Məhkəmə qərarları › İş №2(001)-1437/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1437/2024

19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1437/2024 19.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 25 iyul 2012-ci il tarixdə Salyan rayon Çuxanlı kənd İnzibati ərazi nümayəndəliyində birgə nikaha daxil olmuşdur və birgə nikahlarından iki uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən nikahın pozulması barədə iddia ərizəsi vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahda olan dövrdə ailələrinin ehtiyacları üçün "xxxx" KB ASC-nin Salyan filialından 02 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 32 faiz olmaqla 2200 ABŞ dolları kredit götürmüşlər. Bunun ailə ehtiyacları üçün olması cavabdehin anası X6 və dostu X2 zamin kimi müqaviləyə imza etmələrindən görmək mümkündür. Həmin krediti ailə ehtiyacları üçün götürsələr də, cavabdeh həmin pulu özü xərcləmiş və həmin pul heç ona gəlib çatmamışdır. Həmin kredit müqaviləsi üzrə ödənişlər ödənilmədiyindən Salyan Rayon Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli 2(057)-3551/2016 saylı əmri ilə əsas borc üzrə 1398.45 ABŞ dolları, faiz borcu üzrə 316.50 ABŞ dolları, cərimə borcu üzrə 252.32 ABŞ dolları olmaqla, cəmi 1867.27 ABŞ dolları borcun ödəniş gününə olan məzənnə ilə ondan və digər cavabdehlər X4 və X1 tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. O, hesab edir ki, həmin borc birgə nikah dövründə yarandığından və ailə ehtiyacları üçün götürüldüyündən Ailə Məcəlləsinin tələblərinə əsasən bərabər bölünməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 02 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən qalan borcun – 1967.27 aBŞ dollarının ½ hissəsinin, yəni 983.6 ABŞ dollarının – 1672.12 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, hazırda onun banka 1494.72 ABŞ dolları borcu vardır. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Lakin məhkəmənin hazırlıq iclasında iştirak edərək ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, həmin kredit məbləğinin iddiaçı tərəfindən cehizlərin alınmasına üçün götürüldüyünü əsas gətirməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə X9 arasında bağlanmış 02 aprel 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X7 illik 32 faiz olmaqla 18 ay müddətinə 2200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən X10 və X8, yəni zaminlər borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən məlum olur ki, X5 706micSLY/15 saylı kredit müqaviləsi üzrə 1494.72 ABŞ dolları borcu vardır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-3551/2016 saylı 02 sentyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən məlum olur ki, X3, X1 və X4 02 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1398.45 ABŞ dolları əsas, 316.50 ABŞ dolları faiz borcu, 252.32 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1967.27 ABŞ dolları borcun ödəniş gününə olan məzənnə üzrə manatla və 20 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsi təsbit edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə uyğun olaraq ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 34-cü maddəsinə uyğun olaraq nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir və mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ərarvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətə layiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulamışdır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər 25 iyul 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikahda olduqları dövrdə iddiaçı X9 ilə "xxxx" KB ASC arasında 02 aprel 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən X7 illik 32 faiz olmaqla 18 ay müddətinə 2200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən X10 və X8, yəni zaminlər borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. "xxxx" ASC tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli maliyyə arayışı ilə təsdiq edilmişdir ki, X5 hazırki günədək həmin kredit müqaviləsi üzrə 1494.72 ABŞ dolları borcu vardır. İddiaçı G.Abuşova bankdan götürmüş olduğu kredit məbləğinin ailə ehtiyacları üçün xərcləndiyini bildirsə də, həmin faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəməyə yalnız borcun mövcudluğunu təsdiq edən sübutları təqdim etmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, iddiaçı ilə yanaşı borc məbləğinin ödənilməsinə cavabdehin anası - X10 və dostu X8 zamin olaraq borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər və Salyan Rayon Məhkəməsinin 2(057)-3551/2016 saylı 02 sentyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən cəmi 1967.27 ABŞ dolları borcun X9 ilə yanaşı X1 və X4 da "xxxx" KB ASC-nin xeyrinə tutulması əmr edilmişdir, yəni iddiaçı həmin borcu ödəmək iqtidarında olmadığı halda borc məbləği həmin şəxslərdən tutulacaqdır. Məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, belə qənaətə gəlir ki, iddiaçı tələblərinin əsası kimi göstərdiyi halları mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar