Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1419/2024 19.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “X1 Agentliyi”nin (MİNA TV.az saytı) baş redaktoru, ümumilikdə 30-dan çox kitabın müəllifidir. “Vicdan Yolçusu” adlı növbəti kitabını çapa hazırlayarkən, şəxsi kompyuterinin format olunması zərurəti yaranmışdır. Bu məqsədlə proqramçı axtararkən, əvvəlki kitablarının çapında onunla əməkdaşlıq edən dizayner-proqramçı Cavabdeh kompyuteri ofisdə format etməyi öz öhdəsinə götürmüş, iddiaçı isə ona inanaraq razılaşmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə nahar fasiləsi ərəfəsində ofisə gəlmiş və zəhmət haqqını öncədən alaraq işə başlamışdır. İşə başladıqdan sonra öz flaş kartını hardasa unutduğunu bildirərək, format etmək üçün müəyyən proqramların yüklənməsi lazım olduğunu bildirərək, iddiaçının flaş kartını istəmişdir. İddiaçı isə cavabdehə bildirmişdir ki, həmin flaş kartda onun son 2 ildə yazdığı 277 səhifəlik çapa hazırlanan “Vicdan Yolçusu” adlı roman, 50 səhifəlik “Rübailər və Aforizmlər” başlıqlı 350 bənddən ibarət bu və digər şeirləri, eləcə də təqribən 25 səhifəlik publisistik və hüquqi mövzuda yazılarının olduğunu və onları silinə biləcəyini bildirmişdir. Cavabdeh isə cavabında “narahat olma, silinməz” deyə bildirmişdir. Bundan sonra o flaş kartı cavabdehə vermiş, cavabdehdə flaş kartı götürərək redaksiyanı tərk etmiş və geri qayıtmamışdır. Həmin gün dəfələrlə iddiaçı cavabdehə zəng etsə də, hər dəfə gəlirəm deyərək, axşama kimi yubatmış, sonda isə gələ bilməyəcəyini qeyd edərək, sabah gəlib format edəcəyini bildirmişdir. Səhəri gün gəlib günortaya qədər çalışsa da, işi yekunlaşdıra bilmədiyindən bir neçə mütəxəssisə zəng edib, müəyyən əməliyyatları necə etmək olduğunu soruşmuş, lakin nəticə hasil edə bilməmişdir. Günortadan sonra “nahardan sonra gəlib yekunlaşdıracam” deyərək ofisi tərk etmiş, həmin gün yenə geri dönməmişdir. İddiaçı növbəti günlərdə dəfələrlə Farizə zəng etsə də, sonda bezərək zəng etməkdən vaz keçmiş və öncəki illərdən tanıdığı başqa bir ustaya zəng edərək kömək istəmiş, usta gəlib kompyuteri götürərək aparmış və qısa müddətdə format etdikdən sonra kompyuteri gətirərək təhvil vermişdir. O gedəndən sonra iddiaçı flaş kartdakı faylları kompyuterə yükləmək istəyərkən, yüklədiyi faylların heç birinin olmadığını, flaş kartda yalnız cavabdehin yüklədiyi proqramların olduğunu görmüşdür. Dəhşətə gələrək sonuncu ustaya zəng etmiş, o isə təkrarən ofisə gələrək, xüsusi cihaz vasitəsilə flaş kartı, köhnə diskin yaddaşını yoxlasa da, yazıların heç birini tapa bilməmiş və bildirmişdir ki, “məndən öncə bu flaş kart kimin əlində olubsa, itmiş faylları ondan soruş”. Cavabdeh iddiaçının daha öncəki zənglərini açmadığından, ona zəng etmək istəməmiş və başqa bir tanışının vasitəsi ilə cavabdehə xəbər göndərərək, flaş kartdan sildiyi fayları dərhal geri qaytarmazsa ondan şikayət edəcəyini bildirmişdir. Daha sonra cavabdeh ofisə gələrək ona böhtan atdığını bildirmişdir. İddiaçı isə onu başa salmışdır ki, flaş kartı proqram yükləmək adı ilə o götürüb, qaytardıqdan sonra isə faylların silindiyini, yalnız onun yazdığı proqramların qaldığını görüb. Lakin cavabdeh bu faktı boynuna almayıb. Həmçinin cavabdeh iddiaçının ziyalı və işgüzar nüfuzuna xələl gətirmək məqsədilə müxtəlif yollara əl atmışdır. Sübut olaraq isə, xx.xx.2023-cü il tarixdə cavabdehin dizaynerliyi ilə çapdan çıxmış “Sirli Dünya” adlı poeziya antologiyasının 391-ci səhifəsinin mündəricat hissəsində, sözügedən antologiyada şeir publisistik yazıları dərc edilmiş 48 müəllif sırasında, yalnız iddiaçının şair ad və təxəllüsü “Dədə yaqub məğrur” formasında kiçik hərflərlə yazılması bir sübutdur. İddiaçı hesab edir ki, cavabdehin flaş kartın yaddaşını qəsdən silməsi faktı oğurluq və dələduzluqdur. Bu səbəbdən də o polis şöbəsinə müraciət etmiş, lakin cinayət işinin başlanması rədd edilərək, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi rədd edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, İddiaçı şikayət ərizəsi əsasında aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilməmiş, şikayətçiyə mülki qaydada məhkəmə orqanlarında iddia qaldırmaq hüququ izah edilmişdir. Həmçinin qərarda müəyyən edilir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında şikayətçinin yazdıqlarının tamamilə şər-böhtan və qərəzli olduğunu, İddiaçı flaş kartını ümumiyyətlə götürmədiyini və silmədiyini bildirmişdir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Həmçinin iddiaçı məhz cavabdehin hərəkəti nəticəsində ona dəymiş ziyanı sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, aşağıda sadalanan hallar iddia tələbinin rədd edilməsi üçün əsasdır: iddiaçının hüquqlarının pozulması müəyyən edilməmişdirsə; iddiaçının iddia tələbinin qanuni əsası yoxdursa (qanunda nəzərdə tutulmamışdırsa) iddiaçı iddia irəli sürməyə imkan verən subyektiv mülki hüquqa malik deyildirsə; iddiaçının iddia tələbi cavab verməli olmayan şəxsə qarşı yönəlmişdirsə; iddia müddəti ötürülmüşdürsə; iddiaçı məhkəmədə hüquqlarının pozulmasını sübuta yetirə bilməmişdirsə (sübutların təqdim edilməməsi) və s. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istinad etdiyi halları məhkəmədə sübut yetirə bilmədiyindən və buna dair heç bir mötəbər sübut təqdim etmədiyindən, iddia tələbi təmin edilməməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1419/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1419/2024
19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver