Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1893/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək ananın saxlanılması üçün 100 manat məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, o, hazırda boru sexində işləyir və onun aylıq əmək haqqı 330 manatdır. Məhkəmənin müvafiq qətnaməsinə əsasən həmin pulun 170 manat hissəsi aliment qismində hər ay onun birinci nikahından olmuş uşağın saxlanılması üçün artıq tutulur. Hər hansı başqa gəlirə isə malik deyil. Bu səbəbdən hazırki nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay yalnız 100 manat sabit pul məbləğində aliment ödəyə bilər. Maddi imkansızlığı səbəbindən iddiaçının saxlanılması üçün isə ümumiyyətlə hər hansı məbləğdə aliment ödəyə bilməz. Göstərilənlərin nəzərə alınmasını və iddianın qismən təmin edilərək, uşağın saxlanılması üçün ondan hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2020-ci il tarixdə X7 doğulmuşdur. İddiaçı əmək fəaliyyəti ilə məşğul olmadığını, hər hansı gəlir əldə etmədiyini, cavabdehin isə birgə nikahdan olmuş uşağın saxlanılmasına maddi cəhətdən köməklik etmədiyini bildirir və cavabdehdən uşağın saxlanılması üçün hər ay 200 manat, uşaq 3 yaşına çatanadək özünün saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh hər ay 330 manat əmək haqqı aldığını, birinci nikahdan olmuş uşağın saxlanılması üçün ondan məhkəmə qaydasında hər ay 170 manat sabit pul məbləğində alimentin tutulduğunu, bu səbəbdən hazırki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay yalnız 100 manat sabit pul məbləğində aliment ödəmək imkanına malik olduğunu bildirir və ondan uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1829/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2577/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 X3 xeyrinə hər ay üçün 170 manat sabit pul məbləğində aliment tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında birgə nikahdan doğulmuş uşağa alimentin ödənilməsi barədə saziş yoxdur. İddiaçı alimentin sabit pul məbləğində tutulmasını tələb edir. Cavabdeh əmək fəaliyyəti ilə məşğul olur və aylıq əmək haqqının 330 manat olduğunu bildirir. İddiaçı bu məbləği mübahisələndirmir. Cavabdehdən digər uşağın saxlanılması üçün artıq hər ay 170 manat sabit pul məbləğində aliment məhkəmə qaydasında tutulur. Məhkəmə, iddiaçının alimentin məhz sabit pul məbləğində tutulması barədə tələbini, alimentin cavabdehin qazancından müəyyən hissə kimi tutulmasının iddiaçının maddi maraqlarının pozulması ilə nəticələnəciyini nəzərə alıb, belə qənaətə gəlir ki, aliment aylıq qazancın müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutulmalıdır. Məhkəmə, iddiaçı tərəfindən cavabdehin hər ay uşağa görə 200 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların təqdim edilməməsini, o cümlədən cavabdehin digər bir şəxs qarşısında da aliment öhdəliklərinin olmasını, həmin uşağın saxlanılması üçün tutulan alimentin məbləğini, habelə yetkilik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərinə yaxın və digər uşağın maddi təminatından az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə, Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarına istinadən qarşılıqlı iddianın “uşağın 3 yaşına çatanadək İddiaçı saxlanılması üçün Cavabdeh sabit pul məbləğində alimentin tutulması” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qanunverici arvada ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində ərdən aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını hüquqi nəticə etibarı ilə ərin maddi imkanından, ödəniş qabiliyyətindən, başqa sözlə gəlirlərindən asılı etmişdir. Belə ki, bu münasibətləri tənzimləyən müddəalardan da göründüyü kimi, bu aliment istisnasız və qeyri-şərtsiz olaraq yalnız buna zəruri vəsaitə malik olan ərdən tələb edilə bilər. Bununla belə, iddiaçı cavabdehin bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasını sübut etməli idi. Lakin nəticə etibarı ilə cavabdehin bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə, məhkəmə göstərilənləri, habelə tərəflərin digər diqqətəlayiq olan maraqlarını nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh iddiaçının saxlanılması üçün hər hansı zəruri vəsaitə malik deyil, bu səbəbdən iddia tələbi bu hissədə təmin edilə bilməz. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməli, aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin bir il ərzində məcmusu (iddia qiyməti) (170 x 12 = 2.040) 2.040 manat olduğundan, ödənilməli olan dövlət rüsumu 40,40 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Aliment məbləği xx.xx.2022-ci il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. İddiaçı ödəməkdən azad edildiyi 40,40 (qırx manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1893/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1893/2022
29.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver