Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1415/2024 08.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan qızları X1 üçün aylıq 235 manat alimentin tutulması, uşaq üç yaşına çatanadək əlavə xərclərdə iştirak üçün ayda 100 manat olmaqla, toplam 335 manat alimentin xx.xx.2023-cü il tarixdən hesablanmaqla tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Rəsmi nikaha daxil olandan bir ay sonra xx.xx.2022-ci ildə ünvan 1 ünvanına gəlin köçmüşdür. Cavabdehlə aralarında heç bir problem olmasa da, birgə yaşadıqları evdə valideynləri tərəfindən dəfələrlə alçaldılmış, təhqir olunmuş, mənəvi- psixoloji şiddətə məruz qalmışdır. xx.xx.2023-ci il tarixində təkrar cavabdehin valideynləri tərəfindən özünün və ailəsinin alçalmasına dözməyərək (həmin vaxtı hamiləliyinin son ayında idi) yoldaşına evdən çıxmaq istədiyini bildirmişdir. Dəfələrlə cavabdeh özü valideynləri ilə mübahisədə evdən çıxacağını, ayrı yaşayacaqlarını bildirirdi. Həmin gün ona də "get, arxanca gələcəm" vədini verərək onu atası ilə yola salmışdır. Birgə nikahdan xx.xx.2023-cü ildə X4 adlı qızı dünyaya gəldi. Doğuş yüksək stress və yüksək tonus səbəbilə erkən başa çatdığına görə qızı X4 bir müddət küvezdə qaldı. Cavabdeh şəxs ayrı evə çıxacaqlarını vəd versə də, xəstəxanada olarkən ona təkrar onların evinə qayıtmağı təklif etdi. Özü isə övladının və özünün ruhi, mənəvi və psixoloji sağlamlığını düşünərək bunu qəbul etməmişdir. Buna görə də cavabdeh onları xəstəxanadan çıxarıb atasının evinə gətirdi. Yalnız ilk bir ay müddətində övladının atası qızına 3 dəfə yemək (süni qida) və 3 dəfə pampers alıb. Və özü də bildirib ki, “rayonda anasının yanında olsan, sizdən arxayın olacam.” Getmək istəməsə də, yoldaşının sözü ilə razılaşıb rayona-anası və atasının yanına getmişdir. Bundan sonra uşağın bütün xərclərini atası qarşılayıb. Son yeddi ay ərzində təkcə müalicə və müayinə xərclərinə görə 3500 manatdan çox pul xərclənib. Cavabdeh uşağın saxlanma xərcləri ilə bağlı demək olar ki, heç bir kömək etməyib. Dəfələrlə çağırsada ki, uşağı həkimə aparmaq lazımdır, hər dəfə müxtəlif bəhanələrlə boyun qaçırır. Beləliklə də, Cavabdeh qızının və onun hüquqlarını kobud surətdə pozur. Hesab edir ki, cavabdeh birgə nikahdan olan qızının saxlanması üçün könüllü kömək etmədiyi üçün məhkəmə qaydasında aliment kəsilməlidir. Bu barədə rəsmi ərizə ilə 2 saylı Mediasiya təşkilatına müracət etmişdir. Lakin cavabdeh mediasiya təşkilatına gəlməkdən də boyun qaçırdı. Cavabdehlə birgə yaşadıqları müddətdə AQTAda polis serjantı kimi çalışırdı. İndiki gəlirləri barədə heç bir məlumatı yoxdur. Kifayət qədər imkana malikdir. Bütün bunları nəzərə alaraq, alimentin minimum 235 manat sabit pul məbləğində tutulması məqsədə müvafiqdir. Qızı Fatimə 7 aylıqdır. Doğuşdan ürəyində dəlik olduğundan, daimi müalicəyə və müayinəyə ehtiyacı var. Belə ki, 3 yaşına kimi görməsi, eşitməsi və ürəyi ilə bağlı həkim nəzarətində olmaqla, vaxtı-vaxtında müalicə və müayinə almalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, 2 gün sonra uşaq 9 aylıq olur. Cavabdeh uşağın müayinə və müalicəsində iştirak etmir. Uşağın ürəyində tez doğulduğu üçün qüsur var və 3 yaşına kimi müalicə olmalıdır. Belə ki, küvəzdə çox qaldığı üçün gözü müayinə olmalıdır. Uşaq körpə olduğundan hazırda özü işləmir. Bundan başqa iddia tələbində qeyd etdiyi ifadəsinii dəqiqləşdirərək,uşaq 3 yaşına çatanadək özü üçün 100 manat məbləğində alimentin tutulmasını xahiş edir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehin təkidi ilə Hacıqabul rayonu, Qubalıoğlan kəndinə ata evinə getmişdir. Cavabdeh həmin müddətdə bir dəfə pul göndərib. Artıq neçə müddətdir ki, uşaqla maraqlanmır, uşağın saxlanılmasında iştirak etmir. Dəfələrlə cavabdehə uşağı görməsini bildirsə də, işdən çıxa bilməməsi bəhanəsi ilə uşağı görməmişdir. Öz atası bir dəfə onları Bakıya gətirib və cavabdeh uşaqla görüşüb. Özü hazırda atasının Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən evində bacısı və qardaşı ilə birgə yaşayır. Cavabdehlə nikahları pozulmayıb.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq iddiaçı ilə nikahın pozulmasına razı olduğunu, vaxt verilmədən nikahın pozulmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdehlə telefon vasitəsilə əlaqə saxlanılan zaman iddia ərizəsinin ona çatdırıldığını, lakin iddia ərizəsinə fikir vermədiyini, bu səbəbdən də məhkəməyə ünvanladığı teleqramda nikahın pozulmasına münasibət bildirdiyini qeyd etmişdir. Cavabdeh həmçinin Binəqədi rayon Mühafizə İdarəsində işlədiyini, aylıq 580 manat əmək haqqı aldığını, iddiaçıya 235 manat aliment ödəməyə razı olduğunu, lakin cavabdeh kredit borcu olduğu üçün uşağın üç yaşına çatanadək 100 manat iddiaçıya ödəniş etməsinə razı olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 501444 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 aprel 2022-ci il tarixində 903 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Sadıqlı” soyadı verilmişdir.
9. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 760066 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
10. “Güven” Klinik tərəfindən verilən ödəniş qəbzlərindən görünür ki, xəstə X3 nevroloq müayinəsi üçün xx.xx.2023-cü il tarixində 67 manat, pediatr müayinəsi üçün xx.xx.2023-cü il tarixində 59 manat, xx.xx.2023-cü il tarixində pediatr müayinəsi üçün 70 manat, xx.xx.2023-cü il tarixində verilən analizlər üçün 62 manat, xx.xx.2023-cü il tarixində dərman və serum taxılması üçün 36 manat, xx.xx.2023-cü il tarixində pediatr müayinəsi üçün 59 manat, xx.xx.2023-cü il tarixində oftolmoloq müayinəsi üçün 47 manat, xx.xx.2023-cü il tarixində laboratoriya üçün 60 manat, xx.xx.2023-cü il tarixində pediatr müayinəsi üçün 59 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. Cavabdeh ilə X2 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 aprel 2022-ci il tarixində 903 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Sadıqlı” soyadı verilmişdir.
12. Tərəflər arasında olan rəsmi nikahdan xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuşdur. Hazırda tərəflər ayrı yaşayırlar və uşaq ananın himayəsindədir.
13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın saxlanması üçün aylıq 235 manat sabit pul məbləğində alimet və uşaq 3 yaşına çatanadək özü üçün 100 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
15. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. 76.1.1-ci maddəsində qeyd edilmişdir ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
21. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir
22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
23. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən, birgə münasibətlərindən doğulmuş uşaq halhazırda iddiaçının, yəni ananın himayəsində olduğundan, iddiaçı cavabdehdən aliment tələb etməkdə haqlıdır.
25. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X3 mənafeyini, əvvəlki təminatının səviyyəsini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumumu haqqında tələbləri, cavabdehin buna razılığını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay 220 manat, xx.xx.2024-cü il tarixdən isə hər ay 235 manat alimentin tutulması işin hallarına, tərəflərin və uşaqların mənafeyinə uyğundur.
26. Xüsusilə vurğulanmalıdır ki, aliment ödəməli olan əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, sabit pul məbləğində müəyyən edilən alimentin uşaqlar üçün həmin dövr üçün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum ehtiyaclarının qarşılanmasına yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşaqlarının maddi tələbatlarını ödəməyə borcludur.
27. Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.
28. Bu səbəbdən də məhkəmə hesab edir ki, aliment məbləği xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.
29. İddia tələbinin uşaq 3 yaşına çatanadək ana üçün ödənilməli olan aliment məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:
30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
31. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
32. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad və.s
33. Məhkəmə əvvəla qeyd edir ki, uşaq 3 yaşına çatanadək arvada ödənilməli olan aliment öhdəliyinin bir sıra xüsusiyyətləri vardır. Birincisi ər zəruri vəsaitə malik olmalıdır, ikincisi ərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır, üçüncüsü tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmalıdır.
34. Məhkəmə tərəflərin uzun müddət faktiki olaraq ayrı yaşamasını, uşağın körpə olmasını və bununla bağlı ananın əmək fəaliyyəti ilə məşğul olması imkanının məhdudluğunu, uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğini nəzərə alaraq hesab edir ki, uşağın 3 yaşına çatanadək arvadın xeyrinə tutulmalı olan alimentin məbləğinin hər ay üçün 100 manat məbləğində müəyyən edilməsi tərəflərin mənafeyinə uyğundur. Belə ki, cavabdehin əmək fəaliyyəti ilə məşğul olaraq aylıq 580 manat əmək haqqı almağı onun zəruri vəsaitə malik olmasını təsdiq edir. Üstəlik hal-hazırda nikahda olan şəxslərin, yəni ər-arvadın bir-birinə maddi cəhətdən kömək etməli olması qanundan irəli gələn vəzifədir və cavabdehin yalnız uşağa aliment ödəməklə bu vəzifədən yayınması qəbul edilə bilməz.
35. Aliment isə məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olduğundan arvadın xeyrinə tutulan aliment xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. Tətbiq edilən prosessual normalar:
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
39. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
40. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
41. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
42. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
43. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nəticə:
44. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay 220 (iki yüz iyirmi) manat, xx.xx.2024-cü il tarixdən isə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
45. Eyni zamanda iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun çatışmayan hissəsində 10 manat məbləğində vəsait cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay 220 (iki yüz iyirmi) manat, xx.xx.2024-cü il tarixdən isə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun çatışmayan hissəsində 10(on) manat məbləğində vəsait Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev