Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1893/2025 11.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2010-cu il tarixli 24 saylı akt ilə Abşeron rayon qeydiyyat şöbəsində qeyd edilmiş nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6915/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə rəsmi nikahlarından doğulmuş 03 aprel 2008-ci il təvəllüdlü X6, 27 dekabr 2010-cu il təvəllüdlü X5 və 29 iyul 2014-cü il təvəllüdlü X8 onun, yəni iddiaçının himayəsində saxlanılmışlar. Nikah pozulduqda o, alimentin ödənilməsindən imtina etmiş və aliment tələb etməmişdir. Hazırda o, fikirini dəyişərək aliment tələbinə dair iddia qaldırmışdır. Cavabdehin maddi vəziyyəti aşağı olduğu üçün övladları X3, X2, X1 üçün hər uşağa görə 50 manat olmaqla, ümümilikdə 150 manat məbləğində alimentin ödənilməsini tələb edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə rəsmi nikahlarından doğulmuş 03 aprel 2008-ci il təvəllüdlü X3, 27 dekabr 2010-cu il təvəllüdlü X2 və 29 iyul 2014-cü il təvəllüdlü X1 üçün hər birinə aylıq 50 manat olmaqla, ümumilikdə 150 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 406771 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03 aprel 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X7r. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 642688 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27 dekabr 2010-cu il tarixdə Xırdalan şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X7r. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 371070 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29 iyul 2014-cü il tarixdə Xırdalan şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025ci il tarixli, MŞB/2-00953 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-888/2025 saylı 08 yanvar 2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşağın ananın himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 21 yanvar 2010-cu il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15№-li qərarında Plenum alimentin hesablanmasının yeni qaydasını tövsiyyə edərək, müəyyən etmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Beləliklə, məhkəmə araşdırması zamanı sübutlarla təsdiq edilmişdir ki, tərəflər xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir. Tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, tərəflərin birgə nikahlarından olan övladlarının anaları İddiaçı himayəsində saxlanılması qət edilmiş, İddiaçı aliment tələbinin olmaması səbəbindən aliment məsələsi məhkəmənin müvafiq aktı ilə həll edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, aliment tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olduğundan iddia tələbi təmin edilməli, alimentin hesablanması ilə bağlı Ali Məhkəmənin tövsiyyə etdiyi yeni qayda əsas götürülməklə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməli, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.13 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 16 yanvar 2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. 16 yanvar 2025-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.13 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1893/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1893/2025
11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver