Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1741/2025 07.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh Yengixanov (Məmmədov) Elman Mikayıl oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Yengixanov (Məmmədov) Elman Mikayıl oğluna qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Yengixanov (Məmmədov) Elman Mikayıl oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 246 manat, cəmi 492 manat sabit pul məbləği və Zəhra anadangəlmə düçar olduğu amansız xəstəliklərinə görə 200 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 124/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X6 ilə onun arasında 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə bağlanmış, 645 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması qət edilmişdir. O bildirir ki, iki azyaşlı və xəstə övladları ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsində yerləşən 20 saylı evdə qeydiyyatsız yaşayır. O, həmin evə gəlin köçmüş və onun bütün cehiz əmlakları da həmin evə yerləşdirilmişdir. Belə ki, o, nikahın pozulması ilə bağlı Masallı Rayon verilən məhkəmədə övladlarına aliment pulu tələb etməməsinin səbəbi cavabdeh və keçmiş qayınatası bildirmişdir ki, gəlin köçdüyü və qeydiyyatsız yaşadığı evdən onu çıxarmayacaqlar. O da iki azyaşlı övladı ilə getməyə yeri olmadığı üçün və evdə yaşamaq üçün icazə versinlər deyə cavabdehdən aliment tələb etməmişdir. O, övladlarına valideynlərinin köməkliyi ilə baxmağa çalışır. Bildirir ki, xx.xx.2019-cu il təvəllüdlü qızı Zəhra ağır xəstəliklərdən əziyyət çəkir. Ata olan şəxs övladları yoxmuş kimi davranır və ona bir manat da olsa maddi köməklik etmir. Onun övladı Zəhranın yerimə qabiliyyəti yoxdur. Onun qızı ilə bağlı iddia ərizəsində qeyd etdikləri lə bağlı uşağın xəstəlik sənədlərini və fotoşəkillərini iddia ərizəsinə əlavə etmişdir. X14 Meningomielosele, Kiari malfarmasiyası, Kompensə olunmuş hidrosefaliya xəstəliklərindən əziyyət çəkir. Zəhra anadangəlmə bu xəstəliyə düçar olmuşdur. Ayaqlarında hərəkət yoxdur və bel nahiyyəsindəki onurğa beyin yırtığındandır. Bundan başqa, övladının başına su yığılır və xəstəliyi günü-gündən artır, çünki o, övladını müalicə etdirə bilmir. Bir ana kimi övladının dərdi ona bəs deyilmiş kimi, cavabdeh və keçmiş qayınatası evdən çıxarılma ilə bağlı ona qarşı iddia ərizəsini məhkəməyə ünvanlamışdır. O, çox acınacaqlı və sıxıntılar çəkir. Övladının xəstəliyi ilə bağlı sosial almaq üçün müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Bu günə qədər min bir əziyyətlə dolanır. Aliment almaq ehtiyacı olsa da, cavabdeh və keçmiş qayınatası onu evdən çıxmasın deyə aliment tələb etməmişdir. Hazırda isə çox çarəsizdir və övladının səhhəti günü-gündən pisləşir, aliment almağa ehtiyacı var. Cavabdeh işləyir, kifayət qədər qazanc əldə etsə də, öz doğma övladlarına pul xərcləmir və öz kefini, həyatını yaşayır. Onun maddi cəhətdən yaşayış şəraiti əziyyətli olduğu üçün 2023-cü ilin iyul ayında Bakı 9 saylı mediasiya təşkilatına aliment tələbi, övladının xəstəliyi ilə bağlı digər xərclərin və yaşayış hüququnun təmin edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh mediasiyada iştirak etməmiş və sonra ona bildirmişdir ki, məhkəməyə müraciət etməsin, evdə yaşasın və ona aliment pulu verəcək. O da cavabdehə inanıb məhkəməyə müraciət etməmişdir. Gözləmişdir ki, öz istəyi ilə övladlarına maddi köməklik etsin. Hələ bu azmış kimi onu və azyaşlı övladları ilə birlikdə evdən çıxarılma tələbi ilə bağlı məhkəməyə vermişdirlər. Göstərilənlə bağlı onu da qeyd edir ki, heç bor yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, hər iki uşaq üçün tələb olunan alimenti ödəməyə razıdır, lakin əlavə pulu ödəməyə imkanı yoxdur. O, bu barədə məhkəməyə ərizə də təqdim etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İV seriyalı 437044 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 atası X6, anası İddiaçıdır. AZ-İV seriyalı 538461 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3 atası X6, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-124/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, X6 ilə İddiaçı arasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 16 mart 2020-ci il tarixdə bağlanmış, 645 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X3 anaları X1 yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumatdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 Spina bifida diaqnozu qoyulmuşdur. Ege Hospital tərəfindən verilmiş epikrizin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 Lumbal Meningomielosele, Kiari Malfarmasiyası, Kompensə olunmuş hidrosefaliya diaqnozları qoyulmuş, xx.xx.2020-ci il tarixdə Lumbal meningomieloselenin ləğvi əməliyyatı icra olunmuşdur. AZ-İ seriyalı 456591 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 İddiaçı ilə olan nikahı ləğv olunmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 164 nömrə ilə qeyd edilməklə, birinciyə “Yengixanov” soyadı verilmişdir. West Hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müayinə məlumatlarından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X5 onurğa sütununun bel nahiyyəsinin MR müayinəsi zamanı müəyyən olunmuşdur ki, L4-S1 fəqərələrin arxa elementlərində deffekt mövcuddur (spina bifida). Onurğa beyni L5 fəqərə səviyyəsində sonlanır, distal hissəsi qalınlaşıbdır və arxada dural kisəyə yapşıbdır (Tethered cord). L3-S1 səviyədə dural kisə ektazik olub, L3-S1 səviyyədə intradural sahədə T1 hipo, T2 hiperintens, içərisində likvar axımına bağlı artekfaktların mövcud olduğu və diametri ən geniş yerində 32 mm-ə çatan kistik struktura izlənilir. Cauda equina lifləri aydın seçilmir. Spinal kanalda lipomatoz törəmə izlənilmədi. West Hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müayinə məlumatlarından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X5 beyin MR müayinəsi zamanı Arnoid Chiari malformasiyası tip İİ, Triventrikulyar hidrosefaliya, Diffuz şəkildə minimal beyin ödemi mövcud olması müəyyən olunmuşdur. Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X9 anadan olmuşdur. Tərəflərin nikahı Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmışdır. Hazırda iddiaçı cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 246 manat, cəmi 492 manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X4 xəstəliyinə görə 200 manat əlavə xərcin tutulmasını xahiş edir. Hazırki halda xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını, cavabdehin tələb olunan aliment məbləğini ödəməyə razı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, tələb aliment hissədə təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Yengixanov (Məmmədov) Elman Mikayıl oğlundan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2019-cu il təvəllüdlü X4 xəstəliyinə görə 200 manat əlavə xərcin tutularaq iddiaçıya ödənilməsi hissəsində də qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan arayışlardan müəyyən olunur ki, xx.xx.2019-cu il təvəllüdlü X8 davamlı müalicə olunur. Həmçinin, iddiaçı cavabdehin həmin 200 manat əlavə xərci ödəmək üçün zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X4 müalicə xərcləri üçün (uşaq sağalanadək) hər ay 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən, aliment həmin tarixdən tutulmalıdır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixindən başlayaraq cavabdeh Yengixanov (Məmmədov) Elman Mikayıl oğlundan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X4 müalicə xərcləri üçün (uşaq sağalanadək) hər ay 100 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 91,04 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixindən başlayaraq cavabdeh Yengixanov (Məmmədov) Elman Mikayıl oğlundan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X4 müalicə xərcləri üçün (uşaq sağalanadək) hər ay 100 (yüz) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Yengixanov (Məmmədov) Elman Mikayıl oğlundan 91,04 (doxsan bir manat, dörd qəpik) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-1741/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1741/2025
07.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver