Məhkəmə qərarları › İş №2(001)-187/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-187/2022

05.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-187/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh3, Cavabdeh2, onların və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının, cehiz əmlakların və ya onların dəyərinin və təmirə çəkilmiş xərcin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının, cehiz əmlakların və ya onların dəyərinin və təmirə çəkilmiş xərcin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 23.04.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından iki uşaqları doğulmuşdur. İddiaçı cavabdehlə nikaha daxil olduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində inşa edilmiş sənədsiz fərdi yaşayış evinə gəlin köçmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.05.2018-ci il tarixli, 2(011)-1692/2018 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasındakı nikah pozulmuşdur. Rəsmi nikaha daxil olduqdan sonra yaşadığı evdən qovulduğuna görə atasının evinə sığınmış və uşaqları ilə birlikdə həmin evdə yaşayır. Lakin cehiz əmlakları, qızıl-zinət əşyaları və sənədləri cavabdehlərin evində qalmışdır. Eyni zamanda o, həmin evə köçürülməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, lakin həmin iddia təmin edilmədiyinə görə, hal-hazırda həmin evin təmir edilməsi üçün atası tərəfindən kredit götürülmüş 5500 manat pul da ona qaytarılmalıdır. 05.05.2021-ci il tarixdə cavabdehlər iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, ... Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli 2(011)-1692/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh1 ilə İddiaçı arasındakı nikah pozulmuşdur. Bu səbəbdən də, 2019-cu ilin iyul-avqust aylarında Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları İddiaçı, sonuncunun atası X5, İddiaçı Arif adlı vəkili, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları, o cümlədən sahə müvəkkili Bəhruz İsgəndərov ilə birlikdə cavabdehlərin yaşadıqları ünvan 1 ünvanına gələrək, özlərinin dəvət etdikləri cavabdehlərlə qonşuluqda yaşayan hal şahidləri: Fəzilə Səlimova və Elşad Əhmədovun iştirakları ilə İddiaçı mebellərini götürmək istədiklərini bildirdilər. Onlar birlikdə İddiaçı götürəcəkləri mebellərlə bağlı müvafiq akt tərtib edib, akta özləri, hal şahidləri imza etməklə yanaşı, Cavabdeh3 da imza etdirib, bildirdilər ki, sabahısı gün yük avtomaşını ilə gəlib, İddiaçı aktda qeyd olunmuş bütün mebellərini aparacaqlar, yəni cavabdehlərin evini İddiaçı bütün əmlakından azad edəcəklər. Arif adlı vəkil tərəfindən tərtib olunmuş Aktda göstərilən əmlaklardan başqa cavabdehlərin evində İddiaçı başqa əmlakı qalmamışdır. Digər nə əmlakı var idisə, cavabdehlərin evini tərk edib, gedərkən onları özü ilə aparmışdır. Lakin bu vaxta kimi dəfələrlə müracət və şikayət etmələrinə baxmayaraq, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin əməkdaşları, o cümlədən İddiaçı bu vaxta kimi gəlib, İddiaçı mebellərini, yəni cavabdehlərin evində olan İddiaçı məxsus bütün amlaklarını siyahıya alaraq, müvafiq akt tərtib etmələrinə baxmayaraq, aparmırlar ki, aparmırlar. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia erizəsi ilə müraciət edərək, hazırda cavabdehləri açıq-açığına şərləyir. İddiaçının Cavabdeh3 evində 2019-cu ilin iyul-avqust aylannda tərtib olunmuş aktda öz əksini tapmış cehiz əşyalarından başqa heç bir əmlakı qalmamış və yoxdur. İddiaçının hansısa digər bir əmlakının, o cümlədən qızıl-zinət əşyalarının da Cavabdeh3 evində qalması tam yalan, şər və böhtandan başqa bir şey deyildir. İddiaçı iddia ərizəsində yazdıqlarını cavabdeh tərəf ağ yalan kimi qəbul edir. İddiaçı özünün iddia ərizəsində qeyd edir ki, guya ki, onun atası 5500 manat məbləğində kredit götürüb və o, həmin pula Cavabdeh3 evinin ikinci mərtəbəsini təmir etdirib. Birincisi, Cavabdeh3 evinin ikinci mərtəbəsi indiyə kimi təmirsizdir və təmirsiz olaraq da qalır. Digər tərəfdən isə İddiaçı atası həqiqətən də, 5500 manat məbləğində kredit götürüb, öz ehtiyac və məqsədlərinə xərcləyib, lakin iddiaçının atasının ailəsinin həmin vaxt ağır maddi vəziyyətdə olduğundan, iddiaçının xahişinə əsasən bir qohum kimi həmin pulları cavabdeh tərəf onun əvəzindən kredit götürdüyü banka tam şəkildə ödəmişdir. Bu halla bağlı cavabdehlər iddia qaldırmaq əvəzinə, hansı səbəbdənsə, İddiaçı iddia qaldınr. Cavabdeh tərəf hesab edir ki, İddiaçı ağ yalanlar uydurub, cavabdehlərdən qisas almağı öz həyatının mənasına çevirib, cavabdehlərə də sakit yaşamağa imkan vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, Cavabdeh2 verdiyi izahatda qızılları sadaladığından sonra iddia ərizəsini dəqiqləşdirmək zərurəti yaranmışdır. Belə ki, Cavabdeh2 baldızı tərəfindən toyda iddiaçıya hədiyyə edilmiş bilərzik iddia ərizəsinin 13cü bəndində, iddiaçının dayısı arvadı tərəfindən iddiaçıya hədiyyə edilmiş üzük iddia ərizəsinin 2-ci bəndində, tək qaş həri üzüyü iddia ərizəsinin 8-ci bəndində qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, Cavabdeh1 ilə rəsmi nikaha daxil olduğu gündən həmişə döyülüb və söyülüb. Elə təzə ailə qurduqları vaxt, toylarından bir neçə gün sonra Cavabdeh1 onu döymüş və evdən çıxıb getmişdir. Onda qayınanası Cavabdeh2 yalnız öz xəstəliyi bəhanəsi ilə Elşəni evə qaytara bilmişdir. Sonradan ona məlum olmuşdur ki, Elşənin başqa münasibətdə olduğu qadın var. Heç vaxt döyüləndə polisə şikayət etmirdi, dözürdü. Qayınatası Cavabdeh3 həmin müddətdə Rusiyada yaşayırdı. 2017-ci ilin oktyabr ayında xəstəliyi ilə əlaqədar qayıtdı və həmin vaxtdan sonra tərəflər arasında nikahın pozulmasına səbəb olmuş söhbətlər başladı. Cavabdehlər onu xəyanətdə ittiham etdi, o, döyüldü və evdən qovuldu. Uşaqlar həmin vaxt yaşadıqları evdə qaldı. 2017-ci ilin dekabr ayında uşaqlarını görməyə gedəndə Cavabdeh1 onu yenidən döydü və o, həmin vaxt polisə müraciət etdi. Lakin sonradan fikirləşdi ki, atalarının məhkumluğu uşaqlara gələcəkdə problem yarada bilər və ona görə də, şikayətini geri götürdü. Lakin artıq nikahın pozulmasına qərarlı idi. 25.05.2018-ci il tarixdə Elşənlə nikahları pozulmuş, 2018-ci ilin iyun ayında o, qızıl-zinət və cehiz əmlaklarını götürə bilməməsi ilə bağlı polisə müraciət etmiş, lakin həmin əmlakların olduğu evə köçürülmə ilə bağlı iddiası olduğuna görə, həmin vaxt qeyd olunan şikayətin dalıyca getməmişdir. Evə köçürlməyəcəyi aydın olduqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hal-hazırda cehiz əmlaklarının əksəriyyətini cavabdehlərin evindən götürüb, cavabdehlər tərəfindən cehiz əmlaklarından ona yalnız paltaryuyan maşın, fen, fotoaparat və dörd ədəd mətbəx oturacağı qaytarılmayıb. Qızılzinət əşyalarına gəldikdə, o, ümumiyyətlə qızıl taxan deyil və hətta həmin qızıllar ona gətirilən vaxt demişdir ki, oğlu olar, qızılları da oğlunun arvadına verər. Ailə qurduqları vaxtdan qızılları qayınanasında olub. Həmin qızılları onlar dəfələrlə lombarda qoyub, sonra geri götürmüşlər. Sonuncu dəfə hələ ailədə nisbətən normal münasibətlər olan vaxt o, Elşəndən bununla bağlı mübahisə etdi, o da ona bildirdi ki, qızıllarını lombarddan götürüblər. Lakin heç həmin vaxt da qızıllar ona nə verildi, nə də ki, göstərildi. Qızılların indi də lombardda olmasını nikahları pozulduqdan sonra Elşən ona demişdir və bildirmişdir ki, ona qızıl veriləsi deyil. Lakin həmin qızıl-zinət əşyaları onun haqqıdır, haqqı çatandan artıq heç nə istəmir. Onları övladları üçün istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 izahatlarında məhkəməyə bildirmişdir ki, oğlu Elşən iddiaçı ilə nikaha daxil olan vaxt o, həqiqətən Rusiyada yaşayıb. 2017-ci ilin payızında xəstələndi və artıq daimi olaraq Azərbaycana qayıtdı. Qayıdanda hiss etmişdir ki, oğlu fikirlidir. Lakin Elşən ona heç nə demirdi. Bir müddət sonra oğlu ilə gəlini arasındakı növbəti mübahisə zamanı oğlu ona Rasimənin planşetdəki başqa kişi ilə yazışmasını göstərdi. Həmin yazışmada o, alt paltarındakı şəkillərini kiməsə göndərmişdir. Gözlərinə inanmadı, planşeti qoydu şkafın üstünə və balkona çıxdı. Birdən içəridən qışqırıq səsi eşitdi, içəri keçəndə gördü ki, Rasimə planşeti görürüb yazışmanı silib. Həmin məsələlər üzə çıxandan sonra o, Rasimənin atasına zəng elədi ki, gəlib qızını aparsın. Rasimənin atası ilə ümümiyyətlə heç bir söz-söhbətləri olmayıb. Rasimənin dayısı da demişdir ki, Rasimənin xəyanət etməsini ona sübut edə bilsə, özü öz əlləri ilə Rasiməni öldürəcək. Həmin fikirlər onun özünün də ağlından keçib. Lakin sonradan o fikirləşmişdir ki, Rasimə nəvələrinin anasıdır və ana hər bir halda yaşamalıdır. Hal-hazırda iddiaçının onlara qarşı iddiası əsassızdır. İddiaçının məqsədi onları məhkəmələrdə süründürməkdir. Belə ki, cehiz əmlaklarının çıxarılmasını o özü neçə vaxtdır iddiaçıdan tələb edirdi. İddiaçının əşyalarının onun evində qalması ona əsəb gətirirdi. Məhkəmə şərait yaratdı – evlərində iddiaçıya məxsus nə var idisə götürdü apardı. Həmin əşyalar 2019-cu ildə artıq bir dəfə siyahıya alınıb aktlaşdırılmışdır. Həmin akt tərtib olunanda orda iddiaçının atası, Arif adlı vəkili, iki nəfər qonşuları və Bəhruz adında sahə müvəkkili iştirak etmişlər. Həmin akt tərtib edilərkən onlara surəti verilmədi. Aktı iddiaçı tərəf götürdü və onlara bildirdi ki, yaxın günlərdə gəlib əmlakları aparacaqlar. Lakin gəlib aparmadılar. Hal-hazırda iddiaçı onlardan qızıl-zinət əşyaları, paltaryuyan, fen, fotoaparat və mətbəx oturacaqlarını tələb edir. Qızıl-zinət əşyalarını evdən çıxıb gedəndə boxçasına yığıb özü ilə aparmışdır. Paltaryuyanı hələ münasibətlər yaxşı olan vaxt Rasimənin atası gəlib aparıb Rasimənin bacısının evinə qoymuşdur. Belə ki, Rasimə ona bildirmişdir ki, paltaryuyan onsuz da qutuda qalıb və işlənmir, rəngi də mətbəxin rənginə uyğun gəlmir, bacısıgil isə hal-hazırda mənzilini kirayə verir və həmin mənzildə paltaryuyan olmalıdır. O, paltaryuyanın aparılmasına razılaşdı və iddiaçının atası paltaryuyanı gəlib apardı. Fen və fotoaparat iddiaçının özünün istifadəsində olub və nikah bağlandığı vaxtdan keçən müddət ərzində qırılıb. Mətbəx oturacaqlarının alınması üçün isə o özü Rusiyadan pul göndərmişdir. Qızılların lombarda qoyulmasına qaldıqda, o həyatı boyu qızılları lombarda dəfələrlə qoyub. İmkanı yox idi, pula ehtiyacı var idi, qoyub pul götürürdü. Lakin iddiaçının iddia ərizəsində göstərdiyi qiymətə evlərində heç vaxt qızıl olmayıb. İddiaçının nəinki qızılları, ona məxsus hər hansı çöp belə onların evində qalmayıb. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatlarında məhkəməyə bildirmişdir ki, 4 ədəd mətbəx oturacaqları iddiaçıya məxsus deyil, onları Dadaşov X3 işləyərkən göndərdiyi pula almışlar. Paltaryuyan maşını iddiaçının atası hələ münasibətlər yaxşı olan vaxt gəlib aparmış, fen və fotoaparat isə iddiaçı cavabdehlərin evində gəlin olduğu müddətdə xarab olmuşdur. Qızıl-zinət əşyalarını iddiaçı evdən çıxarkan boxçasına yığıb aparmışdır. Onlara mücrüdə yalnız Cavabdeh1 məxsus olan üzüyü saxlamışdır. Evin təmir edilməsi üçün verilmiş 5500 manat məbləğində pula qaldıqda, həmin pulun evin təmiri ilə heç bir əlaqəsi yoxdur. Həmin vaxt münasibətləri yaxşı idi və iddiaçının atasından xahiş etdilər ki, adına onlar üçün həmin məbləğdə kredit götürsün. O, həmin pulu götürüb onlara vermiş və həmin kredit üzrə bütün ödənişləri də onlar etmişlər. İddiaçı qızılları ürək formalı mücrüdə öz otağında saxlayırdı. İddiaçının qızıllarına tək qaş həri üzüyü dəyəri 250 manat, təxminən 6 qramlıq dəyəri 480 manat olan nişan üzüyü, dəyəri 2300 manat olan qızıl komplekt (kolye, sırğa, üzük, bilərzik), onun baldızının toyda aldığı ağ bilərzik, iddiaçının dayısı arvadının aldığı ağ qaşlı üzük daxil idi. Digər qızıl əşyalarının olması yalandır. İddiaçı qızıllarını öz mücrüsündə, o isə başqa mücrüdə saxlayırdı. O, sonradan bildi ki, iddiaçı oğlu Elşənin nişan üzüyünü onun mücrüsünə qoyub. İddiaçı qızıllarını aparıb, lakin sənədləri, diplomu şkafda böyük çamadanda paltarların arasında idi. Bütün paltarlarlarını aparıb vermişdirlər, evdə qalanlar isə uşaqların əyninə balaca olan geyimlər idi. Hətta paltarları aparanda paltarların arasından bir xırda sırğa çıxmışdır, onu da verdi Rasimənin qohumlarına ki, həmin sırğanı o almayıb və sırğa Rasimə onların evində olduğu müddətdə alınmayıb. Yəni Rasiməyə aid olan heç bir şey onlara lazım deyil və onun heç bir əşyası onların evində qalmayıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlaka sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir:

1. iddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququnun olması;

2. mülkiyyətçinin öz əmlakından faktiki sahiblikdən məhrum olunması;

3. mülkiyyətçinin sahibliyindən çıxmış əmlakın digər şəxsin faktiki sahibliyində olması. İstinad edilən komponentlərdən birincisinə münasibətdə qeyd olunmalıdır ki, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan görünür ki, iddiaçı ona məxsus cehiz əmlaklarının əksəriyyətini cavabdehlərin evindən məhkəmə prosesi gedişatında artıq götürmüş və hal-hazırda mövcud olan mübahisə qızıl-zinət əşyaları, paltaryuyan maşın, fen, fotoaparat və dörd ədəd mətbəx oturacağı ilə bağlıdır. Məhkəmı iclasında Cavabdeh2 tərəfindən “tək qaş həri üzüyü dəyəri 250 manat, təxminən 6 qramlıq dəyəri 480 manat olan nişan üzüyü, dəyəri 2300 manat olan qızıl komplekt (kolye, sırğa, üzük, bilərzik), onun baldızının toyda aldığı ağ bilərzik, iddiaçının dayısı arvadının aldığı ağ qaşlı” üzüyün mövcudluğu qəbul edilmiş, eyni zamanda dörd ədəd üzüyün olması iddiaçının toy şəklində də əksini tapmışdır. İddiaçı dini örpəkdə olduğuna görə, digər qızılların toy şəkilində əks olunması mümkün olmamış, digər şəkilləri isə məhkəmə (yuxarıda qeyd olunan üç komponent çərçivəsində) mötəbər sübut kimi qəbul etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində məhkəməyə bildirdi ki, o, cavabdehlərin qonşusudur, lk akt tərtib edilən zaman yanlarında olmuşdur. Akt iddiaçı tərəfdən iddiaçının atası, onun “Arif” adlı vəkili və “Bəhruz” adında polis əməkdaşının iştirakı ilə, cavabdeh tərəfdən isə iddiaçının qayınatası Arif, qayınanası Minayət və onunla yanaşı digər qonşu Elşadın iştirakı ilə tərtib olunmuşdur. Tərəflər arasında akt tərtib olunan zaman yalnız paltaryuyan maşınla bağlı mübahisə yaranmışdır. Lakin iddiaçının atası Rasim paltaryuyan maşını apardıqlarını etiraf etmişdir. Fotoaparat iddiaçının keçmiş həyat yoldaşı Elşənə, mətbəx oturacaqları isə qayınanası Minayətə məxsus olub. Akt tərtib olunan zaman qızıllara münasibətdə heç nə danışılmamışdır. Polis əməkdaşı aktı imzalamadı, işi ilə əlaqədar çağırdılar və o yarımçıq getdi. Akt tərtib olunan zaman heç bir tərəfdən hər hansı bir narazıçılıq olmadı. Akt bir nüsxədə tərtib edildi. Cavabdehlərə təqdim edilmədi. Aktı iddiaçının “Arif” adlı vəkili tərtib etdi, o da aktı imzaladı. Aktın neçə səhifə olduğunu bilmir, yalnız imza çəkdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində məhkəməyə bildirdi ki, o, cavabdehlərin qonşusudur. İlk akt iddiaçı tərəfdən iddiaçının atası, onun vəkili və polis əməkdaşının iştirakı ilə, cavabdeh tərəfdən isə iddiaçının qayınatası Arif, qayınanası Minayət və onunla yanaşı digər qonşu Fəzilə xanımın iştirakı ilə tərtib olunmuşdur. Polis və vəkilin adını dəqiq xatırlamır. Tərəflər arasında akt tərtib olunan zaman yalnız paltaryuyan maşınla əlaqədar mübahisə yaranmışdır. Lakin iddiaçının atası Rasim paltaryuyan maşının mübahisədən əvvəl digər qızına verildiyini etiraf etmişdir. Fotoaparat isə iddiaçının keçmiş həyat yoldaşı Elşənə məxsus idi. Uşaqlar oyuncaq kimi istifadə edirdi. Qızıllara münasibətdə isə heç nə danışılmadı. Aktı vəkil tərtib etmişdir. Aktda qeydə alınmamış əmlak qalmamışdır. Akt tərtib olunan zaman heç bir narazılıq olmamışdır. Akt bir səhifədən ibarət idi. Aktın nüsxəsi cavabdehlərə təqdim edilmədi. Aktda qeyd olunan əşyaları oxumadan imzalamışdır. Həmin vaxt iddiaçı tərəf heç bir əşyanı aparmadı, ancaq qeydə aldılar. İddiaçı tərəf əşyaları sonra gəlib aparacaqlarını bildirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin polis sahə rəisi Şahid ifadəsində məhkəməyə bildirdi ki, tərəfləri tanıyır, ərazilərində yaşayan mübahisəli ailədir. İddiaçı hal-hazırda Xətai rayonunda yaşayır, cavabdehlər isə Binəqədidə. Təxminən bir-iki il əvvəl İddiaçı əmlaklarına dair akt tərtib olunarkən o da iddiaçının vəkilinin rəsmi müraciətinə əsasən cavabdehlərə məxsus evə dəvət edilmişdir. Həmin vaxt ora iddiaçı özü də gəlmiş, lakin Cavabdeh3 iddiaçının evə girməsini istəməmişdir. Akt tərtib edilərkən iddiaçı tərəfdən atası və vəkili iştirak etmişlər. Vəkilin adını bilmir, lakin məlumatı var ki, sonradan iddiaçı ondan imtina etmişdir. Tərəflər arasında əsas mübahisə qızıl-zinət əşyaları ilə bağlı olmuşdur. Neçə ildir iddiaçı qızıllarını tələb edir, cavabdehlər isə ya deyirdilər ki, qızıllar lombardda satılıb, sonradan isə bildirdilər ki, iddiaçı evdən gedəndə qızılları özü ilə aparıb. Akt tərtib olunanda da qızıllarla bağlı mübahisə var idi. Akt tərtib ediləndə iddiaçıya məxsus cehiz əmlaklar siyahıya alındı və imzalandı. Tərəflərə həmin aktın nüsxəsi təqdim edildi. Dəqiq bilmir, ola bilsin ki, həmin aktın bir nüsxəsi arxivlərində də saxlanılıb. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.01.2022-ci il tarixli, 9/8981 saylı ekspert rəyində göstərilmişdir ki, 750 əyarlı, çəkisi 50 qram, ağ qızıldan ibarət brilyant buta komplektinin (sırğa, boyunbağı, üzük) dəyəri 4500 manat; 750 əyarlı, çəkisi 17 qram olan brilyant buta qolbağın dəyəri 1530 manat; 583 əyarlı, 10 qram çəkisi olan qızıl qolbağın dəyəri 700 manat; 585 əyarlı, çəkisi 5 qram olan damla qızıl sırğanın dəyəri 375 manat; 585 əyarlı, çəkisi 5 qram olan “Versace” qızıl sırğanın dəyəri 375 manat; 585 əyarlı, çəkisi 5 qram olan paxlava qızıl üzüyün dəyəri 375 manat; 585 əyarlı, çəkisi 8 qram olan kulonlu sepin dəyəri 600 manat; 585 əyarlı, çəkisi 5 qram olan romb kulonlu sepin dəyəri 375 manat; 583 əyarlı, çəkisi 13 qram olan sepin dəyəri 910 manat; 585 əyarlı, çəkisi 4 qram olan qızıl üzüyün dəyəri 300 manat olması qeyd edilmişdir. Yuxarıda qeyd olunan ikinci və üçüncü komponentlərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mütləq şəkildə qeyd olunmalıdır ki, bu kimi mübahisələrdə “evin tərk edildiyi şərait” sübut əhəmiyyətinə malikdir. İşin həm iddiaçı, həm cavabdeh tərəfindən təsdiq edildiyi halı ondan ibarətdir ki, iddiaçı cavabdehlərlə birlikdə yaşadığı evi gərgin və mübahisəli şəkildə tərk etmişdir. Cavabdehlərin sözlərinə görə, iddiaçının ərinə xəyanət etməsi üzə çıxdıqdan sonra, o, evdən getmişdir. Hətta Cavabdeh3 məhkəmə iclasında qeyd etmişdir ki, gəlininin oğluna xəyanət etməsini öyrənəndən sonra onu öldürmək fikri belə ağlından keçmiş, lakin sonradan fikirləşmişdir ki, nəvələrinin anasıdır və yaşamalıdır. Belə vəziyyətdə ərinə xəyanət etməsində ittiham edilən qadına toyda hədiyyə edilmiş qızıllarını götürüb aparmasına şərait yaradılması ağlabatan mühakimə əsasında inandırıcı deyildir. Cavabdeh tərəfindən vindikasiya iddiasının istinad edilən ikinci və üçüncü komponentlərin mövcud olmamasının sübutu kimi yalnız 2019-cu ildə cavabdehlərin evində akt tərtib edilərkən iştirak etmiş cavabdehlərin qonşuları şahid qismində təqdim edilmiş, lakin məhkəmə hesab edir ki, cavabdehlərin evində mövcud olan əmlakların siyahıya alınması və həmin əmlaklar siyahıya alınarkən qonşuların qızıl-zinət əşyaları ilə bağlı mübahisənin şahidi olmaması, iddiaçı tərəfindən evdən gedərkən qızıl-zinət əşyalarını aparmasının sübutu kimi qəbul edilə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, qonşuların fikrinin əksi olaraq akt tərtib edilərkən iştirak etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin polis sahə rəisi Şahid məhkəməyə bildirmişdir ki, tərəflər arasında qızıl-zinət əşyaları ilə bağlı mübahisə birinci gündən mövcud olmuş və hələ də davam edir. Bununla yanaşı məhkəmə şahid ifadələrini iş materialları ilə məcmu halında nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia ərizəsi paltaryuyan maşın, fen, fotoaparat və dörd ədəd mətbəx oturacağına münasibətdə yuxarıda qeyd olunan üç komponent prizmasından kifayət qədər əsaslandırılmamışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır”. İddia ərizəsinin 5500 manat məbləğində pul tələbinə dair hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə əsaslı deyil. Belə ki, iddiaçının özünün də qeyd etdiyinə görə, həmin pulu onun atası bankdan kredit götürərək cavabdehlərə vermişdir. Belə olan halda həmin pul məbləğini iddiaçının atasının deyil, məhz iddiaçının cavabdehlərdən tələb etməsinin hüquqi əsasları iddia ərizəsindən aydın deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1 ədəd dəyəri 4500 manat, çəkisi 50 qram olan, 750 əyarlı, sırğa, boyunbağı və üzükdən ibarət brilyant daşlı “buta” komplekt; 1 ədəd dəyəri 1500 manat, çəkisi 17 qram olan, 750 əyarlı, brilyant daşlı “buta” bilərzik; 1 ədəd dəyəri 250 manat olan 750 əyarlı 3 brilyant qaşlı “alyans” üzük; 1 ədəd dəyəri 480 manat olan 750 əyarlı, brilyant qaşlı nişan üzüyü; 1 ədəd dəyəri 375 manat, çəkisi 5 qram olan, 585 əyarlı, “paxlava” üzük; 1 ədəd dəyəri 450 manat, çəkisi 7 qram olan, 750 əyarlı, nazik bilərzik və ya onlar olmadığı təqdirdə dəyəri alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 13,75% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 4,13 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1 ədəd dəyəri 4500 (dörd min beş yüz) manat, çəkisi 50 qram olan, 750 əyarlı, sırğa, boyunbağı və üzükdən ibarət brilyant daşlı “buta” komplekt; 1 ədəd dəyəri 1500 (min beş yüz) manat, çəkisi 17 qram olan, 750 əyarlı, brilyant daşlı “buta” bilərzik; 1 ədəd dəyəri 250 (iki yüz əlli) manat olan 750 əyarlı 3 brilyant qaşlı “alyans” üzük; 1 ədəd dəyəri 480 (dörd yüz səksən) manat olan 750 əyarlı, brilyant qaşlı nişan üzüyü; 1 ədəd dəyəri 375 (üç yüz yetmiş beş) manat, çəkisi 5 qram olan, 585 əyarlı, “paxlava” üzük; 1 ədəd dəyəri 450 (dörd yüz əlli) manat, çəkisi 7 qram olan, 750 əyarlı, nazik bilərzik və ya onlar olmadığı təqdirdə dəyəri alınaraq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 4,13 (dörd manat on üç qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin, 25,87 manat hissəsi isə iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar