Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1939/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisi cəlb edilməklə) “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 01 mart 2019-cu il tarixdə 1 saylı Bakı “Asan xidmət” Mərkəzində yerlşən notariat ofisində 3M-95 nömrə ilə reyestrdə qeyd edilməklə bağlanan kredit müqaviləsinin borcun ödənilməsi səbəbi ilə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01 mart 2019-cu il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzində yerləşən notariat ofisində bağlanan kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh 4000 manat məbləğində pul vəsaitini borca almışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən iddiaçı borcu cavabdehə 01 yanvar 2020-ci il tarixinədək qaytarmaq öhdəliyini götürmüşdür. Tərəfindən qeyd edilən öhdəlik vaxtında yerinə yetirilsə də, yəni götürülmüş 4000 manat borc ödənilsə də, cavabdeh bugünədək borcu ondan tələb etmişdir. Belə ki, cavabdehlə aralarında bağlanılmış kredit müqaviləsinin 6-cı bəndinə əsasən “borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Qeyd edilən bəndin tələbi ilə iddiaçı tərəfindən borc tam ödənildikdən sonra, cavabdeh öz əlyazması ilə kredit müqaviləsinin üzərinə “İddiaçı mənim 4000 minimi ödədi, heç bir etirazım yoxdur” ifadəsini yazmış və imzalamışdır. Lakin sonradan cavabdeh yenidən ödənilmiş borcu iddiaçıdan tələb etməyə başlamışdır. Onun tərəfindən borcun ödənilməsi səbəbində imtina edildikdə isə, borcu Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinə şikayət etmiş, araşdırılma nəticəsində borcun ödənildiyi məlum olunduğundan, şöbə trəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bunan sonra, cavabdeh 02 dekabr 2020-ci il tarixdə iddiaçıya bildiriş göndərərək, yenidən ödənilmiş borcu tələb etmiş, əks təqdirdə notariat ofisinə müraciət edərək, icra qeydinin aparılmasını xahiş edəcəyini bildirmişdir. İddiaçı tərəfindən isə həmin bildirişə dair notariat ofisinə rəsmi qaydada təqdim edilmişdir. Bu səbəbdən artıq kredit müqaviləsinin ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 8000 manat pul faizlə verilmişdi. Onun 4000 manatını başqa notariusda ərinə verilmişdir. Notarius isə bu halı təsdiq etmişdir. Qalan 4000 manat məbləği ilə bağlı isə “Asan Xidmət”də notariusa getməklə kassadan keçirib müqavilə bağlamışlar. 8000 müqavilə əvvəlcə mövcud olmamışdır. Faizlə bağlı veriləndə aralarında müqavilə olmamışdır. Sonra cavabdeh onu məcbur etmişdir ki, müqavilə bağlasınlar. O, borcunu hissə-hissə qaytarmışdır. Bunu təsdiq edən Dürdanə xanımın özü tərəfindən əlyazma ilə yazılmışdır. Bundan başqa əlavə olaraq bildirmişdir ki, notariusda olmuş və pulu orada vermişdir. Dürdanə pulu saydı və axıra çatanda ürəyi narahat oldu. Təcili yardım çağrıldı. Yanında olan gəlin onun əlini ovmağa başladı. Pul sayılıb veriləndə Dürdanənin ürəyi getdi. Deyildi ki, guya şəkəri vardır. İstəyirdi ki, təcili yardım gəlsin və məsələni qabartsınlar. Dürdanə xanıma bir dəfə şiddətli faiz vermişlər. Notairusda müqavilələri vardır. Pulun yarısını artıq vermişlər. Yəni 2000 manat onun evində verilmişdir. Müqavilənin vaxtı çatanda cəmi 2000 manat borc qalmışdır. Notarius tərəfindən ona bildirilmişdir ki, müqavilədə 4000 manat nəzərdə tutulmuşdur. Notariusda qeydə alınan görüntülərdə cavabdehin imza etməsi görünür. Əgər borc qaytarılmamışdırsa nə üçün qeyd etməklə ima etmək ehtiyacı duymuşdur. Kameranın altında gözləmə zalında Dürdanə xanım pulu saymışdır. O, pula əl vurmamışdır. Dürdanə xanım pulu sayandan sonra sotulun üstündə qoymuşdur. Daha sonra halı pisləşmişdir. Onun əri gəlmiş və pulu götürərək aşağı düşmüşlər. Asan Xidmətin həyətində ərinin maşınında onun pulunu vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdehn nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, cavabdeh iddia tələbini qəbul etmir. Tərəflər notariusa getsələr də, pulu verməmişlər. Notariusa bu barədə sorğu verilmişdir. Pulun verilmə anında Dürdanə xanımın halı pisləşmişdir. Pulun ona verilmə anı mövcud deyildir. Yazı onun tərəfindən yazılmamışdır. Ailənin Dürdanə xanımla borc barəsindən haqq-hesabları vardır. Bundan başqa iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, işin mübahisəsiz halı cavabdehin iddiaçıya 01.01.2020-ci il tarixə qaytarmaq şərti ilə 4000 manat məbləğində bor verməsidir. Bunu iddiaçı da inkar etmir. Lakin iddiaçının cavabdehə notariat kontorunda borcu qaytarmış olması yalandır. İşin digər mübahisəsiz halı tərəflər borc qaytarmaq üçün notariat kontorunda iştirak etməsidir. Lakin borc qaytarılmamışdır. Çünki tərəflər arasında insident baş verdiyindən Cavabdeh qəflətən özünü pis hiss etmiş və oranı tərk etmişdir. Digər tərəfdən əgər borc real qaytarılmışdırsa həmin məbləğ notariusun depozit hesabından keçməklə mövcud kredit müqaviləsinə xitam verilməli idi. Bu hal isə mövcud deyil və iddiaçı borcun qaytarılması ilə bağlı məhkəməyə mötəbər sübt təqdim etməmişdir. Yeganə sübut kimi təqdim etdiyi yazı isə cavabdehə məxsus deyildir. Göstərilənlərə dair yazılı qaydada iddiaya etiraz ərizəsi təqdim etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin xüsusi notariusu məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş və məhkəmə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 01.03.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti 4000 manat pul məbləğinin faizsiz borc verilməsi və borc məbləğinin 01.01.2020 tarixədək qaytarılması olmuşdur. İddiaçı iddia edir ki, borc məbləğini hissə-hissə qaytarmış və bu barədə cavabdeh tərəfindən kredit müqaviləsinin arxasına müvafiq qeydlər aparılmışdır. Eyni zamanda borcun qaytarılması hissə-hissə həyata keçirilmiş olduğundan əməliyyat notariusun depozit hesabı vasitəsilə aparıla bilməmişdir. Belə ki, o qalıq borcun 2000 manat hissəsini sonuncu dəfə notariat idarəsində həyata keçirmiş və cavabdeh müqavilədə öz xətti ilə bu barədə, konkret olaraq isə “İddiaçı mənim 4000(dörd) minimi ödədi, heç bir etirazım yoxdu” qeyd etmişdir. Lakin sonradan cavabdeh notariusa icra qeydi verilməsi ilə bağlı müraciət etdiyindən, həmin müqavilənin ləğv edilməsi barədə iddia vermək qərarına gəlmişdir. Bu səbəbdən müqavilənin ləğv edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi vəkili iddianı qəbul etmir və həmin qeydin onun tərəfindən aparılmadığını, eyni zamanda borcun notariusun depozit hesabı vasitəsilə qaytarılmalı olduğunu bildirir. Məhkəmə o qənaətə gəlir ki, iddiaçının tələbinin faktiki əsası öhdəliklərə icra nəticəsində xitam verilməsi səbəbilə müqavilənin ləğv edilməsindən ibarətdir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir; 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir; 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir; 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir; 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir; 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qanunvericiliyin normalarından göründüyü kimi mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi borcalan tərəfindən tam şəkildə icra edilmişdir. Kredit müqaviləsinin arxa səhifəsinə cavabdeh tərəfindən yazılan “İddiaçı mənim 4000 minimi ödədi, heç bir etirazım yoxdu” ifadəsi göstərir ki, cavabdehin özü borc məbləğinin ona qaytarılmasını təsdiq edir. Lakin cavabdeh tərəf məhkəmə iclaslarında borc məbləğinin qaytarılmadığını, kredit müqaviləsində olan qeydin onun tərəfindən icra edilmədiyini bildirsə də, bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi yazılan qeydin onun hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən icra edilmədiyini bildirsə də, bununla bağlı xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət verməmiş və cavabdeh məhkəmə iclaslarında şəxsən iştirak etməyərək ondan imza, xətt nümunələrinin götürülməsinə imkan yaratmamışdır. Odur ki, cavabdeh tərəfin bu barədə etirazına məhkəmə formal mülahizə kimi qiymət verərək, iddianın rədd və ya qismən təmin edilməli olmaması qənaətinə gəlmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa cavabdeh tərəf etirazında borcun notariusun depozit hesabından keçməklə mövcud kredit müqaviləsinə xitam verilməli olmasını bildirsə də, lakin kredit müqaviləsində müqavilənin icra üsulu kimi borc məbləğinin notariusun depozit hesabına ödənilməli olması kimi bənd nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında sərbəst şəkildə bağlanan kredit müqaviləsinin 6-cı maddəsində açıq şəkildə qeyd edilir ki, “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissəhissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməli olduğundan borcun qaytarılması cavabdeh tərəfindən müqavilədə qeyd edilmiş şəkildə borc sənədinin üzərinə qeyd edilməklə öz təsdiqini tapmışdır. Odur ki, müqavilə üzrə öhdəliklərə icra nəticəsində xitam verildiyindən və borclunun kreditordan icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməsi əvəzinə, gələcəkdə həmin müqaviləyə istinad edilərək yenidən iddia verilməsinin qarşısının alınması məqsədilə artıq öhdəliklərinə xitam verilmiş müqavilənin ləğv edilməsinin məhkəmə qaydasında təsdiq edilməsi mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, mülki işlər üzrə məhkəmə icraatının vəzifəsi bütün fiziki və yaxud hüquqi şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1 və 218.3-cü maddələrinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində 01.03.2019-cu il tarixində bağlanmış və reyestrdə 3M-95 № ilə qeyd edilmiş kredit müqaviləsi ləğv edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində 01.03.2019-cu il tarixində bağlanmış və reyestrdə 3M-95 № ilə qeyd edilmiş kredit müqaviləsi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1939/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1939/2021
27.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver