Məhkəmə qərarları › İş №2(001)-1966/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1966/2022

28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1966/2022 28.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi,Vəkil, Cavabdehlərin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona hədiyyə edilmiş, içərisində bir ədəd boyunbağıdan, bir ədəd sırğadan, bir ədəd qolbaqdan, bir ədəd badam formalı üzükdən ibarət olmaqla, ümumi qızıl çəkisi 25 qram olan Türkiyə istehsallı, 585 əyarlı ətrafı brilyant qaşlarla bəzədilmiş, ümumi dəyəri 3400 manat olan bir dəst komplektinin (qarniturun) naturada özünün yaxudda dəyərinin alınıb ona verilməsi, həmçinin ödədiyi 54 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hazırki cavabdehlə faktiki nikaha iyun 2021-ci il tarixində daxil olmuşlar. Bu nigahdan uşaqları olmamışdır. O, hazırki zinət əşyası ilə bağlı iddia qaldıraraq bildirir ki, hazırki cavabdehlər toyundan 10 gün sonra ona aid olan zinət əşyalarını əlindən almışdır. Həmin əşyalar ona toy hədiyyəsi olaraq alınmışdır. Qeyd olunan bu əşyalar toyundan əvvəl alınaraq ona hədiyyə edilmişdir. İşdən göründüyü kimi onun toy şənliyi Yevlax şəhərində olmuş, adət-ənənələrə müvafiq olaraq o, gəlin köçmüşdür. Zinət əşyasını isə hazırki cavabdehlər zorla əlindən almışlar. Həmin zinət əşyaları aşağıdakılardır: Qadın üçün qızıl komplekt dəsti (qarnitur) (1 ədəd boyunbağı, 1 ədəd sırğa, 1 ədəd qolbağ, 1 ədəd üzük, badam formalı, brilyant qaşlarla bəzədilmiş) Türkiyə istehsalı olan, 585 ǝyar çəkisi 25 qr, qiyməti 3400 manat olmaqla bu əşyalar ona alınmışdır. Həmin əşyalar əlindən məcburi qaydada hazırki cavabdehlər tərəfindən alınmış ona qaytarılmamışdır. Belə ki, işdən göründüyü kimi qeyd olunan zinət əşyaları ona alınmışdır. Həmin əmlak onun mülküdür. Əşya faktiki olaraq möcud olmuşdur. Əşyanın onun əlindən alınmasını şahidləri və cavabdehin özü təsdiq edə bilər. Bu əşya onda cəmi 10 gün qalmış daha sonra əlindən alınmışdır. Həmin əşyaları cavabdehlər ondan məcburən almışlar. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdeh tərəf etiraf edir ki, qızılları iddiaçı üçün toy hədiyyəsi kimi alıb, ona hədiyyə kimi veriblər. Daha sonra iddiaçının mülkiyyətini onun iradəsinə zidd olaraq özündən almışlar və aldıqları yerə geri qaytarmışlar. Qızılların qiyməti 3400 manatdır. Cavabdehlər Yevlax rayonunda qızıl işi ilə məşğuldurlar(Məhkəmə iclasında cavabdehin nümayəndəsi onların digər qardaşının qızıl ustası olduğunu bildirdi). Onların dəyəri az, balaca qızıl götürmələri inandırıcı deyil .

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddiaçıdan qızıllar məcburi qaydada alınmışdır. Qızıllar iddiaçıya toyda taxılmış, iddiaçı qızılları könüllü qaydada verməmişdir. Tərəflər ailə qurduqdan 3-4 gün sonra Bakı şəhərinə getmişlər. Burada onların münasibətləri kəskinləşmişdir. Samir qızılları zorla iddiaçıdan alaraq anasına vermişdir. Qızıllar 25 qram olmuş və 3400 manata alınmışdır. Cavabdehlər etirazlarında qızılların əldən alındığını qeyd etsələr də, Yevlax şəhərində belə qızıl alqı-satqısı mümkün deyil. Belə ki, qızıl satışı həyata keçirilən zaman qızılların ölçüsü, qiyməti, satışla bağlı məlumatlar oğurlruq hallarının qarşısını almaq üçün kitabçaya qeyd edilir.

5. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi X5 izahatında bildirmişdir ki, toyda iddiaçıya komplekt taxılmışdır. Toydan pul yığılmadığı üçün qızılları geri qaytarmışlar. Qızıllar iddia tələbində qeyd edilən qızıllar olmamışdır. Ona hazırda təqdim etdiyi fotoşəkillərdə ki, qızıllar təqdim edilmişdir. Onlar cəmi 31 qram qızıl almışlar.

6. Əvvəlki məhkəmə iclaslarında cavabdehlərin nümayəndəsi X4 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Etirazı müdafiə edir. İddiaçı qardaşının arvadı olmuşdur. Onlar 13 iyun 2021-ci il tarixdə ailə qurmuşlar. Həmin tarixdə oğlan toyu olmuşdur. Qızıllar 12 iyun 2021-ci il tarixdə Yevlax şəhərində qızıl satışı ilə məşğul olan Rafiq adlı şəxsdən 100 manat beh verməklə 2000 manata razılaşaraq alınmışdır. Qızıllar toy günü iddiaçının atası evində ona taxılmışdır. Pandemiya ilə əlaqədar toya çağrılmış adamların bir hissəsi gəlmədiyindən toydan pul yığa bilməmişlər. Buna görə də iddiaçının da razılığı ilə 16 iyun 2021-ci il tarixdə qızılları aparıb Rafiq adlı şəxsə qaytarmışdır. Qızıllar qaytarılanda iddiaçının razılığı olmuş, hətta ona demişdilər ki, imkan olan kimi ona qızıl-zinət əşyaları alacaqlar. Qızılların qiyməti 3400 manat yox, 2000 manat olmuşdur. İddiaçı qızılları Yevlaxda onlara vermiş və bundan sonra onlar Bakıya getmişlər.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, onlar toydan qabaq Rafiq adlı şəxsdən 100 manat beh verməklə qiyməti 2000 manat olan 25 qramdan ibarət qızıl zinət əşyaları borca almışlar. Onlar ümid etmişdirlər ki, toydan yığılacaq pulla qızılların borcunu ödəyəcəklər. Lakin toy pandemiya dövrünə düşdüyünə görə çağırılan qonaqların çoxu toya gəlmədi. Kişilər kafedə, qadınlar isə evdəki 2 stolda olmaqla toyu keçirmişlər. Toydan isə cəmi 300-400 manat pul yığıldı. Toydan 2 gün sonra toydan az pul yığıldığını görüb qızılların borcunu ödəmək imkanları olmadığı üçün qızılları qaytarmaq qərarına gəlmişlər. İddiaçının da razılığı ilə qızılları ondan alıb Rafiq adlı şəxsə geri qaytarmışlar və ödədikləri 100 manat beh də batmışdır. İddiaçıya isə imkanı olan kimi yeni qızıllar alacaqlarını demişdilər. Həmin dövrdə yoldaşı da yeni rəhmətə getmişdi, imkanları yox idi. İddiaçı onlara heç bir etiraz etməmiş, hətta özü gətirib qızılları vermişdir.

8. Cavabdehlər 08 aprel 2022-ci il tarixində iddia ərizəsinə ayrı-ayrılıqda etirazlarını məhkəməyə təqdim etmişlər. Lakin etirazlar məzmun baxımından eyni yazılmışdır.

9. Belə ki, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərzəsində ailə qurduğu tarixi göstərmir yalnız onu bildirir ki, ona qızıl zinət əşyaları alınıb toydan təxminən 10 gün sonra güya qızıl əşyalarını onun əlindən almışlar. Bildirirlər ki, Cavabdeh1 ilə İddiaçı 13 iyun 2021-ci il tarixində faktiki ailə qurub, 18 oktyabr 2021-ci il tarixə kimi birlikdə yaşadıqdan sonra ayrılmışlar. Onlar evlənərkən pandiminiya dövrü olduğu üçün iddiaçıya qız toyu olmadı. Oğlan toyu 13 iyun 2021 -ci il tarixə təyin edilmişdir. Ona görədə 12 iyun 2021-ci il tarixdə Yevlaxda şəhərində ki, mərkəzi bazarda yerləşən qızıl satışı mağazasından mağaza sahibi Rafiq adlı şəxslə danışıb razılığa gələrək dəyərini toydan sonra ödəmək şərti ilə ondan iddia ərzəsində göstərilən qızıl zinət əşyalarını 2000 AZN-ə razılaşıb 100(bir yüz)AZN beh verib götürmüşlər. 13 iyun 2021-ci il tarixdə toy günü həmin qızıl əşyaları iddiaçının atası evində onun üstünə taxılmışdır. Həmin vaxtı iddiaçı Samirin barmağına kişi nişan üzüyü taxdı. Pandemiyanın toya da təsiri olmuşdur. Belə ki, toya çağırılan adamların bir hissəsi gəlmədiyindən, ona görədə kifayət qədər pul yığa bilməmişlər, hətta şadlıq sarayına belə borclu qalmışlarr. Bu səbəbdən toyun üçgünlüyünün səhəri yəni 16 iyun 2021-ci il tarixdə iddiaçının öz razılığı ilə qızıl zinət əşyalarını qaytarıb aldıqları mağazaya vermişlər. Həmin vaxtı belə razlığa gəlmişlər ki, imkan olan kimi Əfsanəyə gücləri çatan qiymətə qızıl zinət əşyaları alacaqlar. İddiaçı iddia ərzəsində qızıl zinət əşyalarının dəyərini hardan alıbsa 3400 AZN göstərir. Halbuki, qızıl zinət əşyalarının alınmasında iddiaçı Əfasanə Xəlilova iştirak etməmişdir.O həmin qızıl əşyalarını yalnız toy günü 13 iyun 2021-ci il tarixdə görmüşdür. İddiaçı iddia ərzəsində adları göstərilən əşyalarını özünün əmlakı hesab edir. Halbuki, əmlak o,halda vətəndaşın mülkiyyəti hesab edilə bilər ki,əmlakın dəyəri alınan anda tam ödənilmiş olsun. Əmlakın dəyəri tam ödənilmədikdə vətəndaşın mülkiyyəti sayılmır. Göstərilən qızıl zinət əşyalarını aldıqları mağaza sahibi Rafiq Aslanov adlı şəxsdə təsdiq edə bilər ki, onlar adları göstərilən qızıl zinət əşyalarını 12 iyun 2021-ci il tarixdə alıb 16 iyun 2021-ci il tarixdə geri qaytarmışlar. İddiaçı 18 oktyabr 2021-ci il tarixdə evdən gedərkən özü ilə cehiz gətirdiyi əşyaları həmçinin Cavabdeh1 aldığı 1 ədəd kişi üçün nişan üzüyünüdə aparıb, getmişdir.

10. Məhkəmə iclasında şahid qismindən dindirilən X3 qızı ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır. Samir bacısının həyat yoldaşı, Səkinə qaynanasıdır. Bacısı ilə Samirin toyu 13 iyun 2021-ci il tarixində olmuşdur. 12 iyunda isə qız toyu olmuşdur. Pandemiya dövrü olduğu üçün toya çox adam çağrılmamışdır. Oğlan toyundan 2- 3 gün sonra onlar Bakıya getdilər. Toyda taxılan qızılları bacısının yoldaşı və qaynanası toydan 10 gün sonra əlindən almışlar. Onların qızılları alıb nə etdiklərini bilmir. Qızıllar bacısından alınan zaman orda olmamışdır, lakin bacısı zəng edərək, ona əziyyət verdiklərini, qızılları ondan aldıqlarını demişdir. Niyə aldıqlarını soruşduqda isə bacısı qızılların onlara lazım olduğu üçün ondan istədiklərini demişdir. Qızıllar boyunbağı, qolbaq, üzük və sırğadan ibarət olmuşdur. Dəyəri 3400 manat idi. Qızılların hər birinin birkasını görmüşdür. Qızıllar cəmi 25 qram idi. Samirlə bacısı 2021-ci ilin sentyabr ayında ayrılıblar. Bacısının qaynanası onlara zəng edərək “gəlin qızınızı aparın” demişdir. Bacısı evə gələndə pis vəziyyətdə idi. Onu təhqir edib döymüşdülər. Heç yanında paltar da götürməmişdir. Samirin nişan üzüyünü onlar götürməmişlər.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, iddiaçının bibisi qızıır. Hazırda Yevlax şəhərində yaşayır. Əfsanə ilə Samirin toyunda iştirak etmişdir. Toy pandemiya dövrünə düşdüyü üçün toyda az adam iştirak etmişdir. Kişilər kafedə, qadınlar evdə oturmuşdular. Toyda Əfsanəyə boyunbağı, qolbaq, üzük və sırğa taxılmışdır. Qızılların dəyəri təxmini 3500 manat olmuşdur. Əfsanənin anası və bacısından qızılların onun əlindən alındığını eşitmişdir. Qızılları nisyə aldıqlarından məlumatı yoxdur. Oğlan toyundan 3-4 gün sonra onlar Bakı şəhərinə getmişlər. O, qızılların Əfsanədən alındığını o, evə qayıdanda bilmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki , Əfsanə evə qayıdanda əynində ev paltarı olmuş, yanında heç nə gətirməmişdir. Əfsanə onu incitdiklərini və gün görmədiyini, toydan 10 gün sonra yoldaşının qızılları Əfsanədən aldığını demişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

12. "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli rəydən görünür ki,qadın üçün qızıl komplekt dəsti (qarnitur) (1 ədəd boyunbağı, 1 ədəd sırğa, 1 ədəd qolbaq, 1 ədəd üzük, badam formalı brilyant qaşlarla bəzədilmiş) Türkiyə istehsalı, 585 əyarlı ümumi çəkisi 25 qram qızıl dəstin real bazar dəyəri 3400 manat müəyyən edilmişdir.

13. Rəydə qeyd edilir ki, tədqiqat təqdim edilmiş fotoşəkillər əsasında aparılmışdır.

14. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 11294 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdehlər isə mediasiya sessiyasında iştirak etməmişlər.

15. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

16. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixində el adət-ənənəsinə uyğun toy olmuş və onlar faktiki nikah münasibətinə daxil olmuşlar. Tərəflərin faktiki nikah münasibətlərindən uşaqları olmamışdır.

17. Toyda iddiaçıya bir ədəd boyunbağı, bir ədəd sırğa, bir ədəd qolbaq və bir ədəd üzükdən ibarət (badam formalı brilliat qaşlarla bəzədilmiş) qızıl-komplekt toy hədiyyəsi kimi taxılmışdır. Bu faktı həm iddiaçının özü, həm cavabdehlər təsdiq edirlər.

18. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızıllarını, onların qaytarılması mümkün olmadıqda isə dəyərinin- 3400 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

19. Qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi ekspertizası keçirilmiş və 10 fevral 2022-ci il tarixli ekspert rəyində ekspert sadəcə nəzəri qaydada, fotoşəkillərə istinad etməklə tədqiqat aparmış və Türkiyə istehsalı, 25 qr çəkidə, 585 əyarlı komplektin dəyərinin 3400 manat olduğunu qeyd etmişdir.

20. İddiaçı iddiasını onunla əsaslandırır ki, qızıl komplekt toyda ona hədiyyə kimi taxılsa da, toydan 10 gün sonra ondan məcburi qaydada alınmışdır.

21. Cavabdehlər isə iddia tələbini qəbul etməyərək, bildirirlər ki, qızıllar iddiaçıdan zorla alınmamış, iddiaçı özü qızıllarını onlara vermiş, hətta qızılların dəyəri 3400 manat yox 2000 manat olmuşdur. Toydan sonra kifayət qədər pul yığa bilmədiklərindən, gəlinə aldıqları qızılları, aldıqları mağazaya geri qaytarmışlar.

22. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi X5 məhkəməyə fotoşəkillər təqdim edərək, iddiaçının iddia ərizəsində göstəridiyi qızılların toy günü taxılan qızıllar olmadığını bildirmişdir. Lakin təqdim edilən fotoşəkillərlə iş materiallarında olan toy şəkillərindəki qızıllar arasında oxşarlıq müəyyən edilməmişdir.

23. Nəticədə müəyyən edildi ki, həqiqətən iddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl komplekt mövcud olmuş və gəlinə toy hədiyyəsi kimi toy günü taxılmışdır.

24. İddiaçı qızılların ondan 10 gün sonra alındığını iddia etsə də, cavabdehlər qızılların toydan bir gün əvvəl xx.xx.2021-ci il tarixində alındığını, xx.xx.2021-ci il tarixində gəlinə taxıldığını və xx.xx.2021-ci il tarixində aldıqları mağazaya geri qaytarıldığını bildirirlər.

25. Bundan başqa iddiaçı tərəfindən dəvət edilən şahidlər qızılların toy günü iddiaçıya taxıldığını, lakin sonradan ondan zorla alındığını, dəyərinin təqribən 3500 manat olduğunu, ağırlığının 25 qram olduğunu bildirmişlər. Cavabdehlər isə etirazının əsası kimi istinad etdiyi hallara dair qızılların satıcısının şahid kimi dəvət edilməsi ilə bağlı bir neçə məhkəmə iclasının təxirə salınmasını xahiş etsələr də, onlara bununla bağlı şərait yaradılsa da sonuncular bu imkandan istifadə etməmişlər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

27. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;

28. -32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir

29. -32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;

30. -34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Həmin Məcəllənin 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

33. Həmin Məcəllənin 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

34. Həmin Məcəllənin 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

35. Həmin Məcəllənin 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

36. Həmin Məcəllənin 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

37. Həmin Məcəllənin 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

38. Əvvəla iddia ilə bağlı məhkəmə qeyd etmək istəyir ki, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 34.1 və Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

39. Bu normalardan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 4 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması; 4) cavabdehin sahibliyinin qanunsuz olması.

40. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

41. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

42. Məhkəmə hazırki vəziyyətdə bu qəbildən olan iddiaların sübut edilməsinin mürəkkəbliyini nəzərə alaraq hesab edir ki, iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verərkən tərəflərin izahatları, şahid ifadələrini, izahatlarda və ifadələrdə mövcud olan ziddiyyətli məqamları, tərəflərin davranışı və sair bu kimi hallar nəzərə alınmalıdır və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır.

43. Hazırda iddiaçı ona hədiyyə kimi verilən qızıl-zinət əşyalarının onun mülkiyyəti olmasını və mülkiyyətinə verilmiş həmin əmlakların onun iradəsinə zidd olaraq ondan alındığını iddia edir. Cavabdehlər isə qızılların mövcudluğunu və satıcıya qaytarıldığını etiraf edir, lakin həmin qızılların nisyə alqı-satqı müqaviləsi əsasında alınması əsası ilə iddiaçının mülkiyyəti olmadığını, bundan başqa qızılların iddiaçı tərəfindən könüllü olaraq cavabdehə qaytarıldığını və qızılların dəyərinin 2000 manat olduğunu bildirməklə iddiaya etiraz edirlər.

44. İşin müəyyən edilmiş hallarından göründüyü kimi əgər həqiqətən də cavabdehlər qızıl-zinət əşyalarının alınması ilə bağlı satıcı ilə nisyə alqı-satqı müqaviləsi bağlamışlarsa belə, cavabdehlər qızıl-zinət əşyalarını iddiaçıya hədiyyə verən zaman iddiaçı cavabdehlərin həmin əşyaları nisyə aldıqlarını bilməmişdir. Bu baxımdan iddiaçı hədiyyəni qəbul edən zaman əmlakın yüklülüyünün olmamasına münasibətdə və ya əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı barədə vicdanlı olmuşdur. Hərçənd ki, Mülki Məcəllənin 601.1-ci maddəsinin tələbinə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi cavabdehlər əşyanı nisyə almış olsalar belə, əşyanın mülkiyyətçisi olmuşlar və əşya barədə sərəncam vermək səlahiyyətində olmuşlar. Bu baxımdan əşyalar bağışlama müqaviləsi ilə həqiqi hüquq əsasında iddiaçıya verilmişdir.

45. Odur ki, iddiaçı əşyaların mövcudluğunu, ona məxsus olduğunu, cavabdehlər tərəfindən ondan alındığını sübut etdiyindən, əşyalara sahibliyin qanunsuz olmadığını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər iddiaçının qızıl-zinət əşyalarını könüllü olaraq qaytarması barədə hər hansı sübut təqdim etməmiş və bu işin halları ilə də müəyyən olunmamışdır. Buna baxmayaraq, işin yuxarıda göstərilən müəyyən edilmiş hallarına görə cavabdehlər əşyaların nisyə alındığına, toy məclisindən yığılan vəsaitin əşyanın dəyərini ödəmədiyinə və imkanlarının olmadığına istinad etməklə həmin əşyaları iddiaçıdan almaqda haqlı olmamışdır.

46. Bu səbəbdən iddia tələbi göstərilən qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması hissəsində əsaslı hesab edilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin hər iki cavabdehə münasibətdə təmin edilməli olmasını ona görə əsaslı hesab edir ki, hər iki cavabdeh iddiaya etirazında qızıl-zinət əşyalarını iddiaçıdan alarkən birgə hərəkət etdiklərini etiraf etmişlər.

47. Bundan başqa işin mübahisələndirilən digər halı qızıl-zinət əşyalarının olmadıqda dəyəri ilə bağlıdır.

48. İddiaçı mütəxəssis rəyinə istinad edərək komplektin dəyərinin 3400 manat olduğunu iddia edir. Cavabdehlər isə həmin əşyaların dəyərinin 2000 manat olduğunu və bunu şahid ifadəsi ilə sübut etməyə çalışmışdır. Buna baxmayaraq, cavabdehlər etirazlarlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

49. Halbuki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

50. Beləliklə məhkəmə hesab edir ki, qızıl zinət əşyalarının mövcudluğu, cavabdehlər tərəfindən iddiaçıdan alındığı, dəyəri isə mütəxəssis rəyi ilə müəyyən edildiyindən, həmin əmlakların özü, mövcud olmadıqda isə onun dəyəri cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.

51. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Tətbiq edilən prosessual normalar:

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

53. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

54. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

55. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;

56. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

57. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. “Dövlət rüsumu haqqında” Qanunun:

59. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.

60. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

61. “Mediasiya haqqında” Qanunun:

62. 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

63. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” barədə iddiası təmin edilməli, qızıl-zinət əşyası, olmadığı təqdirdə dəyəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməli, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 manat və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməlidir.

64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Aşağıda göstərilən qızıl-zinət əşyaları, olmadığı təqdirdə dəyəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilsin: 1) Ümumi dəyəri 3400 (üç min dörd yüz) manat, ümumi çəkisi 25 qram olan Türkiyə istehsallı, 585 əyarlı qadın üçün qızıl komplekt dəsti(qarnitur): bir ədəd boyunbağı, bir ədəd sırğa, bir ədəd qolbağ, bir ədəd badam formalı briliyant qaşlarla bəzədilmiş üzük. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar