Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-145/2023 18.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə) “əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfndən ona əmək haqqının düzgün ödənilməməsi ilə bağlı qalıq 3120 manat məbləğində əmək haqqının, ödənilməmiş məzuniyyət üzrə pul əvəzinin son haqq-hesabın və əlavə iş saatlarının hesablanaraq ödənilməsinə və mediatora ödənilmiş 50 manat rüsumun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən ona əlavə iş saatlarına cəlb edilməsi ilə bağlı 36 gün qeyri iş-bayram günləri hər gün 8 saat olmaqla, 88 gün üçün 3696 manat, şənbə günləri əlavə iş vaxtından əlavə işlərə cəlb edilməklə bağlı 287 manat, cəmi 3980 manat tutularaq ödənilməsi və mediatora ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla işəgötürən "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmiş əmək müqaviləsinə əsasən sürücü kimi işə qəbul edilmiş və hər ay 630 manat əmək haqqı verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, əvvəlcədən razılaşdırılmış qaydada cədvələ uyğun olaraq işçiləri müəssisədən "20 Yanvar" metrostansiyasına, oradan da müəssisəyə aparmalı idi. Axşamlar 23:30 radələrinədək işləmişdir. İşə qəbul edildikdən sonra, işlədiyi müddət ərzində ona əmək haqqı tam şəkildə verilməmişdir. Yəni əmək haqqı düzgün hesablanmamışdır və müqavilədə nəzərdə tutulmuş məbləğ tam ödənilməmişdir. O, dəfələrlǝ bu barədə bildirdikdə müxtəlif bəhanələrlə onu aldatmış, ödəniləcəyini bildirmişlər. İşə qəbul edildikdən sonra işlədiyi müddət ərzində ona 2020-ci ilin mart ayından 2021-ci ilin avqust ayınadək 13027,5 manat əmək haqqı karta köçürülmüşdür. Ona ödənilməli olan əmək haqqı 10080 manat təşkil edir. Cavabdeh tərəfindən 2947 manat əlavə iş saatlarına görə ödənilmişdir. Qeyd edir ki, əlavə iş saatlarında da işləmiş, mütəmadi olaraq bayram günləri, istirahət günlərində işləmiş və bu əlavə iş saatları ilə bağlı da heç bir ödəniş edilməmişdir. Onun məzuniyyət hüququnun yaranmasına baxmayaraq məzuniyyət haqları da hesablanıb ödənilməmişdir və işdən çıxarkən də məzuniyyətlər üzrə pul əvəzi verilməmişdir. 2020-ci ilin mart ayından pandemiya ilə bağlı metro işləmədiyindən əlavə marşrutlarda - Sumqayıt, Masazır, Saray, Xırdalan, Müşviqabad, Qobu və Mehdiabada işçiləri aparıb gətirmişdir. Bu əlavə iş saatlarının hesablanıb veriləcəyini bildirsələr də nəticəsiz qalmışdır. O, 52 gün istirahə günü, 36 gün qeyri iş-bayram günləri işləməyi və hər gün 8 saat olmaqla, 42 manat və 88 gün üzrə ümumilikdə ona 3696 manat ödənilməli idir. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir, lakin əmrin surəti ona təqdim edilməmişdir. O, işdən çıxarkən qalıq əmək haqqının verilməsini, məzuniyyət üzrə pul əvəzinin ödənilməsini, əlavə iş saatlarına görə ödənclərin və son haqq hesabın verilməsini tələb etmişdir. Lakin verilməmişdir. O, hüquqlarının pozulması ilə bağlı X4 Xidmətinə müraciət etmiş, verilmiş cavabda onun iş vaxtının uçotu tabellərindən normal əmək və istirahət rejiminin pozulduğu, artıq iş saatlarına görə əmək haqqımın düzgün hesablanıb ödənilmədiyinin müəyyən edilməsi və cəmiyyətin direktoru V.Şamilov barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4. və 198.1.5. maddəsinə əsasən xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilməsi göstərilmişdir. Cavabdehdən ödənilməmiş qalıq əmək haqqına görə 3120 (üç min bir yüz iyirmi) manat tutulmalıdır həmçinin məzuniyyət əvəzi pul kompensasiyası, əlavə iş saatları və son haqq hesab hesablanmaqla ona verilməlidir. Qeyd edi ki, cavabdeh tərəfin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir və mediasiya sessiyasının davam etdirilməsi barədə razılıq əldə edilməmişdir, Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat ödəniş etmişdir. 29 mart 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2018-ci ildə VTEK MMC ilə əmək müqaviləsi bağlayaraq işə qəbul olunmuşdur, işə özünə məxsus kartla giriş-çıxış etmişdir. O şirkətdə işçilərin daşınması ilə bağlı servis avtobusu sürücüsü kimi işləyirdi. Pandemiya ilə əlaqədar daha artıq işləmişdir, belə ki, metro işləmədiyindən o həftə içi hər gün gecə saat 2-yə qədər işləyirdi. Bundan başqa Coca-cola şirkətində işçilər 3 növbəli işləyirdilər və həmin işçiləri gecəyə qədər evlərinə aparırdı. Adi vaxtlarda gün ərzində 8 saat işləmiş və yalnız işçiləri şirkətdən 20 Yanvar metrostansiyasına qədər aparmışdır. Lakin pandemiya vaxtında isə 8 saatdan çox işləmiş,əlavə olaraq şənbə və bazar günləri də normal qrafiklə işə çıxmışdır. Şirkət ona əlavə ödənişlər edəcəyini vəd etsə də, cəmi 200 manat artıq pul ödəmişlər. Ona pandemiya dövründə artıq işləməyi ilə bağlı 200 manatdan əlavə vəsait ödənilməmişdir.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya əmək haqqı artıqlaması ilə ödənilib. Hətta maaşdan əlavə ödənişlər də almışdır. İddiaçının sərbəst iş qrafiki olub. O, işçiləri səhər iş yerinə çatdırıb, axşam isə işdən götürüb. Bu arada iddiaçı evinə də gedirdi, həmçinin istirahət də edirdi. Lakin MMC-nin rəhbəri iddiaçının 8 saatdan az işləməsinə baxmayaraq əmək haqqını tam olaraq vermişdir. İddiaçı pandemiya dövründə isə 8-9 saat işləyib, iddiaçıya MMC tərəfindən tam olaraq əmək haqqı verilib. Hətta iddiaçının əlavə işlədiyi vaxtlarda MMC tərəfindən əlavə pul da verilib. Bundan başqa ekspert və icra məmuru tərəfindən tələb olunan bütün sənədləri təqdim etmişik. Biz yalnız yol vərəqələrini təqdim edə bilməmişik, çünki yol vərəqələri 1 aylıq verilirdi və vaxtı bitdikdə yenisi ilə əvəz olunurdu.
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi mülki işin həllini məhkəmənin mülahizəsinə buraxmaqla bildirmişdir ki, iddiaçının şikayəti əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, 2020-ci ilin mart-iyun aylarında iş saatından artıq işləmişdir, bu səbəbdən də işə götürən cərimə edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
7. İddiaçı xx.xx.2018-ci ildən "xxxx" MMC-də Sürücü kimi işə başlamışdır və bu barədə tərəflər arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi üzrə işçinin əmək haqqı 630 manat olmuş və iş və istirahət vaxtı belə müəyyən edilmişdir ki, işçi gündə 7 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir, 6 günlüük iş həftəsi müəyyən edilir, işçi əmək funksiyasını əlavə olunmuş iş saatı qrafikinə əsasən həyata keçirir, işçinin iş vaxtı şirkət işçilərinin işə gəlməsi və işdən çıxan işçilərin aparılması zamanından ibarətdir, işçinin gün ərzində qalan boş vaxtları onun istirahət vaxtı hesab olunur və işçi istirahət vaxtından öz istədiyi kimi istifadə etməkdə sərbəstdir, nahar və istirahət vaxtı 13:00-dan 14:00-dəkdir, istirahət günləri hər həftənin bazar və iş günü hesab edilməyən tətil günləridir, işçiyə iş vaxtından artıq işlərin yerinə yetirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan məbləğdə ikiqat artıq məbləğdə haqq ödənilir.
8. İşçi ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.
9. İşçi işdən çıxdıqdan sonra əmək hüquqlarının pozulması ilə bağlı X3 müraciət etmiş və işəgötürənin direktoru barəsində İXM-nin 192.4 və 198.1.5-ci maddələrinə əsasən xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir.
10. İddiaçı tələbində pandemiya dövrü ilə əlaqədar 2020-ci ilin mart ayından etibarən 2021-ci ilin avqust ayınadək iş günü hesab edilməyən bayram günlərində və isirahət günlərində artıq iş saatlarına cəlb edilməsi ilə bağlı əmək haqqının tutulmasını xahiş edir.
11. Bununla bağlı işəgötürəndən sənədlər tələb edilmiş və mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmişdir. Lakin ekspertin bayram və istirahət günlərində işə çıxma barədə əmrlərin, məzuniyyətin başqa vaxta keçirilməsinin səbəbləri barədə əmrlərin, iş rejiminin günlər üzrə qrafikinə dair cədvəllərin, həmin dövr üzrə yol vərəqələrinin surətinin təqdim edilməsi barədə vəsatəti işə götürən tərəfindən təqdim edilmədiyindən ekspertiza aparılmasından imtina edilmişdir. İşəgötürənin nümayəndəsi iş qrafikinin və yol vərəqələrinin verilməsinin mümkünsüzlüyünü belə əsaslandırmışdır ki, onlar əslində “Coca-Cola” şirkətinin işçilərinə nəqliyyat xidməti göstərirlər və avtobuslar “Coca-Cola” şirkətinin işçilərinin qrafikinə uyğun fəaliyyət göstərmişdir, bundan başqa yol vərəqələri 1 aylıq verildiyindən mütəmadi olaraq yenilənmiş və əvvəlkilər qalmamışdır.
12. İşin mübahisəsiz halı kimi müəyyən edilən digər məqamlar ondan ibarət olmuşdur ki, “Coca-Cola” şirkəti daimi olaraq fəaliyyət göstərmiş və iş qrafiki 3 növbəli rejimlə tənzimlənmişdir. Bundan əlavə işçinin bayram günləri və istirahət günləri işə çıxması mübahisə doğurmur, belə ki, işəgötürən tərəfindən bayram və istirahət günlərində işə cəlb edilmiş işçiyə əlavə əmək haqqı ödənilmiş və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
14. 89.Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
15. 90.2. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.
16. 90.3. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
17. 95.1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
18. 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
19. 100.1. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
20. 102.1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
21. 104.1. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır.
22. 107. Bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.
23. 108.2. Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.
24. 109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir.
25. 164.1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; və.s.
26. 165.1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; və.s.
27. 195-ci maddəsinin “d” bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən tam maddi məsuliyyət daşıyır.
28. İşin müəyyən edilmiş hallarından görünür ki, pandemiya dövründə, hansı ki, 2020-ci ilin aprel ayından 2021-ci ilin avqust ayınadək olan dövr də bura aiddir, işçi gücləndirilmiş iş rejimində fəaliyyət göstərmişdir. Belə ki, həmin müddət ərzində, xüsusilə həftə sonları ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılmış, bəzi hallarda tamamilə qadağan edilmişdir. “Coca Cola” şirkətinin istehsal fəaliyyətinin xarakteri nəzərə alındıqda işçilərin çoxnövbəli rejimlə fəaliyyət göstərməsi anlaşılan olduğu kimi, ictimai nəqliyyatın vaxtla məhdudlaşdırıldığı və bir çox hallarda qadağan edildiyi dövrdə iddiaçının sürücü kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş olması da başa düşüləndir.
29. Belə ki, iş materiallarında olan xx.xx.2021, xx.xx.2021, xx.xx.2021,xx.xx.2021,xx.xx.2021,xx.xx.2021,xx.xx.2021,xx.xx.2021,xx.xx.2021-ci il tarixli sürücülərin iş qrafiki cədvəlindən görünür ki, saat 06.20-dən 22:20 dək 3 növbəli iş rejimi ilə çalışan “Coca-Cola” şirkətinin işçilərinin evə çatdırılmasını 2 sürücü həyata keçirmişdir.
30. Lakin iddiaçının hazırki tələbi iş günü hesab edilməyən bayram günlərində və istirahət günlərində iş vaxtından artıq iş vaxtına görə əməyin ödənilməsi təşkil edir. Yəni iddiaçı iş günlərində ona ödənilən əmək haqqının məbləği ilə və dolayısı ilə həmin günlərdə iş vaxtı ilə razılaşır.
31. Belə ki, işəgötürən tərəfindən 2020-ci ilin mart ayından 2021-ci ilin avqust ayınadək olan müddət üçün təqdim edilən tabel cədvəlindən görünür ki, bəzi həftələrdə işçi bazar günü işə çıxmış və 7 saat iş vaxtına görə əlavə əmək haqqı almış, bəzi həftələrdə bazar günləri istirahət etmiş, bəzi həftələrdə iş günü hesab edilməyən bayram günlərində işlədiyinə görə əlavə əmək haqqı almış və bundan əlavə işəgötürənin hesabına məzuniyyətdə olmuş, xəstəliyi ilə bağlı işə çıxmamış və.s hallar olmuşdur. Məhkəmə iclaslarında iddiaçı həmin hallarla razılaşmışdır.
32. İddiaçı bayram günlərində və istirahət günlərində 7 saatdan artıq işləməsi ilə bağlı hər hansı sübut təqdim etməmiş və iş günlərində iş saatlarından artıq işləməyi ilə bağlı tələb irəli sürməməklə, faktiki olaraq 7 saatlıq iş qrafiki ilə razılaşmışdır.
33. Bununla belə məhkəmə iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, qeyd edilən dövr üzrə tabel cədvəlində həftənin şənbə günü işçiyə bir qayda olaraq 5 saat iş vaxtına görə əmək haqqı ödənilmişdir. Hansı ki, sürücülərin yuxarıda qeyd edilən iş qrafikindən görünür ki, sürücünün işə çıxma saatları dəyişsə də, onların daşıdığı sərnişinlərin(“Coca-Cola” şirkətinin işçilərinin) iş qrafiki dəyişməmişdir. Bundan başqa qeyd edilən tabel cədvəlində bayram günləri və bazar günləri davamlı olaraq 7 saatlıq iş vaxtına görə əmək haqqı ödənilmiş olsa da, yəni iş rejimi 7 saat olsa da, həftənin şənbə günü üçün bir qayda olaraq 5 saatlıq iş qrafikinin müəyyən edilməsi inandırıcı deyildir. Bununla yanaşı xx.xx.2021-ci il tarixdə, yəni həftənin şənbə günü 7 saatlıq iş qrafikinin müəyyən edilməsi digər şənbə günlərində formal olaraq 5 saatlıq iş rejiminin müəyyən edildiyi barədə məhkəmənin qənaətini gücləndirir. Cavabdehin nümayəndəsi isə həmin halı təqzib edən və xüsusilə həftənin şənbə günləri ilə bağlı təsdiq edilmiş sürücülərin iş qrafiki barədə sübutlar təqdim etməməklə etirazının dəlillərini sübut edə bilməmişdir.
34. Odur ki, işçinin həftənin şənbə günləri digər iş günlərində olduğu kimi 7 saatlıq iş qrafiki ilə fəaliyyət göstərdiyi qəbul edilməli və 2020-ci ilin aprel ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla keçən müddət üçün ödənilməyən iş saatlarına görə əmək haqqı hesablanılmaqla işçiyə ödənilməlidir.
35. Məhkəmənin hesablamasına görə 2020-ci il üçün 75 ( aprel-8, may-15, iyun- 8, iyul-6, avqust-10, sentyabr-6, oktyabr-10, noyabr-4, dekabr-8 saat) saat, 2021-ci il üçün 46 (fevral-8,mart-8, aprel-8, may-6, iyun-8, iyul-8 saat olmaqla) saat iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı ödənilməlidir.
36. Bu isə işəgötürənin işçiyə hesabladığı 26.5 manat orta günlük əmək haqqı məbləği nəzərə alındıqda, 121 saat iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının məbləği 916( 26.5:7x121x2) manat təşkil edir. Tətbiq edilən prosessual normalar:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
39. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
40. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
41. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
43. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 916 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən dövlət nəfinə tutulmalıdır.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 916(doqquz yüz on altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30(otuz) manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev