Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1693/2022 25.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı əmlak və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı əmlak və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, 18.04. 2017-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü oğlu Azər anadan olmuşdur. Onlar cəmi iki ay cavabdehin valideynləri ilə birlikdə Biləcəri qəsəbəsində yaşamış, gəlin köçdüyü gündən bir neçə gün sonra Amil ona toy hədiyyəsi olaraq verilmiş qızıl əşyalarını onun anasına verməsini demişdir. O, razı olmasada sonradan qızıllarının yerində olmadığını görmüşdür. Soruşduqda Amil ona qızılları götürüb anasına verməsini ona demişdir. Bundan ay yarım sonra onlar kirayə ev tapıb evdən çıxmış, lakin o, qızıllarını Amildən istəsə də geri ala bilməmişdir. Amil gah qızılları satmasını, gah onda, gah da anasında olmasını ona demişdir. Ona görə də ona məxsus 3420 manat dəyərində 85 karatlıq 1 ədəd Buta klon, çəkisi 30 qram olan İtaliya istehsallı boyunbağı, 1600 manat dəyərində çəkisi 20 qram olan 1 ədəd qolbağı, 560 manat dəyərində çəkisi 8 qram olan 1 ədəd üzüyü, 420 manat dəyərində İtaliya istehsallı 1 cüt sırğa olmaqla ümumi dəyəri 6000 manat olan qızıl dəstinin cavabdeh tərəfindən ona qaytarmasını istəyir. Cavabdeh tələb etdiyi 5 adda, 6000 manat dəyərində 64 qram çəkidə olan qızıl-zinət əşyalarının naturada, həmin əşyalar naturada olmadığı halda dəyərlərinin və ödədiyi 80 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 İddiaçı izahatını təsdiq edib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olub ailə qurmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü oğlu Azər anadan olmuşdur. Toy mərasimindən sonra iddiaçı onların yaşadıqları ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüş, lakin İddiaçı onun valideyinləri ilə yaşamaq istəmədiyindən 2 aydan sonra onlar Bakı şəhərində kirayə tutduqları mənzildə yaşamağa başlamışlar. Valideyinlərinin evindən çıxarkən onlar mebel və bütün ev əşyalarını, Arzunun qızıl-zənt əşyalarını özləri ilə götürmüşlər. Kirayədə yaşadıqları vaxtlar onların Arzunun valideyinləri və yaxın qohumları ilə münasibətləri yaxşı olmuş, onun valideyinləri daim yaşadıqları evə gəlib-getmişlər. Arzunun bibisi Səbirə Həsənova onlarla birlikdə kirayədə yaşadıqları evdə qalmış, Arzunun qardaşı Şəhriyar isə tez-tez onların kirədə yaşadıqları mənzilə gecələmək üçün gəlmişdir. Həmin vaxtlar Arzunun anası Fəxriyyə onlara qonaq gələrkən Arzu qızıl-zənət əşyalarını itməməsinə görə saxlamaq üçün anasına vermişdi. Arzunun deməsinə görə onun anası qızılları satıb Arzunun müalicəsinə xərcləmişdir. 2018-ci ildə Arzuya məxsus sırğa ilə qolbağı o, 250 manata satmış və əldə etdiyi pulu avtomobilinin təmirinə sərf etmişdir. Bu barədə Arzu bilmiş və etiraz etməmişdir. Arzu qızıl dəstinin brilyant qaşlı olmasını bildirsə də, əslində həmin dəst sirkon qaşlı olmuş, Türkiyə qızılından zərgər emalatxanasında kustar üsulla düzəldilmişdir. İddiaçı bağışladıları qızıl-zinət əşyaları sirkon qaşları olan qızıl sırğa, qızıl üzük, qızıl qolbaq və qızıl klonu olan qızıl boyunbağıdan ibarət dəstdən və bir ədəd brilyat qaşlı qızıl nişan üzüyündən ibarət olmuşdur. Həmin qızıl-zənət əşyalarını 2013-cü ildə onun bacısı X2 Respublikasına gedərkən orada zərgərlik emalatxanasında sifariş verib düzəltdirərək dəsti 350 ABŞ dollarına, nişan üzüyünü isə 150 ABŞ dollarına almışdır. Dəstin ümumi çəkisi 31 qram və hazırkı bazar qiyməti 775 manat təşkil edir. İddiaçı Mediasiya şurasına ərizə verərkən güya onda qalan qızıl-zinət əşyalarının qiymətinin 12000 manat, iddia ərizəsində isə həmin əşyaların qiymətinin cəmi 6000 manat olmasını göstərmişdir. Münasibətləri pozulduqdan sonra iddiaçı mebel və ev əşyalarını atası evinə aparsa da, uzun müddətdən sonra qızıl əşyaları tələbi ilə məhkəməyə müraciət etmişdir. Qızıl əşyaları onda olmuş olsaydı iddiaçı dərhal məhkəməyə müraciət edərdi. Arzu evdən gedərkən ona deməmiş, Arzunu valideynləri ona demədən valideynlərinin mənzilinə aparmışdır. O, Arzu ilə barışmaq istəsə də, Arzunun qardaşı ona manelər yaradır. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsini mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİ 177010 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X10 xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 71 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Hüseynova soyadı verilmişdir. X1 tərəfindən tərtib rəydən müəyyən olunur ki, İddiaçı dediklərinə və təqdim etdiyi fokoşəkillərə əsasən 30 qram 85 karat Buta kolyenin qiyməti 3420 manat, 20 qram qolbağın qiyməti 1600 manat, 8 qram üzüyün qiyməti 560 manat, 6 qram İtaliya qızılı sırğanın qiyməti 420 manat olmaqla qızıl-zinət əşyalarının ümumi dəyəri 6000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3221 saylı rəyindən müəyyən olunur ki, 85 karat brilliant qaşla bəzədilən 750 əyarlı 30 qram qızıldan hazırlanan buta kolye və sepdən 750 əyarlı 20 qram qızıldan hazırlanan qolbağdan 750 əyarlı 8 qram qızıldan hazırlanan üzükdən 750 əyarlı 6 qram qızıldan hazırlanan sırğadan ibarət dəstin qiyməti 6400 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, 31 qram 585 əyarlı qızıldan hazırlanan sirkon qaşla bəzədilən qolbaq, sep, üzük, klon, sırğadan ibarət dəstin qiyməti 2480 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, 38 qram 585 əyarlı qızıldan hazırlanan sirkon qaşla bəzədilən qolbaq, sep, üzük, klon, sırğadan ibarət Türkiyə istehsalı dəstin qiyməti 3040 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspert tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında şahid şahid X5 ifadəsində göstərmişdir ki, qızı Arzu 2017-ci ildə Amil ilə nikaha daxil olmuş, toy hədiyyəsi olaraq oğlan evi onun qızına boyunbağı, sırğa, üzük və qolbağ gətirmişlər. Həmin vaxt Arzunun qaynanası qızılları 12000 manata almasını demişdir. Arzu onların evinə gələrgən qızıllarını gətirməmişdir. O, Arzudan qızıllarının harada olmasını soruşduqda Arzu qızıllarının yataq otağında qalmasını ona demişdir. Arzu kirayəyə köçmək üçün cehizi qaynanasının evindən çıxararkən o, qızıllar barədə Amildən soruşmuş, Amil qızılların anasında olduğunu demişdir. Münasibətlərin pozulmaması üçün o, bu barədə qudasından soruşmamışdır. Arzuya hədiyyə olunan qızıl dəsti 750 əyarlı qızıldan hazırlanmış, brilyant qaşlı olmuşdur. Arzu qızıllarını saxlamaq üçün ona veməmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, bacısı Arzu 2017-ci ildə nikaha daxil olmuş, Arzuya dəyəri 12000 manat olan boyunbağı, üzük, sırğa, qolbaq, klon daxil olan qızıl dəsti verilmişdir. Arzu valideynlərinin evinə gələrkən qızıl dəstini özü ilə gətirməmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, gəlini Arzuya onlar üzük, sırğa, boyunbağı, qolbaq daxil olan qızıl dəsitini hədiyyə etmişlər. Qızıl dəstinin alınması ilə onun həyat yoldaşı və qızı məşğul olduğundan dəstin qiymətini o, bilmir. İki ay sonra o, həyat yoldaşı ilə birlikdə Arzunu valideynlərinin evinə aparmışlar. Arzu qonaq gedəndə qızıllarını da aparmışdır. Qayıdarkən Arzu valideynlərinin mənzilində qalmışdır. Daha sonra Arzu kirayə ev tutularsa qayıdacağını bildirmiş, bundan sonra onlar kirayə ev tutmuş Amil Arzu ilə kirayədə yaşamışdır. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, 2017-ci ildə oğlu Amilə toy edərkən gəlini Arzuya sirkon qaşlı 585 əyarlı qızıldan olan qolbaq, üzük, sırğa, boyun bağından ibarət qızıl dəst hədiyyə etmişlər. Qızıl dəstini Türkiyədə 350 ABŞ dollarına düzəltdirimişlər. X15 gedəcəyini bilmişdir. Kirayədə yaşadıqları müddətdə Arzunun qardaşı, xalası, bibisi də onlarla yaşamışdır. Arzunun qardaşı Quranı yerə atdığı üçün münasibətləri pozulmuşdur. Amil ona qızıllarının yarısını satdıqlarını demişdir. Qızılların yarısının Arzunun anasında olmasını hesab edir. Lakin bu barədə ona heç kim deməmiş, qızıllar verilərkən görməmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, 2017-ci ildə qardaşı Amil Arzu ilə nikaha daxil olmuşdur. Gəlinə toy hədiyyəsi olaraq qızılları o, hələ 2014-cü ildə Türkiyədə sifariş vermişdir. 380 ABŞ dollarına aldığı 585 əyarlı çəkisi 38 qram olan sirkon qaşlı qızıl dəsinə boyunbağı, klon, qolbağ, üzük, sırğalar daxil olmuşdur. Arzu iki ay onun valideynlərinin evində yaşamış, sonra valideynlərinin evinə getmiş, həmin vaxt qızıllarını da özü ilə aparmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı təqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya toy hədiyyəsi olaraq cavabdehin bacısının seçib aldığı 38 qram 585 əyarlı qızıldan hazırlanan sirkon qaşla bəzədilən qolbaq, sep, üzük, klon, sırğadan ibarət Türkiyə istehsalı, hazırda qiyməti 3040 manat olan qızıl dəsti hədiyyə edilmişdir. İddiaçı ilə kirayə tutduğu mənzilə köçərkən iddiaçıya məxsus qızıl dəstinində həmin evə aparılmasını etiraf edən cavabdeh sonradan həmin dəsti iddiaçıya verməsini, qızıl dəstinin bir hissəsinin iddiaçının razılığı ilə satmasını, digər hissəsinin iddiaçıda olmasını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının vəsatəti əsasında dindirilən şahid ifadələri ilə müəyyən olunmuşdur ki, İddiaçı valideynlərinin mənzilinə qayıdarkən ona hədiyyə olunan qızıl dəst iddiaçıda olmamışdır. Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh etirazında istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, iddiaçı ona hədiyyə olunan qızıl dəstinin brilyant qaşlı olmaqla çəkisinin 64 qram dəyərinin 6000 manat olmasını sübuta yetirə bilmədiyindən, iddia ərizəsi qismən təmin edilərək 38 qram 585 əyarlı qızıldan hazırlanan sirkon qaşla bəzədilən qolbaq, sep, üzük, klon, sırğadan ibarət Türkiyə istehsalı, hazırda qiyməti 3040 manat olan qızıl dəsti cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Dəyəri 3040 manat olan, 585 əyarlı qızıldan hazırlanan sirkon qaşlı qolbaq, sep, üzük, klon, sırğadan ibarət qızıl dəsti, icra vaxtı həmin əşyalar olmadığı halda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 80 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1693/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1693/2022
25.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver