Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-200/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının, cehiz əmlakların və ya onların dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının, cehiz əmlakların və ya onların dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş və evləndikdən sonra cavbdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvana cehiz əşyalarını yerləşdirməklə gəlin köçmüşdür. Cavabdehlə ilk illər aralarında münasibətlər normal olmuş, sonradan aralarında mübahisələr yaranmağa başlamış, ona görə də iddiaçı cavabdehə məxsus yaşadığı evi tərk edərək daimi yaşamaq məqsədi ilə valideynlərinin evinə köçmüşdür. Ailənin bərpası üçün dəfələrlə cəhd etsə də, nəticəsi olmamış, ona görə də 2023-cü ildə cavabdehlə aralarında olan nikahın pozulması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü tarixli, 2(001)-568/2023 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçı cavabdehə məxsus əvvəllər birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanda qalmış ona məxsus cehiz və digər şəxsi əşyalarını götürmək üçün şərait yaradılmasını tələb etdikdə, sonuncu buna qəti olaraq etiraz etmiş və yalnız məhkəmə qərarı əsasında əşyaları verəcəyini bildirmişdir. Həmçinin iddiaçıya nişan və toy mərasimi zamanı hədiyyə edilmiş qızıl-zinət əşyaları - ümumi dəyəri 1300 manat olan nişan üzüyü, qızıl sep, qolbağ, sırqa və üzük də cavabdehə məxsus evdə qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı ümumi dəyəri 5200 manat olan cehiz əşyalarının, ümumi dəyəri 1300 manat olan qızıl-zinət əşyalarının və ya onlar olmaqdıqda dəyərlərinin cavabdehdən alınaraq ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 izahatında məhkəməyə bildirdi ki, hal-hazırda iddiaçının məhkəmədən tələbi yalnız qızıl-zinət əşyaları ilə bağlıdır. Belə ki, cehiz əmlaklarını onlar cavabdeh tərəfdən iş ekspertizada olan müddətdə götürmüşlər. Qızıl-zinət əşyaları hal-hazırda cavabdehdədir, qaytarmaqdan imtina edirlər. Qızı atası evinə qayıtdıqdan sonra cavabdehin anası barışmaq üçün onun dalıyca gələndə çantasından bir bağlama qızılı çıxarıb göstərdi ki, qızıllar ondadır, amma qızı barışmadığından qızılları qızına vermədi. Qızına toyda hansı qızılların hədiyyə edilməsi toyun video yazısında var. Buna dair həm video disk, həm də fotoşəkillər məhkəməyə təqdim edilib. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(001)-206/2023 saylı qərardadından görünür ki, həmin qərardadla hazırkı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, döngə 2, ev 125 ünvanda yerləşən yataq otağı üçün mebel dəsti (şifonyer, taxt, tryumo, tumboçkalar, künc divan); altı ədə stul, bir ədəd xalça, bir ədəd paltaryuyan, bir ədəd tozsoran, bir ədəd ütü, bir ədəd ütü stolu, iki ədəd lampa (“noçnik”), bir ədəd divar saatı, bir ədəd pərdə, 48 ədəd dərin və dayaz boşqab dəsti, bir ədəd meyvə qabı, bir ədəd güldan, qaşıq dəsti, çəngəl dəsti, şiriniyyat qabları, stəkan dəsti (stəkan+nəlbəki), fincan dəsti, duz və kül qabı, qənd qabı və mürəbbə qabı, bir ədəd çərəz qabı, bir ədəd tava, bir ədəd çuqun dərin qazan, çaydan dəsti (qəfədan və çaynik), beş ədəd badə şüşə, su qabı dəsti (su qabı+bokallar), üç ədəd süfrə, bir ədəd gümüşü məcməyi, bir ədəd taxt üçün çexol, beş ədəd çay dəsmalı, 6 ədəd əl-üz dəsmalı, 8 ədəd qətvə, bir ədəd taxt üçün pokrıval dəsti, bir ədəd ədyal, bir ədəd yataq dəsti (yorğan, döşək, yastıq); 1300 (min üç yüz) manat dəyəri olan qızıl-zinət əşyaları (nişan üzüyü, qızıl sep, qolbaq, sırğa və üzük) üzərinə həbs qoyulmuş və həmin əşyaların evdən çıxarılması/satılması cavabdehə və digər şəxslərə qadağa edilmiş; və İddiaçı nümayəndəsi X1 görə, həmin qərardad qəbul edildikdən sonra cehiz əşyaları iddiaçıya qaytarılmış və tələbin cehiz əşyalarına aid hissəsinə münasibət bildirilməsinə zərurət qalmamışdır. Qeyd edilməlidir ki, iddiaçının tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlaka sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir: iddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququnun olması; mülkiyyətçinin öz əmlakından faktiki sahiblikdən məhrum olunması; mülkiyyətçinin sahibliyindən çıxmış əmlakın digər şəxsin faktiki sahibliyində olması. İstinad edilən komponentlərdən birincisinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, iddiaçı ona məxsus cehiz əmlaklarını cavabdehin evindən məhkəmə prosesi gedişatında artıq götürmüş və hal-hazırda mövcud olan mübahisə qızıl-zinət əşyaları ilə bağlıdır. Məhkəməyə təqdim edilmiş video yazıdan görünür ki, iddiaçıya toyunda qızıl-zinət əşyaları dəsti - sırğa (583 əyyar), bilərzik (583 əyyar, 5,6 qr.), üzük (583 əyyar, 6,4 qr.), sep+kulon (583 əyyar, 3,35 q.r) bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9360 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərardadda və iş materiallarında göstərilən 3 adda qızıl-zinət əşyalarının (*bilərzik (583 əyyar, 5,6 qr.) – 476 manat, üzük (583 əyyar, 6,4 qr.) – 544 manat, sep+kulon (583 əyyar, 3,35 q.r) – 284,75 manat) hazırkı dövrə orta bazar qiyməti nəzəri qaydada təxminən 1304,75 manat müəyyən edilir, digər 1 adda qızıl-zinət əşyası haqqında kifayət qədər məlumat (çəkisi) olmadığından həmin qızıl-zinət əşyası üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Yuxarıda qeyd olunan ikinci və üçüncü komponentlərlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, döngə 2, ev 125 ünvanına dəfələrlə məhkəmə bildirişi göndərilsə də, həmçinin zərflərdən bəziləri məhkəməyə qaytarıldıqdan məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədova göndərilsə də, eyni zamanda cavabdehin adına qeydiyyatdan keçmiş bütün nömrələrə (**********, **********, **********, **********, **********, **********, **********, **********) sms bildirişlər göndərilsə də və bir neçəsi üzrə sms bildiriş çatdırılsa da, cavabdeh mülki işin xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğu tarixdən bir dəfə də olsun məhkəmə iclasına gəlməmiş və iddia ərizəsində qeyd olunanları təkzib etməmişdir. Halbuki bu müddət ərzində məhkəmə tərəfindən hətta Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(001)-206/2023 saylı qərardadı qəbul edilərək cavabdehin evində olan əşyalar üzərinə həbs də qoyulmuş, həmin qərardad icra məmuru tərəfindən icra edilmiş və qərardad qəbul ediləndən sonra iddiaçı özünə məxsus cehiz əşyaları cavabdehin evindən götürə bilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır”. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 1 ədəd bilərzik (583 əyyar, 5,6 qr., dəyəri 476 manat), 1 ədəd üzük (583 əyyar, 6,4 qr., dəyəri 544 manat), 1 ədəd sep + 1 ədəd kulon (583 əyyar, 3,35 qr., dəyəri 284,75 manat) və ya onlar olmadığı təqdirdə dəyəri alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1 ədəd bilərzik (583 əyyar, 5,6 qr., dəyəri 476 (dörd yüz yetmiş altı) manat), 1 ədəd üzük (583 əyyar, 6,4 qr., dəyəri 544 (beş yüz qırx dörd) manat), 1 ədəd sep + 1 ədəd kulon (583 əyyar, 3,35 qr., dəyəri 284,75 (iki yüz səksən dörd manat yetmiş beş qəpik) manat) və ya onlar olmadığı təqdirdə dəyəri və ödənilmiş dövlət rüsumunun 33,05 (otuz üç manat beş qəpik) manat hissəsi alınaraq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-200/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-200/2024
13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver