Məhkəmə qərarları › İş №2(001)-1712/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1712/2023

24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1712/2023 24.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili X3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2nın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü övladı X1 üçün bugünkü tarixədək yığılmış 6930 manat məbləğində aliment borcunun silinməsi və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun və 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixində rəsmi şəkildə nikaha daxil olmuş və bu nikahdan Elmir adlı uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4918/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və uşaq ananın himayəsinə verilmiş, uşağın saxlanılması üçün 154 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Tərəflər nikah pozulduqdan təxminən 6 ay sonra 2019-cu ilin mart ayında barışmışlar və həmin tarixdən başlayaraq 2 il müddətində birlikdə yaşamış, birgə təsərrüfat aparmışlar. xx.xx.2023-cü il tarixdə Cavabdeh Binəqədi RP-nin 5-ci bölməsinə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə İddiaçı ona xəsarət yetirməsi barədə məlumat vermişdir. Həmin tarixdən sonra cavabdeh atası evinə köçmüşdür və hazırda iddiaçıya qarşı cehiz əşyalarının qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddianı belə əsaslandırmışdır ki, onlar ayrıldıqdan sonra Cavabdeh cehizlik əşyaları yaşadıqları evdə qalmaqda idi. İddia ərizəsinə əsasən, cehizlik əşyalar iddiaçı ilə Cavabdeh vaxtilə yaşadığı ünvan 1 ünvanında deyil, ünvan 2 ünvanında yerləşir. Ordakı əşyalar gündəlik məişət əşyaları olmaqla övladları İddiaçı və Cavabdeh məxsusdur və bunların hamisi xx.xx.2022-ci il tarixədək iddiaçı ilə cavabdehin birlikdə yaşamasını sübut edir. Barışdıqları üçün cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə müraciət edərək, mülki icra işi üzrə icraatın dayandırılmasını xahiş etmiş bununla da tərəflərin faktiki ailə münasibəti yaşadıqlarını açıqaşkar ifadə etmişdir. İddiaçı hal-hazırda işlədiyini və 2022-ci ilin avqust ayından etibarən aliment borcunu ödədiyini qeyd edərək, 2019-cu ilin mart ayından 2022-ci ilin sentyabr ayına qədər olan dövr üçün hesablanmış borcun silinməsini tələb edir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün bugünkü tarixədək yığılmış 4460 manat məbləğində aliment borcunun silinməsi və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun və 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbini qəbul etmədiyini, tələbin rədd edilməsini və aliment borcunun silinməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4918/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X6 anasının himayəsinə verilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh ərizəsinə əsasən İddiaçı əməlində xuliqanlıq cinayətinin tərkib hissəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-822/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, cavabdeh İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4918/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə aliment borcu 2022-ci ilin noyabr ayına 7084 manat təşkil edir. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2794/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutuln inzibati xətanı törətməklə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-589/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-4918/2018 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 üçün İddiaçı tutulan alimentin miqdarı artırılaraq hər ay 220 manat tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi kimi nikah pozulduqdan sonra tərəflərin barışmaları və birlikdə yaşamaları, onun aliment borclarından azad edilməsi üçün qanuni əsası deyildir. Qanunvericilik alimentin borcunun tamamilə və ya qismən azad edilməsinin əsaslarını müəyyən etmişdir. Göründüyü kimi, qeyd olunan maddəyə görə yalnız aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edildiyi halda, aliment borclarını ödəməkdən azad edilə bilmə imkanı nəzərdə tutulmuşdur ki, bu hallar da mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, icra sənədində aliment borcunun ödəmək öhdəliyi bilavasitə İddiaçı üzərinə qoyulmuş və bu öhdəlik nikah pozulduqdan sonra tərəflərin barışmaları və birlikdə yaşamaları icra sənədinin icra olunmasından azad olunması ilə şərtləndirilməmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2794/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarında da qeyd olunur ki, tələbkarın ərizəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4918/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat təzələnmişdir və bu hal icra sənədində göstərilən aliment borcunu ödəmək öhdəliyindən İddiaçı azad etmir. Məhkəmə qeyd edir ki, aliment borcunun silinməsi üçün o hallar əsas götürülə bilər ki, həmin halların olması aliment borclarının ödənilməsini mümkünsüz etsin. Lakin hazırda bu halların mövcudluğu aşkar olunmadı.Odur ki, məhkəmə öncə yetkinlik yaşına çatmayan uşağın mənafeyinə üstünlük verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar