Məhkəmə qərarları › İş №2(001)-1860/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1860/2024

04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1860/2024 04.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni İddiaçı Cavabdeh ilə 2013-cü ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikah dövründə cavabdehin atası Rafiq Babayevə məxsus ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışlar və ona məxsus cehiz əşyalarından istifadə etmişlər. Bir müddət sonra aralarında yaranan mübahisələr nəticəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2234/2019 saylı 22 may 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Həmin tarixdən birgə yaşadıqları mənzili tərk etmiş və ona məxsus cehiz əşyalarını qismən çıxardaraq, qalan ona məxsus cehiz əşyalarını (böyük mebel və böyük məişət texnikası) çıxartmağa imkan olmadığından, cavabdehin razılığı ilə həmin evdə saxlamışdır. Lakin iki il ərzində cavabdeh və onun ailəsi tərəfindən heç bir narahatçılıq olmadığından və bu müddətdə Cavabdeh orda olan əşyaları nasaz hala salaraq istifadə etmişdir. Bir müddət sonra onunla əlaqə saxlayaraq cehiz əmlakının çıxarılmasını xahiş etmişdir. O, da öz növbəsində ona neçə ay vaxt verilməsini xahiş etmişdir. Sonra özü yenidən əlaqə saxlayaraq qeyd etmişdir ki, ona məxsus cehiz əşyalarını onlara məxsus olan qaraja yerləşdirmişlər. Vaxt təyin etmiş, qaraja yaxınlaşanda ona məxsus böyük məişət texnikasının, mebel dəstlərinin hec birini orda aşkarlamamışdır. Soruşanda ki, bəs onlar haradadır, cavabdeh qeyd etmişdir ki: ''- Nə varsa burdadı, götür get. Üstündən üç il keçib, qanunla 3 il keçib, haqqın yoxdu tələb etməyə...”. O, qeyd etmişdir ki, orada tək deyildi və oradan çıxarılan əşyaları təsdiqləyən şəxs var. Qarajdan çıxarılan cehiz əmlakının yarısı yararsız halda idi. Bundan sonra cavabdeh və onun ailə üzləri ilə dəfələrlə əlaqə yaratmağa çalışsa da, onlar tərəfdən rədd cavabı almışlar. Onların aralarında olan mübahisənin həlli mediasiya vasitəsilə mümkün olmamış və mediatorun arayışı iddia ərizəsinə əlavə edilmişdir. Ümumi dəyəri 13250 manat olan cehiz əşyaları və məişət texnikası aşağıdakılardır:

1. Dəhlizdə yerləşən dolab – bir ədəd (1800 manat)

2. Divan – bir ədəd (1700 manat)

3. Stol bir ədəd + altı oturacaq (850 manat)

4. Trümo + güzgü (650 manat)

5. Mətbəx mebeli (3600 manat)

6. Mətbəx stolu + dörd oturacaq (950 manat) Məişət texnikası:

7. Soyuducu – bir ədəd (850 manat)

8. Soba – bir ədəd (450 manat)

9. Paltaryuyan – bir ədəd (750 manat)

10. Qabyuyan – bir ədəd (900 manat)

11. TV – bir ədəd (750 manat);

İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələri ilə əsaslandıraraq, dəyəri 13250 manat olan cehiz və məişət əşyalarının Cavabdeh natura və ya pul formasında alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təqsdiq etmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 331805 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2234/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 26 oktyabr 2013-cü il tarixli Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1549 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 11 avqust 2014-cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması və Cavabdeh 22 may 2019-cu il tarixdən başlayaraq 11 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/16-01239 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:30-11:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməyəcəyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru A.Cəbiyev tərəfindən tərtib edilmiş 05 mart 2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-96/2024 saylı 27 fevral 2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Seyidzadə küçəsində yerləşən 38 saylı evin 16 saylı mənzilində yerləşən bir ədəd dolabın, bir ədəd divanın, bir ədəd stol + altı ədəd oturacağın, trumo + güzgünün, mətbəx mebelinin, mətbəx stolu + dörd ədəd oturacağın, bir ədəd soyuducunun, bir ədəd sobanın, bir ədəd paltaryuyanın, bir ədəd qabyuyanın və bir ədəd TV-nin üzərinə həbs qoyulması, həmin əmlakların siyahıya alınması və onlar barəsində hər-hansı hərəkətlərin edilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bu səbəbdən də, sözügedən icra sənədinin icrası ilə əlaqədar həmin ünvana baxış keçirilmiş, həmin əmlakların sözügedən mənzildə olması müəyyən edilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli hesabatdan görünür ki, bir ədəd dolabın, bir ədəd divanın, bir ədəd masa və altı oturacağın, trumo və güzgünün, mətbəx mebelinin, mətbəx masası və dörd ədəd oturacağın, bir ədəd HotPoint markalı soyuducunun, bir ədəd Hitech markalı sobanın, bir ədəd LG markalı paltaryuyanın, bir ədəd Bosch markalı qabyuyanın və bir ədəd LG markalı televizorun iş materiallarında olan foto-şəkillərlə tədqiqat aparılmaqla 06 iyun 2024-cü il tarixinə orta bazar qiymətinə uyğun olaraq satış məbləği manatla 12050 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, 2(001)-1860/2024 saylı iş üzrə İddiaçı tərəfindən iddia edilən əmlakların ümumiyyətlə atasına məxsus evə cehiz əmlakı qismində gətirilmədiyini bildirmişdir. Belə ki, iddia ərizəsində adı çəkilən və ondan tələb edilən əmlaklar onlar ailə həyatı qurarkən artıq həmin mənzildə var idi. Bu səbəbdən də, həmin əşyaların mənzilə gətirilməsinə də, ehtiyac olmamışdır. İcra məmuru tərəfindən mənzilə baxış keçirilən zaman da görünür ki, iddiaçının tələb etdiyi əşyalar mənzildə yoxdur. İddiaçı tərəfindən gətirilən bütün əşyalar onun tərəfindən iki dəfəyə aparılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan foto-şəkillər və flash-kartda olan videolardan görünür ki, iddiaçının tələb etdiyi cehiz əşyaları cavabdeh tərəfin istifadəsindədir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən aşağıdakılar müəyyən olunur: 1 saylı fotoşəkildə “QAZ-31” markalı avtomobil, həmin avtomobilin üzərində xalça, avtomobilə söykənmiş vəziyyətdə komodun və TV stendin bir hissəsi, avtomobilin içində tumboçka və bir ədəd qutu və polietilen torba əks olunmuşdur. 2 saylı fotoşəkildə “Geely” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsində dörd ədəd qutu əks olunmuşdur. 3 saylı şəkildə qarajda sökülmüş mebel hissələri əks olunmuşdur. İddiaçı izahatında həmin mebel hissələrinin onun tələb etdiyi əşyalara aidiyyətinin olmadığını bildirmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş foto-şəkillərdən aşağıdakılar müəyyən olunur: 4 və 5 saylı şəkillərdə 1 ədəd komod, yuxarı hissəsində güzgü və bir ədəd yataq mebeli əks olunmuşdur. İddiaçı izahatında həmin foto-şəkillərin məhz 03 may 2019-cu il tarixdə övladı cavabdehin atasına məxsus mənzildə olarkən çəkildiyini bildirmişdir. 6 saylı şəkildə divan, 1 ədəd stol və ədəd oturacaq əks olunmuşdur. İddiaçı izahatında həmin foto-şəkillərin məhz 05 may 2019-cu il tarixdə övladı cavabdehin atasına məxsus mənzildə olarkən çəkildiyini bildirmişdir. Digər şəkillərdə iddiaçının tələb etdiyi və hazırda cavabdeh tərəfin istifadəsində olan dəhlizdə yerləşən dolab – bir ədəd, mətbəx mebeli-mətbəx stolu + dörd ədəd oturacaq, Məişət texnikası: Soyuducu – bir ədəd, Soba – bir ədəd, Paltaryuyan – bir ədəd, Qabyuyan – bir ədəd və TV – bir ədəd əks olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 iddiaçının atası olmaqla yanaşı, sözügedən cehiz əşyalarının məhz onun tərəfindən alınaraq qızına hədiyyə edilmiş əşyalar olmasını, mebellərin rəhmətlik bacısı tərəfindən sifariş edildiyini, əşyaların hansı markadan olmasını xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 iddiaçının ailə dostu olmaqla yanaşı, iddiaçı tərəfindən cavabdehin atasına məxsus cehizlərin aparılmasını, İddiaçı gəlin köçərkən həmin mənzilin tam hazır olmasını, toydan qabaq həmin mənzildə mebel yığmasını, həmçinin iş materiallarında olan “GAZ 31” markalı avtomobilin ona məxsus olmasını bildirmişdir. İlk növbədə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə münasibətdə məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, birgə nikaha daxil olarkən arvada verilmiş cehiz əşyaları, habelə birgə nikaha daxil olanadək və ya nikah dövründə onlardan birinə üçüncü şəxslərin hədiyyə etdiyi əşyalar ərarvadın ayrıca əmlakı (mülkiyyəti) olduğundan, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən həmin əşyaların başqasının, o cümlədən ərin (arvadın) qanunsuz sahibliyindən geri tələb olunması barədə iddialara iddia müddəti tətbiq oluna bilməz. Eyni mövqe, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 9.8-ci bəndində öz təsdiqini tapmışdır. Odur ki, iddiaya mahiyyəti üzrə baxılaraq, müvafiq qərar qəbul edilməlidir. Digər tərəfdən qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-ci maddəsi təsbit edir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddianın təmin edilməsi üçün iddiaçı tələb etdiyi əmlakın mövcudluğunu, birgə nikah dövründə əldə edildiyi və ya hədiyyə edildiyini, hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu, habelə ona göstərilən məbləğdə maddi zərər vurulduğunu sübuta yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər 26 oktyabr 2013-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar, nikahları məhkəmə qaydasında 2019-cu ildə pozulmuşdur. Ailə qurduqdan sonra iddiaçı cavabdehin atasına məxsus mənzilə gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını həmin mənzildə yerləşdirmişdir. Həmin nikahdan doğulmuş tərəflərin övladı Aylin nikah pozularkən anasının himayəsinə verilmişdir. Nikah pozulduqdan sonra İddiaçı həmin mənzili tərk etmiş, lakin cehiz əşyalarını həmin mənzildə saxlamışdır. İddiaçı cehiz əşyalaının bir qismini apardığını bildirsə də, iddia ərizəsində qeyd etdiyi əşyaların cavabdehin qannsuz sahibliyində və istifadəsində qaldığını bildirmişdir. Bu illər ərzində iddiaçının qızı Aylin mütəmadi olaraq həmin mənzilə gedib gəlmişdir, həmin mənzildə müxtəlif tarixlərdə foto-şəkillər çəkilmiş, həmin foto-şəkillərlə də, təsdiq edilmişdir ki, iddiaçının cehiz əşyalarının bir qismi cavabdehin istifadəsindədir. Həmin əşyaların dəyəri "xxxx" MMC tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli hesabat rəyinə əsasən 12050 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq və yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı nikah pozulduqdan sonra cehiz əşyalarının cavabdehin atasına məxsus evdə qaldığını sübut etdiyi üçün, cavabdeh tərəf həmin əşyaların iddiaçı tərəfindən aparıldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli, cavabdehdən iddia ərizəsində göstərilən əşyaların dəyəri olaraq 12050 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin olunsun. Cavabdeh cehiz əmlaklarının dəyəri olan 12050 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar