Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1393/2021 15.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh Ataxanlı Şöhlət Cümşüd oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Ataxanlı Şöhlət Cümşüd oğluna qarşı “cavabdehin əlavə xərclərdə iştiraka cəlb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Ataxanlı Şöhlət Cümşüd oğluna qarşı “cavabdehin əlavə xərclərdə iştiraka cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun təhsil aldığı müddətdə hər ay 500 (beş yüz) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə X1 birgə nikahlarından doğulmuşdur. Onların nikahları Binəqədi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2(001)-923/2014 saylı qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahlarından xx xxxx 2002-ci ildə o, xx xxxxxx 2004-cü il təvəllüdlü Ataxanlı Cəlil Şölət oğlu və xx xxxx 2007-ci il təvəllüdlü Ataxanlı Könül Şölət qızı olmuşlar. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarix 2(103)-5884/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-1626/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı, xx.xx.2004-cü il təvəllüdlü Ataxanlı Cəlil Şölət oğlu və xx.xx.2007-ci il təvəllüdlü Ataxanlı Könül Şölət qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh X1 xeyrinə hər ay hər uşağa görə tutulan alimentin miqdarı 170 manat məbləğdən olmaqla, cəmi 510 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Onun artıq 18 yaşı tamam olmuş və onun yetkinlik yaşına çatması ilə bağlı qətnamənin ona aid hissəsində aliment ödənilməsi dayanmışdır. O, hal-hazırda Azərbaycan Dövlət iqtisad Universitetinin İİ kursunda oxuyur və həmin Univesitet tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli TİM/07563/2020 saylı arayışa əsasən İddiaçı hal-hazırda bakalavriat səviyyəsi üzrə Türk dünyası iqtisad fakültəsinin “Marketinq” ixtisasının dövlət sifarişli əyani İİ il P-258 saylı qrup tələbəsidir. Təhsil müddəti 4 ildir və xx.xx.2023-cü il tarixdə bitəcəyi nəzərdə tutulmuşdur. O, əyani təhsil alır, heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Atası Cavabdeh gəlirləri barədə onda heç bir məlumat yoxdur. Atası uzun müddətdir ki, xarici ölkələrin açıq sularda gəmiçilik şirkətləri ilə müqavilə əsasında fəaliyyət göstərir və yüksək əmək haqqı alır. Anası heç bir yerdə işləmir. Ailələri maddi cəhətdən ağır vəziyyətdədir. Anasının alimentdən aldığı pul vəsaiti ilə onun təhsil üçün çəkilən xərcləri ödəməyə imkanı yoxdur. Atası Cavabdeh onun təhsil aldığı müddət ərzində normal təhsil alması üçün hər ay 300-500 manat məbləğində maddi cəhətdən köməklik göstərməsinə çox ehtiyacı vardır. O, atasına bu barədə bir neçə dəfə bildirsə də, o, aliment verdiyini bəhanə edərək bundan imtina edir. Qeyd edilənlərə əsasən Cavabdeh onun təhsil aldığı müddətdə hər ay 500 (beş yüz) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Ataxanlı Şöhlət Cümşüd oğlu izahat verərək bildirmişdir ki, onun maddi imkanını yoxdur, xəstədir, 2 uşağa aliment verir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinin hüquqi əsası olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavriat səviyyəsi üzrə Türk dünyası iqtisad fakültəsinin “Marketinq” ixtisasının dövlət sifarişli əyani təhsilin İİ il P-258 saylı qrup tələbəsidir və dörd illik təhsil müddətini xx.xx.2023-cü il tarixinədək bitirməsi nəzərdə tutulur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı X2 filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh “Məşğulluq” altsistemində xx.xx.2019-cu il tarixindən işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemindən əldə olunan məlumata əsasən Cavabdeh xx.xx.2020-ci il tarixinə qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştiraka cəlb edilməsi qaydalarını və hallarını nəzərdə tutan Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələblərinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, valideynlərin əlavə xərclərə cəlb edilməsi valideynlərin aliment öhdəliklərindən fərqlidir. Belə ki, aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda (Ailə Məcəlləsinin 75-ci maddəsi), əlavə xərclərin əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş müstəsna hallar təşkil edir. Bu hallara – uşağın ağır xəstə olması, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər daxildir. Eyni zamanda qanunverici tərəfindən bu halların dairəsi dəqiq müəyyən edilməmiş və qeyd olunan maddəyə geniş məna daşıyan digər hallar da aid edilmişdir. Lakin valideynlərin əlavə xərclərə cəlb edilməsinin məqsədini və qanunverici tərəfindən müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə qeyd edir ki, digər hallara istənilən xərcləri deyil, məhz uşağın səhhəti və əmək qabiliyyətsizliyindən irəli gələn müstəsna hallardan yaranan və onun ödənilməsi zəruri olan xərcləri aid etmək olar. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki işdə Ailə Məcəlləsinin 81.1-ci maddəsində göstərilən müstəsna hallardan heç biri mövcud deyildir. Həmin maddədə göstərilən digər hallara isə yetkinlik yaşına çatmış şəxsin təhsilinə görə ödənilən məbləği aid etmək olmaz. Müstəsna hallar xarakterinə görə elə hallardır ki, başqalarından fərqlənməklə yanaşı onları qabaqcadan görmək də mümkün deyil. Məhkəmə tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normaları elə tərzdə tətbiq edilməlidir ki, nəticədə digər şəxslərin qanunla qorunan hüquq və maraqlarına, eləcədə əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Qeyd olunanların yekunu olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ataxanlı Şöhlət Cümşüd oğluna qarşı “cavabdehin əlavə xərclərdə iştiraka cəlb edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, iddiaçı qanunla nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən iş üzrə dövlət rüsumu ödənilməmişdir. Həmçinin məhkəmə nəzərə alır ki, iddia rədd edildiyindən dövlət rüsumu cavabdedən tutulmamalıdır. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Eyni Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Ataxanlı Şöhlət Cümşüd oğluna qarşı “cavabdehin əlavə xərclərdə iştiraka cəlb edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1393/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1393/2021
15.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver