Məhkəmə qərarları › İş №2(001)-166/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-166/2022

11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-166/2022 11.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı “qızıl-zinət əşyaların qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı “qızıl-zinət əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 məxsus 1 ədəd 3000 manat dəyərinə komplekt kolyenin, 1 ədəd 1000 manat dəyərində brilyant ağ qaşlı üzüyün, 1 ədəd 2000 manat dəyərində olan sep üzərində qızıl “beşliyin”, İddiaçı1 məxsus 1 ədəd 1000 manat dəyərində üzüyün naturada, bu mümkün olmadıqda isə cavabdeh X2 6000 manat məbləğində pulun alınaraq İddiaçı2, 1000 manat məbləğində pulun alınaraq isə İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh X4 ilə İddiaçı1 07.12.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan övladları olmamışdır. Tərəflərin birgə nikahı Ucar Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh Sevinc Hüseynova şəxsi əşyalarını, nişan və toy mərasimində ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını, eyni zamanda iddiaçıların xəbəri olmadan onların da qızıl-zinət əşyalarını aparmışdır. Cavabdehdən onlara məxsus qızıl-zinət əşyalarını geri qaytarmağı tələb etsələr də, cavabdeh qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, cavabdeh evdən gedən zaman o evdə olmamış, yalnız oğlu və həyat yoldaşı olmuşdur. Onlar cavabdehin çamadanla getdiyini görsələr də, faktiki olaraq cavabdeh tərəfindən qızılların götürdüyünü görməmişlər. O getdikdən sonra evi yoxladıqda qızılların yerində olmadığını görmüşlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil iddia ərizəsində qeyd olunan dəlillərin sübuta yetirilməməsini nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Ucar Rayon Məhkəməsinin 2(063)-653/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsinə əsasən, Hüseynova (Ələkbərli) Sevinc Bayraməli qızı ilə cavabdeh İddiaçı1 arasında bağlanmış və 07 dekabr 2018-ci ildə Ucar rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 252 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. - 06.02.2021-ci il tarixli akta əsasən, Ucar Rayon Məhkəməsinin 2(063)-652/2020 saylı, 17.11.2020-ci il tarixli icra sənədinə əsasən, 150 manat dəyərində 2 dəst “Aura” qab dəsti, 8000 manat dəyərində qonaq otağı dəsti, oturacaq 8 ədəd, vitrin 1 ədəd və digər başqa bütün əmlaklar hamısı aşkar edilmiş və tələbkar X3 təhvil verilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin 24.12.2021-ci il tarixli, 9/7870 nömrəli ekspert rəyinə əsasən, mübahisə predmeti olan və iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4040 manat müəyyən edilmiş, zərgərlik məmulatlarının üzərində olan brilyant qaşlarının qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini, sayını müəyyən etmək mümkün olmadığından, həmin hissə üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. - Ucar Rayon Polis X1 tərəfindən verilmiş izahatda bildirmişdir ki, o, X6 məxsus evi tərk edərək, ata evinə gedərkən özünə məxsus geyim əşyalarını, qızıl-zinət əşyalarını özü ilə götürmüşdür. Ona məxsus cehiz əşyaları isə həmin evdə qalmışdır. X5 ona qarşı qızıl-zinət əşyalarının oğurlanması barədə şikayəti isə böhtandır. O, evdən gedərkən X6 və digərlərinə məxsus hər hansısa bir qızıl-zinət əşyası götürməmişdir. - cinayət işinin başlanmasının rədd olunması barədə 21.10.2020-ci il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı İddiaçı2 ona məxsus qızıl-zinət əşyalarını gəlini Sevinc Hüseynovanın özü ilə aparması barədə Ucar RPŞ-nə verdiyi şikayət ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, araşdırma zamanı İddiaçı2 ərizəsində göstərdiyi xüsusatların mülki xarakterli olmaqla məhkəmə predmetinə aid olduğu müəyyən edilmişdir. Bununla da Sevinc Hüseynovanın əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanılması rədd edilmişdir. - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı2 aid olan qızıl-zinət əşyaları həqiqətən də, cavabdeh rəsmi nikaha daxil olmamışdan əvvəl İddiaçı2 məxsus olmaqla, onun şəxsi istifadəsində olmuşdur. - Məhkəmənin 20.05.2021-ci il tarixli iclasında şahid qismində iştirak edən və dindirilən X9 ifadə verərək bildirmişdir ki, cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh şəxsi əşyalarını və özünə məxsus qızıl-zinət əşyaları ilə yanaşı həyat yoldaşı (iddaçı) İddiaçı2 məxsus 1 ədəd 3000 manat dəyərində olan qızıl dəsti (dəstə daxildir: üzük, 1 cüt sırğa, bilərzik və boyunbağı), 1 ədəd 1000 manat dəyərində olan brilliant ağ qaşlı üzüyü və 1 ədəd 2000 manat dəyərində olan qızıl sep, həmçinin toy zamanı oğlu (iddiaçı) İddiaçı1 hədiyyə edilmiş 1 ədəd 1000 manat dəyərində olan üzüyü evdən gedərkən özü ilə aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. -666.1. və 668.1.3. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlanma etibarlıdır. AR Ailə Məcəlləsinin: - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. - 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). - 37.1-ci ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Bu normadan göründüyü kimi, zinyət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Məhkəmə qeyd edir ki, 1-ci və 2-ci hal mübahisə predmeti deyil, həmin əşyalar mövcuddur və iddiaçılara məxsusdur. Mübahisə 3-cü halla bağlıdır. Belə ki, iddiaçılar bildirmişlər ki, əşyalar cavabdehin sahibliyindədir, cavabdeh isə bildirmişdir ki, əşyalar iddiaçıların özündədir. İş materiallarından görünür ki, iddiaçılar iddia ərizəsində bildirmişlər ki, cavabdeh evdən gedərkən onların əşyalarını özü ilə aparmışdır, daha sonra qaytarmaqdan imtina etmişdir. Lakin iddiaçılar bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil, həmçinin Ucar rayon Polis Şöbəsində cavabdeh S.Hüseynovanın izahatlarından müəyyən edilmişdir ki, cavabdeh evdən gedərkən yalnız özünə məxsus qızıl-zinyət əşyalarını özü ilə aparmışdır. Belə ki, 2020-ci ilin yanvar ayında cavabdeh evi tərk edib, iddiaçılar isə evdə yaşamaqda davam edib, cavabdehlərə məxsus qızıl-zinət əşyaları da həmin evdə qalıb və o, bir daha evə dönməyib. Zinyət əşyaları tərəflərin yaşadığı evdə saxlanıldığından, cavabdeh evi tərk etdikdən sonra zinyət əşyalarının saxlanıldığı yer iddiaçıların sahibliyində qaldığından, əşyaların saxlanıldığı yerdən aparıldığını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılara məxsus qızıl-zinyət əşyalarının cavabdehin sahibliyində olduğu müəyyən olunmadığından qızıl-zinyət əşyalarının qaytarılması barədə tələb rədd olunmalıdır. Qanunun mənasına görə əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi barədə iddianı təmin etmək üçün aşağıdakı şərtlər tələb olunur: iddiaçının mülkiyyət hüququnun olması, əşya üzərindən faktiki sahibliyinin itirilməsi, tələb edilən əşyanın digər eyni cinsli əşyalardan fərdi-müəyyən əlamətlərlə konkretləşdirilməsi və əşyanın faktiki olaraq cavabdehin qanunsuz sahibliyində olmasıdır. Qızıl-zinət əşyaları ilə bağlı tərəflər arasındakı mübahisənin predmetini, əsasən həmin qiymətli əşyaların kimdə olması təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçıların üzərinə düşür və məhz iddiaçılar, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidirlər. Belə ki, iddiaçı tərəf mübahisə predmeti olan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən evdən gedərkən apardığını iddia etsə də, faktiki olaraq həmin qızıl əşyalarının həmin vaxt evdə olmasını və cavabdeh tərəfindən aparılmasını (götürməsini) faktiki görməmişlər. Belə ki, cavabdeh evdən gedərkən həyat yoldaşı (iddiaçı) İddiaçı1 və qaynatası Z.Ələkbərov evdə olmuşlar. Onlarda cavabdehin çamadanla evdən getdiyini görsələr də, faktiki olaraq mübahisə predmeti olan qızıl-zinət əşyalarını götürdüyünü görməmişlər. Yalnız o, getdikdən sonra İddiaçı2 evə döndükdən sonra qızıl əşyalarının olmamasını müəyyən etmişdir. Həmçinin cavabdeh S.Hüseynova təxminən 2020-ci ilin yanvar ayında evdən getsə də, iddiaçılar Ucar rayon Polis şöbəsinə 06.10.2020-ci ildə müraciət etmişlər. Məhkəmə iddiaçı və şahid ifadələrində qeyd olunanları inandırıcı və ağlabatan hesab etmir, iddiaçılar bu halı və hazırda mübahisə predmeti olan qızıl-zinət əşyalarının cavabdehdə olmasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, iddia tələbi sübuta yetirilə bilmədiyindən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı “qızıl-zinət əşyaların qaytarılması”na dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar