Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1440/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “vurulmuş maddi zərərinin və ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ona ödənilməmiş 2.967 manat əmək haqqının, ödənilməmiş məzuniyyət üzrə pul əvəzinin və son-haqq hesabın hesablanaraq ödənilməsi və işəgötürənin təqsiri üzündən əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin hesablanaraq cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 5.300 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 5.330 manat pulun tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilmişdir. Bundan sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini son haqq-hesabın, o cümlədən məzuniyyət haqqının tutulması hissəsində azaltdığını və bu tələblər üzrə ayrıca iddia qaldıracağını bildirmiş və Cavabdeh MMC tərəfindən ona ödənilməmiş 2.967 manat əmək haqqının və işəgötürənin təqsiri üzündən əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin hesablanaraq cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edərək və qarşılıqlı iddianı qəbul etməyərək, ilk iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və qarşılıqlı iddia ilə bağlı bildirmişdir ki, gediş haqqı məbləğinin gündəlik müəyyən olunmuş məbləği 170 manat deyil, müxtəlif olmuş və günündən, habelə müştərilərin sayından asılı olaraq dəyişmişdir. Gün ərzində də yığılmış gediş haqqı məbləği hər iş günün sonu onun tərəfindən Elnur adlı şəxsə təhvil verilmiş və həmin şəxs hər dəfə pulu qəbul edərkən, bu barədə müvafiq qeyd aparmışdır. Bu baxımdan onun borcu ola bilməzdi. Əks halda, avtobusun idarə edilməsinə buraxılmazdı və onunla əmək münasibətlərinə xitam verilərdi. Əmək haqqı almadığından maddi baxımdan xeyli əziyyət çəkmiş və gediş haqqı məbləğinin gündəlik müəyyən olunmuş məbləğindən artıq qalan məbləğ hesabına özünü və ailəsini saxlamışdır. Bu gəliri də sabit olmamış, gün ərzində 5 - 30 manat olmuş, 30 manat məbləğində pulu da hərdən əldə edə bilmişdir. Bəzi günlərdə isə ümumiyyətlə gəliri olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X4 qarşılıqlı iddianı müdafiə edərək və ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və ilk iddia ilə bağlı bildirmişdir ki, İddiaçı əmək haqqı almaması qeyri-mümkündür. Belə ki, əks halda, onun hər hansı gəlir əldə etmədən təmənnasız şəkildə Cavabdeh MMC-yə xidmət göstərmiş olur ki, bu da qeyri-mümkündür. Göstərilənlərin nəzərə alınmasını və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 04.11.2019-cu il tarixdə bağlanmış 321/2019 saylı əmək müqaviləsinə əsasən İddiaçı hər ay 269,27 manat əmək haqqı müqabilində avtobus sürücüsü vəzifəsinə işə qəbul edilmiş və 114 saylı müntəzəm marşrut xəttində avtobus sürücüsü qismində fəaliyyət göstərmişdir. 12.10.2020-ci il tarixdə həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-də işlədiyi dövr ərzində ona əmək haqqı kartının ayrılmasına baxmayaraq, ona əmək haqqı kartının verilmədiyini və əmək haqqının ödənilmədiyini, nəticədə Cavabdeh MMC-nin ona 2.967 manat məbləğində əmək haqqı borcunun yarandığını bildirir və həmin məbləğin, habelə Cavabdeh MMC-nin təqsiri üzündən əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin Cavabdeh MMC-dən tutulmasını tələb edir. Eyni zamanda, qarşılıqlı iddianı qəbul etmir, gediş haqqı məbləğinin gündəlik müəyyən olunmuş məbləğinin 170 manat deyil, müxtəlif olduğunu və günündən, habelə müştərilərin sayından asılı olaraq dəyişdiyini, gün ərzində də yığılmış gediş haqqı məbləğini hər iş günün sonu Elnur adlı şəxsə təhvil verildiyini və həmin şəxs tərəfindən hər dəfə bu barədə müvafiq qeydin aparıldığını, borcunun olduğu təqdirdə avtobusun idarə edilməsinə buraxılmasının qeyri-mümkün olduğunu, əmək haqqı almadığından maddi baxımdan xeyli əziyyət çəkdiyini və gediş haqqı məbləğinin gündəlik müəyyən olunmuş məbləğindən artıq qalan məbləğ hesabına özünü və ailəsini saxladığını, bu gəlirin də sabit olmadığını, gün ərzində 5 - 30 manat olduğunu, 30 manat məbləğində pulu da hərdən əldə edə bildiyini, bəzi günlərdə isə ümumiyyətlə gəlir əldə edə bilmədiyini bildirir. Göstərilənlərin nəzərə alınmasını və qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh MMC ilk iddianı qəbul etmir, İddiaçı əmək haqqı verilməməsinin qeyri-mümkün olduğunu, əks halda, onun hər hansı gəlir əldə etmədən təmənnasız şəkildə Cavabdeh MMC-yə xidmət göstərmiş olduğunu, onun əmək haqqına uyğun sosial sığorta haqlarının ödənildiyini, əksinə onun işlədiyi dövrdə bəzi günlərdə gediş haqqı məbləğinin gündəlik müəyyən olunmuş məbləğini təşkil edən 170 manat pulu ödəmədiyini, nəticədə şirkətə 5.300 manat məbləğində borcunun yarandığını və ona pretenziya qaydasında müraciət edilməsinə baxmayaraq, bu günədək həmin borcu ödəmədiyini, hazırki iddianı da cəmiyyətə olan bu borcunu ödəməkdən yayınmaq üçün qaldırdığını bildirir və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilərək, ondan cəmiyyətin xeyrinə 5.300 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddənin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir; 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq Əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir; 11-ci maddəsinin “e” bəndinə əsasən əmək münasibətləri sahəsində işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək işəgötürənin əsas hüququdur; 83-cü maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir; 174-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər; 192.2-ci madəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona verilmiş əmək haqqı kartının onda olmadığını və əmək haqqı almadığını sübut etməli idi. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Qarşı tərəfin təqdim etdiyi və İddiaçı Vəliyyədin oğluna işlədiyi dövr üçün hesablanan sosial ödənişləri əks etdirən cədvəldən isə əksinə ona əmək haqqı ödənildiyi sübuta yetir. Lakin əmək haqqının ona ödənilməməsi (onun tərəfindən alınmaması) öz təsdiqini tapmır. Digər tərəfdən İddiaçı Vəliyyədin oğlu əmək haqqı almadığını və gediş haqqı məbləğinin gündəlik müəyyən olunmuş məbləğindən artıq qalan məbləğ hesabına özünü və ailəsini saxladığını, bu gəlirin də sabit olmadığını, gün ərzində 5 - 30 manat olduğunu, 30 manat məbləğində pulu da hərdən əldə edə bildiyini, bəzi günlərdə isə ümumiyyətlə gəlir əldə edə bilmədiyini bildirir. Belə olan halda, onun 1 ildən artıq müddət ərzində Cavabdeh MMC ilə əmək münasibətlərində olması anlaşılmazdır. Qeyd edilənlər öz növbəsində İddiaçı Vəliyyədin oğlunun iddia tələbinin “ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsində əsassız olmasına dəlalət edir və bu tələbin rədd edilməsini şərtləndirir. Məhkəmə, iddia tələbinin “əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, bu tələb “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə münasibətdə törəmə tələbdir və onun təmin edilib-edilməməsi bilavasitə “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinin təmin edilib-edilməməsindən asılıdır. Belə ki, hər hansı məbləğdə əmək haqqının ödənilməsi müəyyən edilməlidir ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməli olub-olmamasına qiymət verilməsi üçün əsas yaransın. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi “ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsində əsassız olduğundan, “əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi” hissəsində də əsassızdır və rədd edilməlidir. Məhkəmə, qarşılıqlı iddiaya da eyni mövqeydən yanaşaraq, qeyd edir ki, İddiaçı 5.300 manat məbləğində pul tələb edən Cavabdeh MMC ilk öncə gediş haqqı məbləğinin gündəlik müəyyən olunmuş məbləğinin 170 manat olmasını təsdiq edən, gediş haqqı məbləğlərinin ödənilməsi qaydasını müəyyən edən, İddiaçı tərəfindən təhvil verilmiş məbləğlərin günlər üzrə qeydiyyatını əks etdirən sübutları təqdim etməli idi ki, gündəlik təhvil verilməli məbləğin 170 manat olması aşkar olsun və İddiaçı günlər üzrə təhvil verdiyi məbləğlərin hesablanması yolu ilə onun hər hansı məbləğdə borcunun yaranıbyaranmadığını müəyyən etmək mümkün olsun. Lakin qarşılıqlı iddianın əsaslığı ilə bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Qarşılıqlı iddiaya əlavə edilmiş əmək müqaviləsinin, əmək müqaviləsinə əlavənin və artıq ilk iddianın məhkəmənin icraatında olan zaman İddiaçı ünvanlanmış 22.01.2021-ci il tarixli xəbərdarlıq məktubunun bu iddianın əsaslı olmasına hər hansı aidiyyəti yoxdur. Hüquqi nəticə etibarı ilə İddiaçı Cavabdeh MMC-yə nəinki 5.300 manat, həmçinin ümumiyyətlə hər hansı məbləğdə borcunun yaranmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh MMC-nin “vurulmuş maddi zərərinin və ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassızdır və rədd edilməlidir. Ümumiyyətlə məhkəmə vurğulayır ki, mövcud vəziyyətdə iddialardan hansının daha əsassız olmasının müəyyən edilməsi özü-özlüyündə çətinlik yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “vurulmuş maddi zərərinin və ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi” tələbinə dair ilk iddiası rədd edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “vurulmuş maddi zərərinin və ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1440/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1440/2021
30.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver