Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-149/2022 20.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X17 və onun istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi və həmin yaşayış evinə və torpaq sahəsinə ayrılmış torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası Adil Əliyev mübahisəli ünvanda qeydiyyatda olmuş və həmin ünvanda Cavabdeh oğlu ilə atalarına məxsus evdə yaşamışlar. Atası qeyd olunan ünvanda yerləşən ata yurdunu qardaşı Mir Nadirə vermiş, özü isə həmin torpaq sahəsində 1994-cü ildə ayrıca ikimərtəbli yaşayış evi inşa etmişdir. İddiaçı atası və anası ilə həmin evdə yaşamış, son illərdə isə vəziyyətlə əlaqədar Moskva şəhərinə köçərək orda yaşamışlar. Hal-hazırda isə iddiaçı evə qayıtmaq və qeyd etdiyi ünvanda yaşamaq istəyir. Lakin cavabdeh iddiaçını həmin evə buraxmır. Halbuki, iddiaçının babası ölümündən əvvəl torpaq sahəsini həm əmisinəcavabehə, həm də atasına aid hissəsini ayırıb vermişdir. Qeyd edilənlərə əsasən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində sadalananlar tamamilə həqiqətə uyğun olmayan boş fərziyələrdir. Belə ki, mərhum qardaşı, iddiaçının atası X38 1969-70-ci illərdə həbsdə olmuş və 1982-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Moskva şəhərinə getmişdir. 1986-cı ildə yenidən tutularaq 6 il müddətinə həbsə olmuşdur. Rusiya Federasiyasında bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilərək həbs edildiyindən, həmin vaxt cavabdeh atasına məxsus bir evi və özünə məxsus torpaq sahəsini sataraq onun həbsdən azad edilməsinə xərcləmişlər. Əliyev Adil vəfat etdiyi günə, yəni 2004-cü ilədək Moskva şəhərində daimi yaşamış, Rusiya Federasiyası vətəndaşı olaraq da orada qeydiyyatda olmuşdur. Cəmi bir dəfə Azərbaycana gələrək bir neçə gün qalaraq getmiş və başqa heç bir əlaqəsi olmamışdır. Ümumiyyətlə, onun tərəfindən hər hansı bir ev tikilməmişdir. İddiaçı özü Moskva şəhərində doğulmuş, Rusiya Federasiyası vətəndaşı olmuşdur. 2015-ci ildə sənədləri olmadığından o (cavabdeh) iddiaçını qeydiyyata saldırmış və bunun əsasında şəxsiyyət vəsiqəsi və hərbi bilet almışdır. İddiaçı yalnız formal olaraq pasport qeydiyyatına alınmışdır. İddiaçının anası X58 vətəndaşıdır, daimi olaraq da orada yaşayır. O, Azərbaycanda heç vaxt yaşamamış, cəmi bir dəfə 4-5 gün müddətində Azərbaycanda olmuşdur. Ümumiyyətlə iddiaçının və atasının istifadəsində hər hansı bir fərdi yaşayış evinin və torpaq sahəsinin olmadığını bildirən cavabdeh tələbin rədd edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini və əvvəlki məhkəmə iclaslarında verdikləri izahatları müdafiə etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı və onun nümayəndəsi Ə.Əliyev iddia tələbini qəbul etməyək tələbin rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Ev dəftərində olan şəxslərin qeydiyyatından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X15, xx.xx.1958-ci il təvəllüdlü X38, xx.xx.1960-cı il təvəllüdlü X29 və digərləri ünvan 1 ünvanında qeydiyyatdadırlar. - nikahın bağlanması haqqında 1361 nömrəli arayışa əsasən, X38 ilə X18 arasında xx.xx.1996-cı il tarixdə 543 nömrəli akt qeyd ilə nikaha daxil olmuşlar. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, 1994-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında 2015-ci il tarixdən pasport qeydiyyatındadır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7073 nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində eni 11.7 metr, uzunluğu 12.5 mentr və eni 10.9 metr, uzunluğu 11.1 metr olan iki tikili mövcuddur. Lakin tikililərin hansı ildə inşa olunmasını müəyyən etmək mümkün olmamışdır. - Bakı şəhəri Binəqədi rayonu 143 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 112 nömrəli arayışa əsasən, xx.xx.1994-cü il təvəllüdlü Əliyev X16 rayonu 143 nömrəli tam orta məktəbin 1-ci sinifinə 2001-2002-ci tədris ilində qəbul olunmuş, xx.xx.2003-cü ildə 64 nömrəli əmrə əsasən 3-cü sinifdən çıxarılmışdır. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, xx.xx.1994-cü il tarixdə Rusiya Federasiyasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. - X26, X30 və X31 notarial qaydada ərizə verərək, X19 və X22 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. - xx.xx.2022-ci il tarixdə X26 tərəfindən notarial qaydada ərizə verərək, xx.xx.2022ci il tarixdə verdiyi ərizədən imtina etdiyini bildirmişdir. - “Azəriqaz” və “Azərsu” ilə bağlanmış müqavilələrdən görünür ki, müvafiq kommunal xidmətlər X10 adınadır. - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı xx.xx.2015-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. - X44, X32, X7, X1 və X23 tərəfindən notarial qaydada verilmiş və imzalanmış ərizədə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X5, İddiaçı və X17 yaşamadıqlarını bildirmişlər. - xx.xx.1986-cı ildə X11 tərəfindən Bakı şəhəri Kirov rayonu qəsəbə Sovetinin sədrinə ünvanlanmış və qonşular tərəfindən imzalanmış ərizədə qeyd edilmişdir ki, qardaşı X39 hərbi xidmətə çağrıldığı vaxtdan onların ünvanında yaşamır. Xidməti bitirdikdən sonra Moskva şəhərində evlənib ailəsi ilə birgə orda yaşayır və 2 uşağı var. Hal-hazırda cəzaçəkmə məntəqəsindədir. Kirov rayon prokurorluğundan gəlib mərhum atası tərəfindən alınan əmlaka, ev və avtomobili qeydiyyata götürmüşlər. Atasının aldığı, ona məxsus olan ev və avtomobilin qardaşına heç bir aidiyyatı yoxdur, çünki onun ailəsi həmişə Moskva şəhərində yaşayıb. Qardaşı onların evində qeydiyyatdadır, bir neçə dəfə rayon polis müvəkkilinə müraciət olunsa da, onun qeydiyyatdan çıxarılması heç bir nəticə verməmişdir. - Kirov qəsəbə X20 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 13 nömrəli arayışa əsasən, 1953-cü ildə mərhum X8 tərəfindən tikilmiş ev – fərdi tikili olub, uzun illərdi təmir olunmadığından, Qəsəbə sovetinin icraiyyə komitəsi əvvəlki ölçülərin hər hansı genişləndirilməsi istisna olmaqla, “B” korpusunda olan (texniki pasporta uyğun olaraq) otaqların öz vəsaitləri hesabına əsaslı təmirin aparılmasına etiraz edilməmişdir. - ölüm haqqında şəhadətnaməyə əsasən, Rusiya vətəndaşı xx.xx.1958-ci il təvəllüdlü X38 xx.xx.2004-cü il tarixdə Moskva şəhərində vəfat etmişdir. - Əmlaka həbs qoyulması barədə xx.xx.1985-ci il tarixli Protokola əsasən, Moskva şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin Fruzenski Rayon Daxili İşlər İdarəsinin müstəntiqi O.V.Seleznyov tərəfindən hal şahidləri X12 və X13 iştirakı ilə xx.xx.1985-ci il tarixli qərar əsasında X24 məxsus ünvan 3 ünvanında yerləşən evin üzərinə həbs qoyulması zamanı qeyd edilmişdir ki, Əliyev A.M faktiki olaraq Moskva şəhərində yaşadığına görə əmlakın üzərinə həbs qoyula bilməz. - Məhkəmə iclaslarında şahid qismində izahat verən X9 bildirmişdir ki, ailədə 2 bacı, 3 qardaş olublar. Qardaşı Adil vəfat edib. Hamısı mübahisəli mənzildə qeydiyyatdadırlar. İddiaçı Mirmurad anadan olanda qardaşı Adil ailəsi ilə birlikdə Rusiyadan gələrək və atasının həyətində ev tikmək istədiyini bildirmişdir. Ataları 1986-cı il tarixdə vəfat edib. 1994-cü il tarixdə qardaşı Adil ev tikdirmiş və həmin evdə 1 ildən çox o, (şahid) yaşamışdır. Belə ki, o, öz evini satdıqdan sonra yaşamağa yeri olmadığından qardaşları Adildən və Mir Nadirdən icazə alaraq orada yaşamışdır, daha sonra evi Mirmuradın anasına təhvil verərək öz evinə köçmüşdür. Adil evi 1994-cü ildə tiksə də orada yaşamayıb, 2004-cü ildə rəhmətə gedib. - Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında şahid qismində izahat verən X33 bildirmişdir ki, iddiaçı onun qardaşı Adilin oğludur. Mübahisəli evi iddiaçının atası tikdirib. İddiaçının babası öldükdən sonra ev tikilib. Həyətin bir tərəfində ata evləri, digər tərəfində isə həmin bu mübahisəli evdir. Onunda həmin həyətdə evi olub, lakin daha sonra sataraq oradan köçüb. - Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında şahid qismində izahat verən X3 bildirmişdir ki, 2004-cü il tarixdə iddiaçının anası vasitəsilə o, həmin evə qeydiyyata düşüb. Təxminən 2002-ci il tarixdən orada yaşayıb, 2004-cü il tarixdə isə Moskvaya gedib. Həyətdə əvvəl 3 qardaş qalırdılar, sonradan dayısı Oqtay evi satıb gedib. İddiaçı uşaqlıqdan o evdə yaşıyıb. - Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında şahid qismində izahat verən X7 bildirmişdir ki, iddiaçı qardaşı oğlu, cavabdeh isə qardaşıdır. Ailədə 6 uşaq olublar. O, 1967-ci il tarixədək ata evində yaşamış, daha sonra ailə həyatı quraraq həmin evdən köçüb getmiş, lakin qeydiyyatdan çıxmamışdır. 1986-cı il tarixdə atası rəhmətə gedib. O, ailə həyatı qurub getdikdən sonra həmin həyətdə 3 qardaşı qalırdı, daha sonra da Adil əsgər getmiş və həmin həyətdə Nadir və Oqtay qalmışdır. Qardaşı Adil əsgərlikdən gəldikdən sonra Moskvaya getmişdir. Hal-hazırda həyətdə iki ev var, ikisi də Nadirindir, Oqtay isə evini satıb gedib. - Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində izahat verən X14 bildirmişdir ki, 1990-ci ildən cavabdehi tanıyır, iddiaçını isə tanımır. Mübahisəli yaşayış sahəsini 1991-1992-ci il tarixlərdə 3-4 nəfərlə tikməyə başlayıblar. Evin tikilməsinə görə pulu onlara cavabdeh verib. Ev tikilən zaman orada yalnız cavabdehi və onun ailəsini görüb. - Məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli iclaslarında şahid qismində izahat verən X27 bildirmişdir ki, o, cavabdehi tanıyır. Onunla həm qonşu olub, həm də mübahisəli evin hörgüsü zamanı orada fəhlə kimi işləyib, ustalara kömək edib. Həmin həyətdə 2 ev var, biri ata-baba evləridi, biri də Mir Nadirin tikdiyi ev. Evin tikintisi 1990-ci il tarixdə başlanmış və 1-2 il müddətinə bitmişdir. Həmin ev tikilən vaxt iddiaçı heç anadan olmamışdır. İddiaçı uşaq olarkən bir müddət əmisi Cavabdeh ilə yaşamış, daha sonra aralarında münaqişə olmuşdur. İddiaçının valideynləri Moskvada yaşayırdı. - Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində izahat verən X3 bildirmişdir ki, o, hər iki tərəfi tanıyır. Belə ki, iddiaçının bibisi qızı, cavabdehin isə bacısı qızıdır. İddiaçı Moskva şəhərindən gəldikdən sonra evə köçmək istədi, lakin cavabdeh tərəf evi özləri tikdiyini bildirdilər. İddiaçı bir müddət onlarda qalıb. Həyət böyük idi, daha sonra bir hissəsi satıldı. 1994-cü il tarixdə iddiaçının atası həmin həyətdə ev tikdi. İddiaçıya bir müddət cavabdeh baxdı. O vaxtı iddiaçının atasının imkanı çox yaxşı idi, bütün qohum-əqrabaya əl tuturdu. Hətta o, yoldaşı ilə evi satdıqdan sonra bir müddət evsiz qalmış və o zaman iddiaçının atası onlara həmin mübahisəli evdə qalmağı təklif etmişdi. Onlarda həmin evdə 2 il yaşayıblar. Həmin ev dayısı Adil, yəni iddiaçının atasının vəsaiti hesabına tikilmiş və özü yoldaşı ilə birlikdə dəfələrlə gəlib həmin evdə qalmışdır. - Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində izahat verən X33 bildirmişdir ki, həmin həyətdə 2 ev mövcuddur, özü də o həyətdə yaşayıb. 2000-ci ildə o özünə məxsus olan evi sataraq getmişdir. O, orada yaşadığı zaman evin biri, hansı ki, iddiaçının atası tərəfindən tikilmiş, digəri isə ata-baba evi idi və orada hazırda cavabdeh qalır. İddiaçı atası tərəfindən tikilən evdə yaşayıb və orada məktəbə getmişdir. 2004-cü il tarixdə atası vəfat etmiş və iddiaçı atasının vəfatına qədər orada yaşamışdır. Daha sonra Rusiya Federasiyasına köçmüş, lakin iddiaçı arada gəlib gedirdi. Həyətdə ilk olaraq atababa evi və onun satdığı ev olub. Həyətdə köhnə qaraj və hamam var idi, iddiaçının atası onları söküb yerinə ev tikmişdir. - Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində izahat verən X25 bildirmişdir ki, cavabdeh qonşusudur. İddiaçını 2015-ci il tarixdən tanıdığını, özünun isə 1989 ildən orada yaşadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı ona yaxınlaşaraq şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyi üçün hansısa aktı imzalamağı bildirmiş, o da aktın məzmununu oxumadan imzalamışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə münasibətdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1- 13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İkincisi, iddiaçı cavabdehin qardaşı oğlu olsa da ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından əmisi olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evə faktiki sahiblik edən və mülkiyyət hüququnun yaranmasına gözləntisi olan cavabdehi isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Üçüncüsü, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Hazırki iş üzrə iddiaçı cavabdehin qardaşı oğlu olsa da yaşayış sahəsinə ehtiyacı yoxdur (əksini məhkəmədə sübuta yetirə bilməmişdir). Çünki, iddiaçı daimi olaraq Rusiya Federasiyasında yaşamış və hal-hazıradək köçmək istədiyi evdə yaşamamışdır. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün də cavabdehin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır. Mülki Məcəllənin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; -180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülüb köçürülməməsinin bilavasitə fərdi yaşayış evinin hansı şəxsin mülkiyyətində və ya istifadə və sahibliyində olmasından, onun həmin fərdi yaşayış evinə hər hansı hüququnun, o cümlədən istifadə hüququnun yaranıb-yaranmamasından, fərdi yaşayış evinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən və iddiaçının həmin evin inşa edilməsində hər hansı vəsait sərf etməsindən asılıdır. Eyni zamanda mübahisəli tikili ilə bağlı məhkəmənin gəldiyi qənaətə uyğun olaraq qəbul edilmiş qərarın icrası perspektivi, yəni mümkünlüyü də önəmli yer tutur. Bununla bağlı, məhkəmə vurğulayır ki, mübahisəli tikili özbaşına və qanunsuzdur, tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Həmin tikilinin inşa edilməsi ilə bağlı məhkəmə hər iki tərəfin dəlillərini dinləyib, belə qənaətə gəlir ki, tikili cavabdehin vəsaiti hesabına inşa edilmişdir. Belə ki, iddiaçı inşa işlərini aparan şəxslər, habelə inşa işləri ilə bağlı dəqiq məlumat verə bilmir. Eyni zamanda mübahisəli tikili ilə bağlı bütün müqavilələr (qaz, su və s.) məhz cavabdeh ilə bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında hər iki tərəfin qohum olduqları şahidlərin ifadələri mötəbər sübut kimi qiymətləndirməməklə sübut kimi qəbul edilə bilməz. Lakin bütün bunlara baxmayaraq, məhkəmə tərəflər arasında münasibətlərin həddindən artıq gərgin olmasını nəzərə alıb belə qənaətə gəlir ki, iddiaçının həmin evə köçürülməsi məqsədəmüvafiq deyil. Bununla bağlı, məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına istinadən qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli tikiliyə köçürülməsi (tərəflərin arasında münasibətlərin həddindən artıq gərgin olması və onların açıq-aydın biri-digərindən yola getməməsi) və orada yaşaması icra baxımından qeyri-mümkün olmaqla hüquqi nəticə etibarı ilə onun xəyali hüququna çevriləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-149/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-149/2022
20.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver