Məhkəmə qərarları › İş №2(001)-1688/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1688/2021

30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1688/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, onlar halhazırda Cavabdeh ilə bir evdə yaşasalar da, o, uşaqlarına baxmır, uşaqların yeməyinə, geyiminə heç bir əhəmiyyət vermir. Gəliri normal olsa da, evə ərzaq almır, pulunu əsasən uşaqların qəbul etməli olduğu qida məhsullarına deyil, özü yediyi kolbasa məmulatlarına, çəkdiyi siqaretə və içdiyi arağa xərcləyir. İddiaçı özü demək olar ki, yemək yemir. Lakin bu onu narahat etmir. Onun əsas dərdi uşaqların vaxtı-vaxtında lazımi qaydada qidalanmamasıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, onların mübahisələri iddiaçı işə düzələndən sonra başlamış, həmin vaxtdan o, evə ərzaq almırdı. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasından sonra yenidən uşaqlarını tam təmin etməyə başlamış və buna dair ödəniş qəbzlərini də toplayıb. İddiaçı əgər aliment almaq istəyirsə - ilkin olaraq nikahın pozulmasına dair ərizə versin. Hal-hazırda onlar bir evdə yaşayırlar və nə iddiaçıya, nə də uşaqlara onun yedini yeməyi heç kim qadağa etmir. İddiaçı evdə yemək bişirmir. Onlar əsasən iddiaçının anasının işlədiyi xəstəxanada xəstələrin qabağında qalan yeməklərlə qidalanırlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçı qızıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə tərəflərin maraqları arasında ədalətli tarazlığı qorumaq məqsədi ilə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı qızına ödənilməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2018-ci il təvəllüdlü X4 üç yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat alimentin tutulub ona verilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Beləliklə, maddənin məzmunundan göründüyü ki, qeyd olunan tələb buna zəruri vəsaitə malik olan digər tərəfə qarşı irəli sürülə bilər, İddiaçı qızı isə cavabdehin zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar