Məhkəmə qərarları › İş №2(001)-158/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-158/2023

18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-158/2023 18.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş olan və 130000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilmiş evin dəyərinin yarısı olan 65000 manatın və birgə nikah dövründə İsmayıllı rayonu, Kəlbənd kəndində bağ salmaq məqsədilə alınmış 10 ha torpaq sahəsinin dəyəri olan 50000 manat pulun yarısı olan 25000 manat pulu, cəmi 90000 manatın və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 3 övladı dünyaya gəlmişdir. İddiaçı nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Səbəb kimi isə Cavabdeh ona qarşı göstərdiyi fiziki şiddət və amansız qəddarlıq və s. münasibəti göstərmişdir. İddiaçı bütün bunlara dözə bilməmiş və evi tərk edərək əvvəlcə uşaqlarla birlikdə bacısının evində, sonra anası ilə birlikdə sonuncuya məxsus ikiotaqlı evə sığınmışlar. Bütün əşyalar isə birgə nikahdan sonra tikdikləri evdə qalmaqdadır. Birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əmlak olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsində 6 sot torpaqda 2009-cu ilin aprel ayından, 2014-cü ilin fevral ayına kimi olan müddət ərzində təqribən 200000 manat xərclənərək tikilən hər mərtəbəsi 143 kv.m-dən ibarət olan 3 mərtəbəli ev , 1-ci mərtəbəsində 4 otaq, tualet-hamam, 2-ci mərtəbəsində 4 otaq kiçik tualet və 3-cü mərtəbəsi isə mansarddan ibarətdir ki, bu otaqların hamsında da birgə nikah zamanı aldıqları əşyalar düzülmüşdür. Evin bölünməsi tələbinə dair iddiaya baxılan zaman iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası üzrə ev mütəxəssis tərəfindən 130000 manat dəyərində qiymətləndirilmişdir. Bundan başqa birgə nikah dövründə İsmayıllı rayonu, Kəlbənd kəndində bağ salmaq məqsədilə 10 ha torpaq sahəsi almaq üçün anası X.Musayevaya məxsus ünvan 1 ünvanında yerləşən 75.5 kv.m sahəsi 24 nömrəli mənzili banka girov qoyaraq 50000 manat kənd təsərrüfatı təyinatlı kredit götürmüş, kredit nikah dövründə vaxtından əvvəl ödənilmişdir. Birgə nikah dövründə əldə olunmuş əmlaklar bölünərkən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsində 6 sot torpaqda 3 mərtəbəli 130000 manat dəyərində qiymətləndirilmiş ev və İsmayıllı rayonu, Kəlbənd kəndində alınmış 10 ha torpaq sahəsi dövlət reyestri xidmətində qeydə alınmadığından əmlakın bölünməsi həyata keçirilməmişdir. Bu səbəbdən 1300 manat dəyərində qiymətləndirilmiş evin yarısı olan 65000 manat və birgə nikah dövrüdə götürülmüş və ödənilmiş 50000 manat kredit borcunun yarısı olan 25000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi ilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil3 məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbində olan İsmayıllı rayonu, Kəlbənd kəndində olan 10 ha torpaq sahəsinin dəyərinin yarısı olan 25 min manat pulun alınması hissəsinə Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin müvafiq qərarları ilə baxıldığından həmin hissələrə münasibət bildirilməməsini, qalan hissədə iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırkı əmlakla bağlı artıq yuxarı instansiya məhkəməsinin qətnaməsi var. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən, mübahisəli əmlakın birgə nikah dövründə əldə edilməsi sübuta yetirilməmişdir. Qarşı tərəf də həmin qətnamədən şikayət vermədiyindən, həmin qətnamə qanuni qüvvəsini almışdır.Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-113/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair ilk iddiası qismən təmin edilərək, Cavabdeh adına qeydiyyatda olan 2007-ci il istehsallı, ağmirvari rəngli, mühərrik nömrəsi 1GR5540324, ban nömrəsi JTEBU25J485114247 olan “Toyota Land-Cruiser minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti hesab edilmiş, avtomobilin üzərində İddiaçı və Cavabdeh hərəsinin ½ hissədə payları müəyyən edilmiş, avtomobilin dəyəri olan 25000 manatın ½ hissəsini təşkil edən 12500 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 23 noyabr 2006-cı il tarixli, 237/69 nömrəli qərarı ilə Cavabdeh ayrılmış torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində inşa edilmiş dövlət qeydiyyatına alınmamış 3 mərtəbəli fərdi yaşayış evində olan, ümumi dəyəri 16670 manat təşkil edən əşyalar İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti hesab edilərək, əşyaların üzərində İddiaçı və Cavabdeh hərəsinin ½ hissədə payları müəyyən edilməsi və əşyaların dəyərinin ½ hissəsini təşkil edən 8335 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7250/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin, 04 mart 2022-ci il tarixli, 2(001)- 113/2022 saylı qətnaməsi mübahisələndirilən - ilkin iddianın təmin edilməyən “Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən torpaq sahəsinin bölünməsi” hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi mübahisələndirilən həmin hissədə təmin edilmiş, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən cəmi ümumi sahəsi 10.5002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ (ikidə bir) hissədə payları müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan – “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evinin dəyərinin tərəflər arasında bölünməsinin rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1245/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 iyun 2022-ci il tarixli, 2(103)- 4106/2022 saylı qətnaməsi və 15 noyabr 2022-ci il tarixli, 2(103)-7250/2022 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, hazırki mülki işin predmetini təşkil edən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilmiş evin dəyərinin yarısı olan 65000 manat pul məbləğinin tutulması barədə tələb əsassızdır. Belə ki, yuxarıda qeyd olunan əvvələr tərəflər arasında mövcud olan məhkəmə mübahisələrinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarında qeyd olunur ki, evin birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına inşa edilməsi buna dair heç bir sübut məhkəməyə təqdim edilməməsinə görə sübuta yetirilməmişdir (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7250/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin 42-43 bəndləri). Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilniş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar