Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1725/2021 23.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 Cavabdeh vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması, xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3750 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 4.280 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və ididanı təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmidir. Məhkəmə, iddiaçının bu barədə ərizəsini nəzərə alıb, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X5 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdeh əcnəbidir və onun sürücülük vəsiqəsi mövcuddur. Yol nəqliyyat hadisəsi baş verən zaman da nəqliyyat vasitəsini həmin sürücülük vəsiqəsi ilə idarə etmişdir. Həmin vəsiqənin qüvvədə olma müddəti də bitməmişdir. Qüvvədə olan qanunvericilikdə əcnəbilərin Azərbaycan Respublikasında nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində dəyişdirilməsi nəzərdə tutulmuş, lakin vəsiqənin dəyişdirilməməsi tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərə xitam verilməsi üçün əsas kimi müəyyən edilməmişdir. Sığorta müqaviləsi bağlanan zaman da cavabdeh hazırki sürücülük vəsiqəsinə sahib idi. Bu səbəbdən cavabdehin sürücülük vəsiqəsini dəyişdirməməsi iddiaçı tərəfindən ödənilmiş zərər və digər məbləğlərin ondan tutulması üçün əsas ola bilməz. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsinin məzmununu nəzərə alıb, cavabdeh tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02.06.2017-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən “Mercedes Benz E270 CDİ” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən sığortalanmışdır. Cavabdeh həmin nəqliyyat vasitəsini 10.12.2017-ci il tarixdə Masazır yolunda idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Mercedes Benz E220” markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Bununla bağlı aparılmış hesablama aktına əsasən qeyd edilən avtomobilin əvəz olunmalı ehtiyat hissələrinin və görüləcək təmir işlərinin ümumi dəyəri 3.750 manat məbləğində müəyyən edilmiş və bu məbləğ sığorta ödənişi qismində iddiaçı tərəfindən həmin avtomobilin sahibi (zərərçəkən şəxs) X3 ödənilmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə geriyə tələb (subroqasiya) məktubu göndərilməklə ödənilmiş zərər məbləği barədə məlumat vermiş və həmin məbləğin ödənilməsini ondan tələb etmişdir. Lakin bu bir nəticə verməmişdir. Hazırda da iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, qüvvədə olan “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin tələblərinə zidd olaraq yol nəqliyyat hadisəsi baş verən zaman “Mercedes Benz E270 CDİ” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etdiyini iddia edir və tərəfindən ödənilmiş məbləğin, habelə işlərin görülməsinə çəkilmiş 500 manat məbləğində xərcin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ondan tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmənin müvafiq qərardadının icrası qaydasında aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli, 9/2099 nömrəli ekspert rəyinə əsasən 1999-cu il buraxılışlı “Mercedes Benz E220” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3.650 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir; 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 35-1-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir; 35-1-ci maddəsinin ikinci hissəsinə Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. 35-3-cü hissəsinə əsasən bu Qanunun 35-1-ci maddəsinin İ və İİ hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. Məhkəmə qeyd edir ki, Cavabdeh Türkiyə Respublikasının vətəndaşıdır və ona səlahiyyətli orqan tərəfindən 14.07.2017-ci il tarixdən 14.07.2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmişdir. Tərəflər arasında sığorta müqaviləsi isə bu tarixdən əvvəl, yəni 02.06.2017-ci il tarixdə bağlanmaqla 11.06.2017-ci il tarixdə qüvvəyə minmişdir. Başqa sözlə, sığorta müqaviləsi bağlanan zaman cavabdehin Azərbaycan Respublikasında nəinki daimi, həmçinin müvəqqəti əsaslarla yaşamaq hüququ yaranmamış və o, hüquqi baxımdan həmin vaxt sürücülük vəsiqəsini dəyişdirmək imkanını hələ əldə etməmişdir. Digər tərəfdən həmin müqavilə üzrə sığortalı qismində məhz cavabdehin özü çıxış etmiş və rəsmiləşdirmə zamanı da məhz Türkiyə Respublikası tərəfindən ona verilmiş sürücülük vəsiqəsindən istifadə etmişdir. Bununla belə, iddiaçı sığorta müqaviləsini bağlayan zaman cavabdehin hələ Azərbaycan Respublikasında yaşamaq üçün hər hansı icazəsi olmamış və ona həmin vaxt “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinin tələbləri tətbiq edilə bilməzdi. Həmin vaxt onun belə bir icazə almasını təsdiq edən hər hansı sübut da mövcud deyildi, almaması da istisna deyildi. Qanunvericilikdə sürücülük vəsiqəsini dəyişdirmədən sığorta müqaviləsi imzalamış əcnəbilərin sonradan sürücülük vəsiqəsinin dəyişdirilməsinə sığortaçı tərəfindən nəzarət etməsi proseduru da müəyyən edilməmişdir. İddiaçı da bütün bu halların mövcudluğuna baxmayaraq, öz iradə ifadəsini bildirərək, sığorta müqaviləsini bağlamışdır. Halbuki, qeyd edilən qanunun 35-ci maddəsinin tələbləri də özündə sığorta müqaviləsinin məhz orada göstərilmiş məsələlər öz həllini tapdıqdan, yəni sürücülük vəsiqəsi dəyişdirildikdən sonra bağlanmasını özündə ehtiva edir. Başqa sözlə, iddiaçı bu müqaviləni bağlamaqla həmin maddənin tələblərini iddiaçıdan əvvəl özü pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin vəziyyətinə uyğun olan hazırki vəziyyətdə bağlanmış sığorta müqaviləsinin riskini məhz sığortaçı özü daşımalıdır. Bu baxımdan iddiaçı qeyd edilən hadisə zamanı həmin nəqliyyat vasitəsi ilə “Mercedes Benz E220” markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində tərəfindən ödənilmiş sığorta ödənişini cavabdehdən tələb edə bilməz. Bu da öz növbəsində hazırki tələbin və ondan irəli gələn törəmə tələblərin rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması, xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması, xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1725/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1725/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver