Məhkəmə qərarları › İş №2(001)-1808/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1808/2021

13.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1808/2021 13.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “dövlət icbari şəxsi sığorta məbləğinin ödənilməsinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulan 6600 manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin 01 aprel ayında Nizami rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağıılmış və N saylı hərbi hissənin şəxsi heyət siyahısına salınmışdır. Həmin vaxtdan da cəbhə bölgəsində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin aprel ayının 19-da gedən döyüşdə ağır yaralanmışdır. Bununla bağlı Bakı şəhəri Travmatologiya İnstitutunda müalicə olunmuşdur. 1992-ci il, 19 noyabrda hərbi həkim komissiyasının rəyinə əsasən hərbi xidmətə yararsız hesab edilməklə ordu sıralarından təxris edilmiş və hərbi hissənin siyasından ççıxarılmışdır. Ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması göstərilmişdir. Ona sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir. Hazırki mülki iş üzrə iddiaçının hüququnun pozulduğunu bildiyi subyektiv an vacib əhəmiyyətə malikdir. İddia müddətinin keçməsinə əsas verə biləcək subyekiv hüququn pozulduğu obyektiv an sığorta hadisəsinin baş verməsi mövcud olsa da, digər zəruri şərt iddiaçının hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu subyekiv an mövcud olmamışdır. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hüquqi ünvanı AZ1014, ünvan 1 rəsmi qeydə alındığı ünvan Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşməsinə baxmayaraq, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdehin hüquqi ünvanının olduğu ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Bundan əlavə iddiaçıya izah edilməsini zəruri hesab edirəm ki, iddia ərizəsi verilərkən o(iddia ərizəsi) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinin tələbi baxımından imzalanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “dövlət icbari şəxsi sığorta məbləğinin ödənilməsinə dair” iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar