Məhkəmə qərarları › İş №2(001)-1975/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1975/2021

26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1975/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi (anası) X2, habelə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)-1297/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilən 09 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 160 manat, ümumilikdə 480 manat sabit pul məbləğində alimentin alınıb 13 iyun 2004-cü il təvəllüdlü X5, 30 iyul 2007-ci il təvəllüdlü X4 və 13 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanıması üçün Cavabdeh ödənilməsi hissəsinin ləğv edilərək, hər uşağa har ay sabit pul məbləğində 40 manat ümumilikdə 120 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(001)- 1975/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, İddiaçı hazırki iddia ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3443/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(001)-1975/2021 nömrəli qərardadı ləğv edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməsi məsələsinə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (anası) X6, habelə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı tam sağlam və əmək qabiliyyətli şəxsdir. Onun əlilliyi həqiqi deyil. O, avtomobillərin alğı-satqısı ilə məşğul olur və illər ərzində bu fəaliyyətdən yaxşı gəlir əldə etmiş və birgə təsərrüfat apardıqları vaxt həmin gəlirlər hesabına onları lazımi olan səviyyədə təmin etmişdir. İddiaçı illər ərzində aliment ödəmədiyi üçün 10.000 manatdan çox aliment borcu yaranmışdır. İcra məmurlarının müdaxiləsindən sonra borcunu etiraf etmiş və ötən dövr ərzində həmin borcun 3.000 manat hissəsini ödəmiş, qalan 7.410 manat məbləğində aliment borcunun da ödənilməsini təmin etmək üçün pensiya kartını ona vermişdir. Bu halda onun digər gəlirlərə malik olduğunu təsdiq edir. Belə ki, yeganə gəlir yeri həmin pensiya kartı olduqda onun hazırda hansı vəsaitlər hesabına özünü təmin etməyi sual doğurmuş olur. Digər tərəfdən hazırda uşaqlar üçün yaşayış minimumu 175 manatdır, uşaqların saxlanılması üçün isə iddiaçıdan cəmi 160 manat məbləğində pul tutulur. 2019-cu ildə aliment dəyin ediləndən sonrakı dövrdə iddiaçının maddi vəziyyətində hər hansı bir dəyişikliyin olmasını təsdiq edən sənəd də məhkəməyə təqdim edilmir. Halbuki, aliment məbləği o vaxt dəyişdirilə bilər ki, iddiaçının maddi vəziyyəti əsaslı şəkildə pisləşmiş olsun. Hazırda isə belə bir hal yoxdur. Uşaqlar isə artıq böyüyübdür. 2004-cü il təvəllüdlü uşağın artıq 17 yaşı var. Onun universitetdə hazırlıq xərcləri artıb, 5 fənn üzrə pulu əsaslarla hazırlığa gedir. Digər uşaqların da tələbatı artıbdır. Bu baxımdan iddiaçı daha yüksək məbləğdə aliment ödəmək əvəzinə, mövcud aliment məbləğini azaltmaq istəyir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 13.06.2004-cü il tarixdə X10, 30.07.2007-ci il tarixdə X8 və 13.12.2014-cü il tarixdə X7 doğulmuşdur. Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-1297/2019 saylı, 07.02.2019-cu il tarixli qətnaməsi ilə iddiaçıdan 09.01.2019-cu il tarixdən başlayaraq hər uşağa hər ay 160 manat, ümumilikdə 480 manat sabit pul məbləğində alimentin alınıb uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehə verilməsi qət edilmişdir. Lakin iddiaçı aliment öhdəliklərini lazımi qaydada icra etməməsi səbəbindən onun ötən dövr ərzində cavabdehə 10.410 manat məbləğində aliment borcu yaranmışdır. Həmin borcun 3.000 manat hissəsi 21.12.2020-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Eyni tarixli yazılı iltizama əsasən iddiaçı hər ay 470 manat məbləğində pulun ödənilməsini üzərinə götürmüş və aliment borcunun aylıq 130 manat təşkil edən pensiya müavinəti vasitəsi ilə ödənilməsinin təmin edilməsi məqsədi ilə pensiya kartını cavabdehə təhvil vermişdir. İddiaçı 2-ci qrup əlildir və məcburi köçkün statusuna malikdir. Hazırda iddiaçının həm pensiya kartı, həm də məcburi köçkün olaraq ona ödənilən müavinətin köçürüldüyü kart cavabdehdədir. İddiaçı hazırda heç bir yerdə işləmədiyini, əlillər və məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətlərdən başqa hər hansı gəlirinin olmadığını, hər iki müavinətin köçürüldüyü kartları cavabdehə təhvil verdiyini, bu səbəbdən maddi baxımından əziyyət çəkdiyini bildirir və müəyyən edilmiş aliment məbləğini azaldaraq, hər ay hər uşaq üçün 40 manat məbləğində müəyyən edilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçı tam sağlam və əmək qabiliyyətli olduğunu, həqiqətdə əlil olmadığını, avtomobillərin alğı-satqısı ilə məşğul olduğunu və bu fəaliyyətdən yaxşı gəlir əldə etdiyini, birgə təsərrüfat apardıqları vaxt həmin gəlirlər hesabına onları lazımi olan səviyyədə təmin etdiyini, lakin hazırda iddiaçının ona 7.410 manat məbləğində aliment borcunun yarandığını, bu borcun əvəzi olaraq iddiaçı tərəfindən pensiya və məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətlərin köçürüldüyü kartın iddiaçı tərəfindən ona təhvil verildiyini, bununla da onun digər gəlirlərə malik olmasının sübuta yetirildiyini, hazırda uşaqlar üçün yaşayış minimumunun 175 manat olduğunu, uşaqların hər birinin saxlanılması üçün isə iddiaçıdan cəmi 160 manat məbləğində pulun tutulduğunu, 2019-cu ildə aliment təyin ediləndən sonrakı dövrdə iddiaçının maddi vəziyyətində hər hansı bir dəyişikliyin olmadığını, iddiaçının maddi vəziyyətinin əsaslı şəkildə pisləşmədiyini, uşaqlar artıq böyüdüyündən onların saxlanılması xərclərinin artdığını, bunun müqabilində daha yüksək məbləğdə alimentin ödənilməsi əvəzinə iddiaçının bu məbləğin azaldılması barədə iddia qaldırıldığını bildirir və iddianın rədd edilməsini xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.06.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli qərarında izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) imkanını nəzərdə tutur. Lakin maddənin mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı hazırki iddia ilə müraciət edərək, hüquqi nəticə etibarı ilə Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-1297/2019 saylı, 07.02.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirərək, hər uşaq üçün 40 maant məbləğində müəyyən edilməsini tələb edir. Bununla bağlı məhkəməyə vurğulayır ki, iddiaçı həmin mülki işə Sumqayıt Şəhər Məhkəməsində baxılan zaman məhkəmə iclaslarında iştirak etməmişdir. Həmin məhkəmə tərəfindən qəbul edilmiş qətnamə üzrə iddiaçının iltizam yazdığı 21.12.2020-ci il tarixə onun 10.410 manat məbləğində borcu yaranmışdır ki, bu məbləğin də 3.000 manat hissəsini iddiaçı həmin gün ödəmişdir. Başqa sözlə, iddiaçı həmin qətnamə icraya yönəldiyi tarixdən sonra demək olar ki, aliment öhdəliklərini icra etməmiş və yalnız 21.12.2020-ci il tarixdə yaranmış aliment borcundan 3.000 manat ödəməklə aliment öhdəliklərini icra etməyə başlamış və həmin hadisədən 1 ay keçməmiş hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu da öz növbəsində iddiaçının qeyd edilən miqdarda alimenti ödəmək üçün maddi imkanının olmamasına dəlalət edir. İddiaçı məcburi köçkündür və cavabdeh bunu qəbul etməsə də, ikinci qrup əlildir. Onun əlilliyi tanınmış və rəsmi qeydiyyata alınmışdır. Həm məcburi köçkün, həm də 2-ci qrup əlil olduğu üçün dövlət tərəfindən ona ödənilən müavinətləri cavabdehlə aralarında olan razılığa əsasən yaranmış aliment borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh alır. Cavabdeh onun avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, həm bu, həm də digər işlərdən yaxşı gəlir əldə etdiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sənəd təqdim edə bilmir. Nəticə etibarı ilə iddiaçının ay ərzində əldə etdiyi rəsmi gəlir əlillər və məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətdən ibarətdir ki, bu müavinətlər də tam şəkildə cavabdehə təhvil verilmişdir. Bununla belə, iddiaçının hazırki maddi vəziyyəti Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-1297/2019 saylı, 07.02.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının hər ay ödənilməsini qeyri-mümkün edir və müəyyən edilmiş aliment miqdarının azaldırmasını şərtləndirir. Beləliklə, məhkəmə, iddiaçının maddi vəziyyətini, o cümlədən ötən dövr ərzində ödənilmiş aliment məbləğini və mövcud olan aliment borcunu, habelə uşaqların sayını, onların minimum dolanacaq xərclərinə yaxın maddi təminat almaq imkanının təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, uşaqların saxlanılması üçün iddiaçıdan hər ay cavabdehin xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər bir uşaq üçün 150 manat, cəmi 450 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış aliment məbləği Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddiaçının bu iddia ilə məhkəməyə müraciət etdiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəsini aldığı tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 2(060)-1297/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, 13 iyun 2004-cü il təvəllüdlü X5, 30 iyul 2007-ci il təvəllüdlü X4 və 13 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 2(060)-1297/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 13 iyun 2004-cü il təvəllüdlü X5, 30 iyul 2007-ci il təvəllüdlü X4 və 13 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar