 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu (Rəsul adlı uşağa görə 190 manat + Ömər adlı uşağa görə 53 manat (190-137 manat) = 243 manat x 12 ay = 2916) 2916 manat təşkil etdiyinə görə və iddia qismən olunduğuna görə məhkəmə hesab edir ki, ödənilməli 49 manat məbləğində dövlət rüsumunun 40 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Habelə, ilkin mediasiya sessiyasında iştirakla bağlı iddiaçı 60 manat dövlət rüsumu ödəmişdir ki, iddia qismən təmin edildiyindən həmin rüsumun 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan 26 mart 2016-cı il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması və müalicə xərcləri üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(001)-7344/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin, X3 yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 190 manat, müalicə xərcləri kimi isə sağalanadək hər ay əlavə olaraq 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Bu qətnamə ilə müəyyənləşdirilmiş miqdarda alimentin hesablanması və tutulması qətnamə çıxarıldığı 10 mart 2023-cü il tarixdən aparılsın. İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan 11 noyabr 2020-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 190 manat, müalicə xərcləri kimi isə sağalanadək hər ay əlavə olaraq 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Bu qətnamə ilə müəyyənləşdirilmiş miqdarda alimentin tutulması qətnamə çıxarıldığı 10 mart 2023-cü il tarixdən, hesablanması isə iddia ərizəsinin verildiyi 17 yanvar 2023-cü il tarixdən aparılsın. Qətnamənin bu hissədə icrası zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin “müvəqqəti alimentin tutulmasına dair” 30 yanvar 2023-cü il tarixli, 16(001)-35/2023 saylı qərardadı nəzərə alınsın. Hüquqi yardıma çəkilən xərcin əvəzi kimi 100 manat, mediasiya xərcinin əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumu kimi 40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar