Məhkəmə qərarları › İş №2(001)-1846/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1846/2023

19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1846/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə İddiaçı X5 qarşı aliment tələbinə dair mülki işə 19 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə faktiki nikahlarından olan 28 iyul 2022-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 07 dekabr 2022-ci il tarixdən hesablanmaqla hər ay 220 manat, habelə uşağın 3 yaşı tamam olanadək hər ay 100 manat sabit pul məbləğində əlavə alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh faktiki ailə münasibətlərində rəsmi nikaha daxil olmadan evlənmişlər. Faktiki nikahlarından bir uşaqları vardır. İddiaçı cavabdehlə münasibətlərinin uyğun gəlməməsi səbəbindən artıq bir müddətdir ki, uşağı ilə birlikdə öz anasıgilə köçmüşdür. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya heç bir maddi yardım etmədiyindən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Mülki iş materiallarında olan “atalığın müəyyən edilməsi haqqıda” və “doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, 28 iyul 2022-ci il təvəllüdlü X4 atası X7, anası İddiaçıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyidən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin məbləği 220 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırki halda iddia tələbinin alimentin tutulmasının 07 dekabr 2022-ci il tarixdən hesablanması hissəsi Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələblərinə cavab vermədiyindən, iddiaçı 08 fevral 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması 08 fevral 2023-cü il tarixdən başlanmalıdır. İddianın digər, uşaq 3 yaşa çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsində ümumi uşağın doğulduğu gündən 3 il ərzində arvadın buna zəruri vəsaiti olan ərdən aliment almaq hüququ müəyyən edilmişdir. İddiaçı öz tələbində uşaq 3 yaşa çatanadək cavabdehdən 100 manat aliment tələb edir və məhkəmə iddia tələbinin bu hissəsinə Ailə Məcəlləsinin 84 və 85-ci maddələrinin tələbləri baxımından da yanaşaraq qeyd edir ki, həmin maddələrdə “buna zəruri vəsaiti olan” ifadəsi göstərilmişdir. İddiaçı isə hazırki halda cavabdehin vəsaiti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən hər ay əlavə 50 manat aliment iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 3240 manat təşkil etdiyinə və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 28 iyul 2022-ci il təvəllüdlü X6 adlı uşağın 18 yaşa çatanadək saxlanması üçün X2 hər ay 220 manat, uşaq 3 yaşa çatanadək isə hər ay əlavə 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli 08 fevral 2023-cü il tarixdən hesablansın. 50 manat məbləğində dövlət rüsumu X2 tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya xərcinin əvəzi kimi 50 manat məbləğində pul vəsaiti X2 tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar