Məhkəmə qərarları › İş №2(001)-1797/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1797/2021

13.01.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1797/2021 13.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Kreditor MMC-nin Borclu qarşı “borcun tutulması”na dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor MMC Borclu qarşı “borcun tutulması”na dair məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Kreditor MMC qanunun tələbinə tam riayət etməmişdir. Ərizə “direktor” kimi qeyd edilmiş şəxs tərəfindən imzalansa da, həmin direktorun adı ərizədə qeyd edilməmiş, həmçinin onun ərizəni imzalamaq səlahiyyətini iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -278.1-ci maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi barədə ərizə yazılı formada verilir. -278.3-cü maddəsinə əsasən, ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir. Göründüyü kimi ərizəni imzalayan şəxsin səlahiyyətlərini müəyyən etmək mümkün deyil. Odur ki, ərizə geri qaytarılmalıdır. Lakin bunu tənzimləyən norma MPM-də nəzərdə tutulmadığından, hesab edirəm ki, oxşar münasibətləri tənzimləyən prosessual hüquq normalarına müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. -150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilməlidir. -151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. -152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Təsvir olunanlara əsasən hesab edirəm ki, Kreditor MMC-nin Borclu qarşı “borcun tutulması” tələbi barədə ərizəsi geri qaytarılmalı, kreditora ərizənin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: Kreditor MMC-nin Borclu qarşı “borcun tutulması”na dair məhkəmə əmrinin çıxarılması barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditora izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar