Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1824/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evə qəsd edən özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, evə vurulmuş zərərin ödənilməsi tələbinə dair və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) özbaşına tikilinin sökülməsi və vurulmuş zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında tikinti sahəsində Dövlət standartlarına, tikinti norma və qaydalarına texniki şərtlərə və digər normativ hüquqi aktlara riayət olunmadan aparılmış, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 39 mənzil 4-ün (indiki Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 1-ci Dəmiryol küçəsi ev 39 mənzil 4) divarının üstündən tikdirdiyi qanunsuz 3-cü mərtəbənin cavabdehlərin öz hesabına sökülməsi, ünvan 1-in 3-cü mərtəbəsindən evinin damına baxan 2 pəncərənin bağlamasını və suyun axıdılması nəticəsində ona dəymiş 15.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əmlakına qəsdən zərər vurduqlarına görə cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 39 mənzil 4-ü (Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 1-ci Dəmiryol küçəsi, ev 39, mənzil 4) o, 2008-ci il tarixdə tam tikili vəziyyətdə, təmirli olaraq almış və 12 ildir ki, anası Dastiyari Naidə ilə həmin ünvanda yaşayırlar. Yan qonşusu Cavabdeh2, onun oğlu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh3 onları bu evdə yaşamaqlarını imkan vermirlər. Belə ki, cavabdehlər ona məxsus evin divarının üstünə 3-cü mərtəbəni özbaşına hər hansı tikinti normalarına cavab vermədən tikmişdir. Hətta onlar həmin evə yeni köçən zaman onların qadın olmağından istifadə edib qanunsuz tikdiyi evin 3-cü mərtəbəsindən evinin damına baxan 2 pəncərə açmışdır. Evinə məxsus divarın üstündən qanunsuz tikilinin sökülməsini dəfələrlə cavabdehdən xahiş etmişdir. Cavabında isə ona “siz kimsiz, siz başsız ailəsiz bizə belə xoşdur və sökmüyəcəyik demişlər”. Atası X1 veteranı olmuş və 12 avqust 2012-ci il tarixdə rəhmətə getmişdir. Cavabdeh3 və oğlu Cavabdeh1 12 ildir ki, onların evinin damının üstündə gəzirlər. Evinin şiferləri sınmış və yenidən məcbur qalıb həmin şiferləri öz hesabına düzəltdirmişdir. O, cavabdehlərə etiraz edərək aparılmış tikintini onun evinə birləşdirilməməsini, evindən heç olmasa 2 metr aralı aparılmasını bildirmiş və əlavə etmişdir ki, bu tikili ilə onun evində yaşamaq mümkünsüz olacaq. Lakin onlar tikinti normalarını pozaraq tikdirdikləri 3-cü mərtəbədə yaşayırlar, heçnə olmamış kimi. Ona məxsus mənzili həyətinə baxan pəncərədən isə qonşunun söhbətləri söyüşləri onun evində təmiz eşidilir. Cavabdehlər onunla düşmən kimi davranırlar. Cavabdehlərin əməllərinə artıq tab gətirə bilmir. Azərbaycan Respublikası Nazirlər Kabnetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarı ilə tikilən evlər arasında saxlanılmalı olan ara məsafələri müəyyən edilir. Həmin qərara əsasən cavabdeh apardığı tikili ilə onun mülkiyyətində olan ev arasında ən azından 4-5 metr məsafə saxlamalı idi. Cavabdehlər özlərinə məxsus mənzilə kondisioner quraşdırmış və həmin kondisionerin suyu onun evinə tökülmüş və evi yararsız vəziyyyətə düşmüşdür. Cavabdehlər özlərinə məxsus evin novalçasına qəsdən boru taxmamışlar və nəticədə yağan yağış suyu onun evinə axmış, evin tavanı, döşəməsi, divar kağızları yararsız vəziyyətə düşmüşdür. Evdə yaşamaq artıq qeyri-mümkün hala çevrilmişdir. Lakin onun yaşamağa başqa yeri yoxdur. Onun evi bərbad vəziyyətə salınmışdır. O, evinə axıdılan su ilə və tikilinin sökülməsi ilə bağlı polisə və “Jek”ə müraciət etmişdir. Gəlib yerində akt tərtib etmişlər. Beləliklə cavabdehlər evinə axıdılan suyun təsiri nəticəsində ona 15.000 manat dəyərində maddi ziyan vurmuşlar. Cavabdeh3 və oğlu onun evinin damına baxan pəncərələr vasitəsi ilə oğurluğa girmiş, evindən qızıl və pulları oğurlamışdır. O, həmin oğurluqla bağlı polisə müraciət etmiş, araşdırma gedir. Cavabdehlərlə aralarında olan mübahisə 12 ildir ki, davam edir. Hətta 2015-ci il tarixdə həmin evin birinci mərtəbəsini əxlaqsız yuva kimi istifadə etmiş və onların şikayəti əsasında da cavabdehlərin əməllərinə son qoyulmuşdur. Göründüyü kimi, cavabdehlər tikinti sahəsində Dövlət standartlarına, tikinti norma və qaydalarına, texniki şərtlərə və Azərbaycan Respublikası Nazirlər Kabnetinin 11 mart 2014 cü il tarixli 72 saylı qərarına əməl etməmiş onun etirazlarına məhəl qoymamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdehlər Cavabdeh1 və Nəzərova X5 Nərmin Zaur qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov (hazırda 1-ci Dəmiryol) küçəsi, ev 39 mənzil 4 ünvanında mülkiyyətdə olan 18 kv.m yaşayış sahəsindən artıq inşa edilmiş tikilinin (mansartın, dam örtüyünün) İddiaçı hesabına sökülməsi, əvvəlki vəziyyətinin bərpa edilməsi, 13.000 manat məbləğində vurulmuş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onlar, ailə üzvləri ilə birlikdə 1989cu il tarixdən Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryol küçəsi, ev 39 mənzil 5 ünvanında yaşayır. Evin əsaslı təmirinə 2000-ci ildə başlanılmış və 2003-cü ildə başa çatmışdır. Həmin vaxt cavabdehin hazırda yaşadığı ev Telman adlı şəxsə məxsus idi və onun zamanında hər ikisi razılaşıb evi təmir etdirmişlər. Daha sonra isə Telman həmin evi halhazırda da qonşuluqlarında yaşayan Ağacan adlı şəxsə satmışdır. Cavabdeh iddia ərizəsində bildirdiyi kimi, təxminən 2008-ci il tarixdə qonşuluqdakı evə köçmüşlər, onlar həmin evə köçərkən şəkildə də göründüyü kimi ev tam hazır vəziyyətdə idi və cavabdehin köçməsindən sonra evlərində hər hansı bir artırma olmamış və ya yeni pəncərə açılmamışdır. Əksinə cavabdeh köçərkən onun hazırda tikdiyi əlavələr olmamış, mansard olmamış, bir mərtəbədən ibarət olmuş və evin üstü düz olmaqla damı belə olmamışdır. Bu faktı cavabdehdən əvvəl o evdə qalmış olan və sonra həmin evi cavabdehə satmış Hüseynov Ağacan təsdiq edə bilər. Sözü gedən evi qonşusu Ağacan da Telman adlı şəxsdən 2005-ci il tarixdə almışdır. Bir daha bildirirlər ki, cavabdeh evi aldığı zaman onların evi şəkildə olduğu kimi tam hazır vəziyyətdə idi və əlavə heç bir tikili olmamışdır. Əksinə, cavabdeh evi aldıqdan sonra 2020-ci ilin noyabr ayında artırmalara, tikintiyə başladı, bununla bağlı müvafiq orqanlara şikayətləri olmuşdur. Cavabdehin artırmaları onun evinə günəş enerjisinin düşməsinin qarşısını almaqla yanaşı yağışlı günlərdə isə şəkillərdən də göründüyü kimi divarların nəm çəkməsinə, yağış suları evə daxil olmaqla suvağın, oboyların dağılmasına səbəb olmuşdur. Göründüyü kimi pəncərələri açdığı zaman cavabdehin özbaşına tikdiyi dam örtüyü ilə qarşılaşır, dam örtüyü birbaşa onun divarına bitişik şəkildə qurulmuşdur. Bundan əlavə, otaqlar günəş enerjisi qəbul edə bilmir və belə olan halda otaqların rütubətli olmasına gətirib çıxartmaqla ailə üzvləri arasında müxtəlif ağır xəstəliklərin yaranmasına səbəb ola bilər, bununla bağlı cavabdeh tərəfə öz iradlarını bildirərək qanunsuz davranışlarına son qoymasını, vurulmuş zərərin ödənilməsini, maneələri aradan qaldırmasını tələb etdiyi zaman cavabdeh onlara şər böhtan ataraq ailəsini polisə şikayət edərək onları oğurluqda, əxlaqsız yuva saxlamaqda ittiham edərək şikayət etmişdir və hal-hazırda da əməlinə haqq qazandırmaq üçün onları qabaqlayaraq məhkəməyə müraciət etmişdir. İlkin iddiaya münasibətdə bildirirlər ki, iddia tələbi tamami ilə əsassızdır, cəfəngiyyatdan ibarətdir. Hesab edirlər ki, onların daha əvvəldən tikmiş olduğu evin pəncərələri cavabdehi öz evindən istifadə etməsinə hər hansı bir formada maneə yaratmır və cavabdehin qanunla qorunan hüquqlarını, eləcə də maraqlarını pozmur, cavabdeh oraya gələrkən artıq qonşuluqda yerləşən evlər ona bəlli idi və kimlərlə qonşu olacağı və onların evlərinin quruluşu, mərtəbəsi aydın şəkildə görünürdü. Cavabdeh 1 mərtəbəli evi alarkən qonşuluqda onların evini də görmüşdü və əgər onların evi ona hər hansı bir narahatlılıq gətirəcək idisə evi almaqdan imtina edə bilərdi, əksinə isə cavabdeh öz birmərtəbəli evini qanunsuz olaraq artırmaqla qonşuluq münasibətlərini pozmağa başlamışdır.Göstərilənlərə əsasən ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, ekspertin rəyi ilə razı deyil. Belə ki, ekspertiza obyektiv aparılmamış, birtərəfli yöndə, yəni qarşılıqlı iddia üzrə iddaçıların xeyrinə rəy verilmiş, ekspert qarşısında qoyulmuş suallara tam, hərtərəfli və obyektiv cavab verilməmişdir. Belə ki, ekspert onun qanuni mülkiyyətində olan 4 saylı mənzildə əlavə tikinti işlərinin aparıldığını qeyd edərək, guya həmin tikinti quraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun aparılmadığına rəy vermişdir. Lakin cavabdehlərin mülkiyyətində olan 5 saylı mənzilin texniki sənədlərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən tələb etmədən, həmin mənzilin rəsmi qetdiyyata alınmış ölçüsünün nədən ibarət olduğunu araşdırmadan, əlavə inşa edilmiş tikililərin tikinti norma və qaydalarına uyğun olub-olmadığını araşdırmadan, tək ara divar üzərində inşa edilmiş üç mərtəbə və mansarddan ibarət tikilinin ona məxsus 4 saylı mənzilə təhlükə törətmədiyi qənaətinə gəlmişdir. Bu da rəyin qeyri obyektiv olduğunun sübutudur. İkincisi- ilkin iddia üzrə cavabdehlərin qanunsuz inşa etdiyi tikililərin pəncərələri birbaşa onun evinin üstünə açılır və onun həyətinə düşür. Bu da cavabdehlərin istədikləri vaxt pəncərədən onun həyətinə evinə çox rahatlıqla girə biləcəklərinə şərait yaradır. Belə ki, cavabdehlər həmişə inşa etdikləri tikilinin pəncərəsindən onun evinin damına düşərək, orada gəzişirlər və onun dam örtüyünü sındırmışlar. O da öz hesabına evinin damını təmir etdirmişdir. Üçüncüsü - İsa Eyvazzadə mülki işin materiallarında olan fotoşəkilləri, cavabdehlərin qanunsuz inşa etdiyi tikilinin üstündəki su navalçasının düzgün quraşdırılmadığını, həmin navalçadan yağış suyunun onun evinin damına tökülə biləcəyini, oradan evin divarına sıçrayacını, onun evinin damına tökülən suyun, damdan keçərək onun evinin içərisinə axdığını əks etdirən videogörüntünü araşdırmamış, ilkin iddia üzrə cavabdehlərin qanunsuz inşa etdiyi tikilinin üzərində quraşdırılmış su navalçasından gələcəkdə yağış yağarkən eyni halın təkrarlana biləcəyini görməzdən gəlmişdir. İş materiallarında olan video görüntüdən görsənir ki, yağış suyu onun evinin içərisinə axır. İş materialında olan Binəqədi rayonu 45 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi tərəfindən təsdiq edilmiş aktda cavabdehlərin özbaşına tikdikləri tikilinin üzərindən onun evinə su tökülmüş və evini yararsız hala salmışdır. Dördüncüsü - ilkin iddia üzrə cavabdehlərin qanunsuz hərəkəti nəticəsində onun evi yararsız hala düşdüyü və külli miqdarda maddi zərərə məruz qaldığı halda ekspert çox primitiv şəkildə, heç bir bazar qiymətlərinə və tikinti normalarına əsaslanmayan qiymət tərtib etməklə, ona məxsus mənzilə dəymiş zərəri 973 manat məbləğində, ilkin iddia üzrə cavabdehlərə məxsus mənzilə dəymiş zərəri isə 1.105 manat məbləğində qiymətləndirmişdir. Halbuki onun mənzilinə dəymiş zərərin məbləği bunun 6 qatıdır. Beləliklə ekspert İsa Eyvazzadə müstəqil və peşəkar ekspertiza həyata keçirməmiş, onunla birlikdə yerli baxışa gələn ilkin iddia üzrə cavabdehlərin vəkilinin diktəsi və qeyri-prosessual münasibətləri nəticəsində qeyri obyektiv rəy vermişdir. Yerli baxışa gələn DƏDRX 1 saylı Bakı Ərazi idarəsinin mühəndisi isə heç bir araşdırma aparmadan və cavabdehlərin vəkilinin təkidi ilə yerli baxışdan çıxıb getmişdir. Onun təqdim etdiyi, iş materiallarında olan video görüntülərdən görsənir ki, yağış suyu cavabdehlərin qanunsuz inşa etdiyi tikilinin üstündəki su navalçasından şırhaşırla onun evinin damına tökülür, oradan evin divarına sıçrayır, onun evinin damına tökülən yağış suyu, damdan keçərək onun evinin içərisinə axır. Yağış suyu ilkin iddia üzrə cavabdehlərin qanunsuz inşa etdiyi tikilinin üzərində quraşdırılmış və ağzı açıq olan su navalçasından və tikili boyu quraşdırılmış su navalçasının daşması nəticəsində axaraq, həm onun evinin damına tökülür və ordan da evinin içərisinə axır, həm də ilkin iddia üzrə cavabdehlərin yaşadığı mənzilin divarına tökülür. Eyni zamanda, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona evi Ağacan Hüseynquliyev satmışdır. Mübahisəli evi 2008-ci ildə almış, bir il kirayəyə vermiş, 2009-cu ildə isə ailəsi ilə yaşamaq üçün həmin evə köçmüşdür. Cavabdehlər ona məxsus evin şiferinin üstünə çıxaraq evlərinə kondisioner quraşdırmış, telefon xətti və pəncərənin altı ilə su borusu çəkdirmişdir. Bu işlərin hamsı onun evinin üstündə həyata keçirildiyindən, evin damı dağılmışdır. 2015-ci ildə şiferlərin üzərinə yeni şiferlər qoyaraq yağış sularının evə tökülməsinin qarşısını qismən ala bilmişdir. 20 noyabr 2020-ci il tarixdə isə evin damını bütöv təmir etdirərək, damın istiqamətini perpendilkulyar olaraq dəyişmişdir. Bunu ona görə etmişdir ki, cavabdehlər onun evinin damının üzərinə çıxa bilməsinlər. Su borularından evə axan sulara görə isə ərazi üzrə JEK-in nümayəndələrinı çağırmış, akt tərtib edilmiş və onların vasitəsilə su boruları cavabdehlər tərəfindən sökülmüşdür. O, evi alan zaman ev təmirli olduğundan, sonradan evdə təmir işləri aparmamışdır. O, evi alandan sonra cavabdehlər tərəfindən hər hansı tikinti işləri aparılmamışdır. O, evi alan zaman cavabdehə məxsus ev hazırki vəziyyətdə idi, yalnız sonradan cavabdeh onun damına baxan tərəfə pəncərələr açmışdır. Cavabdehlər su borusunu pəncərə ilə yanaşı çəkmişdir. Navalçada boru olanda su axıb onun evinə tökülmürdü. O, borunu sökməmişdir, onun cavabdehə məxsus borunu sökməyə ixtiyarı yoxdur. Cavabdehin navalçasını ona görə sökdürmüşdür ki, o, evin damını düzətdirəndə damı saxlamaq üçün sütunlara maneəçilik törətməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, onlar evin üst mərtəbəsini tikəndə lazımı orqanlardan icazə almışlar. İddiaçı onların evinə su axıdılmasını bildirsə də, lakin onların evinə daha çox su axır. Bu barədə 05 noyabr 2020-ci il tarixdə su axıdılmasına görə icra hakimiyyətinə müraciət etmişlər. Hazırda onlara məxsus evin texniki pasportunu məhkəməyə təqdim edə bilmir. Belə ki, onlar texniki pasportu itirmiş, yenisini isə müraciət etmələrinə baxmayaraq əldə edə bilməmişlər. Həmçinin bildirdi ki, ekspert rəyinə hər hansı etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd edilməsini qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, ekspert rəyinə hər hansı etirazı yoxdur, baxmayaraq ki, həmin rəy cavabdehlərin də xeyrinə deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ilk və qarşılıqlı iddialar qismən təmin edilməlidirlər. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə 0.01973 torpaq sahəsində yerləşən 39 nömrəli, 1 mərtəbəli binada, 18.0 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 17314 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı tərəfindən 19 aprel 1995-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryol küçəsi, ev 39, mənzil 5 X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. 145 saylı MKİS-nin mühəndisi M.R.Həsənov, qırçı Ə.B.Rüstəmov və santexnik – çilingər V.V.Mirzəyev tərəfindən tərtib edilmiş 11 noyabr 2020-ci il tarixli aktdan görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsi, İ Dəmiryolu döngəsi, ev 39, mənzil 4-də baxış keçirilmiş və müəyyən edildi ki, M.Ə.Rəsulzadə qəsəbəsi İ Dəmiryolu döngəsi ev 39 layihə üzrə 1947-ci ildə tikilib istifadəyə verilmiş birmərtəbəli yaşayış binasından ibarətdir. 5-ci mənzildə yaşayan Cavabdeh1 yaşadığı mənzilində konstruktiv dəyişikliklər edərək mənzilin damını söküb və yerində ikinci mərtəbə tikmişdir. Qeyd edilmişdir ki, 2-ci mərtəbənin pəncərələrini İddiaçı yaşadığı mənzilin damına tərəf açmış və ikinci mərtəbənin dam örtüyünün yağış sularını xaric etmək üçün nəzərdə tutulmuş borunu su novundan çıxardaraq İddiaçı mənzilinə axıdır. Nəticədə İddiaçı yaşadığı mənzilin tavanı, döşəmələri, divar kağızları yağış sularından islanaraq ona maddi ziyan dəymişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh3 xəbərdarlıq edilmişdir ki, yaşadığı mənzilin damından axan yağış sularını su novuna və ya başqa bir istiqamətə yönləndirsin. O isə aralarında qonşuluq münaqişəsi olduğundan imtina etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli smetadan görünür ki, ünvan 2 ünvanında çəkilmıli olan ümumi xərc 5.935 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 01 iyun 2021-ci il tarixli məktubla məhkəməyə göndərilmiş arayışdan görünür ki, məhkəmənin 01 mart 2021-ci il tarixli ekspertizanın təyin edilməsi barədə qərardadında qoyulmuş suallar Xidmətin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli, 10/1013 nömrəli və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi tərəfindən verilmiş 25 may 2021-ci il tarixli rəylərindən müəyyən olunur ki, iddiaçı X7 4 nömrəli mənzilinin texniki pasportu ilə mövcud vəziyyəti arasında müqayisə edilərək, mənzildə əlavə tikinti işləri aparıldığı, həmin əlavə işlərin evin ölçüləri 4,6 x 3,8m artırılmasından (2010-cu ilə qədər) və evin dam örtüyü sökülərək kənar divarlar (parapet) 80 sm hörülərək çardaq tipli (mansard deyil) olmaqla yenidən quraşdırılmasından ibarət olduğu, aparılmış tikinti işlərinin tikinti norma və qaydalarına uyğun yerinə yetirilmədiyi və Nəzərova (Mahmudova) Zülfiyyə Lətif qızının mülkiyyətində olan mənzilə təhlükə törətmədiyi və onun mülkiyyət hüquqlarını məhdudlaşdırmadığı müəyyən edilmişdir. Cavabdeh2 5 nömrəli mənzilinin rəsmi reyestrdə qeydə alınmış texniki pasport təqdim olunmadığından əlavə hər hansı tikinti işlərinin görülməsini müəyyənləşdirmək mümkün olmamışdır. 5 nömrəli mənzilinin 18 metr uzunluğunda yan divarı İddiaçı mülkiyyətində olan 4 nömrəli mənzillə ara divar (şərikli) üzərində (2010-cu ilə qədər) inşa edilmişdir və 4 nömrəli mənzilə təhlükə törətmir. 5 nömrəli mənzilinin üçüncü mərtəbəsində 4 nömrəli mənzilin dam örtüyündən 60 sm yuxanda pəncərələr (3 ədəd) mövcuddur. Mənzilin texniki pasportu təqdim olunmadığından həmin pəncərələrin texniki sənədlərində əks olunmasını söyləmək mümkün deyil. Həmin pəncərələrin mövcudluğu 4 nömrəli mənzilə təhlükə törətmir və mənzilin sahibinin mülkiyyət hüquqlarını məhdudlaşdırmır. 5 nömrəli mənzilin damından 4 nömrəli mənzilə su axmamışdır. 5 nömrəli mənzilin dam örtüyündən 4 nömrəli mənzilin dam örtüyünə su axa bilər. 4 nömrəli mənzilə su axmasına səbəb 4 nömrəli mənzilin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Tədqiq olunan 4 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 973,0 manat məbləğində müəyyən olunur. 4 nömrəli mənzilin damından Cavabdeh2 mülkiyyətində olan 5 nömrəli mənzilin yan divarına (12 m2 sahədə) su sızmışdır. Su sızmasına səbəb 4 nömrəli mənzilin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Tədqiq olunan 5 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.105 manat məbləğində müəyyən olunur. Məhkəmə Eksperzia Mərkəzi tərəfindən aparılmış tədqiqatın dəyəri 50 manat, Tikintidə X6 Agentliyi tərəfindən aparılmış tədqiqatın dəyəri isə 200 manat təşkil edir. 18 noyabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. 18 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, cavabdehlər tərəfindən məhkəmədə qarşılıqlı iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı məxsus 4 nömrəli mənzil ilə Cavabdeh2 məxsus 5 nömrəli mənzil ara (şərikli) divar üzərində inşa edilmişdir. İddiaçı tərəfindən ona məxsus mənzildə və damında texniki pasportda nəzərdə tutulmayan əlavə tikinti işləri aparılmış, aparılmış tikinti işləri tikinti norma və qaydalarına uyğun yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən ona məxsus mənzilin texniki pasportu təqdim edilmədiyindən əlavə hər hansı tikinti işlərinin görülməsi, habelə həmin mənzilin üçüncü mərtəbəsində iddiaçının dam örtüyündən yuxarıda inşa edilmiş pəncərələrin mənzilin texniki sənədlərdə əks olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Bununla belə, qeyd olunan mənzillərin ara divar üzərində inşa edilməsi, iddiaçının gördüyü əlavə tikinti işləri, cavabdehin mənzilində inşa edilmiş pəncərələr tərəflərin mənzillərinə hər hansı təhlükə törətmir və onların mülkiyyət hüquqlarını məhdudlaşdırmır. Bundan əlavə, iddiaçı mənzili alarkən cavabdehə məxsus mənzil artıq hazırki vəziyyətdə mövcud idi, iddiaçının bildirdiyinə görə sonradan yalnız mübahisəli pəncərələr inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə görə Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə, iddiaçının iddia tələbinin cavabdehlər tərəfindən ara divar üzərində inşa edilmiş üçüncü mərtəbənin cavabdehlərin öz hesabına sökülməsi və onun damına baxan iki pəncərənin bağlanması hissəsi, habelə cavabdehlərin qarşılıqlı iddia tələbinin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən artıq inşa edilmiş tikilinin onun hesabına sökülməsi və əvvəlki vəziyyətin bərpa edilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri bu hissədə təmin edilməməlidir. Belə ki, yuxarıda istinad edilən Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə isə tərəflərin bununla bağlı hər hansı hüquqlarının məhdudlaşdırılmadığı müəyyən olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, belə olan halda özbaşına tikintinin sökülməsi ilə bağlı tələbləri yalnız müvafiq icra hakimiyyəti orqanları qaldıra bilərlər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 həmçinin iddiaçıya qarşı həmin tələbləri irəli sürməyə subyektiv hüququ yoxdur, çünki mənzilin mülkiyyətçisi digər Cavabdeh2dır və subyektiv hüquq ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddia və qarşılıqlı iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissələri ilə bağlı hesab edir ki, həm iddia, həm qarşılıqlı iddia tələbləri bu hissələrdə qismən təmin edilməlidirlər. Belə ki, məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mənzilinin damında dam örtüyünün, su navalçasının və və əks su novunun düzgün quraşdırılmaması səbəbindən cavabdehin mənzilinə su sızmış və bunun nəticəsində cavabdehə 1.105 manat məbləğində ziyan dəymişdir. Cavabdehin dam örtüyündən isə iddiaçının damına suyun axması nəticəsində, yəni cavabdeh tərəfindən damından suyun iddiaçının damına axmasının qarşısının alınması üçün tədbirlər görülmədiyi səbəbindən iddiaçının mənzlinə su sızmış və bunun nəticəsində ona da 973 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 973 manat məbləğində vurulmuş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 2 manatı tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı 1.105 manat məbləğində vurulmuş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 2 manatı tutularaq Cavabdeh2 ödənilməli, qarşılıqlı iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, iş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 200 manatın 100 manatı İddiaçı, 100 manatı isə Cavabdeh2 tutularaq “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun hesabına ödənilməlidir. Məhkəmə iddiaçının əmlakına qəsdən zərər vurduqlarına görə cavabdehlər barəsində xüsusi qərardadın çıxarılması barədə ərizəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehlərin hərəkətlərində hər hansı cinayətin əlamətləri aşkara çıxarılmamış, bununla da vəsatətin təmin edilməməsi qənaətinə gəlinmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 973 (doqquz yüz yetmiş üç) manat məbləğində vurulmuş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 2 (iki) manatı tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 1.105 (bir min bir yüz beş) manat məbləğində vurulmuş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 2 (iki) manatı tutularaq Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 200 (iki yüz) manatın 100 (bir yüz) manatı İddiaçı, 100 (bir yüz) manatı isə Cavabdeh2 tutularaq “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun hesabına ödənilsin (VÖEN **********, H/h: AZ04AZFİ********************, "xxxx" ASC Sahil fililalı, Bankın VÖENi: **********, M/h AZ81NABZ********************, Kod: 501305, SWİFT: AZFİAZ22). Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1824/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1824/2021
23.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver