Məhkəmə qərarları › İş №2(001)-1425/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1425/2022

16.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1425/2022 16.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21 iyul 2005-ci il təvəllüdlü X1 və 10 yanvar 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 368 manat məbləğində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 21 iyul 2005-ci il təvəllüdlü X4 və 10 yanvar 2008-ci il təvəllüdlü X9 anadan olmuşdur. 2011-ci ildə nikahları pozulmuş, uşaqlar onun himayəsində qalmışdır. Cavabdeh könüllü olaraq son iki ildə uşaqlara görə cəmi 150 manat aliment ödəyir. Lakin həmin məbləğ uşaqların bütün ehtiyaclarını ödəmir. Təkbaşına ehtiyaclarını ödəmək onun üçün çətindir. Bu səbəbdən məhkəməyə müraciət edib cavabdehdən rəsmi qaydada alimentin tutulmasını xahiş edir. Cavabdeh məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddianı qəbul etmir. O, iddiaçı ilə 2004-ci ildə ailə qurandan sonra dünyaya gələn hər iki övladının indi ki dövrə qədərdə məhkəmə olmadan belə hər ay atalıq borcunu yerinə yetirərək alimentlərini vaxtlı-vaxtında ödəyərək qayğılarına qalmışdır. 2010-cu ildə rəsmi nikahlarının pozulmasına baxmayaraq X5 özü və yenidən qurduğu ailəsi baxmışdır. Hərbidə işlədiyinə görə uzaqda olsa belə hər ay onlar üçün 480 manat məbləğindən 150 manat pul göndərir. Bu pulları poçt vasitəsi ilə iddiaçıya göndərir. Lakin iddiaçı yalanlara əl ataraq uşaqlara onun baxıdığını deyir. Onlar arasında yalnız boşanma məhkəməsi olmuşdur. Öz aralarında olan sövdələşməyə baxmayaraq yenədə heç bir səbəb olmadan məhkəməyə müraciət etmişdir. 28 iyul 2010-cu ildə iddiaçı iki övladından imtina etməsi barədə ona yazılı sürətdə mürciət etmişdir. Müəyyən dövr keçəndən sonra hərbi işi ilə əlaqədar övladlarına o, baxaram deyib götürmüşdür. Amma onunla belə yenə də onun qarşılığında əlavə pul istəyir. Uşağı 8 yaşından yuxarı olan hər bir valdeyin işləməlidir. İddiaçı isə işlədiyi yeri gizlədir və alimentin miqdarını qaldırmaq istəyir. Bu da o deməkdir ki, alimentdən istifadə edərək ailə gəlirlərini gizlədir. O, X10 ilə 03 mart 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan 2011-ci ilin avqust ayının 27-si X6 dünyaya gəlmişdir, hal-hazırda məktəblidir. Onun hərbidə işləməyini, himayəsində azyaşlı övladının olmasını və həyat yoldaşının işləməməsini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı, 641448 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 iyul 2005-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır; AZ-İV seriyalı, 537343 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 yanvar 2008-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır; AZ-İ seriyalı, 118867 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah 03 noyabr 2010-cu il tarixdə ləğv edilmişdir. AZ-İ seriyalı, 636503 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında nikah 03 mart 2011-ci il tarixdə bağlanmışdır. AZ-İİ seriyalı, 737863 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 avqust 2011-ci təvəllüdlü X2 atası Cavabdeh, anası X7r. 28 iyul 2010-cu il tarixdə İddiaçı tərəfindən yazılmış iltizamdan görünür ki, o, uşağı X8 Cavabdeh verir, onun narazılığı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından doğulmuş 21 iyul 2005-ci il təvəllüdlü X4 və 10 yanvar 2008-ci il təvəllüdlü X9 iddiaçının himayəsindədirlər. Cavabdeh uşaqların saxlanılması üçün 150 manat məbləğində iddiaçıya ödəniş edir. Həmin məbləğdə aliment uşaqların saxlanması üçün kifayət etmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, tərəflərin birgə nikahından doğulmuş uşaqların sayını, cavabdehin yeni nikahından bir uşağının dünyaya gəldiyini, hər iki nikahdan olan uşaqların mənafelərini və uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 17 yanvar 2022-ci il tarixdən başlayaraq uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin cavabdehin etirazı ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, cavabdehin ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan bir uşağının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşağın saxlanması vəzifəsindən azad etmir. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1 və 172.1.1-ci maddələrinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 21 iyul 2005-ci il təvəllüdlü X1 və 10 yanvar 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar