Məhkəmə qərarları › İş №2(001)-1567/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1567/2022

25.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1567/2022 25.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.10.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 200(iki yüz) manat və 12.12.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 200 (iki yüz) manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17.07.2009-cu il tarixdə rəsmi nikaha girərək evlənib ailə qurmuşlar. Birgə nikahdan iki uşaqları olmuşdur. 01.10.2010-cu il tarixdə X7 və 12.12.2012-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-180/2021 saylı 01.06.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddia tələbi təmin edilmiş, aralarında olan 17.07.2009-cu il tarixli nikah pozulmuş, 01.10.2010-cu il təvəllüdlü X4 və 12.12.2012-ci il təvəllüdlü X2 onun yanında saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir, uşağın sağlamlığı qayğısına qalmır. Uşaqlar məktəblidir və onların maddi tələbatlarının ödənilməsində çətinlik yaranır. Uşağın maddi tələbatlarının ödənilməsi, sağlamlığının qayğısına qalması və normal inkişafı üçün xeyli vəsait tələb olunur. Dəfələrlə cavabdehdən aliment ödəməsini tələb etsə də, cavabdeh əhəmiyyət verməmişdir. Valideynlərin öz uşaqların saxlamaq vəzifəsi digər ailə üzvlərini saxlamaq vəzifələrindən fərqli olaraq nə uşağın buna ehtiyacının, nə də valideynlərin imkanının olub-olmamasından asılı deyildir. Cavabdeh öz valideynlik borclarının yerinə yetirməkdən yayınır, halbuki uşağın sağlam və normal böyüməsi üçün maddi yardım göstərmək onun da borcudur və ilk növbədə uşağın hüquqlar nəzərə alınmalıdır, alimentin ödənilməsi uşağın maddi tələbatlarının ödənilməsi üçün vacibdir. Cavabdehdən 01.10.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 200 (iki yüz) manat və 12.12.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 200 (iki yüz) manat aliment tutulmalıdır. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı “alimentin təyin edilməsinə dair” iddia ərizəsini qismən təmin edilməklə, 01.10.2010-cu il təvəllüdlü X4 və 12.12.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin əmək haqqından Ailə Məcəlləsinin 76-ci maddəsinin 1.2-ci bəndinə əsasən 2 uşağa görə -qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı “alimentin təyin edilməsinə dair” iddia ərizəsinə etiraz edir və iddia tələbini qismən qəbul edir, iddia tələbini iddiaçı onun hüquqlarının pozulmasına səbəb olacaq həddə hazırlamış və məhkəməyə tədim etmişdir. Belə ki, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, İddiaçı ilə 17 iyul 2009-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahından 01.10.2010-cu il təvəllüdlü X7 və 12.12.2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. Onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verdiyi iddia tələbinə əsasən Binəqədi rayon Məhkəməsinin 2(001)-180/2021 saylı, 01.06.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş və aralarında olan 17.07.2009-cu il tarixli nikah pozulmuşdur. Həmin ərəfədə uşaqlar onun himayəsində yaşamış, onların bütün qayğıları ilə şəxsən özü məşgul olmuşdur. İddia tələbi üzrə məhkəmə baxışları zamanı uşaqların onun himayəsində olması mübahisəsiz şəkildə müəyyən olunduğundan iş üzrə qəyyumluq və himayəçilik Komissiyasının müvafiq rəyinə əsasən uşaqların onun himayəsində saxlanması məqbul sayılmış, azyaşlı uşaqlarının onun himayəsində olduqları zamanı onların anasına qarşı məhkəmədə aliment tələbi ilə çıxış etməmişdir. Məhkəmənin sonuncu baxışı zamanı uşaqların ana bağlılığından məhrum olmamasını nəzərə alaraq uşaqların ana himayəsində saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin müvafiq qətnaməsi ilə uşaqlar ana himayəsində saxlanmışdır. Buna baxmayaraq o, bir ata kimi bu günə kimi uşaqların üzərində öz vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Baxmayaraq ki, hazırki vəziyyətdə iddiaçı əvvəl olduğu kimi bu gündə uşaqların üzərində himayəçiliyi layiqincə yerinə yetirə bilmir. Qeyd edir ki, iddiaçının, ondan uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tələb etməsi əsassızdır o, onun bu gəlirə malik olmadığını bilir, amma buna baxmayaraq, iddiaçı ölkə üzrə müəyyən edilmiş sabit pul məbləğində müəyyən olunan alimenti tələb etməkdədir. O, hal-hazırda Bakı şəhərində "xxxx" MMC-də əmək müqaviləsi əsasında dispetçer vəzifəsində çalışır, aylıq əmək haqqısı 300 manat təşkil edir. Məhkəmə, qəbul edəcəyi qətnaməni sabit pul məbləğində müəyyən etdiyi halda onun hüquqları kobud surətdə pozulacaq, qətnamənin qanuni icrası mümkün olmayacaq və gələcəkdə iş üzrə mübahisəli vəziyyətlər yaranacaqdır. İşin qanuni və əsaslı icrası üçün, gələcəkdə mübahisəli vəziyyətin yaranmaması üçün hesab edir ki, məhkəmə iddia tələbini qismən təmin etməli və uşaqların saxlanması üçün aliment əmək haqqından müəyyən olunmuş norma üzrə tutulmalıdır. Onun çalışdığı vəzifə üzrə aylıq əmək haqqısından başqa gəliri mövcud deyildir. İş rejimi sıx və ağır oldugundan başqa gəlir əldə etmək üçün fiziki imkanı mövcud olmur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirib, iddia ərizəsinə etirazında göstərilənlərə uyğun izahat verərək, 01.10.2010-cu il təvəllüdlü X4 və 12.12.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin əmək haqqından Ailə Məcəlləsinin 76-ci maddəsinin 1.2-ci bəndinə əsasən 2 uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli 05/Q-69/69 saylı Arayışdan görünür ki, 01.10.2010-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası X1r. İş materiallarına əlavə olunmuş AZ-T seriyalı 181314 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12.12.2012-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası X1r. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli 2(001)-180/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İsmayılova (Məmmədova) Günay Zirəddin qızı arasında 17.07.2009-cu il tarixdə 887 №-li akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 01.10.2010-cu il təvəllüdlü X4 və 12.12.2012-ci il təvəllüdlü X2 anaları İsmayılova (Məmmədova) Günay Zirəddin qızının yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 10 oktyabr 2021-ci il tarixdə 560 №-ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan nikah haqqında AZ-İİ seriyalı 481269 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X5 arasında nikah 21 dekabr 2021-ci il tarixdə bağlanmış, 3099 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 31.01.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-də əmək müqaviləsi əsasında dispetçer vəzifəsində çalışır və əmək haqqısı 300 manatdır. İş materiallarında olan 04 yanvar 2022-ci il tarixli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə Arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci X5 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); məcburi -məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:- 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi…. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən qeyd edilən maddələrinin tələblərinə əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan iki uşağa görə tutulmalı olan alimentin yalnız qazancının 1/3 hissəsi olaraq, yəni cəmi 100 manat tutulması uşaqların mənafeyinə uyğun deyildir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən aliment həm qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, həm də sabit pul məbləğində tutulmalıdır. Sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə uşaqların üstün mənafeyini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində aylıq miqdarı hər uşaq üçün 100 (yüz) manat müəyyən edilməlidir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı məhkəməyə 24 yanvar 2022-ci il tarixdə müraciət etdiyindən aliment məhz həmin tarixdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 01.10.2010-cu il təvəllüdlü X4 və 12.12.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 24 yanvar 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi və hər ay hər bir uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 01.10.2010-cu il təvəllüdlü X4 və 12.12.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 24 yanvar 2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200(iki yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar